Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1472/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 15.06.2008-ci il tarixdən 57 (əlli yeddi) yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya dayandırıldıqdan sonra indiyədək ödənilməmiş pensiya qalığının tam ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunnması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibatı Məhkəməsinin 14.11.2014-cü il tarixli 2-1(82)3639/2014 saylı qərarına əsasən, ona 15.06.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdir. Qərar qanuni qüvvəsin almış və icra edilməsi uçun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə göndərilmişdir. Qəbul edilmiş məhkəmə qərarı əsasında ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası təyin edilmiş və 7 (yeddi) il ərzində dayandırlmadan müvafiq pensiya ödənişləri edilməyə başlanmışdır. Lakin bir müddət sonra pensiya ödənişləri dayandırılmışdır. Səbəbi isə bu cür izah edilmişdir ki, ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiya təyinatı aparılarkən nəzərə alınmış xüsusatlar pensiya təminatı sahəsində müvafiq qanunvericiliyin şərtləri daxilində araşdırılmış, aşkar edilmiş hallar uzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalları olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara huquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Ona təyin edilən pensiyanın dayandırılması ehtimallara deyil faktlara əsaslanmalıdır. Ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarı əsasında təyin edilmişdir. Əlavə olaraq bildirir ki, 2 saylı Bakı İnzibati Məhkəməsinin 14.11.2014-cü il tarixli 2-1(82)-3639/2014 saylı qərarına əsasən ona təyin edilmiş, 15.06.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsini, pensiya dayandırıldıqdan sonra indiyədək ödənilməmiş pensiya qalığının tam ödənilməsi xahişi ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh qurum onun müraciətinə ümumiyyətlə cavab verməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X4 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin və elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qydiyyatdadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.20214-cü il tarixli 2-1(82)- 3639/2014 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 15.06.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.20214-cü il tarixli 2-1(82)-3639/2014 saylı Qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı 15.06.2008-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilinəsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərarla işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 15.06.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli **********1 №li məktubda müraciətçiyə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın bu Qanunla müəyyən edilən əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda təyin edilmiş əmək pensiyasını dayandırmaq hüququ vardır. Bu baxımdan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sistemində müxtəlif risk qrupları və parametrləri üzrə araşdırmalar aparılaraq analoji hallar və ya şübhələr yarandıqda əmək pensiyalarının ödənişi qanunvericiliyin tələbinə uyğun olaraq dayandırılır. Müraciətdə qaldırılan məsələ ilə bağlı bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılarkən nəzərə alınmış xüsusatlar pensiya təminatı sahəsində müvafiq qanunvericiliyin şərtləri daxilində araşdırılmış, aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimallarının olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciətçiyə ünvanlanmış 07 iyul 2021-ci il tarixli **********0 №li məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü madəsinin tələblərinə uyğun olaraq dayandırlır. Müraciətçiyə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu ƏƏSMN DSMF-nin Daxili nəzarət Departamenti tərəfindən araşdırılmışdır. Nəticədə onun güzəştli şərtlərlə deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququnun olduğu müəyən edilmişdir. Bununla əlaqədar olaraq, vaxtilə təyin edilmiş güzəştli şərtlərlə pensiya ödənişi 01.08.2020-ci il tarixindən dayandırılmaqla, Fondun SÖTÜMF tərəfindən 01.04.2021-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən ona 424,32 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 sentyabr 2021-ci il tarixli **********0 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş vətəndaş İddiaçı ünvanlanmış **********6 nömrəli 18.11.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. Bu səbəbdən də Mərkəzi Filiala daxil olmuş müvafiq ərizəsi 02.11.2020-ci il tarixli **********5 nömrəli məktubla aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondun Aparatına göndərilmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş yaşa görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsində göstərilmişdir ki, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir (maddə 57.1.); Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır (maddə 57.2); Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər (57.3.). 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: - 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); - 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; - 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri). Həmin Qanununun 61.1-ci maddəsinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmənin “İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına əsas olmuş sənədlərin təqdim olunması” barədə sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məhkəməyə 15 sentyabr 2021-ci il tarixli **********0 saylı məktubu ilə yalnız vətəndaş İddiaçı ünvanlanmış **********6 nömrəli 18.11.2020-ci il tarixli məktub təqdim olumuş və məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən bununla bağlı hər hansı yazılı inzibati aktın qəbul olunmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati İcraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələblərinə uyğun deyildir. Yəni inzibati orqan tərəfindən pensiyanın dayandırılması barədə hər bir əsaslandırılmış inzibati akt (qərar və ya sərəncam) qəbul edilməmiş, istinad olunan qanunlar və digər hüquqi aktlar göstərilməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya güzəştli şərtlərlə təyin olunmuş pensiyanın dayandırılması qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 15.06.2008-ci il tarixdən 57 (əlli yeddi) yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və 01.08.2020-ci il tarixindən dayandırılmış əmək pensiyasının bərpa edilməsi və pensiya dayandırıldıqdan sonra bərpa olunan dövrədək ödənilməmiş pensiya qalığının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1472/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1472/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver