Məhkəmə qərarları › İş №2-1(112)-1470/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1470/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1470/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərbi xidmət müddətinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək döyüş bölgəsində xidmət etdiyi xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə güşətli şərtlərlə xidmət illərini nəzərə alaraq pensiyasının yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin sıralarında düşmənlə təmas xəttində yerləşən hərbi hissələr üzrə bölmə və şöbələrdə xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən bölmə rəisi vəzifəsindən polkovnik-leytenant rütbəsində pensiya təyin olunmaqla ehtiyata buraxılmışdır. Ehtiyata buraxılan zaman xidməti illəri hesablanarkən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək MTN HƏKX-nın N saylı hərbi hissə üzrə bölmə və N saylı hərbi hissə üzrə şöbədə xidmət etdiyi müddətdə güzəştli şərtlər nəzərə alınmamışdır. Bununla əlaqədar, xx.xx.2020-ci il tarixdə Xudmətə pensiya illərinin yenidən hesablanması üçün ərizə ilə müraciət etmişdir. Xidmətdən məsul şəxs onunla telefon vasitəsilə əlaqə yaradaraq ərizədə göstərilən xüsusatlarla əlaqədar məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrdə xidmət edən hərbçilərin güzəştli şərtlərlə xidmət illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 631 №-li qərarına əsasən xx xxxxxxxx 2004-cü il tarixədək 1 gün-3 gün kimi hesablanmış, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” xx xxxxxxxx 2004-cü il tarixli, 728-İİQD №-li Qanuna əsasən xx xxxxxxxx 2004-cü il tarixdən 1 gün-2 gün hesablanır. Yuxarıda qeyd etdiyi xx.xx.2002xx.xx.2006-cı il tarixləri əhatə edən müddət 1 gün-1 gün kimi hesablanması pensiya təminatına mənfi təsir göstərmişdir. Onun xidmət illəri hesablanarkən, göstərdiyi qanunvericiliyə əsasən güzəştli xidmət müddəti kimi nəzərə alınmalı, 5 il 6 ay 14 gün ümumi xidmət stajına daxil edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı x xxxxxx 1972-ci ildə anadan olub, 1993-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarəyə həqiqi hərbi xidmətə qəbul olunaraq əməliyyat müvəkkili vəzifəsində, 2005-ci ilin mart ayından keçmiş MTN-nin Hərbi Əks-kəşfiyyat Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 2020-ci ilin fevral ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. İddiaçı pensiya təyin etmək üçün xidmət illərinin hesabı təhlil edilərkən müəyyən edilmişdir ki, onun xidmət illəri təqvim hesabı üzrə 19 il 1 ay 14 gün, ali təhsil 02 il 06 ay, güzəştli xidmət üzrə 10 il 03 ay 23 gün, cəmi 31 il 11 ay 07 gün hesablanmışdır. Xidmətin hərbi qulluqçularının güzəştli xidmət illərinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli Qərarına əsasən xx xxxxxxxx 2004-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanununa əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarına uyğun olaraq həyata keçirilir. İddiada qeyd olunan xx xxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixə qədər olan dövrdə iddiaçının Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirakı və döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı barədə müvafiq məlumatlar Xidmətdə mövcud olmadığından həmin dövrlər güzəştli xidmət illərinə daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, İddiaçı Xidmət tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 004854 nömrəli məlumat vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixli, **********7 nömrəli qərarla xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilmiş məlumat vərəqəsində iddiaçının ümumi iş stajı 31 il 11 ay 07 gün, təqvimi xidmət illəri 19 il 01 ay 14 gün, güzəştli xidmət illəri 10 il 03 ay 23 gün qeyd edilmiş və həmin müddətlər pensiya təyini zamanı nəzərə alınmışdır. Cavabdeh tərəfindən yenilənmiş məlumat vərəqəsi təqdim edildiyi halda iddiaçıya aid pensiya yenidən hesablana bilər. Qeyd olunanlara əsasən iddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. - Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin 313 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, cavabdehin 004854 №-li, xx.xx.2020-ci il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmış, onun xidmət illəri təqvim hesabı üzrə 19 il 1 ay 14 gün, ali təhsil 02 il 06 ay, güzəştli xidmət üzrə 10 il 03 ay 23 gün, cəmi iş stajı 31 il 11 ay 07 gün, pul təminatı 3482,80 manat qeyd olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş **********7 №-li, xx.xx.2020-ci il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərara əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə 2745,49 manat pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ona verilməli olan təqaüdünun yenidən hesablanıb yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası ƏƏSMN DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. - “xxxx” MMC-nin 168869 №-li ödəniş qəbzindən görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixdə ərizəsi ilə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 12/2344 №-li, xx.xx.2020ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx xxxxxx 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli xx xxxxxxxx 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 0145 nömrəli xx.xx.2001-ci il tarixli, 0151 nömrəli xx.xx.2002-ci il tarixli və 0138 nömrəli xx.xx.2003-cü il tarixli əmrlərinə əsasən, sorğuda qeyd edilən xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində hərbi xidmət müddətinin bir günü üç gün kimi sayılır. Bundan başqa, xx xxxxxxx 2007-ci il tarixədək qüvvədə olmuş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun xx xxxxxxxx 2004-cü il tarixdən qüvvəyə minmiş 16-cı maddəsinin müddəalarına, yuxarıda qeyd etdiyi Qərarın xx xxxx 2005-ci il tarixdən qüvvəyə minmiş 2-ci hissəsinin onsəkkizinci abzasının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 0135 nömrəli xx.xx.2004-cü il tarixli və 0129 nömrəli xx.xx.2005-ci il tarixli əmrlərinə əsasən həmin hərbi hissələrdə, sorğuda qeyd edilən xx.xx.2004-cü il tarixdən 01.01 2006-cı il tarixədək hərbi xidmət müddətinin bir günü iki gün kimi sayılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin sıralarında xidmət etmiş, xx.xx.2020-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 004854 nömrəli məlumat vərəqəsinə əsasən üçüncü şəxs tərəfindən xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş məlumat vərəqəsində iddiaçının xidmət illəri təqvim hesabı üzrə 19 il 1 ay 14 gün, ali təhsil 02 il 06 ay, güzəştli xidmət üzrə 10 il 03 ay 23 gün, cəmi iş stajı 31 il 11 ay 07 gün qeyd edilmişdir. Hazırda İddiaçı xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələsində xidmətdə olduğu müddətin cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmamasını mübahisələndirir. Cavabdeh inzibati orqan isə xx.xx.2002-xx.xx.2006-cı il tarixə qədər olan dövrdə iddiaçının Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirakı və döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı barədə müvafiq məlumatlar Xidmətdə mövcud olmadığından həmin dövrlərin güzəştli xidmət illərinə daxil edilmədiyini bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xidmətdə olması işin mübahisəsiz haldır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli xx xxxxxx 1992-ci il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli xx xxxxxxxx 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 0145 nömrəli xx.xx.2001-ci il tarixli, 0151 nömrəli xx.xx.2002-ci il tarixli və 0138 nömrəli xx.xx.2003-cü il tarixli əmrlərinə əsasən xx.xx.2002ci il tarixdən xx.xx.2004-cü il tarixədək Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində hərbi xidmət müddətinin bir günü üç gün kimi, xx xxxxxxx 2007-ci il tarixədək qüvvədə olmuş "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun xx xxxxxxxx 2004-cü il tarixdən qüvvəyə minmiş 16-cı maddəsinin müddəalarına, yuxarıda qeyd etdiyi Qərarın xx xxxx 2005-ci il tarixdən qüvvəyə minmiş 2ci hissəsinin onsəkkizinci abzasının müddəalarına, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin 0135 nömrəli xx.xx.2004-cü il tarixli və 0129 nömrəli xx.xx.2005-ci il tarixli əmrlərinə əsasən xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək hərbi xidmət müddətinin bir günü iki gün kimi hesablanır. Məhkəmə araşdırılması zamanı İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraatın cavabdeh inzibati orqan tərəfindən tam aparılmaması, mübahisələndirilən dövrlə bağlı hüquqi yardım qaydasında digər inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edilərək müvafiq arayışların alınmaması, bununla da qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı hərbi xidmət müddətinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi tələbinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 73.2 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı hərbi xidmət müddətinin yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi tələbinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar