Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14683/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X5, X26, X31, X15, X12 və X16 cəlb olunmaqla) «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 69 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus, yaşayış sahəsi 18,7 kv.m olan 1 otağına və Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 1-ci dalan, 4 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 1/5 hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və texniki sənədlərin verilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1673/2022 saylı iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər X19, X20, X27, X2, X17, X28, X9, X4 və X10 qarşı «mənzilin naturada ayrılması» tələbinə dair iddia tələbi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan pr., 69 saylı fərdi yaşayış evinin ona məxsus yaşayış sahəsi - 18, 7 kv.m. olan 1 otağı və ünvan 1, 4 saylı fərdi yaşayış evinin ona məxsus 1/5 hissəsi naturada ayrılması və iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsi 26 dekabr 2022-ci il tarixli xx/xx-294701 34 saylı məktubunu və ona əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1673/2022 saylı iş üzrə 24 oktyabr 2022-ci il tarixli icra vərəqəsini cavabdehə göndərmişdir. Lakin cavabdeh 27 fevral 2023-cü il tarixli məktubu ilə imtina edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1673/2022 saylı iş üzrə 24 oktyabr 2022-ci il tarixli icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. İddiaçı həmin məktubu icra şöbəsindən 27 aprel 2023-cü il tarixdə almışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun hüquqlarını pozmuşdur. Buna görədə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1, 15-ci maddələrinə, İPM-in 73.1-ci maddələrinə əsaslanaraq, ünvan 1, 4 saylı fərdi yaşayış evinin 1/5 hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 26 dekabr 2022-ci il tarixli xx/xx-294701/34 saylı məktubu və ona qoşma edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(004)-1673/2022 saylı icra vərəqəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək öhdəlik qoyulmamışdır. 20 fevral 2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaklara texniki baxış keçirilən zaman məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evində iddiaçının hissəsi B tikilisinin 2 saylı yerləşkəsindən ibarətdir və iddiaçı həmin hissəni söküb yenidən inşa edərək hündürlük hesabına antrisol mərtəbə yaratmışdır. Bundan əlavə, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 69 saylı fərdi yaşayış evinə yeni baxış keçirilən zaman müəyyən edilmişdir ki, B tikilisinin 1 və 2 saylı yerləşkələri iddiaçının istifadəsindədir və hündürıük hesabına antrisol mərtəbə yaradılmışdır. Pəncərə qapı ilə əvəz olunmuşdur. Həmçinin, iddiaçının hissələri faktiki olaraq ayrı istifadə edilsə də, B tikilisinin bir hissəsidir. Belə ki, mənzildə aparılan rekonstruksiya işləri ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. ünvan 1 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evi X1 (1/5 hissədən bir hissə), X13 (1/5 hissədən bir hissə), X21 (1/5 hissədən bir hissə), X6 (1/5 hissədən bir hissə), X3 (FİN: 13FY8PP) (1/5 hissə), X7 (FİN: 1CTH370) (2/5 hissə) və İddiaçı (FİN: xxxxxxx) (1/5 hissə) paylı mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 69 saylı fərdi yaşayış evi X18 (FİN:1CGK2S2) (qalan hissədən 1/2 hissə), X14 (qalan hissədən 1/2 hissə), İddiaçı (FİN: xxxxxxx) (1 otaq, y/s 18,7 kv.m, k/s 25,4 kv.m) və X22 (FİN: 2AHVZ8Z) (1 otaq, y/s 10 kv.m, k/s 5 kv.m) paylı müıkiyyətindədir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə, Mənzil Məcəlləsinin 24, 26-cı maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 71, 72-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 4 aprel 2014-cü il tarixli qərarına əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İPM-in 56-cı maddəsinə görə məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmənin 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 69 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus, yaşayış sahəsi 18,7 kv.m olan 1 otağına və Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 1-ci dalan, 4 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 1/5 hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdeh ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 1-ci dalan, 4 saylı fərdi yaşayış evinin iddiaçıya məxsus 1/5 hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarış və texniki sənədin verilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X5, X26, X31, X15, X12 və X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, mənzilə dair reyestrdən çıxarışda digər şəxslərin də adları qeyd olunduğundan, hər hansı sənədləşmə işlərinin aparılması zamanı onların razılığını almaq tələb olunur. Gələcəkdə həmin evlərin sökülmə ehtimalı da var. Bəzən elə hallar baş verir ki, razılıq verilməsi çətinləşir, bu səbəbdən də evə dair ayrıca reyestrdən çıxarış alınması qərarına gəlmişdir. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İş məhkəmənin icraatında olanda müvafiq ekspert rəyi də alınmışdır. Sonradan o, hazırkı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh təşkilatdan ona bildirilmişdir ki, məhkəmə qərarında müvafiq sənəd verilməsi öhdəliyi göstərilməmişdir. Rayon Məhkəməsindən isə, bildirilmişdir ki, bununla bağlı inzibati məhkəməyə müraciət olunmalıdır. Sonradan cavabdehə müraciət etmişdir, nömrə götürmüşdür, ona bildirilmişdir ki, Rayon Məhkəməsinə müraciət edilməlidir. İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 bildirdi ki, bu qəbildən olan işlərdə məhkəmələr tərəfindən icra vərəqələri İdarəyə (cavabdehə) göndərilir. Eyni işlər üzrə məhkəmədən də müraciət daxil olur, vətəndaşlardan da. Təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 113,60 kv.m olan fərdi yaşayış evinin 1/5 hissəsi X5, 1/5 hissəsi X26, 1/5 hissəsi X31, 1/5 hissəsi X15, 1/5 hissəsi X11, 2/5 hissəsi X16, 1/5 hissəsi İddiaçı paylı mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin 1/5 hissəsi iddiaçı ilə digər paylı mülkiyyətçi arasında məhkəmə qətnaməsinə əsasən naturada ayrılmış və iddiaçıya verilmişdir. Bundan sonra iddiaçı fərdi yaşayış evin 1/5 hissəsinə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: (215.3.1) əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; (215.3.2) əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə, (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə, (3.2.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda, (3.2.4) daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə, (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. İş materiallarında olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 113,60 kv.m olan fərdi yaşayış evinin 1/5 hissəsi X5, 1/5 hissəsi X26, 1/5 hissəsi X31, 1/5 hissəsi X15, 1/5 hissəsi X11, 2/5 hissəsi X16, 1/5 hissəsi İddiaçı paylı mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1673/2022 saylı iş üzrə 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 69 saylı fərdi yaşayış evinin İddiaçı məxsus y/s-18,7 kv.m, k/s-25,4 kv.m olan 1 otağı və ünvan 1, 4 saylı fərdi yaşayış evinin İddiaçı məxsus 1/5 hissəsi naturada ayrılsın və iddiaçıya verilsin. Beləliklə işdə olan subutlarla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçıya aid hissəsi məhkəmə qətnaməsi ilə naturada ayrılmışdır və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi mülki məhkəmə qətnaməsi ilə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçıya aid hissəsi naturada ayrılmışdır. Buna baxmayaraq, cavabdeh məhkəmə qətnaməsində onun üzərinə öhdəliyinin qoyulmadığı əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik ümumi paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu tərəflərin razılığı əsasında, belə razılıq əldə olunmadığı təqdirdə isə məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi məhkəmə qərarının mövcudluğu özü özlüyündə ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi üçün əsasdır. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi dəlilə münasibətdə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş mülki mübahisə üzrə qəbul olunan qətnamə ilə inzibati orqanın üzərinə fərdi yaşayış evinin hüququn qeydiyyata alınması barədə hər hansı öhdəlik qoyula bilməz, lakin belə öhdəliyin olmaması həmin daşınmaz əmlaka hüququn ayrıca inzibati icraatda qeydiyyata alınmasından imtina üçün əsas deyil. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının qeyd olunan məhkəmə qətnaməsinə istinadən əlavə ərizə ilə cavabdeh inzibati orqana müraciəti ayrıca inzibati icraatın başlanmasına əsas olmuşdur və bu icraat çərçivəsində iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4-cü maddəsində qeydiyyat üçün əsas kimi nəzərdə tutulmuş “məhkəmə qərarı”nı təqdim etmişdir. İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evinin naturada ayrılmasını təsdiq edən məhkəmə qətnaməsinə istinad edir ki, bu naturada ayırma hazırki halda fərdi yaşayış evinin ona aid hissəsinə mülkiyyət hüquqlarının ayrıca çıxarış ilə rəsmiləşdirilməsi üçün əsasdır. Bununla da, məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciəti üzrə hüququn qeydyyatından imtina üçün “məhkəmə qətnaməsi ilə müvafiq öhdəliyin qoyulmaması” dəlilini əsaslı qiymətləndirilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Yasamal rayonu, Ə. Hüseynzadə küçəsi, 1-ci dalan, 4 saylı fərdi yaşayış evinin iddiaçıya aid hissəsi məhkəmə qətnaməsi ilə naturada ayrıldığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”nun verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək ünvan 1, 4 saylı fərdi yaşayış evinin 1/5 hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1, 4 saylı fərdi yaşayış evinin 1/5 hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-14683/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14683/2023
14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver