Məhkəmə qərarları › İş №2-1(112)-1469/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1469/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1469/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən, xx-xx/4086-4087 saylı bağın 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı BakıƏrazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 940 kv.m olaraq nəzərə alınmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Bağlar Təsərrüfatının 06 iyul 2006-cı il tarixli 38041 saylı müqavilə əsasında Türkan bağlar massivində yerləşən, ümumi sahəsi 0,10 ha olan xx-xx/4086-4087 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, iddiaçı isə həmin ilin dekabr ayında bağ sahəsinə hasar tikilməsi barədə rəsmi qaydada müraciət etmişdir. Birlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2006-cı il tarixli 2666 saylı məktubla X2 və istismarı birliyi tərəfindən bağ sahəsinə hasar tikməyə icazə verilmiş, iddiaçı tərəfindən bağ sahəsi 4 tərəfdən hasara alınaraq hazırki dövrədək mübahisəsiz şəkildə təyinatı üzrə istifadə olunur. Təxminən 2010-2012-ci illərdə həmin bağ sahəsində bağ evi inşa edilmiş, Bakı Elektrikşəbəkə ASC tərəfindən həmin dövrdə verilmiş razılıq məktubu ilə bağ evinə elektrik xəttinin çəkilməsi öz həllini tapmışdır. İddiaçı 2013-cü ildən hazırki dövrədək bağ sahəsinə mülkiyyət hüquqqunun dövlət qeydiyyatına alınması barədə dəfələrlə cavabdeh inzibati orqana ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə müraciət etmiş, cavabdeh hər dəfə bir bəhanə ilə ona imtina etmişdir. Belə ki, cavabdehin xx.xx.2012-ci il tarixli məktubunda qeyd olunub ki, bağ sahəsi mübahisə predmeti olduğundan ərizənin icrası mümkün olmamışdır. Cavabdehin xx.xx.2013-cü il tarixl imtinasında qeyd olunur ki, mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin yerləşdiyi faktiki ərazi “Şəms” bağçılıq yoldaşlığına ayrılmış sahədən təxminən 200-300 metr aralı məsafədə yerləşdiyindən qonşu bağ sahələrinin nömrələrini yazmaq mümkün olmamışdır. Cavabdehin xx.xx.2013-cü il tarixli məktubunda da bildirilmişdir ki, tərəfinizdən Kollektiv bağçılığın bölgü eskizi təqqdim edilmədiyi üçün plan-sxemdə qonşu bağların nömrələrini qeyd etmək mümkün olmamışdır. Bundan əlavə, cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, bağ sahəsi üzərində hüquqların daşınamz əmlkaın dövlət reyestrində qeydə alınması barədə ərizəyə baxılmış, müraciətlə bağlı bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Şəms” bağçılıq yoldaşlığının ayrıc aktından 220 metr kənarda, “Poçt daşınmaz Mərkəzi” bağçılıq yoldaşlıqq təsərrüfatına ayrılmış ərazinin daxilində yerləşir. Həmçinin, göstərilən bağ sahəsi 60 kv.m hissəsi digər şəxsin adına daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunanlara əsasən, ərizənin icrasından imtina edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məslə ilə bağlı sizə xx.xx.2020-ci il tarixli məktubla cavab verilib. İddiaçı 2024-cü ilin əvvəllərində yenidən cavabdehə müraciət etdikdə isə, sənədləri qəbul edilməmiş və ona 2020 və 2023-cü illərdə məktubla cavab verilməsinə istinad edilərək, bu barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinaları əsassız olmaqla, iddiaçının bağ evinin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçı 2012-ci ildən bağ sahəsinin sənədləşdirlməsi barədə müxtəlif vaxtlarda ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, cavabdeh ona məxsus bağ sahəsinin digər bağçılıq ərazisində yerləşməsinə, habelə bağın cüzi bir hissəsinin digər şəxsin adına qeydə alınmasına, habelə digər formal əsaslarl imtina etməklə, 12 ildən artıq müddətdə iddiaçının hüquqlarının davamlı pozulmasına səbəb olmuşdur.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi "Şəms” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 220.0 metr kənarda, “X9" bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazinin daxilində yerləşir. Həmçinin, göstərilən bağ sahəsinin 60.0 kv.m hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən, xx-xx/4086-4087 saylı bağın 0,10 ha torpaq sahəsi mülkiyyət hüququnun dövlət qeydiyyatına aınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2020-ci il tarixli, **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Şəms” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 220.0 metr kənarda, “X9” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazinin daxilində yerləşir. Həmçinin göstərilən bağ sahəsinin 60.0 kv.m hissəsi paylı mülkiyyət hüququ ilə digər şəxslərin (X6 ½ hissə, X8 ½ hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi və vətəndaş İddiaçı arasında bağlanmış “Türkan ərazisindəki xx-xx/4086-4087 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 38041 saylı Müqaviləyə əsasən Birlik Əzizbəyov rayonunun Türkan ərazisində 0.10 hektar torpaq sahəsi olan xx-xx/4086-4087 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə verir və İstifadəçi həmin bağı istifadəsinə götürür.

7. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2006-cı il tarixli, 2666 saylı məktuba əsasən X2 və İstismarı Birliyi vətəndaş X1 Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 №-li və xx.xx.1988-ci il tarixli 6/333 №-li Qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə vermişdir.

8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) Aktına əsasən bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağın ərazisi mişar daşından hasarla iki hissəyə ayrılıb. Bağ sahəsində “A” 1 mərtəbəli bağ evi, İ-s/q və İİ-hovuz var. Bağ sahəsinin bir qismi özəl 145-146/5157-5158 saylı bağın ərazisi ilə üst-üstə düşür. Bağ sahəsinin naturada yerləşməsi b/y-nın bölgü sxeminə uyğun gəlmir. Həmçinin bağ sahəsi b/y-nın ayrıc aktından kənarda yerləşir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 145-146/5157-5158 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ1056, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 66-cı Türkan küçəsi, giriş 196) X4 (xx.xx.2024-cü il tarixində) və X5 (xx.xx.2024) adına qeydiyyata alınmışdır.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən, xx-xx/4086-4087 saylı bağın 0,10 ha torpaq sahəsi mülkiyyət hüququnun dövlət qeydiyyatına aınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair e-2-1(112)-10086/2024 saylı inzibati iş vardır. İş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsinin 60.0 kv.m hissəsi paylı mülkiyyət hüququ ilə digər şəxslərin (X6 ½ hissə, X8 ½ hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X6 və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X6 və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

11. Hazırkı iş üzrə ilə X6 və X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

25. X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

27. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən, xx-xx/4086-4087 saylı bağ sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir.

28. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi və İddiaçı arasında bağlanmış “Türkan ərazisindəki xxxx/4086-4087 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 38041 saylı Müqaviləyə əsasən Birlik Əzizbəyov rayonunun Türkan ərazisində 0.10 hektar torpaq sahəsi olan xx-xx/4086-4087 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla İstifadəçiyə (İddiaçı) vermiş və İstifadəçi (İddiaçı) həmin bağı istifadəsinə götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2006-cı il tarixli, 2666 saylı məktuba əsasən X2 və İstismarı Birliyi vətəndaş X1 Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 №li və xx.xx.1988-ci il tarixli 6/333 №-li Qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə vermişdir.

29. Odur ki, məhkəmə hesab edir, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi və İddiaçı arasında bağlanmış “Türkan ərazisindəki xx-xx/4086-4087 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 38041 saylı Müqavilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

30. Cavabdeh imtinanın dəlili olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin 60.0 kv.m hissəsi paylı mülkiyyət hüququ ilə digər şəxslərin (X6 ½ hissə, X8 ½ hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

31. Məhkəmə nəzərə alır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi və İddiaçı arasında bağlanmış “Türkan ərazisindəki xx-xx/4086-4087 nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 38041 saylı Müqaviləyə əsasən İddiaçı ayrılmış torpaq sahəsinin ölçüsü 0.10 hektar təşkil etmişdir. İddiaçı isə hazırki iddia tələbinə əsasən digər şəxslərin (X6 ½ hissə, X8 ½ hissə) adına qeydiyyat alınmış 60.0 kv.m torpaq sahəsini istisna etməklə 940 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir.

32. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “Şəms” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından 220.0 metr kənarda, “X9” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ərazinin daxilində yerləşir.

33. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən müqavilə əsasında ayrılmışdır. Cavabdeh orqan iddiaçıya ayrılmış torpaq sahəsinin vaxtilə “Şəms” bağçılıq-yoldaşlıq təsərrüfatına və ya “X9” bağçılıq-yoldaşlıq təsərrüfatına məxsus olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

34. Digər tərəfdən iddiaçıya bağ sahəsinin verilməsinə dair müqavilədə torpaq sahəsinin məhz “Şəms” bağçılıq-yoldaşlıq təsərrüfatı və ya “X9” bağçılıq-yoldaşlıq təsərrüfatının torpaq sahəsindən ayrılmasına dair hər hansı qeyd yoxdur. Belə ki, torpaq sahəsi sərəncam və ya order əsasında deyil, bağçılıq müqaviləsi əsasında ayrılmışdır.

35. Məhkəmə digər tərəfdən qeyd edir ki, bağların yerləşmə mövqeyində sxematik xəritəyə nəzərən əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsi mümkündür. Bu isə iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatdan imtina üçün əsas deyildir.

36. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.

37. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.

38. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur.

39. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

40. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

41. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

43. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində yerləşən sahəsi 940 kv.m. olan xx-xx/4086-4087 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar