Məhkəmə qərarları › İş №2-1(112)-1467/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1467/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1467/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.2008-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X26 Departamentində fiziki şəxsin sahibkarlıq uçotuna alınmışdır. Fəaliyyətini Bakı şəhərində həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Telnov küçəsində yerləşən «Narzan» adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və DVX seriyalı 004713 saylı akt tərtib edilmişdir. Daha sonra cavabdeh tərəfindən ünvan 1ndə yerləşən «Narzan» adlı obyektdə 10 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi əsası ilə ona xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixdə “Narzan” kafesinə daxil olan cavabdeh orqanın əməkdaşları guya 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdığını müəyyən etmişlər. Qeyd olunan 10 nəfər fiziki şəxslə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh orqanın əməkdaşları isə öz subyektiv fikirlərinə əsaslanaraq onlara əmək müqavilələrini sistemdən çıxarıb təqdim etmək üçün şərait yaratmadan akt tərtib etmişlər. xx.xx.2021-ci il tarixli **********5440 qərarda izahatları alınmış şəxslərin əmək müqavilələri və ya xidmət müqavilələri bağlamadıqlarını etiraf etmələri qeyd edilmişdir, lakin belə əmək müqavilələri mövcuddur və sistemdə qeydə alınmışdır. Cavabdeh orqanının onu Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə məsuliyyətə cəlb etməsi üçün münasibətlər əmək münasibətləri olmalıdır. Həmin şəxlərin gəlirlərinin gizlədilməsinə şərait yaratdığına görə məsuliyyət daşımalıdır. Qeyd olunan şərtlərin heç biri gözlənilmədən onun maliyyə sanksiyasına məruz qalmağı kobud qanun pozuntusudur. Əgər işəgötürən şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsa belə, fəaliyyət sferası uyğun gəlirsə və xidmət müqaviləsi bağlamışdırsa, bu yolla onların sayını, gəlirlərini gizlətməmişdirsə, bununla bağlı vergi ödəməkdən yayınma hallarına yol verməmişdirsə, o cümlədən vergi orqanı belə bir halı aşkar etməmişdirsə, vergi orqanı həmin şəxs barəsində maliyyə sanksiyasını tətbiq etməkdə haqlı deyildir. Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin əməyə cəlb edilməsi inzibati xəta tərkibini yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin inzibati xətalar haqqında işlərə baxılması isə vergi orqanlarının deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Vergi orqanı şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaratmasına görə məsuliyyətə cəlb edə bilər. Bu hal isə vergi orqanının qərarında təsdiqini tapmaqla, aydın və anlaşılan formada əsaslandırılmalıdır. Lakin cavabdeh orqanının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda və onun əsasında qəbul edilən xx.xx.2021-ci il tarixli qərarda belə bir halın mövcud olması göstərilməmiş və bununla bağlı heç bir əsaslandırılma aparılmamışdır. Belə ki, qeyd olunan aktda və qərarda yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Vergi orqanı onun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmağını araşdırmamış, bu barədə hər hansı sübut əldə etməmiş, yalnız əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsini göstərməklə kifayətlənmiş və bununla da əmək müfəttişlərinin vəzifə səlahiyyətlərinə aid olan məsələni həll etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 izahatında bildirdi ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********4215 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1ndə yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004713 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın iddiaçı tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçının vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********112500 nömrəli məktubun iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 19:03:56-da oxunduğu müəyyən edilmişdir. İddiaçı öz ərizəsində 10 nəfər fiziki şəxslə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinin bağlanıldığını, vergi orqanı əməkdaşlarının isə öz şəxsi subyektiv fikirlərinə əsaslanaraq, sahibkara əmək müqavilələrini sistemdən çıxarıb təqdim etmək üçün şərait yaratmadan akt tərtib etdiklərini qeyd etmişdir. X6 öz etirafedici izahatında xx.xx.2020-ci il tarixdən aşbaz vəzifəsində işlədiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixli aktda izahatların xx.xx.2021-ci il tarixdə, saat 16:40-da alındığı qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X15 arasında olan əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində saat 22:58:22-də yəni, operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra elektron informasiya sistemində qeydiyyata alınmışdır. X7 öz etirafedici izahatında 2014-cü ildən ünvan 1ndə yerləşən, İddiaçı məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X16 arasında olan əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə, saat 23:03:18-də elektron informasiya sistemində qeydiyyata alınmışdır. X2 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən, iddiaçıya məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X11 arasında olan əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə, saat 23:04:46-da elektron informasiya sistemində qeydiyyata alınmışdır. X3 öz etirafedici izahatında 17 iyun 2021-ci il tarixdən iddiaçı tərəfindən qabyuyan vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X12 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. X4 öz etirafedici izahatında xx.xx.2020-ci il tarixdə “Narzan” kafesində iddiaçı tərəfindən müğənni vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X13 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. X5 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixində ünvan 1ndə yerləşən, iddiaçıya məxsus “Narzan” adlı kafedə musiqiçi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X14 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. X18 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixindən iddiaçı tərəfindən musiqiçi kimi işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X30 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. X8 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixindən etibarən iddiaçı tərəfindən “Narzan” kafesində ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bidirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X17 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. X1 öz etirafedici izahatında 2 il olar ki, iddiaçı tərəfindən “Narzan” adlı kafedə xadimə vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bidirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X10 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da, əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. X20 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən “Narzan” kafesində aşbaz vəzifəsinə işə götürüldüyünü, işəgötürənlə əmək müqaviləsi bağlansa da ona əmək müqaviləsi bildirişinin surətinin təqdim olunmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X34 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da, əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı öz izahatında ünvan 1ndə yerləşən “Narzan” restoranında ictimai iaşə fəaliyyəti ilə məşğul olduğunu, qeyd olunan 10 nəfər işçi ilə əmək müqaviləsi bağlamadığını və tez bir zamanda onlarla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Göründüyü kimi, iddia ərizəsində yazılanın əksinə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda 10 nəfər işçidən heç birinin əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. İddaçı ərizəsində qeyd etmişdir ki, vergi orqanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin muzdlu işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyası tətbiq etməkdə haqlı deyildir, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaratmasına görə məsuliyyətə cəlb edə bilər. Vergi orqanı həmin fiziki şəxslərin gəlirlərinin gizlədilməsini araşdırmamış, sübut əldə etməmiş, əmək müfəttişliyinin vəzifə səlahiyyətlərinə aid olan məsələni həll etmişdir. İddiaçının ərizədə qeyd etdiyi fiziki şəxslərin gəlirlərinin gizlədilməsi halının araşdırılmaması ilə bağlı qeyd etdiyi fikir əsassızdır. Belə ki, muzdlu işçilərin gəlirləri barədə məlumat işəgötürən tərəfindən tərtib olunan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”da əks etdirilir və Azərbaycan Respublikası Vergilər Nazirinin 30 dekabr 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın tərtib edilməsi Qaydasına əsasən orada işçilər barədə məlumatlar qeyd edərkən sığorta olunanın SSN-i (sosial sığorta nömrəsi) yazılmalıdır. SSN isə işə qəbul olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilib qeydiyyatdan keçirildikdən sonra verilir. Nəticə etibarilə əgər fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minməyibsə onların SSN nömrəsi olmur və bəyannamədə əks etdirilməyərək, onların gəlirlərinin gizlədilməsinə gətirib çıxarır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir, qeydiyyat nömrəsi (VÖEN **********). İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211585399 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) ünvan 1 ünvanındakı obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4215 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (ünvan 1, fəaliyyət növü: şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004713 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan və ünvan 1 ünvanında yerləşən “Narzan” restoranında xx.xx.2021-ci il tarixdə, saat 16:40 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən 10 nəfər fiziki şəxsdən 10 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün təbirlərin görülməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5440 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4215 nömrəli qərarına əsasən İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (ünvan 1, fəaliyyət növü: şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004713 saylı akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən 10 nəfər fiziki şəxsdən 10 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5440 nömrəli, xx.xx.2021ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin şəxslər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçı işçinin gəlirinin gizlədilməsinə şərait yaratmadığını, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə əlaqədar cavabdehin mövqeyinin əsassız olduğunu bildirir. Eyni zamanda iddiaçı vergi orqanına verdiyi izahatında həmin şəxslərlə əmək müqaviləsi bağlamadığını bildirmiş, operativ vergi nəzarəti tədbirindən sonra həmin şəxslərlə əmək müqavilələri bağlamışdır. İddiaçı iddia ərizəsində vergi orqanı tərəfindən qərarın əsaslandırılmadığını qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər siyahısında qeyd olunan X11 fərdi sahibkar kimi vergi orqanında uçotdadır (VÖEN **********) və o, iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanına verdiyi izahatında vergi orqanında uçotda olduğunu, lakin sabit qəzb üzrə vergi ödəmədiyini bildirmişdir. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qeyd olunan hissədə ləğv edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər siyahısında qeyd olunan X11, X13, X15, X30 və X16 şahid qismində dindirilmişlər. Lakin bu ifadələr iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən həmin şəxslərin vergi orqanına verdiyi izahatlarla fərqləndiyindən məhkəmə qeyd olunan şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirmir. Habelə məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş operativ vergi nəzarətinin həyata keçirildiyi obyektin müşahidə kameraları ilə çəkilmiş görüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmiş, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya və izahatı alınan digər şəxslərə qarşı hər hansı təzyiq, məcburiyyət və bu kimi digər hallara yol verilməsi müşahidə edilməmişdir. İddia ərizəsində və iddiaçı tərəfindən məhkəmə iclasında verilən izahatlarda da belə halların olması qeyd edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar