Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14734/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xüsusi mülkiyyətinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun kompensasiya ödəməklə alınmasının həyata keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “inzibati orqanın hərəkətsizliyinə dair iddia tələbi üzrə məhkəmə baxışı icraatının təyin edilərək mübahisələndirilməsi aparılması barədə məhkəmə qərarı çıxarılmasını hüquqi əsaslı qanunun tələbi sayılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası: maddə 29.İİİ “Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il Qərarında bildirilir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyası maddə 60.1 “Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hörmətli Məhkəmə! İnzibati orqan Bakı şəhəri Cavabdehnə qarşı məhkəmədə iddia tələbi irəli sürməyinin əsas səbəbi qanunun tələbinə qarşı həmin inzibati orqanın hərəkətsizliyi və onun tərəfindən Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsinin dövlət hüquqi müddəalarına qarşı çoxlu sayda yönəldilmiş qeyri-qanuni hərəkət və məhdudiyyətlərin qoyulması nəticəsində həm maddi, həm də mənəvi zərərə məruz qalmağının səbəbidir. Belə ki, ünvan 1 ünvanı üzrə yerləşən xüsusi mülkiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetnin 51 və 572 saylı qərarları əsasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, satın alınmanın təsiri dairəsinə düşmüş hesab edilməklə inzibati orqan Bakı şəhəri Cavabdeh satın alınmaya səlahiyyətli edilmişdir. Həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 və 572 saylı qərarları əsasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, həm də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.6 və 4.16.7-ci bəndlərinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərməyə hüquqi əsasda borcludur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlamaqla ünvan 3i mülkiyyətinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasını məqsədəmüvafiq hesab edilməməsi bildirilmişdir. Satın alınmaya səlahiyyətli edilmiş inzibati orqan Bakı şəhəri Cavabdeh tərəfindən qanunun tələbi pozulmuşdur. Həmin inzibati orqan Bakı şəhəri Cavabdeh tərəfindən Konstitusiya ilə təsbit edilmiş, qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən xüsusi mülkiyyətinin faktiki mənsubiyyətindəki 0,02309 ha həyətyanı torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq rəsmiləşdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bu barədə qanuni iddia tələbi təmin olunmaqla Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-il tarixli, 2-1(112)-4596/2021 saylı qərarı çıxarılmış, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-918/2022 saylı, xx.xx.2022-il tarixli Qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1584/2022 saylı, xx.xx.2022-iİ tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 918/2022 saylı, xx.xx.2022-il tarixli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmaqla məhkəmə aktı qanuni qüvvəsini almış və məhkəmə aktının icrası ünvan 4 ünvanı üzrə xüsusi mülkiyyətinin mənsubiyyətində olmaqla yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası maddə 71.144 “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”; Maddə 71. V “Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli Qərardadında bildirir ki, “məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır”. Belə ki, həm Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş Qərarı olmasına, həm də qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən xüsusi mülkiyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetnin 51 və 572 saylı qərarları əsasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, satınalınmanın təsiri dairəsinə düşmüş hesab edilməsinə baxmayaraq inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsi tərəfindən yenə də qanunun tələbinə əməl edilməmiş, bu dəfə də həmin qeyd edilən xüsusi mülkiyyətin mənsubiyyətindəki 0,02309 ha torpaq sahəsi üzərində faktiki yerləşən və yaşayış mülkü olan daşınmaz əmlakın ümumi yaşayış sahəsi 274.42 kv.m qeydiyyatı olmaqla dövlət reyestrindən çıxarışın verilməsi təmin edilməmiş, bundan başqa yenə də qanunun tələbinə zidd olmaqla dövlət rüsumunun ödənilməsi tələb edilmişdir. Qanunun tələbində isə dövlət ehtiyacı üçün satınalınmanın təsirinə məruz qalan şəxslərdən onların torpaq və daşınmaz əmlak üzərində hüquqlarının alınma prosedurlarını başa çatdırmaq üçün heç bir dövlət rüsumu ödəmə və maliyyə xərci qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 248.4. “Torpaq üzərində hüquqların alınma prosedurlarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu maddə 27.3 “Dövlət ehtiyacı üçün alınmanın təsirinə məruz qalan şəxslərdən dövlət rüsumu tutulmur”. Bu barədə cavabdeh qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmaqla iddia tələbi pozulmuş qanuni hüquqlarının bərpası yönümündə məhkəməyə müraciət etmiş və həmin iş üzrə Bakı inzibati Məhkəməsində məhkəmə baxışı icraatına təyin edilməklə mübahisələndirilməsi aparılmaqdadır. Həmin iş üzrə qeyd edilən xüsusi mülkiyyətin daşınmaz əmlakının ümumi yaşayış sahəsinin faktiki 274.42 kv.m olmasının təsdiqlənməsi əsasında məhkəmə tərəfindən məhkəmə texniki ekspertizası təyin edilməklə tərəfindən 95 manat pul ödənilməsi və ya onun əvəzində 0,02309 ha torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın ümumi yaşayış sahəsinin faktiki 274.42 kv.m olmasını təsdiqləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 və 572 saylı qərarları əsasında dövlət ehtiyacı üçün satınalınmaya səlahiyyətli edilmiş inzibati orqan Bakı şəhəri Cavabdeh və onun qiymətləndirici eksperti tərəfindən rəsmi qaydada təsdiqlənmiş eskiz layihə sənədinin məhkəməyə təqdim edilməsi məhkəmə baxışı prosesində qərara alınmış, bu barədə pozulmuş hüquqlarının bərpası yönümündə Qanunun tələbi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, rəsmi qaydada satınalınmaya səlahiyyətli edilmiş inzibati orqan Bakı şəhəri Cavabdehnə rəsmi qaydada xx.xx.2023-cü iİ tarixdə müraciət etməklə onun və müstəqil qiymətləndirici ekspertinin satınalınmaya təyin edilərək təsdiqlənmiş 274.42 kv.m ümumi sahəyə malik daşınmaz əmlakının rəsmi qaydada təsdiqlənmiş eskiz layihə sənədinin məhkəməyə təqdim edilməsi əsasında rəsmi müraciət etməyinə baxmayaraq, həmin inzibati orqan tərəfindən qanunun tələbinə əməl etməməkdə rəsmi müraciəti əsasında heç bir inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edilməmiş və ya bu barədə inzibati aktın qəbul edilməsindən imtina barədə rəsmi qaydada məlumatlandırılmamışdır. Bununla da məhkəmədə qanuni mülki hüququnun müdafiəsi yönümündə iddiaçı qismində haqlı olduğunu təsdiqləyən rəsmi faktı məhkəməyə təqdim edə bilmir, bu qanuni hüququnun qarşısı həmin satınalınmaya səlahiyyətli edilmiş inzibati orqan Bakı şəhəri Cavabdeh tərəfindən məqsədli şəkildə pozulmuş, nəticədə həmin inzibati orqan Bakı şəhəri Cavabdeh daşınmaz əmlakın dövlət ehtiyacı üçün satınalınması nəticəsində ədalətli, bazar qiymətinə uyğun kompensasiya məbləği ödənilməsinin qarşısının alınması məqsədidir, son nəticədə həmin inzibati orqanın bilərəkdən hərəkətsizliyi və ya qanunazidd hərəkətləri səbəbindən iş üzrə rəsmi faktı təsdiqləyən sübutun rəsmi qaydada əldə edilməsi ilə bağlı məhkəməyə məhkəmə-texniki ekspertizasının təyin edilməsi məqsədi ilə müraciət etməklə bu yönümdə 95 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmaqla bir daha maddi və mənəvi zərərə məruz qalır, qanuni hüquqları pozulmaqla Konstitusiya ilə təsbit edilmiş -- qanunun tələbi üzrə pozulmuş hüquqlarının bərpası yönümündə məhkəməyə “inzibati orqanın hərəkətsizliyinə dair” iddia tələbi ilə müraciət etməkdə hüquqi qanuni əsası mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun maddə 11.1. “İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar”. Həmin Qanunun maddə 20.1. “Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır”. Həmin Qanunun maddə 20.2.“Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun maddə 52.1 “Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqda qərar qəbul edir”. Həmin Qanun maddə 66 “Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər”. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Qanunla qorunan və pozulmuş hüquqların bərpası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 və 572 saylı qərarları ilə alınmanın təsiri dairəsinə düşən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanı üzrə ümumilikdə xüsusi mülkiyyətində olan 0,02309 ha torpaq sahəsinə malik və həmin xüsusi mülkiyyətin torpaq sahəsi üzərində yerləşən 274,42 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış xüsusi mülkiyyətinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun kompensasiya ödəməklə alınmasının həyata keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin icrasını alınmaya səlahiyyətli edilmiş inzibati orqan Bakı şəhəri Cavabdehnə həvalə olunması” kimi dəyişdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********22 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, ********** nömrəli xx.xx.2020-ci il tarixli ərizə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və torpaq sahəsi söküntü zonası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarının təsiri dairəsinə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Bundan əlavə Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 40/01 saylı, xx.xx.2021-ci il tarixli məktubda ünvan 6 ünvanında yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, parkların salınması məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması nəzərdə tutulan ərazidə yerləşdiyindən, həmin ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınmasının məqsədəmüvafiq hesab edilmədiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək bildirilmişdir ki, iddia tələbi aydın deyil. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin (tələb dəqiq göstərilməklə) və müvafiq tələblə cavabdehə müraciətinin və (və ya) imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Həmin qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi aydın olmadığından iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etsə də müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Belə ki, iddiaçının cavabdeh quruma müraciəti eskiz layihə və sənədlərin təqdim edilməsi ilə bağlıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-14734/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14734/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver