Məhkəmə qərarları › İş №2-1(112)-1472/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1472/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1472/2024 19.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı (üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs) “həkim-stomatoloq kimi işlə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin stomatoloqlara azad təyin verilməsi barədə xx.xx.2019-cu il tarixli iclas protokolunun, həmçinin stomatoloqlara azad təyinat verilməsi barədə həmin tarixli qərarının (əgər varsa) Arzu Qasımovaya (Muradzadəyə) münasibətdə ləğv edilməsi, eyni zamanda onun Bakı şəhəri ərazisində yerləşən tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 2016-ci ilin ortalarında Azərbaycan Tibb Universitetinin “Stamotologiya” fakültəsinin eyni adlı ixtisasını bitirərək həkim-miitəxəssis qismində təhsilini davam etdirmək üçün həmin ildə də adıçəkilən universitetin rezidenturasına ödənişsiz əsaslarla daxil olmuşdur. Ərizəçi Rezidenturaya daxil olduqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə onunla Resident qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 112 nömrəli əmri ilə təsdiq edilmiş Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li, 12 avqust 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə Səhiyyə Nazirliyinin nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdiri X2 imzalanaraq nazirliyin möhürü ilə təsdiq edilmiş və həmin tarixdə də qüvvəyə minərək şərtləri tərəflər üçün məcburi xarakter daşımışdır. Həmin müqavilənin 1.1-ci bəndində “Bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkimmütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlandığı göstərilirmişdir”. Müqavilənin 1.2-ci bəndində bu müqavilə üzrə rezidenturada mütəxəssis hazırlığının dövlət sifarişi əsasında həyata keçirilməsi təsbit edilmişdir. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərində müvafiq olaraq həkim-mütəxəssis hazırlığı aparılan ixtisasın adının “Stomatologiya”, istisas üzrə təhsil müddətinin 3 (üç) il olduğu göstərilib. Ərizəçi, müqavilənin şərtlərinə müvafiq olaraq 01 sentyabr 2016-cı il tarixdən başlayaraq 01 sentyabr 2019-cu il tarixədək 3 (üç) il müddətinə “Stomatologiya” ixtisası üzrə rezidenturada təhsil almışdır. Rezidentura təhsili müddətdə müqavilənin şərlərinə onun tərəfindən daima əməl edilmiş, rezident kimi o, müqavilənin 3.3-cü bəndindən irəli gələn vəzifələri tam şəkildə yerinə yetirirərək ixtisas üzrə təhsil proqramını tam yerinə yetirmiş və hazırlıq keçdiyi Klinik bazanın müəssisədaxili intizam qaydalarına, müvafiq təhsil proqramı ilə tənzimlənən iş rejiminə və növbətçilik qaydalarına, həmçinin müqavilədən irəli gələn digər öhdəliklərə tam şəkildə riayət etmişdir. Onun istər 1-ci və 2-ci kurs üzrə müvəffəqiyyət göstəriciləri, istərsə də yekun attestasiya nəticələri yüksək olmuşdur. Hətta yekun attestasiya imtahanlarından kəsiri olmadan keçən bir neçə rezidentdən biri olmuşdur. Ərizəçi 2019-cu ilin sentyabrında həkim-mütəxəssis hazırlığı üzrə 3 illik təhsil müddətini başa vurduqdan sonra Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə, müvafiq qurumlarına dəfələrlə müraciət edərək onunla adıçəkilən nazirlik arasında bağlanmış 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilədən irəli gələn vəzifələrin, yəni rezident olaraq onun Nazirliyin tabeliyində olan tibb müəssisələrindən birində işlə təmin edilməsi barədə müvafiq təyinat verilməsini xahiş etmişdir. Əvvəlcə Nazirliyin səlahiyyətli nümayəndələri ona müvafiq təyinat veriləcəyini bildirsələr də, sonradan fikirlərini dəyişərək Ərizəçini təyinatla işlə təmin etməkdən əsassız olaraq imtina etmişlər. Ərizəçinin Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət tibb müəssisələrindən birində işlə təmin edilməsi üçün təyinat verilməsi barədə sözügedən nazirliyin müvafiq səlahiyyətli şəxslərinə, həmçinin bilavasitə səhiyyə nazirinə ünvanladığı çoxsaylı məktublarına, həmçinin həmin məktublara verilmiş cavablardan nazirliyin apellyasiya şurasına verdiyi şikayətlərə adıçəkilən nazirlik adından eyni şəxs-həmin nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdirinin məktubları ilə aşağıdakı şəkildə eyni məzmunlu cavablar verilib: “Rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinizin davam etdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişində qeyd olunan təyinat yerinin dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.4 və 2.5-ci bəndlərinə əsasən həkim-mütəxəssislərin təyinatı nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla və vakansiyaların seçimi zamanı həkimmiitəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilərək aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkim-stomatoloqlara azad təyinat verilmişdir". Səhiyyə Nazirliyinin səlahiyyətli şəxsi tərəfindən Ərizəçiyə ünvanlanmış məktubun məzmunundan da göründüyü kimi, xx.xx.2016-cı il tarixli müqavilənin tərəfi qismində Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri müqavilənin 3.1.2-ci bəndində nəzərdə tutulan vəzifələrini icra etməkdən, yəni nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla Ərizəçini həkim-mütəxəsis kimi işlə təmin etməkdən yayınırlar. Halbuki, həmin müqavilənin 3.1.2-ci bəndində “Rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək nazirliyin əsas 3 vəzifəsindən biri olaraq göstərilmişdir. Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin yuxarıda qeyd edilən mövqeyi 12.08.206-cı il tarixli müqavilənin şərtləri ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın müvafiq müddəalarına da ziddir. Belə ki, həmin Qaydaların 2.4-cü maddəsində göstərilir ki “Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir ”. Ərizəçi cavabdehlə münasibətləri məhkəmədən kənar qarşılıqlı anlaşma yolu ilə həll edə bilmədiyindən məhkəməyə müraciət edərək “X5 Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini" məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə ərizəçi tərəfindən verilmiş ilkin iddia qismən təmin edilərək illkin iddia üzrə iddiaçı X5 daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsi cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilmiş, cavabdehin “müqavilənin ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnamədən tərəflərin verdiyi apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7018/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə ilkin iddia tələbinə dair hissədə ilk iddiaya münasibətdə xitam verilməsi qət edilmiş və iddiaçıya aidiyyəti üzrə inzibati orqana, narazı qaldıqları halda səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyasının həmin tarixli digər qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səhiyyə Nazirliyinin “müqavilənin ləğv edilməsi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi həmin qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbi baxılması üçün inzibati məhkəmənin səlahiyyətinə aid olduğundan həmin məhkəməyə verilmədir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına verdiyi kassasiya şikayəti həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-921/2023 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ərizəçi cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunlu sorğu göndərilmişdir: “Tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Arzu Qasımovanın həkim-stomatoloq kimi indiyədək hansı səbəblərdən işlə təmin edilməməsinin səbəbləri, həmin müqavilənin qüvvədən düşməsinə (ləğv edilməsinə) səbəb olan hər hansı başqa qərarın qəbııl edilib-edilmənıəsi barədə yazılı Arayışı, əgər müqavilənin qüvvədən düşməsi (ləğv edilməsi) barədə qərar qəbul edilibsə, həmin qərarın ləğv edilməsini və bununla əlaqədar qəbul edilmiş qərarın təsdiq edilmiş surətini bizim ünvana göndərməyinizi xahiş edirəm”. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-28/2-Q-3905- 1-4282/2023 saylı məktubu ilə həmin sorğuya aşağıdakı məzmunda cavab verilmişdir: “Rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinizin davam etdirilməsi üçün həkimmütəxəssislərin iş yerinə göndərilməsi barədə təkrar müraciətinizə Səhiyyə Nazirliyində baxılmışdır. Rezidentlərin təyinatı Respublikada dövlət səhiyyə müəssisələri üzrə mövcud vakant vəzifələri üzrə aparılır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanı ilə müəyyən olunmuş siyahı üzrə tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Bu səbəbdən də rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında müqavilənin işlə təmin etmək şərtinin icrası stomatologiya ixtisası üzrə mümkünsüz olmuşdur. Bütün bunları nəzərə alaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrinə işə qəbul həmin qurum tərəfindən həyata keçirildiyi üçün TƏBİB-ə müraciət etməyiniz tövsiyə olunur. Nəzərinizə çatdırırıq ki, təyinat zamanı Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-stomatoloq vəzifəsi üzrə vakant yerlər olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 10 dekabr 2019-cu il tarixli qərarı ilə sizə azad təyin verilmişdir”. Cavabdehin həmin məktubu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə Ərizəçinin ünvanına daxil olub. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-28/2-Q-3905-1-4282/2023 saylı məktubunda göstərilən tamamilə əsassız olmaqla, həm də düzgün olmayan məlumatlardır. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanı ilə müəyyən olunmuş siyahı üzrə tibb müəssisələri “X10 İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verildiyini, bu səbəbdən də rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında müqavilənin işlə təmin etmək şərtinin icrası stomatologiya ixtisası üzrə mümkünsüz olmamasını göstərsə də, həmin tarixdən hal-hazırkı dövrədək hər il bir sıra ixtisalarla yanaşı, “stomatologiya” ixtisası üzrə rezidenturaya qəbul elan edir, rezidentstomatoloqlarla müqavilələr bağlayır və təhsilini başa vurmuş rezident-stomatoloqların ayrı-ayrı tibb müəssisələrinə həkim qismində göndərilməsi barədə təyinatlar verir və həmin təyinatların hər il keçirilməsi barədə elanları və təyinat verilən həkim-stomatoloqların adlarını rəsmi orqanı olan “sehiyye.gov.az” saytında yerləşdirir. Cavabdehin həmin məktubunda Ərizəçiyə işlə təmin edilməsi üçün “X10 İdarəetmə Birliyi” publik hüquqi şəxsinə müraciət etməyi tövsiyə etməsi də əsassızdır. Belə ki, Ərizəçi 2019-cu ildə həkimstomatoloq kimi rezidentura təhsilini başa vurduqdan sonra nəinki Səhiyyə Nazirliyinə, eyni zamanda “TƏBİB” də daxil olmaqla çoxsaylı qurumlara müraciət etsə də, həmin qurumların o cümlədən “TƏBİB”-in ona ünvanladığı cavab məktublarında (23 iyul 2020-ci il tarixli, xx-xx-6751/Q-320/20 saylı məktubda) aşağıdakılar göstərilib: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx-xx-6751/Q- 320/20 saylı müçayət məktubu ilə göndərilmiş xx.xx.2020-ci il tarixli müraciətiniz İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyində xx.xx.2020-ci il tarixli Q-320/20 daxilolma nömrəsi ilə qeydiyyata alınaraq aidiyyəti üzrə baxılmışdır. Müraciətdə qeyd etdiyiniz məsələlər Agentliyin səlahiyyətləri çərçivəsində olmadığından köməklik göstərilməsi mümkün olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur”. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-28/2-Q-3905-1- 4282/2023 saylı məktubunda “təyinat zamanı Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-stomatoloq vəzifəsi üzrə vakant yerlər olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 10 dekabr 2019-cu il tarixli qərarı ilə İddiaçı (Qasımovaya) azad təyin verilmişdir” cavabı da tamamilə yalnışdır. Birincisi, qanunvericiliyin tələbinə əsasən Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 10 dekabr 2019-cu il tarixli iclasına iddiaçı da dəvət edilməli olduğu halda, dəvət edilməmişdir, həmin iclas onun iştirakı olmadan keçirilmişdir. İkincisi, həmin iclasın protokolundan da görünür ki, rezident-stomatoloqlara konkret olaraq İddiaçı (Qasımovaya) azad təyinat verilməsi barədə hər hansı qərar qəbul edilməmişdir. Əks halda cavabdeh indiyədək həmin qərarı iddiaçıya təqdim edərdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi "rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Muradzadə (əvvəlki soyadı Qasımova) Arzu Cuma qızının həkim-stomatoloq kimi işlə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi" kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X9 2016-cı ilin ortalarında Azərbaycan Tibb Universitetinin “stomatologiya” fakültəsinin eyni adlı ixtisasını bitirərək həkim-mütəxəssis qismində təhssilini davam etdirmək üçün adı çəkilən üniversitetin rezidenturasına daxil olmuşdur. Qasımova Arzu rezidenturaya daxil olduqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 10 oktyabr 2014-cü il tarixli , 112 nömrəli əmri ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li 12 avqust 2016-cı ildə müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə “Bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası NK-nın 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura Təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlandığı göstərilmişdir. Qasımova Arzu 2019-cu ilin sentyabrında həkim-mütəxəssis hazırlığı üzrə 3 illik təhsil müddətinin başa vurduqdan sonra Səhiyyə Nazirliyinə müraciət edərək onunla bağlanmış 12 avqust 2016cı il tarixli , 760 nömrəli müqavilədən irəli gələn vəzifələrin yəni onun Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin birində işlə təmin edilməsi barədə barədə müvafiq təyinat verilməsini xahiş etmişdir. Lakin həmin vaxt Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müvafiq ixtisas üzrə vakansiya olmadığından xahişini yerinə yetirmək faktiki olaraq mümkün olmamışdır. Qasımova Arzu bundan sonra məhkəməyə müraciət edərək “X5 Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin Səhiyyə Nazirliyinə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-2194/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qasımova Arzu tərəfindən verilmiş iddia qismən təmin edilərək X5 yaşayış yeri nəzərə alınmaqla SN-in tabeliyində olan tibb müəssisələrinin birində işlə təmin edilməsi vəzifəsi SN-ə həvalə edilmiş, “müqavilənin ləğv edilməsinə” dair qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7018/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, X5 ilkin iddia üzrə SN-ə qarşı “işlə təmin edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda tərəfindən verilən “müqavilənin ləğv edilməsi”nə dair iddia ərizəsi baxılmamış saxlamışdır. Məhkəmə həmin qərardadı onunla əsaslandırmışdır ki, iddia tələbi baxılması üçün inzibati məhkəmənin səlahiyyətinə aid olduğundan həmin məhkəməyə verilməlidir. Qasımova Arzu 10 aprel 2023-cü ildə yenidən sorğu göndərərək onun indiyə qədər hansı səbəblərdən işlə təmin edilməməsi barədə məlumat verilməsi xahiş etmişdir. X4 verilən cavab məktubunda bildirilmişdir ki, “Rezidentlərin təyinatı Respublikada dövlət səhiyyə müəssisələri ürzə mövcud vakant vəzifələr üzrə aparılır. Hətta Səhiyyə Nazirliyi vətəndaşlara hüquqi yardım göstərmək məqsədilə bildirmişdik ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanı ilə müəyyən olunmuş siyahı üzrə tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Buna görə də Tibb müəsisələrinə işə qəbul TƏBİB tərəfindən həyata keçirildiyi üçün TƏBİB-ə müraciət etmək tövsiyə olunur. Qasımova Arzunun iddiası aşağıdakı səbəblərdən dolayı əsassız və qanunsuzdur. Cavabdeh iddianın hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində nəzərdə tutulmuş təhsil hüququnun pozulduğunu iddia etsə də hər hansı dəlili olmadığından əsaslandıra bilməmişdir. Qasımova Arzu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əlavədə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə Stomatologiya ixtisasının sətri 060933 və həmin ixtisas üzrə təhsilin müddəti 3 il müəyyən edilmişdir. Adıçəkilən qərara “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın əlavəsində 19 mart 2019-cu ildə müvafiq dəyişikliklər edilərək “06933” sətri ləğv edilmiş və dəyişikliyin mətni 15 sentyabr 2019 -cu il qüvvəyə minmişdir. Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli qərarının məzmununna görə Qasımova Arzunun xahişinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icrası mümkün deyildir. Şəxsin iddiası tamamilə hüquqaziddir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtsisalar üzrə Stomatologiya ixtisasının sətri silinmiş, həmin qərarla stomatoloqlara azad təyinat verilmişdir. Bu qərar qüvvəyə mindikdən sonra rezidenturada həkim-mütəxəssis hazırlığı üzrə müqavilənin işlə təmin etmək şərtinin icrası stomatologiya ixtisasına münasibətdə mümkünsüz olmuşdur. Bütün bunlardan əlavə vətəndaşın müraciətinə cavab olaraq da bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli fərmanı ilə müəyyən edilib ki, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaratsın. Həmin Fərmanın 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, bəzi institutlar, tibbi tədris müəssisələri, məhkəmə ekspertiza mərkəzləri və s. müəssisələr istisna olmaqla qalan bütün tibb müəssisələr TƏBİB-in tabeliyinə verilsin. Səhiyyə Nazirliyinin tabeliyində verilmiş tibb müəssisələri fəaliyyət istiqamətinə görə stomatologiya ixtisasına yaddır. Çünki hal-hazırda həmin tibb müəssisələrinin çoxunda ümumiyyətlə “Stomatoloq” ştatı yoxdur, eyni zamanda da ehtiyac yoxdur. Ştat olmadığına görə də həmin vəzifəyə təyinat da olmayacaq. Eyni zamanda Qasımova Arzu SN-dən Bakı şəhəri ərazisində olan tibb müəssisələrində işlə təmin olunmaq üçün müraciət etsə də bu səlahiyyət Səhiyyə Nazirliyinin diskresion səlahiyyətinə aiddir. Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir. Uyğun olaraq da həmin müəssisələrə təyinatlar TƏBİB tərəfindən olur. Qasımova Arzu öz iddiasında “Normativ hüquqi aktlar haqqında” Qanunun 87-ci maddəsinə istinad edərək güman etmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Mövcud olmayan qanunun heç bir hüquqi qüvvəsi olmadığına görə onun müddəaları hazırkı münasibətlərə şamil edilmir. Görünür ki, Qasımova Arzu qanunun mətnindən məlumatsız olmuşdur. Və bununla bağlı iddia tələbi heç bir qanuni əsasa söykənmir. Daha sonra cavabdeh İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 33.2, 33.3, 34.1, 73.1-ci maddələrinə əsassız olaraq istinad edərək Səhiyyə Nazirliyininin onun xeyrinə müəyyən inzibati akt qəbul etməsini tələb edir, inzibati aktın qəbul edilməsindən imtina olunmasının qanunsuz olduğu ilə bağlı 10 dekabr 2019-cu il tarixli Nazirlər Kabinetinin qərarının mətni ilə bir araya sığmayan hüquqi əsaslandırma etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Qasımova (Muradzadə) Arzu Cuma qızına ünvanlanmış 3-28/2-Q-3905-1-4282/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, rezidentlərin təyinatı Respublikada dövlət səhiyyə müəssisələri üzrə mövcud vakant vəzifələri üzrə aparılır. Azərbaycan Respublikası Prezidentinin 2018ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanı ilə müəyyən olunmuş siyahı üzrə tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Bu səbəbdən də rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında müqavilənin işlə təmin etmək şərtinin icrası stomatologiya ixtisası üzrə mümkünsüz olmuşdur. Bütün bunları nəzərə alaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrinə işə qəbul həmin qurum tərəfindən həyata keçirildiyi üçün TƏBİB-ə müraciət etmək tövsiyə olunur. Təyinat zamanı Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-stomatoloq vəzifəsi üzrə vakant yerlər olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 10 dekabr 2019-cu il tarixli qərarı ilə ona azad təyinat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və müqavilənin tələblərinin icra edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1817/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə ilkin iddia qismən təmin edilərək illkin iddia üzrə iddiaçı X5 daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsi cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilmiş, cavabdehin “müqavilənin ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-668/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3841/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-668/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7018/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia üzrə iddiaçı X5 ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə ilkin iddia tələbinə dair hissədə ilk iddiaya münasibətdə xitam verilməsi qət edilmiş və iddiaçıya aidiyyəti üzrə inzibati orqana, narazı qaldıqları halda səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. BB-İ seriyalı 022728 saylı xx.xx.2013-cü il tarixli diplomdan görünür ki, X9 2013-cü ildə Azərbaycan Tibb Universitetini “stomatologiya” ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə həkim ixtisası verilmişdir. AR seriyalı 001645 saylı xx.xx.2020-ci il tarixli diplomdan görünür ki, X7 Yekun Attestasiya Komissiyasının 02 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə stomatologiya ixtisası üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və X9 arasında bağlanılmış 760 saylı xx.xx.2016-cı il tarixli “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilədən görünür ki, Nazirlik tərəfindən “stomatologiya” ixtisası üzrə 3 il həkim-mütəxəssis hazırlığının aparılması və X5 (rezidentin) hazırlığı uğurla başa vurduqdan sonra həkimmütəxəssis kimi işlə təmin edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Qasımova (Muradzadə) Arzu Cuma qızına ünvanlanmış 5-59/Kol-28262 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.4 və 2.5-ci bəndlərinə əsasən həkimmütəxəssislərin təyinatı nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla və vakansiyaların seçimi zamanı həkim-miitəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilərək aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkim-stomatoloqlara azad təyinat verilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18-1/2-9557/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, həkim-mütəxəssislərin istəkləri nəzərə alınmaqla təyinat və ya azad təyinat əsasında iş yerlərinə göndərilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. 2019-2023-cü illərdə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə işə qəbul olunan həkimstomatoloqlar barədə məlumatlar təqdim edilmişdir. Həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-28/2-3518/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanı ilə müəyyən olunmuş siyahı üzrə tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Bu səbəbdən rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında müqavilənin işlə təmin etmək şərtinin icrası bir neçə ixtisas üzrə mümkünsüz olmuşdur. Bununla bağlı 10 dekabr 2019-cu il tarixində keçirilən komissiyanın iclasında stomatologiya ixtisası üzrə rezidentura təhsilini bitirmiş həkim-mütəxəssisiərə azad təyinat verilmişdir. Sonrakı illərdə TƏBİB-in həmin ilin rezidentləri üçün təqdim etdiyi vakant yerlər əsasında təyinatlar aparılmışdır. Azad təyinat almış rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislər istənilən tibb müəssisəsinə müraciət edib müvafiq qaydalara uyğun olaraq işlə təmin edilə bilərlər. Hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində stomatologiya ixtisası üzrə vakant yer yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində stomatoloq ştatının mövcud olduğunu bildirmiş, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. II. İddianın növü və mümkünlüyü İddia öhdəliyin icrasına dair iddia növünə aiddir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli, 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü müddəasına əsasən “Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülkihüquq müqaviləsi ilə tənzimlənir”. Həmin Qaydalara əlavədə rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə “stomatologiya” ixtisasının sətri 060933 və həmin ixtisas üzrə təhsilin müddəti 3 il müəyyən edilmişdir. İddiaçının stomatologiya ixtisası üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi almaqla hazırlığı uğurla başa vurması işin mübahisəsiz halı olmaqla iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus rezidentura təhsili diplomu ilə təsdiq edilir. Məhkəmə iş materiallarına və qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilədə göstərilən şərtlərlə razılaşaraq X9 ilə həmin müqaviləni bağlamışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 760 saylı müqavilənin 3.1.2-ci bəndinə əsasən hazırlığı uğurla başa vurmasından sonra rezidenti həkimmütəxəssis kimi işlə təmin etmək Səhiyyə Nazirliyinin vəzifəsi kimi göstərilmişdir. Məhkəmə cavabdeh qurumun iddiaçıya imtina məktubunda qeyd edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrinə işə qəbul həmin qurum tərəfindən həyata keçirildiyi üçün TƏBİB-ə müraciət etməyin iddiaçıya tövsiyə edilməsinə münasibətdə qeyd dir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəməyə TƏBİB tərəfindən təqdim edilmiş siyahıda qeyd edilən həkimstomatoloqlar 2019-2023-cü illərdə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə işə qəbul olunmuşdurlar. Həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. Belə olan halda aydın olur ki, cavabdeh qurum müqavilə üzrə öhdəliyinin alternativ mümkün icrası ilə əlaqədar da hərəkətsizlik göstərmiş, iddiaçının TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə həkim mütəxəssis kimi qəbul edilməsi üçün hər hansı bir müraciət etməmişdir. Məhkəmə nəzərə alır ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 3-28/2-3518/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə iddiaçının həkim-stomatoloq kimi işlə təmin edilməməsini hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində stomatologiya ixtisası üzrə vakant yerin olmaması ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində stomatologiya ixtisası üzrə vakant yerin olmaması iddiaçı və cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 760 saylı müqavilə üzrə cavabdehin vəzifəsinin icrasından imtina üçün əsas ola bilməz və cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı həkim-stomatoloq kimi işlə təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar