Məhkəmə qərarları › İş №2-1(112)-14730/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14730/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14730/2024 23.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əsəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC qarşı “rəsmi məlumatın verilməsi və sənədlərin surətlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzilin və ünvan 2 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 2, sahəsi 78 kv.m. olan 2 otaqlı 8 №-li mənzilin hazırda nəyə əsasən, kimin adına və nə vaxt rəsmiləşdirdiyi barədə rəsmi məlumat verilməsi və bu rəsmiləşdirmələrə dair sənədlərin (Müqavilələrin) surətlərinin təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 29 yanvar 2018-ci il tarixində iddaçı ilə Cavabdeh MMC arasında onu həmin MMC-nın inşa etdiyi yaşayış binasının üzvlüyünə (Payçı) qəbul edilməyi və ünvan 1 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzili ona satılması barədə Müqavilə imzalanmışdır. Cavabdeh MMC tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli Maliyyə Arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 1, sahəsi 140 kv.m. olan 3 otaqlı 2 №-li mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. Bundan başqa 29 yanvar 2018-ci il tarixində Cavabdeh MMC ilə arasında iddiaçını həmin MMC-nin inşa etdiyi yaşayış binasının üzvlüyünə (Payçı) qəbul edilməyi və ünvan 1 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 2, sahəsi 78 kv.m. olan 2 otaqlı 8 №li mənzilin ona satılması barədə Müqavilə imzalanmışdır. Cavabdeh MMC tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli Maliyyə Arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında tikilməkdə olan Bina 1, “D” bloku, mərtəbə 2, sahəsi 78 kv.m. olan 2 otaqlı 8 №-li mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. Beləliklə təsdiq olunur ki, bir gündə 29 yanvar 2018-ci il tarixində tərəfindən Cavabdeh MMC-dən iki mənzil alınmış və elə həmin gündə hər iki mənzilin dəyəri tərəfindən tam ödənilmişdir. Bundan sonra mütamadi olaraq MMC-nin ofisində rəhbər işçilər ilə görüşürdü. Hər dəfə də evin tikintisi ilə maraqlanırdı və cavab verirdilər ki, yaxın vaxtlarda binanın tikintisi başa çatacaq. Təxminən 2022-ci ilin sonlarında bu MMC ilə müəyyən narahatedici məlumatlar çatırdı ki, həmin binada bir mənzili bir neçə şəxsə satıblar. İddiaçı yenə də MMC-nin ofisində rəhbər işçilirəl ilə görüşdü və öz narahatlıqlarını onlara bildirdi. Lakin yenə də onlar onu əmin etdilər ki belə bir şey yoxdur, inanma, boş söz-söhbətdir. Lakin bu sözsöhbətlər səngimirdi. Həmin məlumatlara əsasən MMC-də bir neçə belə hallar mövcuddur, vətəndaşların milyonlarla pul idarə edən şəxslər tərəfindən mənimsənilmişdir. Belə ki, növbəti dəfə 2024-cü ildə "xxxx" MMC-yə gələrək aldığı mənzillərin məhz ona məxsus olması, digər şəxslərə satılmaması barədə rəsmi arayışın verilməsini xahiş etdi. Bu dəfə bildirdilər ki, mənzillərin başqa şəxslərə satılıb. Bu səbəblərdən aralarıda narazılıqlar baş verdi və tələb etdi ki, mənzillərini kimə, nə vaxt və nəyin əsasında satılmaları barədə rəsmi arayış versinlər. Lakin bu dəfə də arayışın verilməsindən imtina etdilər. Bundan sonra Cavabdeh MMC-nin hazırki direktoru X1 adına rəsmi ərizə ilə müraciət edərək ona məxsus mənzillərin hazırda nəyə əsasən, kimin adına və nə vaxt rəsmiləşdirdiyi barədə rəsmi məlumat verməyini, bu rəsmiləşdirmələrə dair sənədlərin (Müqavilələrin) surətlərini ona təqdim olunmasını xahiş etdi. Həmin ərizəni sürətli poçt GO Exspress vasitəsilə (qəbz № 064525) Cavabdeh MMC-nə göndərdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, ərizəyə də cavab verilmədi. Cavabdeh MMC-də vətəndaşlara qarşı törədilən dələduzluq faktları haqqında dəfələrlə sosial şəbəkələrdə məlumatlar verilmiş, mənzil alan şəxslər kütləvi çıxışlar və nümayişlər etmiş, hüquqlarının bərpa olunmasını xahiş etmişlər. "xxxx" MMC-nin rəhbər işçiləri qanunsuz hərəkətlərini davam edirlər. Həmin şəxslər inadla iddiaçının mənzilləri ilə bağlı rəsmi arayış verməkdən imtina edirlər.

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır

8. Hazırkı iddia tələbi iddiaçının müraciətinə cavabdeh tərəfindən rəsmi cavab verilməsi və sənədlərin surətlərinin təqdim olunmasından ibarətdir.

9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Cavabdeh Məhdud Məsuliyyətli inzibati orqan sırasına daxil edilməmişdir.

11. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir.

12. Göstərilənlərə əsasən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir.

13. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunsun.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar