Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1472/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 27 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla əlillik səbəbinin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi və 2-ci qrup Azərbaycan Respublikasının ərai bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.10.2020-ci il tarixli qərardadı ilə 27 nömrəli Şəhər Poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ikinci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş ikinci qrup əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Hərbi tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixində Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. X4, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 04.04.2003-cü ildən 2-ci qrup ümumi xəstəliklə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. 04.01.2019-cü ildən 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar 5 illik əlildir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı 19.09.2018-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona yalnış olaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qərarı verilmiş və bu qərara əsasən Agentlik ona 5 il müddətinə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin etmişdir. Sonradan yenidən bu barədə o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, köhnə qərar dəyişdirilərək hərbi xidmətdə olarkən aldığı xəstəliklərlə bağlı 07.12.2019-cu il tarixdə yeni “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 05.08.2020-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) onun əliliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi barədə elektron qaydada Agentliyə göndərilmişdir. Eyni zamanda Agentliyə 10.06.2020-ci ildə ərizə ilə müraciət etmişdir. Agentlik 18.08.2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün səhiyyə müəssisəsinin göndərişinə (88 nömrəli forma) əsasən elektron qaydada olduğu üçün dəyişiklik etmək mümkün deyildir, yenidən qiymətləndirilməsi məqsədi ilə onun iştirakı olmadan qiymətləndirilməlidir. Onun əlilliyi səbəb əlaqəsinin dəyişdirilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, 2019-cu ildə qiymətləndirilmişdir və 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlildir. Agentliyin ona yazdığı cavab məktubu tam əsassızdır, bu səbəbdən də Agentlik tərəfindən onun əlilliyi səbəb əlaqəsi dəyişdirilməlidir. Lakin Agentlik qanunsuz olaraq onun əlilliyinin səbəb əlaqəsini dəyişməkdən imtina edir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələblər qanunsuz və əsassızdır. Belə ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Həmin “Qayda”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, bu-baradə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı şəhər 27 nömrəli Şəhər Poliklinikasının 0098003AABX8 saylı göndərişi 30.12.2019-cu il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən, son bir ildə xəstəliyin ağırlaşmasını təsdiq edən stasionar müalicə qeyd edilmədiyindən iddiaçının əlillik vəziyyətini qiymətləndirmək mümkün olmamış və natamam doldurulduğundan göndərişdə müvafiq qeyd aparılmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. Bakı şəhər 27 nömrəli Şəhər Poliklinikasının 0098003AAB1N saylı göndərişi 14.08.2020-ci il tarixdə şəxsin iştirakı olmadan təhlil olunarkən əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticəsi və həkim mütəxəsislərin rəyi ətraflı qeyd olunmadığından iddiaçının əlillik vəziyyətini qiymətləndirmək mümkün olmamış və natamam doldurulduğundan göndərişdə müvafiq qeyd aparılmaqla bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komisiyaya məlum olmur. Əsasnamənin 4.2-ci bəndinə görə göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Əsasnamənin 4.7-ci bəndinə görə isə səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş natamam olduğu üçün əlilliyin qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün deyil. Hazırkı işdə vətəndaşın əlilliyin müəyyən olunması prosesi tamamlanmamış, göndəriş tibb müəssisəsinin qeyri-peşəkarlığı və ya səhlənkarlığı nəticəsində dəfələrlə natamam doldurulmuş, vətəndaşın hüquqları Agentlik tərəfindən deyil tibb müəssisəsi tərəfindən pozulmuşdur. Beləliklə də İddiaçı əlilliyin təyini istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Yuxarıda sadalanan səbəblərdən İddiaçı barəsində əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkün sayılmamalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada məlumatlandırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Binəqədi rayon ƏSMM tərəfindən verilmiş 03.04.2001-ci il tarixli, 212391 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci qrup əlildir. - 02.05.2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin surətindən görünür ki, İddiaçı 04.01.2019-cu ildən 04.01.2024-cü ilə qədər “Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Hər iki aşağı ətrafın funksiyasının pozğunluğu. Revmatik poliosteoartroz. İİ-İİİ dərəcə. Oynaqların zədələnməsi. Kəskin asteno-nevrotik sindrom. Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə stabil gərginlik stenokardiyası llf.s Hipertoniya xəstəliyi İİİ mərhələ diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3944/2019 saylı, 21.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, həmin qərar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı aldığı xəsarətin növünün “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.09.2018-ci il tarixli, 1368 saylı qərarında İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehə həvalə edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, 07.12.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən aldığı və 19.10.1993-cü ildən 11.11.1993-cü ilə kimi Bakı şəhəri X5 institutunda müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Diz oynaqlarının zədələnməsi üstünlüyü ilə deformasiyaedıci poliosteoartroz l-ll dərəcə. Beyinin qanla natamam qidalanmasının başlanğıc əlamətləri. Vegetativ damar distoniyası, kəskin asteno-depressiv sindromla” və 22.11.1993-cü ildən 30.12.1993-cü ilə kimi Bakı şəhəri 5 nömrəli kliniki xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Boyun fəqərələrinin osteoxondrozu ağrı sindiromu ilə. Vertebro-bazal çatmamazlığı. Revmatik poliosteoatroz, diz oynaqlarının zədələnməsi üstünlüyü ilə. Vegetativ damar distoniyası” (Bakı şəhəri Binəqədi rayon idarəsinin 14.06.2018-ci il tarixli, 399 nömrəli göndərişi, 14.06.2018-ci il tarixli, 270 nömrəli arayışı, Bakı şəhəri X5 İnstitutundan verilmiş 11.11.1993-cü il tarixli çıxarış epikrizi, Bakı şəhəri 5 nömrəli kliniki xəstəxanasından verilmiş 30.12.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2019-cu iul tarixli, 2-1(81)-3944/2019 nömrəli qərarı, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. MN MHHK-nın 19.09.2018-ci il tarixli, 1368 nömrəli qərarı ləğv edilir. Əsas: 1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)-3944/2019 nömrəli qərarı.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nın 852 nömrəli, 07.12.2019-cu il tarixli protokolu. - 27 nömrəli şəhər poliklinikası tərəfindən Agentliyə ünvanlanmış 18.01.2020-ci il tarixli, 0098003AABX8 №-li, 05.08.2020-ci il tarixli, 0098003AAB1N №-li TQS № Forma 088 tibbi arayışlardan görünür ki, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti - status localis: göz yarıqları D<A. Bəbəklər D=S. Göz almalarıın hərəkəti tam həcmdədir. B/d büküşü asimmetrikdir. Dil orta xətt üzrədir. Udma aktı saxlanılıb. Paravertebral nöqtələr bütün onurğa sütunu boyu, ağrılıdır, əsasən boyun nahiyyəsində. Palpasiyada oynaqları ağrılıdır, hərəkət zamanı ağrılar kəskinləşir. Xəstə İİ qrup müddətsiz əlildir. Əlilliyin səbəbini dəyişmək üçün TSEK-na göndərilir. HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. ƏSAS: 1. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.10.2019-cu il tarixli, 2-1(81)- 3944/2019 nömrəli qərarı. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nın 852 nömrəli, 07.12.2019-cu il tarixli protokolu. TSEK-ə göndəriş zamanı əsas diaqnoz: G45.0 Vertebrobaziyar arterial sistem sindromu. Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu. Ağırlaşma: G81 Hemiplegiya Hər iki aşağı ətrafın funksiyasınn pozğunluğu. Yanaşı xəstəliklər: M42 Onurğanın osteoxondrozu Yayılmış boyun, döş və bel-oma fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindromu ilə. İ25 Ürəyin xroniki işemik xəstəliyi Stabil gərginlik stenokardiyası İİ f.s. M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyasl Boyun fəqərələrinin osteoxondrozu. Kəskin ağrı sindiromu ilə. F48.0 Nevrasteniya Kəskin astenonevrotik sindrom. M15 Poliartroz Revmatik poliosteoartroz. İİ-İİİ dərəcə. Oynaqların zədələnməsi. TSEK-ə göndərilməsi üçün əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. - 12.02.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, 0098003AABX8 №-li Forma 088 tibbi arayışına görə imtina edilib. İmtinanın səbəbləri: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Son bir ildə xəstəliyin ağırlaşmasını təsdiq edən stasionar müalicə qeyd edilməyib. - 07.10.2020-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, 0098003AAB1N №-li Forma 088 tibbi arayışına görə imtina edilib. İmtinanın səbəbləri: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticəsi və həkim mütəxəssislərin rəyi ətraflı qeyd olunmayıb. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 10.06.2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 07.12.2019-cu il tarixli, 964 nömrəli qərarına əsasən əlilliyinin 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar səbəb əlaqəsinin dəyişdirilməsinə, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq təyin edilməsinə kömək edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 №-li, 18.08.2020-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Nəzərinə çatdırılır ki, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti səhiyyə müəssisənin göndərişinə (88 №-li forma) əsasən 30.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəli ilə imtina qərarı verilmişdir. O səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı, hərbi xidmətdə aldığı travmaların əlilliyin təyininə əsas verəcək ağırlaşmaları aşkar edildiyi halda səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirdiyi halda Nazirlər Kabinetinin 11.11.2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar verilməlidir. - Məhkəmənin 28 aprel 2021-ci il tarixli, 2-1(112)-1472/2021 nömrəli qərardadı ilə İddiaçı əlilliyinin səbəbinin dəyişdirilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********7 №-li, 21.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının 0098003AABS9 göndərişi əsasında 04.01.2019-cu ildə qiymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar səbəbdən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı qərarı verilmişdir. İddiaçı sonrakı dövrdə 30.12.2019-cu il və 14.08.2020-ci illərdə Bakı 27 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş göndərışlərlə səbəbdəyişmə üçün müraciət etmiş, göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan İddiaçı 21.06.2021-ci ildə Agentlikdə müvafiq komissiya tərəfindən əyani müayinə edilərək tibbi-ekspert sənədləri araşdırılmış və 04.01.2019-cu ildən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********0 №-li, 27.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Bakı 27 nömrəli Şəhər Poliklinikasının 0098003AAB1N nömrəli göndərişi əsasında 14.08.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Əlillik səbəblərinin dəyişdirilməsi ilə bağlı 21.06.2021-ci il tarixdə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 07.12.2019-cu il tarixli, 964 nömrəli Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə “Boyun fəqərələrinin osteoxondrozu ağrı sindromu ilə. Vertebrobazal çatmamazlığı. Revmatik poliosteoartroz, diz oynaqlarının zədələnməsi üstünlüyü ilə. Vegetativ damar distoniyası" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Vertebrobazilyar arterial sistem sindromu, ertebrobazilyar arterial sistem sindromu, Vertebro bazilyar hövzədə beyin qan dövranı pozğunluğu.” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnəmə”yə müvafiq olaraq Hərbi Xidmət dövrü ilə əlaqədar əlillik səbəbindən 5 (beş) il müddətinə İİ (ikinci) dərəcə əlilliyinin qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd etmək istəyirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1472/2021 nömrəli qərardadının icrası məqsədi ilə İddiaçı qeydiyyat ünvanına 14.07.2021-ci il tarixli, **********2 nömrəli çağırış məktubu göndərilmişdir. Lakin vətəndaş cari tarixə kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinə olunmaq üçün müraciət etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə 04.01.2019-cu il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillk təyin edilən zaman əlillik səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3944/2019 saylı, 21.10.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 19.09.2018-ci il tarixli, 1368 saylı qərarında İddiaçı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd olunan qərar icra olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, 07.12.2019-cu il tarixli qərarı ilə İddiaçı hərbi xidmət keçərkən aldığı, müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “Diz oynaqlarının zədələnməsi üstünlüyü ilə deformasiyaedici poliosteoartroz l-ll dərəcə. Beyinin qanla natamam qidalanmasının başlanğıc əlamətləri. Vegetativ damar distoniyası, kəskin asteno-depressiv sindromla” və “Boyun fəqərələrinin osteoxondrozu ağrı sindiromu ilə. Vertebro-bazal çatmamazlığı. Revmatik poliosteoatroz, diz oynaqlarının zədələnməsi üstünlüyü ilə. Vegetativ damar distoniyası” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd olunmuşdur. İddiaçının əlilliyinin səbəbini dəyişmək üçün üçüncü şəxs tərəfindən Forma 88 göndərişləri cavabdehə göndərilsə də cavabdeh göndərişlərin natamam doldurulmasını əsas gətirərək imtina etmişdir. İddiaçı özünün cavabdeh inzibati orqana əliliyinin səbəbinin dəyişdirilməsi barədə müraciəti isə cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda qərar verilməsi əsas gətirilərək imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin a) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 3.1-ci bəndinə əsasən əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ümumi səbəblərdən: ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AESdə qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar; hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar; xüsusi səbəblərdən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” müəyyən edilmişdir. İddiaçının ikinci dərəcəli əlil olması məhkəmə icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmışdır. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir. İddiaçının əlilliyinin səbəbi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 964 №-li, 07.12.2019-cu il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə ikinci dərəcəli əlilllk təyin edilsə də əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya təyin edilmiş ikinci qrup əlilliyinin səbəbi dəyişdirilərək “Hərbi tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı təyin edilmiş ikinci qrup əlilliyinin səbəbi dəyişdirilərək “Hərbi tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi yazılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova