Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14707/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı “imtahan nəticələrinin ləğvi barədə qərarın ona münasibətdə ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qanuni nümayəndə Azərbaycan Respublikasının Təhsil İnstitutuna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunda yaradılmış komissiya tərəfindən lisey və gimnaziyalara qəbul olmaq üçün xx.xx.2025-ci il tarixdə mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahan nəticələrinin ləğv edilməsi haqqında qərarın ləğv edilməsi və onun ilkin imtahan nəticələrinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək iddiaçı qismində İddiaçı müəyyən edilməsi və özünün onun qanuni nümayəndəsi təyin edilməsini xahiş etmiş, həmçinin iddia tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 03 saylı “25-27 iyun 2025-ci il tarixlərdə lisey və gimnaziyalarda qəbulla bağlı keçirilmiş imtahanın nəticələrinin ləğv edilməsi barədə” qərarın İddiaçı (bundan sonra – iddiaçı) münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2024/2025-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul olmaq üçün 27 iyun 2025-ci il tarixdə mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlarında iştirak edərək yüksək nəticə qazanmışdır. Lakin, heç bir sübut və dəlil olmadan o, 14 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda yaradılmış komissiya tərəfindən əlavə araşdırmaya cəlb olunmuş və ona cəmi 20 dəqiqə vaxt ərzində 10 açıq sual testi (heç bir variant olmadan) verilməklə, təkrar qiymətləndirmə aparılmışdır. Bundan sonra komissiya onun ilkin imtahan nəticələrinin ləğv edilməsinə dair qərar qəbul etmişdir. Qəbul olunmuş qərarı isə aşağıda göstərilənlərə əsasən əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçı 14 iyul 2025-ci il tarixdə əsassız əlavə araşdırmaya cəlb olunmuşdur. Həmçinin lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən imtahanlar açıq sual üzrə həyata keçirilməmişdir. Qəbul imtahanlarına 45 test üsulu ilə 2 saat vaxt verildiyi halda, xx.xx.2025-ci il tarixdə təkrar qiymətləndirmənin aparılması üçün 10 açıq sual üzrə cəmi 20 dəqiqə vaxt verilmişdir. Qəbul imtahanına riyaziyyat fənni üzrə 15, azərbaycan dili fənni üzrə 15, məntiq üzrə isə 15 test sualı düşdüyü halda, əlavə araşdırmada məhz riyaziyyat fənni əsas götürülməklə namizədlərə 10 açıq sual verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş, yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli Qərarının 5.1.4 bəndinə əsasən lisey və gimnaziyalara istedadlı şagirdlərin qəbulu müsabiqə yolu ilə müəyyənləşdirilərək həyata keçirilir. Eyni zamanda, təhsil prosesinin səmərəli planlaşdırılması və tədrisin keyfiyyətinin idarə olunmasının daha effektiv həyata keçirilməsi məqsədilə qəbul meyarlarının mərhələli, sistemli və vahid şəkildə tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. Lisey və gimnaziyalara qəbul prosesi mövcud qaydalara uyğun olaraq həyata keçirilmişdir. İmtahan nəticələrinin təhlili zamanı aşkar edilən uyğunsuzluqlar əsasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavaini Fuad Qarayevin təqdimatı əsasında direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin əmrinə uyğun olaraq müvafiq komissiya yaradılmış və yalnız şübhəli nəticələr göstərən şagirdlər əlavə qiymətləndirməyə cəlb olunmuşdur. Aşkarlanmış uyğunsuzluqlar barədə məlumat ictimaiyyətə və vətəndaşlara dəfələrlə rəsmi şəkildə təqdim edilmiş, komissiyanın qərarları müvafiq qaydada elan olunmuşdur. Vətəndaşlar şagirdlərin yazı işləri ilə tanış olmuş, əlavə izahatlar onlara təqdim edilmişdir. Komissiyanın qərarına əsasən əlavə qiymətləndirmə yalnız nəticələrində ciddi uyğunsuzluq və ya şübhə doğuran şagirdlərə şamil edilmişdir. Bu, həm hüquqi baxımdan, həm də təşkilati baxımdan əsaslandırılmış addımdır. Belə ki, aparılan təhlillər nəticəsində bütün iştirakçıların təkrar qiymətləndirilməsi nəzərdə tutulmamış və məqsədəuyğun hesab edilməmişdir. Komissiyanın qərarı əsasında nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlər əlavə komissiya iclasına dəvət olunmuş və yazılı qiymətləndirmədə iştirak etmişlər. 27 iyun tarixində keçirilmiş imtahanda 45 sualdan 45-ni düzgün cavablandırmış şagird İddiaçı Rəşad oğlunun qiymətləndirmə zamanı əsas imtahanla eyni və ya oxşar məzmunlu 10 sualdan yalnız 2-nə düzgün cavab vermişdir. Komissiyanın qərarına əsasən, 10 sualdan minimum 5-ni düzgün cavablandıran şagirdlərin nəticələrinin bərpası nəzərdə tutulmuşdur. Bu barədə müvafiq məlumat qiymətləndirmə aparılmamışdan öncə vətəndaşlara çatdırılmışdır. Nəticə etibarilə, qeyd edilən şagirdin göstərdiyi 20 %-lik nəticə imtahan balının bərpa edilməsi üçün kifayət hesab edilməmişdir. Nəticələri ləğv edilən bütün şagirdlərin dəsti-xətti ilə yazılmış qiymətləndirmə vərəqlərinin surətləri müvafiq qaydada müraciət etmiş vətəndaşlara təqdim olunmuşdur. Bundan başqa, əlavə qiymətləndirməyə cəlb olunmuş şagirdlər və onların valideynləri əvvəlcədən məlumatlandırılmış, imtahanın keçirilmə məqsədi və şərtləri barədə izahat verilmişdir. İddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, əsas imtahanda şagirdlərə test üsulu ilə 45 sual və 2 saat vaxt verilsə də, təkrar qiymətləndirmədə 10 açıq sual (test variantı olmadan) və 20 dəqiqəvaxt verilmişdir. İddiaçının təkrar qiymətləndirmədə aşağı nəticə göstərməsinə səbəb bu olmuşdur. Qeyd eilənlərə əsasən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə müvafiq qiymətləndirmənin keçirilməsi və nəticələrinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan olan: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutuna 2025/2026-cı tədris ili üzrə lisey və gimnaziyaların V- Vİİİ siniflərinə şagir qəbulunu mərkəzləşdirilmiş qaydada təşkil edilən imtahan əsasında həyata keçirilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutun direktor müavini tərəfindən həmin qurumun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyevə ünvanlanmış məktubda göstərilmişdir ki, cavabdeh tərəfindən 25, 26, 27 iyun 2025-ci il tarixlərdə lisey və gimnaziyaların V, Vİ, Vİİ və Vİİİ siniflərinə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada təşkil edilmişdir. İmtahan prosesi zamanı imtahan mərkəzlərində bəzi şagirdlərin üzərində imtahanın doğru cavablarının aşkarlanması faktı qeydə alınmışdır. Həmçinin, imtahan nəticələrinin təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə yüksək nəticə göstərən şagirlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmuşdur. Bəzi iştirakçılarda hazır cavabların aşkar edilməsi və nəticələrin kəskin artımı imtahan sual kitabçalarının imtahandan əvvəl müəyyən şəxslər tərəfindən əldə olunmasına əsaslı şübhələr yaradır. Qeyd olunan halları nəzərə alaraq, qəbul prosesindəki nöqsanların hərtərəfli araşdırılması, obyektivliyin və ədalətliliyin təmin edilməsi məqsədilə xüsusi komissiyanın yaradılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun 3-29-65/3-2- 42F/1/2025 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə lisey və gimnaziyalara qəbul məqsədilə 25- 27 iyun 2025-ci il tarixlərdə təşkil edilmiş mərkəzləşdirilmiş imtahan prosesində baş vermiş nöqsanların araşdırılması məqsədilə müvafiq tərkibdə komissiyanın yaradılması əmr edilmişdir. Azərbaycan Respublikasının Təhsil İnstitutunda yaradılmış komissiyanın 02 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə 25-27 iyun 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil institutu tərəfindən keçirilmiş imtahanlarda şagirdlərin əldə etdikləri nəticələrin onların tədris ili ərzində göstərdikləri digər akademik nailiyyətlərlə müqayisə olunaraq əhatəli şəkildə təhlil edilməsi, nəticələrində ciddi uyğunsuzluq və əsaslı şübhələr aşkar edilmiş şagirdlərin 14-18 iyul 2025- ci il tarixlərində komissiya ilə görüşləri və şagirdlərin yenidən qiymətləndirməsinin təşkil edilməsi, yenidən qiymətləndirmənin keçirilməsi üçün qəbul imtahanında şagirdlərə təqdim edilmiş tapşırıqların səviyyəsinə uyğun yeni açıq tipli tapşırıqların tərtib edilməsi, ilk üç sualın qəbul imtahanında şagirdə təqdim olunan sualların məzmununa kiçik dəyişiklik edilərək eynilik təşkil etməsi, yazı işlərinin yoxlanılması zamanı yekun doğru cavabla yanaşı, mexaniki xətaların da qiymətləndirilməsi, yazı işlərinin nəticələri təhlil edilərkən ilkin nəticələri ilə kəskin fərqlənməyən şagirdlərin qəbul imtahanı nəticələrinin bərpa edilməsi və lisey seçimi prosesinə buraxılması və yazı işlərinin nəticələri ilə ilkin nəticələri arasında ciddi uyğunsuzluq yaranan şagirdlərin qəbul imtahanı nəticələrinin ləğv edilməsi və lisey seçimi prosesinə buraxılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunda yaradılmış komissiyanın 03 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Təhsil institutu tərəfindən 25-27 iyun 2025-ci il tarixlərində lisey və gimnaziyaların V, Vİ, Vİİ və Vİİİ siniflərinə mərkəzləşdirilmiş qaydada təşkil olunmuş qəbul imtahanları zamanı aşkarlanan qanunauyğunsuzluq hallarının araşdırılması, obyektivliyin təmin edilməsi məqsədilə komissiya qəbul imtahanının nəticəsini əvvəlki illərin nəticələri ilə müqayisəli təhlil etmiş, eləcədə, yüksək nəticə göstərmiş şagirdlərin digər akademik nəticələri araşdırılmışdır. Təhlil yekunlarına əsasən 361 nəfər şagirdin imtahan nəticələrində uyğunsuzluq aşkar edilmiş və komissiyaya dəvət edilmişlər. 14-18 iyul 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil institututunun Təhsil Texnologiyaları Mərkəzində komissiya təşkil edilmişdir. Komissiya görüşündə valideynlərlə söhbət aparılmış, daha sonra şagirdlər yenidən qiymətləndirməyə cəlb olunmuşdur. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilmişdir. Tapşırıqları yerinə yetirmək üçün şagirdlərə 25 dəqiqə zaman ayrılmışdır. Bütün qiymətləndirmə prosesi bitdikdən sonra şagirdlərin yazı işləri yoxlanmış və dəyərləndirmə aparılmışdır. Həmin qərarla yekunda qəbul imtahanı nəticəsi ilə təkrar yoxlama nəticələrində ciddi uyğunsuzluq qeydə alınmış şagirdlərin nəticələrinin ləğv edilməsi və onların lisey seçimi mərhələsinə buraxılmaması və qəbul imtahanının nəticəsi ilə təkrar yoxlama nəticələri kəskin fərqlənməyən şagirdlərin nəticələrinin bərpa edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş komissiyanın qərarı ilə imtahan nəticələri bərpa edilməyən və lisey seçimi mərhələsinə buraxılmayan şagirdlərin siyahısından müəyyən edilir ki, iddiaçı əsas imtahanda “tədris dili” fənnidən 15 sual üzrə doğru sayı 15, səhv sayı 0; “riyaziyyat” fənnindən 30 sual üzrə doğru sayı 30, səhv sayı 0 olmaqla, ümumilikdə 45 sual üzrə doğru sayı 45, səhv sayı 0 yazaraq 50 bal toplamışdır. İddiaçının monitorinq nəticələri “monitorinq tədris dili” üzrə 16, “monitorinq riyaziyyat” üzrə 16; işçi qrupunun nəticələri isə “əlavə imtahan balı” 2, “klon suallardan doğru say” 0 olaraq qeyd edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə göndərilmiş açıq tipli suallardan ibarət kitabçadan müəyyən edilir ki, iddiaçı təkrar qiymətləndirmə zamanı 10 sualdan yalnız 2-nə düzgün cavab vermişdir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 03 saylı qərarın ona münasibətdə ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır (İ). Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir (İİ). Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir (İİİ). Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir (İV). Dövlət minimum təhsil standartlarını müəyyən edir (V). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (6.1). Dövlət təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir (6.4). Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür (6.6). Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: dövlət; bələdiyyə; özəl (14.2.). Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir: məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri); ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər; məktəbdənkənar təhsil müəssisələri (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.); peşə təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri, peşə təhsil mərkəzləri); orta ixtisas təhsili müəssisələri (kolleclər); ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.); əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.); təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr (uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s.) (14.5). Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikasının Təhsil İnstitutunun əsas fəaliyyət istiqamətləri təhsilin nəzəri və təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması; təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən, təhsil imkanlarının genişləndirilməsi və təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması; elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı; müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması; müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması (o cümlədən, olimpiadalara hazırlıq) və tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması; milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi; təhsilin bütün pillə və səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə nəşriyyat, çap (metodik vəsait, metodik tövsiyə və s.) və maarifləndirmə (konfrans, seminar, dəyirmi masa, müzakirə, təlim kursları və s.) işlərinin aparılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın 5.1.4-cü bəndinə əsasən lisey üzrə meyarlara istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək liseyə qəbul edilməsi daxildir. “Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları”nda göstərilmişdir ki, bu sənəddə mərkəzləşdirilmiş imtahan əsasında lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsinə dair əsas prinsiplər və qaydalar müəyyən olunur (1.1). İmtahan aşağıdakı fənlər üzrə keçirilir: - Tədris dili (Azərbaycan və ya Rus dili); - Riyaziyyat (standart və qeyri-standart suallar əsasında) (2.1). Hər fənn üzrə sual sayı və ballar siniflər üzrə aşağıdakı kimidir: V siniflər üzrə tədris dili üzrə 15 sual (17.5 bal) və riyaziyyat üzrə 30 sual (32,5 bal) – cəmi 50 bal (3.2) İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 03 saylı “25-27 iyun 2025-ci il tarixlərdə lisey və gimnaziyalarda qəbulla bağlı keçirilmiş imtahanın nəticələrinin ləğv edilməsi barədə” qərarın ona aid hissədə ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfinən lisey və gimnaziyalara qəbulla bağlı şagirdlər arasında xx.xx.2025-ci il tarixdə mərkəzləşdirilmiş qaydada imtahan keçirilmiş və bir sıra şagirdlər həmin imtahanda müvəffəqiyyət qazanmışdır. İddiaçı da həmin imtahan üzrə “tədris dili” fənnidən 15 sual üzrə və “riyaziyyat” fənnindən 30 sual üzrə olmaqla, ümumilikdə 45 sual üzrə bütün sualları doğru cavablamış və yekunda 50 bal toplamışdır. Bundan sonra imtahanda iştirak edən bəzi şagirdlərdə hazır cavabların aşkar edilməsi faktı qeydə alınmış və əvvəlki illərlə müqayisədə kifayət qədər yüksək göstəricilərin olması imtahan cavablarının əvvəldən əldə edilməsi barədə əsaslı şübhələr doğurmuş və bu halların araşdırılması üçün müvafiq komissiya yaradılmışdır. Həmin komissiyanın qərarı ilə imtahanda yüksək nəticə göstərən şagirdlərin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 03 nömrəli qərarla qəbul imtahanı nəticəsi ilə təkrar yoxlama nəticələrində ciddi uyğunsuzluq qeydə alınmış şagirdlərin nəticələrinin ləğv edilməsi və onların lisey seçimi mərhələsinə buraxılmaması və qəbul imtahanının nəticəsi ilə təkrar yoxlama nəticələri kəskin fərqlənməyən şagirdlərin nəticələrinin bərpa edilməsi qərara alınmışdır. Nəticələri ləğv edilən şagirdlərdən olan iddiaçının yenidən qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçı təkrar qiymətləndirmə zamanı 10 sualdan yalnız 2-nə düzgün cavab vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra – İPM) göstərilmişdir ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (73.1). İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (73.2.). Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (73.3.3). Qanunvericiliyin tələblərindən də göründüyü kimi qiymətləndirmə azadlığı inzibati orqanın səlahiyyətlərində daxildir və məhkəmə müstəqil şəkildə inzibati orqanın bu səlahiyyətini əvəz edə bilməz. Məhkəmə yalnız həmin səlahiyyətin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 03 saylı qərar qanunvericiliklə inzibati orqana verilmiş səlahiyyətlərə uyğun olaraq şagirdlərin lisey və gimnaziyalara qəbul prosesinin şəffaflığının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Belə ki, keçirilmiş imtahanlar zamanı bəzi şagirdlərin üzərindən imtahan suallarının hazır cavablarının aşkar edilməsi və şagirdlərin imtahanlarda həddindən artıq yüksək nəticələr göstərməsi nəticələri şübhə doğuran bəzi şagirdlərin cavabdeh tərəfindən təkrar imtahana cəlb edilməsinə səbəb olmuşdur. Həmin şagirdlərdən biri də iddiaçı olmuşdur. Təkrar imtahan zamanı şagirdlərə 10 sual təqdim edilmiş, 5 suala düzgün cavab verən şagirdlərin əvvəlki imtahan nəticələrinin bərpa edilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş siyahılardan görünür ki, şagirdlərin bəziləri 5 sual və daha artıq suala düzgün cavab vermiş və onların nəticələri bərpa edilmişdir. Təkrar imtahana cəlb edilən şagirdlərin bir çoxu isə 5-dən az suala düzgün cavab vermişdir. İddiaçı ilkin imtahanlar zamanı təqdim edilmiş 45 sualın hamısına düzgün cavab verməsinə baxmayaraq təkrar imtahan zamanı təqdim edilmiş 10 sualdan yalnız ikisinə düzgün cavab vermişdir. Nəticədə iddiaçının imtahan nəticələri ləğv edilmişdir. Məhkəmə hesab edir ki, ilkin imtahanda 45 sualın hamısına düzgün cavab verən iddiaçının təkrar imtahanda yalnız 2 suala düzgün cavab verməsi onun ilkin imtahanda göstərdiyi nəticənin şübhə altına alınması üçün əsasdır. Belə ki, iddiaçının ilkin imtahanda bütün suallara düzgün cavab verməsi onun təhsil səviyyəsinin yüksək olmasına dəlalət edir ki, təkrar imtahanda yalnız 2 suala düzgün cavab verməsi bu halın reallığına şübhə doğurur. İPM-də göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Göründüyü kimi cavabdeh diskresion səlahiyyətlərinin hədlərinə düzgün riayət etmiş, iddiaçının hüquqlarını pozmamış, onunla digər şagirdlər arasında hər hansı ayrıseçkiliyə yol verməmiş, inzibati icraatın əsas prinsiplərindən biri olan bərabərlik prinsipinə riayət etmişdir. İddiaçı isə inzibati aktın qanunsuzluğunu, onun hüquq və mənafelərini pozduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin inzibati aktın ləğvi üçün hər hansı əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 03 saylı “25-27 iyun 2025-ci il tarixlərdə lisey və gimnaziyalarda qəbulla bağlı keçirilmiş imtahanın nəticələrinin ləğv edilməsi barədə” qərarın ona aid hissədə ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-14707/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14707/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver