Məhkəmə qərarları › İş №2-1(112)-1471/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1471/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1471/2023 24.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin təqdim edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi ilə arasında bağlanmış 27 sentyabr 2002-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 və İstismarı Birliyi ilə arasında bağlanmış 27 sentyabr 2002-ci il tarixli icarə müqaviləsinə əsasən Birlik Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsini İddiaçı icarəyə vermişdir. Həmin icarə müqaviləsində bağ sahəsinin nömrəsi səhvən “3732” kimi qeyd edilmişdir. Belə ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 9/512 saylı xx.xx.1988-ci il tarixli qərarı nə 18 saylı BTK nəzdində 3732 saylı bağ sahəsinin (0.12 ha) ayrılmasına dair X4 adına verilmiş xx.xx.1988-ci il tarixli b/s saylı order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ünvan 2 ünvanında yerləşən 0.1167 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni onun icarə müqaviləsi bağlanmazdan əvvəl X10 ilə bağlanan icarə müqaviləsində ona icarəyə verilən bağ sahəsinin nömrəsi “3732” kimi qeyd edilmişdir. Buna baxmayaraq onunla bağlanan icarə müqaviləsində də, ona verilən bağ sahəsinin nömrəsi “3732” kimi qeyd edilmişdir. Bağ sahələrinin nömrələri eyni olsa da, lakin faktiki olaraq Bağlar İdarəsi tərəfindən göstərilən torpaq sahəsi, digər torpaq sahəsindən fərqlənir. Bağların yerləşmə yerləri ayrı-ayrıdır. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, aldığı cavab məktubunda bağın digər bir bağ sahəsinin ərazisi olduğu və başqa şəxsin adına özəlləşdirildiyi qeyd edilmişdir. Qeyd edilən səbəblərdən ərizəsi təmin edilməmişdir. Bildirir ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin nömrəsi digər bir bağ sahəsinin nömrəsi ilə eyni olsa da, lakin faktiki olaraq sahələr fərqlidir. Onu da, məhkəmənin nəzərinə çatdırır ki, X6 bağ sahəsini verən BTK 18 saylıdır. Onunla icarə müqaviləsi bağlayan BTK isə F.Xan Xoyski küçəsi 110 saylı ünvanda yerləşir və nömrəsi də, fərqlidir. Belə olan halda məlum olur ki, ona bağ sahəsini verən BTK - lar fərqli BTK-lardır. Bu yalnışlığın baş verməsində isə onun heç bir səhvi yoxdur. Onunla icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən də, hal-hazırda istifadəsində olan bağ sahəsi ona təhvil verilmişdir. Belə olan halda o, hesab edir ki, faktiki olaraq ona icarəyə verilmiş və istifadəsində olan torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və ona çıxarış verilməlidir. Hesab edir ki, X7 Birliyi ilə onun arasında bağlanmış 27 sentyabr 2002-ci tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0,12 hektar ölçüdə torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulmalıdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə digər bağ sahəsini ərazisidir. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 3732 saylı bağ sahəsinin xx.xx.2008-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda X5 xüsusi mülkiyyətindədir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli **********32 saylı cavab məktubu ünvanlanmışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli **********32 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən sahə digər bağ sahəsinin ərazisidir, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “3732” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, qeyd edilən bağ sahəsinə dair Bakı Apellyaisya Məhkəməsinin 2(103)-12061/2021 saylı bildirişi mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.

8. “3732 saylı bağın icarəyə verilməsi haqqında” 31125 nömrəli 27 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən Ləhiş qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi iddiaçının istifadəsinə ayrılmışdır.

9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubla İddiaçı adına Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən3732 (0.12 ha) saylı bağ sahəsinə dair sənədlərin, həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 18 saylı BTK-nın 3732 saylı bağ ahəsinin ilkin qeydiyyata alınmasına və özgəninkiləşdirilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya bağ sahəsinin ayrılmasına dair müqavilə İdarənin arxivində mövcuddur, bundan əlavə cavabdehin imtina məktubunda və etirazında istinad edilən eyni nömrəli 3732 saylı bağ sahəsinin digər fiziki şəxs X6 18 saylı BTK tərəfindən 10 oktyabr 1988-ci il tarixli order əsasında ayrıldığı müəyyən edilmişdir.

10. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən göstərilən sahə digər bağın ərazisidir, 3732 saylı bağ sahəsi öz ərazisində digər şəxsin adına qeydiyyatdan keçmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və X12 ərazisindəki 3732 nömrəli bağın istifadəyə verilməsi haqqında 31125 saylı 27 sentyabr 2002-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.

19. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə, mübahisələndirilməmişdir.

20. Məhkəmə araşdırması zamanı da, məhkəmə tərəfindən sözügedən müqavilənin arxiv nüsxəsinin əldə olunması məqsədilə cavabdehə sorğu göndərilmiş və müqavilənin arxiv nüsxəsinin surəti məhkəməyə təqdim edilmişdir.

21. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

22. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsinin digər bağın ərazisi olmasına, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “3732” saylı bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına istinad edilmişdir.

23. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus bağ sahəsi ilə digər fiziki şəxsin mülkiyyətində olan “3732” saylı bağ sahəsi ilə üst-üstə düşməsi halı mövcud deyildir. Digər tərəfdən həmin fiziki şəxsin mülkiyyətində olan “3732” saylı bağ sahəsi həmin şəxsə 1988-ci il tarixli order əsasında 18 BTK tərəfindən ayrılmış, iddiaçıya isə hazırki mübahisənin predmeti olan bağ sahəsi 27 sentyabr 2002-ci il tarixli müqavilə əsasında ayrılmışdır. Həmin bağlar coğrafi cəhətdən başqa-başqa yerlərdə yerləşir. Bundan əlavə, İddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı bir şəxsin sərəncamında, icarəsində, istifadəsində olması məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, belə bir halın olması ilə bağlı cavabdeh tərəfindən aparılmış inzibati icraat çərçivəsində və məhkəməyə təqdim edilmiş etirazda hər hansı bir mülahizə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bağ sahəsinin nömrəsində yanlışlıq olduğu təqdirdə belə, bağ sahəsinin nömrəsindəki səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. İddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin nömrəsinin uyğun olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilməsində haqlı sayıla bilməz.

24. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

26. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi ilə arasında bağlanmış 27 sentyabr 2002-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 3732 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının (nömrə uyğunsuzluğunun aradan qaldırılmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar