Məhkəmə qərarları › İş №2-1(112)-14733/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14733/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14733/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və icra sənədinin aidiyyəti üzrə göndərilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı həmin şöbənin icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1358/2023 saylı 30 may 2023-cü il tarixli icra sənədinin aidiyyəti üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən icra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab edilir: (24.1.1) icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə; (24.1.2) icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən icra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Həmin Qanunun 11-ci maddəsinin 5-ci hissəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icra məmuru tərəfindən nəzarət edilir. Göründüyü kimi, icra qanunvericiliyi icra işində iştirak edən tərəflərin icra məmurunun hərəkət və hərəkətsizliklərindən, eləcə də qərarlarından şikayətlərə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə deyil, bu şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, hazırkı iddia Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-1358/2023 saylı iş üzrə verilmiş 30 may 2023-cü il tarixli icra sənədinin icrası çərçivəsində icra məmurunun hərəkətləri ilə bağlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar