Məhkəmə qərarları › İş №2-1(112)-1469/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1469/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1469/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (X5i) qarşı “cavabdehin 04 mart 2022-ci il tarixli əlillik təyin edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi və əlilliyinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 04 mart 2022-ci il tarixli əlillik təyin edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi və əlilliyinin müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birinci Qarabağ müharibəsi zamanı o, sağ aşağı aşıq baldır oynağı hissəsindən kəsici keçici güllə yarası almış və onun fəsadları ilə əlaqədar iddiaçıya əlillik dərəcəsi verilmişdir. Bununla əlaqədar dəfələrlə 2014-2015-ci illərdə həkim tibb komissiyasından keçmişdir. Sonuncu dəfə 2016-ci ildə komissiyadan keçəndə ona 5 illik əlillik təyin olunmuşdur. Aldığı qəlpə yarasından oynağının sümüyü parçalanıb, indi də ora toxunduqda oyuq kimi olmuşdur və yeriyərkən daima ağrılar verir. Sonuncu 04 mart 2022-ci il tarixdə 6 ay araşdırma apardıqdan sonra ona həkim komissiyasında bildirdilər ki, o, artıq sağlamdır və əlillik düşmür. İddiaçının hərbi əməliyyatlar nəticəsində odlu silahla ayağı yaralanmış, həmin vaxtdan da o, bu ağrılarla yaşayır. Ona sağ baldır oynağının odlu silahla yaralanması nəticəsində digər ikitərəfli ikincili qonartroz və iki tərəfli ikincil qonoartroz diaqnozu qoyulmuşdu. Bundan əlavə aldığı yara nəticəsində digər oynaqların posttravmatik artirozu, hipertrofik çapıq, oynaqların kontrakturası və nevrosteniya kimi diaqnoz verilmişdir. Hesab edir ki, həkim komissiyasının 04 mart 2022-ci il tarixli rəyi əsassızdır və ona qarşı qərəzli edilmişdir. Bu qərar onun xəstəliyini tam əks etməmişdir. Onda olan yaraları da onlar tam müayinə etmədən, ancaq sənədlərə baxıb, 6 ay araşdırma aparıb, sonda ona imtina vermişlər. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1–ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: 052766 nömrəli müharibə veteranı vəsiqəsinin surətinə əsasən İddiaçı müharibə veteranı vəsiqəsi xx.xx.2007-ci il tarixdə verilmişdir. 086340 nömrəli əlillik haqqında vəsiqənin surətinə əsasən 3-cü dərəcəli əlil iddiaçıya vəsiqə xx.xx.2015-ci il tarixdə verilmişdir və əlillik müddətində etibarlıdır. 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB4C saylı xx.xx.2021-ci il tarixli göndərişində qeyd olunmuşdur ki, iddiaçının xəstəliyinin gedişi xroniki, başlanma tarixi xx.xx.1994-cu ildir, əsas diaqnoz olaraq “Y36.4. hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ aşıq-baldır oynağının odlu silahla yaralanması” diaqnozu qoyulmuşdur. Stasionar müalicə aldığı müəssisələr – xx.xx.2019cu il, xx.xx.2014-cü il, xx.xx.2021-ci il, xx.xx.2015-ci il tarixlərdə ET Travmatologiya və Ortopediya İnstitutu, xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə “Bərdə rayon Mərkəzi Xəstəxanası” X5i, xx.xx.2021-ci il tarixdə “3 nömrəli Şəhər Klinik Xəstəxanası” X5i olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 284 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən Laçın RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bərdə rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ topuq oynağından dəlib keçən infeksiyalaşmış güllə yarası" və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: "Sağ topuq nahiyəsinin yumşaq toxumalarının dəlib keçən odlu silahla qəlpə yaralanması" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2021-ci il tarixli 962 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli 402 nömrəli arayışı, Bərdə rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1994-cü il tarixli protokollar kitabından çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2014cü il tarixdə ilkin müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Sağ baldırın aşağı 1/3-nin və sol saidin yuxarı 1/3-nin dəlib keçən güllə yarasından sonra çapığı”. Meyar - 2.5. Üçüncü dərəcə əlillik => 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları”. Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2015-ci il tarixdə təkrar müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Saidin çoxsaylı səthi travmaları. Sağ aşıqbaldır oynağı və sol saidin yuxarı 1/3-nin güllə yarasından sonrakı çapığı. Baldırın digər səthi travmaları. Sağ aşıq-baldır oynağının postravmatik artrozo-artriti.”. Əlilliyin müəyyən olunması meyarı: “2.3. Üçüncü dərəcə əlillik => Diz və ya bud-çanaq oynağının laxlaması”. Tibbi Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən xx.xx.2016-cı il tarixdə təkrar müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Saidin çoxsaylı səthi travmaları. Sağ aşıqbaldır oynağı və sol saidin yuxarı 1/3-nin güllə yarasından sonrakı çapığı. Baldırın digər səthi travmaları. Sağ aşıq-baldır oynağının postravmatik artrozo-artriti.”. Əlilliyin müəyyən olunması meyarı: “2.3. Üçüncü dərəcə əlillik => Diz və ya bud-çanaq oynağının laxlaması”. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya “odlu silah yaralanması, sağ aşıq-baldır oynağının postravmatik artrozoartriti ” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Diaqnozun mətni - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ aşıq-baldır oynağının odlu silahla yaralanması. Sağ aşıq-baldır oynağının postravmatik artrozu. Kelloid çapığı. Kontraktura. lki tərəfli ikincili qouoartroz. Daimi ağrı sindromu.Hərəkət və yerişin pozulması. Anadangəlmə yastıpəncəlik, sağda İİİ dərəcə, solda İİ dərəcə. Nevrasteniya-Neyrosirkuiyator distoniya.”. “X1 - XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar -> Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..”. Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışların, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçı mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurların ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasının müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 31 avqust 2022ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.1975-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan hansı xəstəlik, travma və qüsurlar müayinə zamanı onda aşkar olunur? 2) İddiaçı olan xəstəlik, travma və ya qüsurlar əsasında müəyyən edilən orqanizmin funksiyalarının pozulması nəçə faizdir? 3) Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 T 621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1.2. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş 2782003AAB4C saylı (Forma 088) göndərişində qeyd olunmuş diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinin və istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyininə dair meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı. 3. İddiaçı xx.xx.1994-cü il tarixdə döyüşlərdə yaralanmışdır. (Əsas MN HHK-nın xx.xx.2021-ci il tarixli 284 saylı qərarı).” Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir;.. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunmasından imtina haqqında qərar qəbul edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən 1 nömrəli Şəhər Poliklinikasında tərtib olunmuş 2782003AAB4C saylı göndərişdə qeyd edilən iddiaçının səhhətini əks etdirən diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin və xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmadı. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin 04 mart 2022-ci il tarixli əlillik təyin edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi və əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar