Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14724/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.1995-ci il tarixli, 2453 saylı ona ayrılan torpağın qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995ci il tarixli, 2453 saylı sərəncamı ilə ona ayrılmış Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra – üçüncü şəxs) məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamları ilə onlara Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. xx.xx.2023-cü ildə “SOCAR" “Azneft” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu sərəncamların ləğv edilməsini xahiş etmişdir. Müvafiq məhkəmə qərardadı ilə həmin sərəncamlar qüvvədə qalmışdır. X1 adına olan sərəncamın ləğvi ilə bağlı “SOCAR" “Azneft” İstehsalat Birliyi yenidən iddia qaldırmış və məhkəmənin müvafiq qərarı ilə iddia rədd edilmişdir. Həmin qərar yuxarı məhkəmə instansiyalarında dəyişdirilmədən saxlanılmışdır. Baxış zamanı bağlar küçəsi 16 nömrəli yerin cizgilərinin surətləri olduğu üçün hakim işi dayandırmışdır. Bundan sonra Səbail RİH-nə müraciət edilmiş və cizgilərin orijinalı əldə edilmişdir. 2-ci şərt kimi göstərilən cizgilərin surəti ilə bağlı idarədə olaraq bu cizgilərin ona aid olmadığını bildirmişdir. İddiaçı Bağlar küçəsi, 4-cü döngədə yaşayır, cizgi isə 2-ci döngəyə aiddir. İddiaçının evi 1997-ci ildə cizgilər əsasında tikilib və həmin vaxtdan bu günədək həmin ünvanda yaşayır. Bu günədək torpaq və əmlak vergisi ödənilmiş, bütün kommunal xidmətlər və infrastruktur yerinə yetirilmişdir. Kommunal xətlər quraşdırılmış və uzun illər tərəfindən istifadə olunmuşdur. Beləliklə, mübahisələndirilən sərəncam yuxarı instansiya məhkəmələrində qüvvədə saxlanılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahələri ümumi hasar daxilində yerləşməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgilərində istinadlar, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, ayrılması nəzərdə tutulan torpaq sahələrinin ölçüsü təqdim edilən sərəncamlarda əks olunmamışdır. Həmçinin Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 10-M-132-091 saylı məktubunda bildirilmişdir ki, 2453 saylı, xx.xx.1995-ci il tarixli Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) arxivdə aşkar edilməmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, mübahisəli 2012 kv.metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir (“Azneft” İstehsalat Birliyi). Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 2918 saylı ləğv olunmuş neft-qaz quyusunun 27 metrlik məsafəsində, 2088 saylı ləğv olunmuş neft-qaz quyusunun 32 metrlik məsafəsində, həmçinin digər bir çox ləğv olunmuş neft-qaz quyularının müxtəlif məsafələrdə mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda sözügedən sərəncam və ona aid sənədlərin arxivində aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamı və ona əlavə edilmiş cizginin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamı ilə rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində, “Köhnə Bağlar” ərazisində, Baş küçəsində mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə məhkəməyə (koordinatlar ilə birlikdə) təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, sözügedən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi sərəncamda göstərilməmişdir. Faktiki olaraq isə sahənin 2010 kv.m hissəsi daş hasarla sərhədlənib. Digər 160 kv.m faktiki göstərilən sahə hasar çölündə bitişik bir hissə şərti olmaqla yol kənarında göstərilir ki, bu hissəyə qonşu və sözügedən sahənin giriş-çıxış qapısı vardır. Üzərində tikili yoxdur, əvvəllər sahə üzərində olan quyu (kaçalkası) qurğusu hal-hazırda yerüstü möcvud deyil, həmin hissə beton örtüklə örtülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, üç torpaq sahəsi bir daş hasar daxilindədir. Sözügedən 600 kv.m sahənin 510 kv.m hissəsi ümumi hasar daxilindən, diger 90 kv.m hissəsi isə hasar çölü giriş-çıxışı olan yol kənarı sərhədləri şərti sahədən göstərilir. Torpaq sahəsinin üzərində yaşayış evi mövcuddur. Sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edilməyib. Faktiki göstərilən sahənin 90 kv.m hissəsi hasar çölündən yolkənarı şərli sərhədlərlə göstərilir və bu sahədən qonşu torpaq sahəsinə də giriş-çıxış darvazası yerləşməklə istifadə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahədən 24.0 m, 44.Om. 51.0 m məsafələrdə ləğv edilmiş neft quyusu məlumatı var. Həmçinin sahə daxilindən 108.0 mmlik orta təzyiqli yerüstü qaz boru xətti keçir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahənin qeydiyyatı barədə bazada məlumat yoxdur. Bundan əlavə sahəyə dair cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçü qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Yuxarıda qeyd olunduğu kimi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahədən 24.0 m, 44.0m, 51.0 m məsafələrdə ləğv edilmiş neft quyusu məlumatı var. Həmçinin sahə daxilindən 108.0 mm-lik orta təzyiqli yerüstü qaz boru xətti keçir. Sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aiddir. Sahənin qeydiyyatı barədə bazada məlumat yoxdur. Bundan əlavə sahəyə dair cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçü qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Mübahisəli əraziyə dair ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.1.). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamı ilə ona ayrılmış Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsini xahiş edir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, torpaq sahələri ümumi hasar daxilində yerləşməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Təqdim edilən yerləşmə cizgilərində istinadlar, məsafələr, perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Torpaq sahələrinin ölçüsü təqdim edilən sərəncamlarda əks olunmamışdır. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 10-M-132-091 saylı məktubunda bildirilmişdir ki, 2453 saylı, xx.xx.1995-ci il tarixli Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) arxivdə aşkar edilməmişdir. İlk öncə məhkəmə qeyd edir ki, torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılmasını təsdiq edən müvafiq sərəncamın nüsxəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmişdir və həmin sərəncamın mötəbərliyi məhkəmədə şübhə doğurmur. Cavabdehin imtina əsaslarına münasibətdə isə qeyd edilməlidir ki, həmin əsaslar iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad, məsafələr və perimetrik ölçülərin qeyd edilməməsi müvafiq orqanın səlahiyyətlərinə aiddir və bunda iddiaçının təqsiri olmadığından, bu hal onun ziyanına şərh edilə bilməz. Eyni zamanda, torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya 1995-ci ildə ayrılmışdır. Həmin vaxt isə qeyd olunan ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Həmçinin, torpaq sahəsinin ölçüsünün təqdim edilən sərəncamda əks olunmaması iddiaçının təqsiri olmadığından bu hal da onun ziyanına şərh edilə bilməz. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı iddia tələbində 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində sözügedən 600 kv.m sahənin 510 kv.m hissəsinin ümumi hasar daxilində olması göstərilmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən həmin sahənin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı maneə mövcud deyildir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Badamdar qəsəbəsində yerləşən 510 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamı ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsində yerləşən 510 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-14724/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14724/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver