Məhkəmə qərarları › İş №2-1(112)-1469/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1469/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1469/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi, müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, “Sol diz qapağının açıq sınığı ilə sol diz oynağının odlu qəlpə yaralanması nəticəsində sol diz oynağının posttravmatik sinoviti və kontrakturası. Sol diz qapağının bitişməmiş sınığı, sol aşağı ətrafın funksiyasının pozulması. Sol aşağı ətrafın incik sinirinin zədələnməsindən sonrakı vəziyyət. Sol diz oynağının qeyri-stabilliyi, artroz və artrozu əzələlərin atrofiyası. Xəstə travmanı hərbi xidmət vəzifələrinin yerinə yetirərkən almışdır” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli tibb müəssisəsinə müraciət edərək müayinə edilmişdir. İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin əvvəlki imtinalarını mübahisləndirməmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarını və əyani müayinənin nəticələrinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən mən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmətə başlamış, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1996-cı ildə Haramı düzündə mina partlayışı zamanı yaralanmışdır. Təxliyə olunmuşdur Beyləqan 3 nömrəli sovxozdakı səyyar hospitalda ilk yardım alan kimi, onu Azərbaycan Respublikası Mərkəzi Hospitalına helikopterlə gətirmişlər. xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Mərkəzi Hospitalda müayinə və müalicə almışdır. Diaqnoz: sol diz oynağının odlu qəlpə yarası, diz qapağının sınığı, artiritlə fəsad forması, sidik kisəsinin peritonxarici hissəsinin qəlpə yarası. Laparotomiya, sidik kisəsi yarasının tikilməsi, episistomanın qoyulması (xx.xx.1996). Travma Hərbi Xidməti vəzifələrini yerinə yetirərkən alınmış travmadır. xx.xx.2015-ci il tarixində 201 nömrəli MN MHHK-nın qərarı ilə şəhadətlənmişdir. 2015-ci ildən hərbi təqaüdçüydür, lakin 2021-ci il iyun ayından ona verilən hərbi təqaüd (pensiya) dayandırılmış, səbəbi isə diaqnoz əlillik əlaməti təyin etməməsidir. Dəfələrlə müayinə və müalicə almağına baxmayaraq ona imtina verilir. 2021-ci ildən əlilliyi ilə əlaqədar AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ona qeyri-qanuni olaraq imtina edir, xəstəliyini dəqiq qiymətləndirmir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın müvafiq normaları sadalanmış, lakin etiraz əsaslandırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək rədd edilməsi barədə qərar qəbil edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Cavabdeh iddiaçıya əlillik təyin edilməsinən xx.xx.2024-cü il tarixli qərarla imtina etmiş, lakin həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dairn işdə hər hansı sübut olmadığından və iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ilə müraciət etdiyindən məhkəmə iddia müddətinin ötürülməməsi nəticəsinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı hərbi əməliyyatlar zamanı, xx.xx.1996-cı il tarixdə yaralanmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 221 № li qərarına əsasən, “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrinin (Xidməti Vəzifələri) yerinə yetirərkən almışdır” kimi müəyyən edilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2015-ci il tarixdə hərbi xidmət vəziflərini yerinə yetirməkəl əlaqədar İİ dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçıya xx.xx.2015-ci il tarixdə “Sol diz qapağının açıq sınığı ilə sol diz oynağının odlu qəlpə yaralanması nəticəsində sol diz oynağının posttravmatik sinoviti və kontrakturası. Sol diz qapağının bitişməmiş sınığı, sol aşağı ətrafın funksiyasının pozulması. Sol aşağı ətrafın incik sinirinin zədələnməsindən sonrakı vəziyyət. Sol diz oynağının qeyri-stabilliyi, artroz və artrozu əzələlərin atrofiyası. Xəstə travmanı hərbi xidmət vəzifələrinin yerinə yetirərkən almışdır” diaqnozu ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəbli əlaqə ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin xx.xx.2021, xx.xx.2022 və xx.xx.2023-cü illərdə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi iddiaçıda olan diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində də, ona diaqnozun əlillik təyin edilməsinə əsas verməməsi əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və son göndəriş, yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona müvafiq əlillik dərəcəsinin verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diqaqnozun əlillik təyinatın əsas verməməsi ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmasından sonra sol icik sinirinin posttravmatik neyropatiyası. Sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də komissiya tərəfindən müayinə olunarkən ona “Partlayış travması, sol baldırın və budun yuxarı 1/3-nin qəlpə yaralanması, yad cisimlər, metal qəlpələr, sol diz oynağının posttravmatik deformasiyaedici artrozu ağrı sindromu ilə və kontrakturasıbükmə: 100%; açma tamdır, ağrılı çapıqlar, baldır əzələlərinin atrofıyası, artroz İİ mərhələ” diaqnozu qoyulmuşdur. iddiaçının tibbi sənədlərinə əsasən onun əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş E00083358YDM saylı Forma 088 göndərişində qeyd edilmiş “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sol incik sinirinin posttravmatik neyropatiyası, sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə. Ağırlaşma:M24.5oynaqların kontrakturası, sol diz oynağının qəlpə yaralanmasından sonrakı kontrakturası ağrı sindromu ilə, baldır əzələlərinin atrofıyası, M17-qonartroz (diz oynağının artrozu), sol diz oynağının qəlpə yaralanmasından sonrakı artrozu, R26-hərəkətin və yerişin pozulmaları, yerişin pozulması” diaqnoz onda hazırda da mövcuddur. Həmin xəstəlik xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmur, mütəmadi bərpaedici müalicə yolu ilə yalnız yüngülləşə bilər. İddiaçının əyani müayinəsinin nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının 30 may 2024-cü il tarixli qararında qeyd edilmişdir ki, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol diz oynağında ağrı və hərəkət məhdudluğu, damarlarında dartınma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildə yaralandığını qeyd etmişdir. Müayinə zamanı qarının ön divarında aşağı orta laparotomiyanın çapığı, sol dizində, sol budun yuxarı 1/3-də çapıqlar izlənilmiş, diz oynağında 180-90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, palpasiyada qarnı yumşaq və ağrısız olmuşdur. Nevroloji statusunda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər və sümüküstü reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 406 nömrəli Çıxarışında diaqnoz "Qəlpə yaralanmasından sonra incik sinirinin postravmatik nevropatiyası. Yerişin pozulması ilə. Sol diz oynağının qəlpə yaralanmasından sonra artrozu və kontrakturası, ağrı sindromu ilə, baldır əzələlərinin atrofiyası" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz "Partlayış travması. Sol baldırın və budun 1/3- nin nahiyəsinin qəlpə yaralanması, yad çisimlər-metal qəlpələr. Sol diz oynağının posttravmatik deformasiyaedici artrozu, ağrı sindromu ilə və kontrakturası-bükmə 100 dərəcə, açma tamdır, ağrılı çapıqlar, baldır əzələlərinin atrofiyası ilə. Artroz İİ mərhələ" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Təqdim edilmiş ekspert rəyindən müəyyən edilir ki, Forma 88 arayışınd göstərilən diqanozlar hazırda da iddiaçıda vardır və həmin xəstəliklər ta reabilitasiya olunmurlar. İddiaçı barəsindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişdən müəyyən edilir ki, onda Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sol incik sinirinin posttravmatik neyropatiyası, sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə. Ağırlaşma: M24.5 - oynaqların kontrakturası, sol diz oynağının qəlpə yaralanmasından sonrakı kontrakturası ağrı sindromu ilə, baldır əzələlərinin atrofıyası, Ağırlaşma: M17 - qonartroz (diz oynağının artrozu), sol diz oynağının qəlpə yaralanmasından sonrakı artrozu, Ağırlaşma: R26 - hərəkətin və yerişin pozulmaları, yerişin pozulması”. İddiaçıda xəstəliyin yaranma tarixi hərbi xidmət zamanı xx.xx.1996-cı il tarixdə aldığı yaralanmanın nəticəsində yaranmışdır. Bu barədə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarınd aolan tibbi sənədlərləsə və ekspert rəyinə əsasən müəyyən edilir ki, hərbi xidmət zamanı alınmış yaralanma, həmçinin iddiaçıda ağırlşamaların (oynaqların kontrakturası, sol diz oynağının qəlpə yaralanmasından sonrakı kontrakturası ağrı sindromu ilə, baldır əzələlərinin atrofıyası, qonartroz (diz oynağının artrozu), sol diz oynağının qəlpə yaralanmasından sonrakı artrozu, hərəkətin və yerişin pozulmaları, yerişin pozulmasına) da səbəb olmuşdur. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Halbuki iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qəlpə yaralanmasından sonra sol icik sinirinin posttravmatik neyropatiyası. Sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə” xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol diz oynağında ağrı və hərəkət məhdudluğu, damarlarında dartınma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildə yaralandığını qeyd etmişdir. Müayinə zamanı qarının ön divarında aşağı orta laparotomiyanın çapığı, sol dizində, sol budun yuxarı 1/3-də çapıqlar izlənilmiş, diz oynağında 180-90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, palpasiyada qarnı yumşaq və ağrısız olmuşdur. Nevroloji statusunda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər və sümüküstü reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır". İş materiallarından göründüyü kimi, iddiaçının əlilliyi təkrar əlillikdir və 2015-ci ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasiona müalicə və müayinələrdə olmuş, həmin sənədləri cavabdeh özü məhkəməyə təqdim etmişdir. Digər tərəfdə iş materiallarında iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsinə dair ekspert rəyi də var. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatı əsas verməməsi barədə dəlili də əsassızıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri 13.4 . ...Qonartroz (diz oynağının artrozu) - M17 Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2115/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “iddiaçıya əvvəllər də adı çəkilən xəstəlik diaqnozu ilə davamlı olaraq əlillik məhz həmin inzibati orqan tərəfindən təyin edilmişdir. Forma - 88 arayışında göstərilən xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyi ilə də təsdiq olunmuşdur. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Həmin dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. İddiaçı hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəlik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi 40 faiz olmaqla, orqanizmin funksiyalarının pozulması müddətinin 1 il müddətinə müəyyən edilməsinə əsas verir”. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1735/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar