Məhkəmə qərarları › İş №2-1(112)-14704/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14704/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14704/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəsinə qarşı “əmrin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh N nömrəli hərbi hissəyə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissə tərəfindən xx.xx.2020-ci il tarixində barəsində 262 saylı əmrlə “Hərbi xidmətkeçmə haqqında”qanunun 41.0.6-cı maddəsi ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin rəhbərliyinə gəmidə xidmət edə bilmədiyinə görə xidmətdə yaranan çətinlik səbəbi ilə həmin hərbi hissədə quru bölməsində xidmət etmək üçün müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin xx.xx.2020-ci il tarixli əmrinə əsasən onun barəsində “Hərbi xidmətkeçmə haqqında” qanunun 41.0.6-ci maddəsi tətbiq edilmişdir. İddiaçı qeyd olunan maddənin onun hərbi biletinə qeyd edilməsindən narazıdır və bu günə qədər həmin maddənin ləğvinə dair müraciət etməmişdir. Səbəbi isə maddi imkanının və hüququ savadının olmamasıdır. Hazırda həmin maddə səbəbindən o, heç bir iş yerinə müraciət edə bilmir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, əmrin mübahisələndirilməsi üçün prosessual müddət buraxılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli 027əç nömrəli əmrindən görünür ki, ehtiyatda olan əsgər İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmiş və “Gəmisürmə ixtisası” üzrə Hərbi Dəniz Qüvvələrinin X2 (N №-li hərbi hissə) X1 X3 (d433) Şturman rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı-siqnalçısı təyin olunmuşdur. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, o, X1 komandirinə müraciət ünvanlayaraq qeyd etmişdir ki, xidmət etdiyi qısa müddət ərzində xidmətə uyğunlaşa bilməmişdir. Təyin olunmuş günün nizam qaydalarını icra etməkdə çətinlik çəkir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrini öyrənə və onları xidmətində tətbiq edə bilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunim 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli təqdimatından görünür ki, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün hərbi hissə komandiri ərəfindən təqdimat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli 074əç nömrəli əmrindən görünür ki, Hərbi Dəniz Qüvvələrinin X2 (N №-li hərbi hissə) X1 X3 (D433) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançısiqnalçısı İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, X1 X3 (D433) şturman, rabitə döyüş hissələri və radiotexnika xidmətinin sükançı-siqnalçısı, Hərbi Dəniz Qüvvələri komandanının 29 avqust 2020-ci il tarixli 074əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə 23 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinə göndərilmişdir. İstinad olunanlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət keçən hərbi qulluqçu olmuş və o, Müdafiə Nazirliyinin struktur qurumu olan Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı 4 ilə yaxın müddət keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, hansı ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə uyğun iddiadır. Belə ki, İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ saylı Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 165-ci maddəsinə görə isə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı özü xx.xx.2020-ci il tarixdə raport yazaraq onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunim 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, xx.xx.2020-ci il tarixli əmrlə şəxsi heyət siyahısından çıxarılmış, həmin tarixdən sonra hərbi qulluqçu kimi xidməti vəzifələrini icra etməmiş, hər hansı bir xidməti fəaliyyət həyata keçirməmiş, əmək haqqı almamışdır. Deməli, iddiaçı həmin tarixdən sonra onun hərbi xidmətdən buraxılmasından xəbərdar olmuşdur. İPM-in 24-cü maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (maddə 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (maddə 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (maddə 23.3). Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (maddə 24.4). İstinad olunan normalardan görünür ki, qanunverici prosessual müddətin ötürülməsindən 1 il keçdikdən sonra ötürülmüş müddətin bərpası imkanını belə istisna edir, bir şərtlə ki, müddətin ötürülməsi təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasın, hansı ki, hazırkı işdə belə bir halın olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmrin ləğvi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə yuxarıda istinad olunan normaların tələblərinə əsasən mübahisələndirmə üçün prosessual müddəti, habelə buraxılmış müddətin bərpası üçün ərizə verilməsi imkanını nəzərdə tutan 1 illik müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Eyni zamanda Məhkəmə onu da qeyd edir ki, işdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iddiaçının həmin tələbinə baxılarkən onun 23 sentyabr 2020-ci il tarixli əmrin ləğv edilməsi ilə bağlı prosessual müddəti ötürdüyünü, prosessual müddətin bərpası barədə ərizənin verilməsinin istisna olunduğunu nəzərə alaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianı mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-728/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı mübahisələndirilən inzibati aktın ləğvi ilə bağlı digər inzibati orqana iddia qaldırmışdır, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisələndirilən inzibati aktın mövcudluğu barədə kifayət qədər uzun müddət ərzində məlumatlı olmuş, lakin prosessual müddəti ötürərək məhkəməyə müraciət etmişdir. Buna görə də, məhkəmə prosessual müddətlərin bərpa olunmaması şəraitində (1 ildən çox müddət keçdiyinə görə) iddianı mümkünsüz hesab etmişdir. Yuxarı instansiya məhkəməsi isə aşağı instansiya məhkəməsinin hüquqi mövqeyini qanunvericiliyə uyğun və əsaslandırılmış hesab edərək həmin qərardadı qüvvədə saxlamışdır. Bundan əlavə, iddiaçının hüquqi marağı onun xidməti uyğunsuzluğa görə xidmətdən azad edilməsi ilə bağlı əmrin ləğvidir ki, bu əmr onun hazırda mübahisələndirdiyi N №-li Hərbi Hissə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 262 saylı əmr deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin xx.xx.2020-ci il tarixli 027əç nömrəli əmridir. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçı həmin əmrin ləğvi ilə bağlı qanunla nəzərdə tutulmuş prosessual müddəti də ötürmüşdür. Beləliklə, Məhkəmə hesab edir ki, hazırki iddia müddət və iddiaçının hüquqi marağının olması ilə bağlı mümkümlük şərtinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh N nömrəli hərbi hissəsinə qarşı “əmrin ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar