Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1471/2022 28.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə tabe olan 1 nömrəli Poliklinika) qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əlilliyin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixdə döyüş bölgəsində aldığı yaralanma nəticəsində ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar daimi müalicə almışdır. Bundan sonra cavabdehə müraciət etmiş, lakin cavabdeh əlavə müalicəyə ehtiyacı olma əsası ilə müraciətimin təminindən imtina etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçıya əlavə müalicəyə ehtiyacın olması, şəxsdə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə ixtisaslaşmış müalicə kursu yetərli olmama, ixtisaslaşmış stasionar şəraitdə müayinə və müalicə olunmaya ehtiyacın olması əsası ilə əlilliyin təyini həyata keçirilməmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbinin dəqiqləşdirilərək əlilliyin bərpa edilməsi öhdəliyinin əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə tabe olan 1 nömrəli Poliklinikanın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tərəflər arasında yaranmış inzibati məhkəmə mübahisənin mahiyyətindən görünür ki, şəxsə əlilliyin bərpasından imtina iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasının müəyyən edilməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıda mövcud xəstəliklər həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən şəxsə əlilliyin təyin olunmasına əsas verən xəstəliklərin əhatə dairəsinə düşür. Lakin ekspert rəyində, o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stationar müalicədə olması ilə bağlı tələblər nəzərə alınmadığından tərtib edilmiş göndəriş əsasında əlillik dərəcəsi təyin edilməmişdir. Məhkəmə, ilkin olaraq həmin müddəanın hazırkı iş üzrə tətbiqi ilə bağlı cavabdehin və ekspertlərin qeyd olunan hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxsin əlilliklə bağlı ilkin müraciət edən şəxs olmasına münasibətdə gəldikləri qənaət düzgün deyil. Belə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçı 2008-ci il tarixdən əlilliyi olan şəxs hesab edilmişdir ki, bununla bağlı məhkəmə araşdırması zamanı əsllərinə baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş və cavabdehin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmiş arayışdan görünür ki, iddiaçıya hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı İİ qrup əlillik təyin edilmiş, növbəti müayinə vaxtı xx.xx.2009-cu il tarix olaraq göstərilmişdir. Müayinə aktından da görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdə müayinənin nəticəsində həmin qərar qəbul edilmişdir. Bundan əlavə əslinə baxış keçirilmiş 070253 nömrəli iş materiallarında surəti olan Suraxanı ƏƏSMN tərəfindən təsdiq edilmiş vəsiqədən də görünür ki ona ikinci qrup əlillik təyin edilmişdir. Hər nə qədər cavabdehə məxsus elektron informasiya sistemindən iddiaçının əlilliyi ilə bağlı göstərilən sənədlər aşkar edilməsə də, məhkəmə hesab edir ki, həmin hal iddiaçının əvvəllər əlilliyin olmaması kimi qiymətləndirilə bilməz, iddiaçı barəsində məlumatların tam qaydada informasiya sisteminə yerləşdirilməməsi onun ziyanına şərh edilə bilməz. Göründüyü kimi iddiaçının əlilliyin iddia ərizəsində qeyd edildiyi kimi 2008-ci il tarixdən olması və hazırkı əlilliklə bağlı müraciətinin ilkin müraciət olmaması, ekspert rəyində adıçəkilən müddəanın hazırkı iş üzrə tətbiqini istisna edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qanunvericiliyin qeyd olunan müddəalarının təhlili onu göstərir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı həmin müddət ərzində müalicə olunmadığından ona əlilliyin təyini mümkün deyil. Lakin, məhkəmə hesab edir ki, 1.5.3-cü yarımbəndin tələbi cavabdehin mövqeyinin əsassız olmasının əsasıdır. Belə ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, maddənin tələbinə əsasən bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ekspert rəyi ilə də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir. Göründüyü kimi cavabdehin istinad etdiyi müddəa ilkin əlillik statusunda olmayan,əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olma ilə bağlı şərtin tətbiqini istisna edir. Bu zaman təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, ekspert rəyində də, həmçinin göndərişdə də iddiaçıya əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Göründüyü kimi ekspertin və cavabdehin göndərişdə müvafiq müddəanın nəzərə alınmaması ilə bağlı mövqeyi ekspertin xəstəliyin olub-olmaması ilə bağlı tibbi mövqeyi ilə təkzib edilmişdir. Məhkəmə, əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əlilliyin təyini ilə bağlı ilkin müraciətçi olsa belə iddiaçının əlavə müalicəyə ehtiyacının olması ilə bağlı qeyd olunanların nəzərə alınmasından söhbət belə gedə bilməz. Belə ki, istər göndərişdə qeyd olunanlar, istər iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər, istərsə də əslinə baxış keçirilmiş surətləri iş materiallarına əlavə edilmiş iddiaçının qeydiyyatda olduğu poliknikadan əldə etdiyi tibbi kartoçkadan müəyyən edilir ki, iddiaçı əlilliyə səbəb olan xəstəliyi ilə bağlı müntəzəm müalicə alır. C.Abdullayev adına X1 rəyində qeyd olnanlar iddiaçının sağlamlıq vəziyyətinin əlilliyə münasibətdə vəziyyətini aydın göstərmişdir.Həmin rəydən də göründüyü kimi müalicəsi davam edən iddiaçının vəziyyəti ağır olaraq qalmaqdadır. Göründüyü kimi iddiaçıya əlilliyin təyin edilməməsi formal əsaslarla bağlıdır. Bu zaman iddiaçının 12 yanvar 2021-ci il tarixli adıçəkilən İnstitutun arayışı, göndərişdə əksini tapan ambulator müalicə ilə bağlı müraciətləri və stasionar aldığı müalicə, sağlamlıq vəziyyəti barədə məlumatlar nəzərə alınmamıışdır. Eyni zamanda, məhkəmənin inzibati araşdırması nəticəsində əldə edərək tətqiq edə bildiyi poliknikanın iddiaçı barəsində tibbi sənədləri inzibati icraat qaydasında tətqiq edilməmiş, iddiaçının sağlamlıq vəziyyəti nəzərə alınmadan müraciətin təminindən imtina edilmişdir. Məhkəmə iddianın maddi hüquqi əsası kimi aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1471/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1471/2022
28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver