Məhkəmə qərarları › İş №2-1(112)-1467/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1467/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1467/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “şikayətə cavab verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 07 aprel 2022-ci il tarixli 5/A-126/16-016/7-t/2 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməsi, Şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarının icra edilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsi ərizəsini 07 aprel 2022-ci il tarixli 5/A-126/16-016/7-t/2 saylı məktubla baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərib. Lakin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 07 aprel 2022-ci il tarixli 5/A-126/16-016/7-t/2 saylı məktubu ilə cabadeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 07 aprel 2022-ci il tarixli 5/A- 126/16-016/7-t/2 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 57-ci madddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin qanunun 10.5-ci maddəsinə əsasən bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən iddiaçıya bildirilmişdir ki, müraciəti 07 aprel 2022-ci il tarixli 5/A-126/16-016/7-t/2 saylı nömrəli məktubla aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir.

4. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciətinin məzmunu haqqında ətraflı məlumatın təqdim edilməsi bildirilmişdir.

5. İddiaçı tərəfindən məhkəməyə dəftərxana vasitəsilə təqdim edilən ərizədə bildirilir ki, iddianı müdafiə edir, iş üzrə bütün sübütları məhkəməyə təqdim edib, hər hansı əlavə sübut və vəsatəti yoxdur, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında iddiaçının oxşar çoxsaylı iddiaları vardır.

10. İddia ərizəsindən görünür ki, iddiaçının Ədliyyə Nazirliyinə müraciəti məhkəmə qərarının icra edilməməsi ilə bağlıdır. İddiaçı hər hansı əlavə sənəd məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının icra olunmaması ilə bağlı icra məmurunun hərəkətlərindən aidiyyəti məhkəməyə şikayətdir.

11. X1 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X1 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

12. İcra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

13. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar