Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14711/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1963-cü il təvəllüdlü oğlu X4 doğum haqqında şəhadətnaməsində qanunsuz dəyişiklik olunaraq oğlunun ana adı əsassız olaraq dəyişdirilmiş və doğum haqqında şəhadətnamədə oğlunun anası olaraq doğma X2nın adı qeyd edilmişdir. Oğlunun qəyyumluğa verilməsi və ya doğum şəhadətnaməsində hər hansı dəyişikliyin olunması barədə nə iddiaçının məlumatı olmuş, nə də hər hansı dövlət orqanında bununla bağlı sənəd aşkar olunmamışdır. Görünür ki, hansısa maraqlardan irəli gələrək, onun razılığı alınmadan övladı öz doğma bibisinin övladlığına keçmişdir. Bu tamamilə qanunsuz və əsassız olmuşdur. Hesab edir ki, övladının bunu etməsinə səbəb mərhum bacısının övladının olmaması və onun əmlaklarına vərəsə olması üçün nəzərdə tutulmuşdur. X2 tənha və xəstə olduğu üçün qızı bacısı vəfat etdiyi günədək onunla birgə yaşamışdır. Ona hər cür maddi və mənəvi kömək olmuş, zəruri ehtiyaclarını təmin etmişdir. Bacısı ona göstərdiyi qayğısını qiymətləndirərək mülkiyyətində olan mənzilini ona və qızına vəsiyyət etdiyini dəfələrlə qohumlar və qonşularla söhbətdə bildirmişdir. Mərhum bacısından adına vəsiyyətnamə tərtib olunmasını barədə danışıqlarında isə, o, Oqtay Məmmədovdan ehtiyyatlandığını və buna görə də vəsiyyətnamə verməkdən qorxduğunu bildirmişdir. O, Oqtay Məmmədov tərəfindən hədələndiyini deyirdi. Oğlu ona qarşı düşmən mövqeyi tutur və heç bir şəkildə onlarla əlaqəyə girmir, danışığa gəlmir. X2 vəfat etdikdən bu günədək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil onların istifadəsində və faktiki sahibliklərində olmuşdur. Oğlu Oqtay iddiaçının rayonda olmağından sui-istifadə edərək, istifadəsində olan ünvan 1 ünvanına xəbərsiz yerləşmiş və evə dair adına əsassız və qanunsuz çıxarış əldə etmişdir. Belə olduğu halda onun hüquqları pozulmuş olur. Mərhum bacısı ona göstərdiyi qayğını qiymətləndirərək mülkiyyətində olan mənzilini iddiaçıya vəsiyyət etdiyini dəfələrlə qohumlar və qonşularla söhbətdə bildirmişdir. Bu barədə onun video yazısı da vardır. Oğlu mərhum bacısının yas mərasimində iştirak etmək istəməmiş, yasın bütün xərcləri anası, iddiaçı və əmiləri tərəfindən qarşılanmışdır. Belə olduğu halda o, ləyaqətsiz vərəsə hesab olunur. Hesab edir ki, mənzilə dair onun adına verilmiş çıxarış tam qanunsuz və əsassızdır və çıxarışın ləğv olunması zəruridir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edərək, oğlunun adına verilmiş qanunsuz çıxarışın ləğv olunmasını xahiş etsə də cavabdeh məhkəmə qərarı olmadan bunun mümkün olmayacağı barədə imtina etmişdir. Hesab edir ki, mübahisənin həlli yalnız məhkəmə qaydasında mümkündür. Cavabdehlər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. Bundan əlavə olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iddia üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinin də araşdırılması zərurəti yaranmışdır. Belə ki, o, mübahisəli mənzilə münasibətdə hər hansı hüquqmüəyyənedici və ya hüquqlarını təsdiq edən sənədə malik deyildir. Tələbini isə mübahisəli mənzilin keçmiş mərhum mülkiyyətçisi X1 zamanı həmin mənzili ona vəsiyyət etməsi ilə əsaslandırmaqdadır. Bununla belə iddiaçı L.Məmmədovanın vərəsəsi olmasını təsdiq edən hər hansı sənədə, vərəsəlik haqqında şəhadətnaməyə malik deyildir, mirası faktiki olaraq qəbul etməmişdir. Digər tərəfdən hazırkı iddia ərizəsi ilə O.Məmmədovun övladlığıa götürülməsi ilə bağlı məsələ mübahisələndirilir ki, həmin məsələyə hüquqi qiymət verilməsi inzibati məhkəmə araşdırmasının predmeti deyildir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Lakin iddia ərizəsinə əlavə etdiyi sənədlərin ilkin araşdırılması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil 17 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına qeydiyyata alınmışdır. O cümlədən, hazırki iş üzrə iddiaçı vərəsəlik üzrə hüququnu təsdiq edən və mirası faktiki qəbul etməsinə dair sənədə malik olmadığından ona mənzilə dair çıxarışın ləğv edilməsini tələb etmək kimi subyektiv hüquq tanınmamaqdadır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2-1(112)-14711/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14711/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver