Məhkəmə qərarları › İş №2-1(112)-14717/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14717/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14717/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X7, X8 və X9 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı, (üçüncü şəxslər X7, X8 və X9) qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Seriya MH, ******* № il, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi ********* olan çıxarışına əsasən ünvan 1al rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, 13 saylı mənzil ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* №-li arayışına əsasən X7, X8 və X9 (bundan sonra - üçüncü şəxslər) həmin mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı Yasamal rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək üçüncü şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətni xx.xx.2024-cü il tarixli məktubla təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X7, X8 və X3 ünvan 1al rayonu, Ə.Əhmədov küçəsi, ev 36, mənzil 13 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus mənzildə tanımadığı, əlaqəsi olmadığı üçüncü şəxslər qeydiyyatdadırlar. Həmin şəxslərin ona məxsus mənzilə heç bir aidiyyəti yoxdur, mülkiyyətində olan mənzilə necə qeydiyyata düşmələri barədə məlumatı yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (-) Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına görə, ünvan 1al rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, 13 saylı mənzil ünvanı xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Üçüncü şəxslər həmin ünvanda pasport qeydiyyatındadırlar. İddiaçının hazırkı iddianı qaldırmaq hüquqi marağı üçüncü şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarmağa nail olmaqdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən ünvan ilə iki mənzil qeydiyyata alınmışdır: 1.Ümumi sahəsi 69.44 kv.m olan 2 otaqlı mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 2.Ümumi sahəsi 29.32 kv.m olan 1 otaqlı mənzil iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 19 saylı MKİS-in təqdim etdiyi xx.xx.2024-cü il tarixli, №215 saylı arayışından görünür ki, X7 həqiqətən də ünvan 1al rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, 13 saylı mənzildə qeydiyyatdadır və ailə üzvləri ilə yaşayır. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının sahiblik və istifadəsində olan mənzildə deyil, X6 məxsus, eyni ünvan lakin faktiki olaraq ayrı mənzillərdə yaşayırlar və yaşadıqları mənzilin ünvanı üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının istifadəsində olan mənzildə deyil, eyni ünvan rekvizitlərinə malik olan ayrı mənzildə yaşayırlar. Üçüncü şəxslər öz mənzilinin faktiki sahibi olduqları və faktiki olaraq yaşadıqları halda, onlar mənzilin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Həmin mənzil onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlakdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı göstərilən ünvanda yerləşən mənzilə dair sahiblik və istifadə hüququna, başqa sözlə ilkin hüquqmüəyyənedici sənədlərə malik olsa da, üçüncü şəxslər həmin ünvanda yerləşən və mülkiyyət hüququ dövlət reyestrində daşınmaz əmlakın mülkiyyətçisi və onun ailə üzvləridir. Baxılan işlə əlaqədar oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-266/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2- 1(102)-1700/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarlarında da qeyd edilmişdir. 2-1(102)-1700/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni ünvan göstəricisinə malik X1 adına xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi, eləcə də X5 aid dövlət reyestrində qeydiyyata alınmamış əmlakın olması iddiaçının eyni ünvan, lakin müxtəlif evlərdə yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququnu istisna edir”. 2-1(102)-266/2024 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edtmişdir ki, “...iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Belə olan halda, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar