Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1470/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, iş və müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, iş və müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* və ******* nömrəli qərarlarının ləğv edilməsi və X6 iş icazəsi, həmçinin bununla əlaqədar olaraq müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildən etibarən Dubayda, BƏƏ-də fəaliyyətə başlayan “Ashtel” Şirkətlər Qrupu yaxın şərq, uzaq şərq, Böyük Britaniya və digər Avropa ölkələrində, Asiya və X8 qədər bir çox ölkələrdə əsasən elektronika, İT və rabitə məhsullarının satışı olmaqla biznesin müxtəlif sferalarında fəaliyyət göstərməkdədir. Bu yaxınlarda “Ashtel” Şirkətlər Qrupunun rəhbərliyi tərəfindən Azərbaycan da, biznes fəaliyyətinin qurulması və genişləndirilməsi qərarı alınmış, qərara əsasən Azərbaycandakı biznes fəaliyyətinin quraşdırılması vəzifəsi səhmdar kimi cənab X1 tapşırılmışdır. İddiaçı MMC xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçirilmiş və rəsmi olaraq fəaliyyətə başlamışdır. X2 Dubaydakı və İngiltərədəki biznes fəaliyyəti ilə əlaqədar olaraq səfərlərinin olması, miqrasiya məsələləri və Azərbaycandakı biznes fəaliyyətindəki inzibati məsələlərdə daha çevik olmaq kimi əsaslarla əlaqədar olaraq etibarlı şəxs kimi Nümayəndə şirkətin direktoru vəzifəsinə təyin olunmuşdur. Məlumat üçün bildirilər ki, bu yaxınlarda Azərbaycandakı biznes əlaqələrinin genişləndirilməsi, elektronika, İT və rabitə kateqoriyalı məhsulların X3 ölkəyə idxal edilməsinin koordinasiyası vəzifəsi “Ashtel” X9, BƏƏ-dəki əsas müəssisəsində artıq 5 ilə yaxındır ki, “Satış Təmsilçisi” kimi fəaliyyət göstərən X6 həvalə edilmişdir. Cənab X6 əcnəbi olduğuna görə isə Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınmasına zərurət yaranmışdır. Şirkətin Azərbaycan qanunvericiliyinə uyğun formalaşdırılması, ilkin biznes əlaqələrinin yaradılması, ilkin idxalların və satışların həyata keçirilməsi prosesləri artıq həyata keçirilmişdir. Bundan sonrakı mərhələdə biznes əlaqələrinin genişləndirilməsi, məhsul idxalı və biznes fəaliyyətinin intensivləşdirilməsi üçün X5 Bakıdakı müvafiq işlərlə “İT Marketinq Mütəxəssisi” vəzifəsində məşğul olması zəruridir. Onun bu sferadakı bilikləri, əlaqələri və təcrübəsi şirkətin fəaliyyətinin genişlənməsi üçün imkanlar yaradacaqdır. X6 iş icazəsinin alınması və müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 13 may 2023-cü il tarixli 152378/m nömrəli müraciətlərinə səasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qiymətləndirmə aparılmış və xx.xx.2023-cü il tarixli ******* və ******* nömrəli qərarları ilə müraciətlərindən imtina edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı X4 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə iş və müvəqqəti yaşayış icazəsinin verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* və ******* nömrəli qərarlar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən əcnəbiyə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsi və onun əsasında müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat aparılan zaman müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğuya cavab olaraq şəxsə iş icazəsinin verilməsinə etiraz olunmuşdur. Bu səbəblə Miqrasiya Məcəlləsinin 66.0.3-cü maddəsi rəhbər tutularaq əcnəbiyə iş icazəsinin verilməsindən imtina olunmuşdur (aparılan araşdırma nəticəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu müəyyən edilmişdir). Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni təmsilçisi iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 may 2023-cü il tarixli ******* nömrəli qərarına əsasən "xxxx" MMC 13 may 2023-cü il tarixli 152374/m nömrəli müraciətində Hindistan Respublikası vətəndaşı 03 may 1991-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsini xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi və Azərbaycan Reespublikası Miqrasiya Məcəlləsinin 66.0.3-cü maddəsi rəhbər tutularaq "xxxx" MMC tərəfindən edilmiş 13 may 2023-cü il tarixli müraciət təmin edilməmişdir.
8. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 may 2023-cü il tarixli ******* nömrəli qərarına əsasən X10 13 may 2023-cü il tarixli 152378/m nömrəli müraciətində Əmək fəaliyyəti üçün iş icazəsi əsasında ona müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərin tam olaraq təqdim edilmədiyi və 19 may 2023-cü il tarixində ölkə ərazisini tərk etdiyi müəyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi və Azərbaycan Reespublikası Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsi rəhbər tutularaq X10 tərəfindən edilmiş 13 may 2023-cü il tarixli müraciət təmin edilməmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilibkeçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2023-cü il tarixli qərarlarının mübahisələndirilməsinə dair inzibati məhkəmə icraatı qaydasında xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır.
19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
21. Belə ki, işin hallarından göründüyü kimi, həm iddiaçı "xxxx" MMC, həm də, Hindistan Respublikası vətəndaşı 03 may 1991-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçı "xxxx" MMC-nin müraciəti cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində araşdırılmış, aparılan araşdırma nəticəsində işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu müəyyən edildiyindən iddiaçının müraciətinin təmin edilməsindən Miqrasiya Məcəlləsinin 66.0.3-cümaddəsinə əsasən imtina edilmiş, X10 isə Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədləri tam olaraq təqdim etmədiyindən və 19 may 2023-cü il tarixində ölkə ərazisini tərk etdiyindən onun da, müraciətinin təmin edilməsindən Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən imtina edilmişdir. Bununla bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
22. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
23. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, bununla da, dolayısı ilə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən hazırkı iddia rədd edilməlidir.
24. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: Maddə 46. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər 46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 50. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); ... Maddə 66. İş icazəsinin verilməsindən imtinanın əsasları 66.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir: ... 66.0.3. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda; ...
25. Göründüyü kimi, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri iş icazəsinin verilməsindən imtina edilməsi üçün birbaşa əsas qismində göstərilmişdir.
26. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
27. Hazırki qərarın yuxarı hissəsində göstərilmiş qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.
28. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva