Məhkəmə qərarları › İş №2-1(112)-14666/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14666/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14666/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun əmək pensiyasının yenidən hesablanmasına dair may 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək onun əmək pensiyasının yenidən hesablanmasına dair cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-9025/2025 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı prokurorluq orqanlarında 21 il 11 ay 4 gün müddətində müxtəlif vəzifələrdə çalışmışdır. 16 aprel 2008-ci il tarixindən ona prokurorluq orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə (əlillik dərəcəsinin müddəti 29 iyun 2021-ci il tarixində bitib), 1 iyul 2016-cı il tarixindən isə 60 yaşa çatması ilə bağlı yaşa görə əmək pensiyası təyin edilmişdir. 2025-ci ilin may ayında pensiyası ödənilərkən onun məbləğinin azaldıldığını, bundan başqa 165 manat tutmanın həyata keçirildiyini görmüşdür. Bu halın aydınlaşdırılması üçün cavabdehə müraciət etmiş, iddiaçıya onun əmək pensiyasının düzgün hesablanmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuzdur. Belə ki, əlverişli inzibati akt qəbul edildikdən 9 il sonra onu qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilmiş və pensiya məbləği yenidən hesablanaraq azaldılmışdır. Həmçinin, iddiaçı öz ərizəsi ilə ona yaşa görə pensiya təyin edilməsini xahiş edərkən artıq əlilliyə görə aldığı pensiya məbləği dəyişməmişdi. Əgər xx.xx.2016-cı il tarixdən ona prokurorluq işçisi kimi ümumi əsaslarla pensiya təyin edilə bilməzdisə, o zaman əlilliyə görə artıq təyin edilmiş və xx.xx.2021-ci il tarixə qədər ödənilməli olan pensiyanın ödənilməsi davam etdirilməli idi. Cavabdeh inzibati icraatı onu məlumatlandırmadan və iştirakı olmadan həyata keçirmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə prokurorluq orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə (əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitib), xx.xx.2016-cı il tarixdən isə yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Tərəflərindən aparılan araşdırma zamanı iddiaçının prokurorluq orqanlarında qulluq illərinin 25 ildən az, 21 il 11 ay 4 gün (xx.xx.1983-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi, prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyi, həmçinin pensiya yaşına çatmadığı halda, ona prokurorluq orqanlarının əməkdaşı kimi xx.xx.2016-cı il tarixdən qanunvericiliyə zidd olaraq yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 21 il 11 ay 4 gün qulluq illərinə uyğun olaraq onun orta aylıq əmək haqqının (2963,14 manat) 80 faizi – 2370,51 manat məbləğində hesablanmışdır. 01 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (2370,51 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2564,94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 2720,01 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 2946,33 manat artıq pul vəsaiti ödənilmişdir. Əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar əlilliyə görə pensiya almaq hüququ da xx.xx.2021-ci il tarixdə bitib. Eyni zamanda, iddiaçının 65 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixdən yaşa görə pensiya almaq hüququ yarandığından xx.xx.2021-ci il tarixdən əmək pensiyası yaşa görə müəyyən edilmişdir. Belə ki, ona 2290,85 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2720,01 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 7295,72 manat artıq pul vəsaiti ödənilmişdir. xx.xx.2022-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçıya 2965,20 manat hesablanmalı olduğu halda, 2720,01 manat dekabr ayı üzrə ödənilmiş, buna görə də, ona həmin ay üçün ödənilməli olan 245,19 manat pul vəsaiti hesablanmışdır. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əmək pensiyası 3741,19 manat hesablanmışdır. Bununla əlaqədar iddiaçıya xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 44894,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 48488,27 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 3593,99 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda, əmək pensiyaları növbəti dəfə xx.xx.2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar ona həmin tarixdən 4160,20 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 4546,29 manat məbləğində ödənilmişdir. Bu səbəbdən ona həmin dövr üçün 4633,08 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyasının xx.xx.2025-ci il tarixdən indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 4497,18 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasındakı dövr üzrə hər ay ona 4914,54 manat məbləğində ödənilmişdir. Bu səbəbdən həmin dövr üçün ona 1669,44 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ümumilikdə 19893,37 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Nəzərdə tutulan tədbirlər haqqında iddiaçının mülahizələrini dinləyərək müvafiq qərar qəbul edilməsi üçün ona xx.xx.2025-ci il tarixdə məktub göndərilməklə filiala gəlməsi xahiş edilmiş, lakin iddiaçı gəlməmişdir. Bundan sonra tərəflərindən müvafiq inzibati akt qəbul edilmişdir. Qeyd edilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 329,03 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsait cari ilin may və iyun aylarında hissə-hissə onun əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı xx.xx.1956-cı ildə Kürdəmir rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə göndərilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçı inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-9025/2025 saylı qərarından görünür ki, iddiaçının hazırkı pensiya məbləği 4914,54 manat təşkil edir. Ona xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2290,85 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2965,20 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3741,19 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4160,20 manat, xx.xx.2025-ci il tarixdən isə müddətsiz olaraq 4497,18 manat pensiya məbləği hesablanmışdır. İddiaçının xx.xx.1975-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1973-cü ildə Kürdəmir üzümçülük sovxozunda işə başlamış, xx.xx.1975-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. O, xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci il ordudan təxris olunmuşdur. O, xx.xx.1977-ci ildə tikintidə işə qəbul olmuş, xx.xx.1978-ci ildə elektrik işinə köçürülmüş, xx.xx.1979-cu ildə həmin işdən azad edilmişdir. İddiaçı xx.xx.1982-ci ildə mexanik təyin edilmiş, xx.xx.1983-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir. O, xx.xx.1983-cü ildə prokurluqda təcrübəçi kimi işə başlamış, xx.xx.1984-cü ildə prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.1986-cı ildə həmin vəzifədən azad edilərək müstəntiq təyin edilmiş, xx.xx.1987-ci ildə Rusiya Federasiyası X1 Prokurorluğunda müstəntiq kimi işə davam etmişdir. O, xx.xx.1988-ci ildə Adıgeya vilayətində prokuror köməkçisi, xx.xx.1992-ci ildə vəzifədən azad edilmişdir. xx.xx.1992-ci ildə o, Qusar rayon prokurorluğunun müstəntiqi, xx.xx.1993-cü il tarixdə Bakı şəhər prokurorluğunun Təşkilatanalitik şöbəsinin prokuroru, xx.xx.1996-cı il tarixdə Respublika Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2000-ci il tarixdə ixtisar edilmiş tutduğu vəzifədən azad edilmiş, xx.xx.2000-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləmişdir. xx.xx.2001-ci ildə vəzifə ixtisara düşdüyü üçün vəzifəsindən azad olunmuş, xx.xx.2001-ci ildə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci ildə prokurorluq orqanlarından xaric edilmiş, xx.xx.2007-ci ildə "xxxx" MMC-də baş direktorun hüquq məsələləri üzrə müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Vəkillər Kollegiyasına üzv qəbul edilmiş və 14 saylı hüquq məsləhətxanasına göndərilmişdir. xx.xx.2008-ci ildə “MBM” vəkil bürosunda fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məhkəmə sorğusuna xx.xx.2025ci il tarixli cavab məktubunda göstərilmişdir ki, bildirilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Rusiya Federasiyası X2 Prokurorluğundan keçirilmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına qulluğa qəbul edilərək Qusar rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü il tarixdən Bakı şəhər prokurorluğunun Təşkilatanalitik şöbəsinin prokuroru, xx.xx.1996-cı il tarixdən Respublika Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində işləmiş, struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2000- ci il tarixdə ixtisar edilmiş tutduğu vəzifədən azad edilmiş, xx.xx.2000-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2005-ci il tarixli 08/7-09/16-k nömrəli əmri ilə xidməti intizamın kobud pozuntusu hallarına və dövlət ittihamının müdafiəsini həyata keçirərkən ciddi qanun pozuntularına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1999-cu il tarixli 30-l nömrəli əmri ilə ona ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluq orqanından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. Azərbaycan Respublikası Prokurorluğu uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının xx.xx.2002-ci il tarixli protokoluna əsasən İddiaçı həmin tarixə ümumilikdə 19 il 9 ay əmək stajı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı xaric edilərkən prokurorluq orqanlarında 21 il 11 ay 19 gün əmək stajına malik olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv olunmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (9.4.). Qanunun qeyd edilən maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Yəni Qanunun xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən 25 il prokurorluq orqanlarına qulluq etmiş, həmçinin yaşa görə qulluğuna xitam verilmiş və 25 il ümumi, 12 il 06 ay isə prokurorluq orqanlarına iş stajə olan şəxslərin prokurorluq orqanı əməkdaşı kimi əmək pensiyası hüquq yarnmış olurdu. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə prokurorluq orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. xx.xx.2016-cı il tarixdən isə iddiaçıya prokurorluq orqanı əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmış, iddiaçıya pensiya təyin edilmə tarixi xx.xx.2021-ci ilə çəkilmiş, nəticədə iddiaçıya ümumilikdə 19893,37 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Cavabdehin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının prokurorluq orqanlarında qulluq satajı 25 ildən az, 21 il 11 ay 4 gün təşkil etmişdir. Eyni zamanda iddiaçının prokurorluq orqanlarına qulluq keçməsinə yaşa görə xitam verilməmişdir. Bu səbəbdən ona xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilə bilməzdi. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1.). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2.). İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8.). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12.). İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və 9 ildən çox müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan halların mövcud olması, həmin halların inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Göründüyü kimi cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçı 2016-cı ildən 2025-ci ilədək cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya 2008-ci ildə əlilliyə görə pensiya təyin edilmiş və əlillik müddəti xx.xx.2021-ci ildə bitmişdir. Yəni, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsəydi belə o, 2021-ci ilədək, yəni pensiya yaşına çatana qədər əlilliyə görə əmək pensiyası almış olacaqdı. Belə olan halda, ona artıq ödənilmiş məbləğ cavabdeh tərəfindən hesablandığı qədər yeksək məbləğdə ola bilməzdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-9025/2025 saylı qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-9025/2025 saylı qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar