Məhkəmə qərarları › İş №2-1(112)-14735/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14735/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14735/2025 07.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 14 mart 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız edir, çünki 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi güzəştli iş stajı var. Belə ki, o, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək Bayıl Limanı X5 İdarəsində elektrik montyoru peşəsində, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək X3 Özülündə buruqlara 12-ci dərəcəli mexanik vəzifəsində, xx.xx.2008-ci ildən xx.xx.2008ci ilədək elektrik avadanlıqlarının təmiri sexində 12-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2008-ci ildən xx.xx.2012-ci ilədək “Xəzər-6” X7 12-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək “Neft Daşları” X9 İdarəsinin istehsalat xidməti bazasında 12-ci dərəcəli mühəndis vəzifəsində, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək isə 6 saylı X3 Özülünə buruqlara 12-ci dərəcəli mexanik vəzifəsində işləmiş və xx.xx.2014cü ildən hal-hazıradək 12-ci dərəcəli dərəcəli elektirik avadanlıqları üzrə mexanik vəzifəsində işləyir. Onun “Kompleks qazma işləri” trestində işlədiyi elektrik montyoru, elektrik avadanlıqlarının təmiri sexində mühəndis vəzifəsində və elektirik avadanlıqları üzrə mexanik vəzifələrində işlədiyi peşələr SOCAR-ın xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli arxiv arayışlarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyoru peşəsi, 10.1 b) mexaniklər və böyük mexaniklər vəzifəsi, 10.1 b) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndis vəzifəsinə uyğun gəlir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR "Kompleks qazma işləri" trestinin ona dair 12 iyun 2025-ci il tarixli, 14-2-15/2-S-1xx-xx/2025 nömrəli arayışında xx.xx.2005xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində X10 Kəşfiyyat Qazma İdarəsində və X1 Özülündə elektrik montyoru xx.xx.2007-xx.xx.2008-ci il, xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2014-cü il tarixindən bugünədek mexanik və xx.xx.2008-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində mühəndis peşələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışlarda iddiaçının elektrik montyoru peşəsində işlədiyi dövrdə müvafiq siyahıda nəzərdə tutulan buruqlara xidmət üzrə və buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə, mexanik peşəsində işlədiyi dövrlərdə quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasıyla, həmçinin mühəndis peşəsində işlədiyi müddətdə isə bilavasitə buruqlarda qazma üzrə işlərlə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. ИТ-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1981-xx.xx.1982-ci illərdə üzümçülük briqadasında fəhlə, xx.xx.1982xx.xx.1983-cü illərdə avtokolonda fəhlə, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək avtokolonda fəhlə; xx.xx.1985-xx.xx.1987-ci illərdə 2-ci dərəcəli avto-çilingər (avtomexanik); xx.xx.1987-xx.xx.1988-ci illərdə 2-ci dərəcəli santexnik çilingər; xx.xx.1988xx.xx.1991-ci illərdə 1-ci dərəcəli santexnik çilingər; xx.xx.1991-xx.xx.1992-ci illərdə 5-ci dərəcəli elektrotexnik; xx.xx.2005-ci ildən-xx.xx.2007-ci ilədək Bayıl Limanı X5 İdarəsində elektrik montyoru, xx.xx.2007-ci ildən-xx.xx.2008-ci ilədək X3 Özülündə buruqlara 12-ci dərəcəli mexanik, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilədək elektrik avadanlıqlarının təmiri sexində 12-ci dərəcəli mühəndis, xx.xx.2008-ci ildən xx.xx.2012-ci ilədək “Xəzər-6” X7 12ci dərəcəli mühəndis, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək “Neft Daşları” X9 İdarəsinin istehsalat xidməti bazasında 12-ci dərəcəli mühəndis, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək isə 6 saylı X3 Özülünə buruqlara 12-ci dərəcəli mexanik vəzifəsində işləmiş və xx.xx.2014-cü ildən hal-hazıradək 12-ci dərəcəli dərəcəli elektirik avadanlıqları üzrə mexanik vəzifəsində işləyir. İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. SOCAR-ın “Kompleks qazma işləri” trestinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının iş stajı barəsində məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məktubla göndərilən: xx.xx.2025-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, SOCAR-ın “Kompleks qazma işləri” trestinin Arxivində saxlanılan sənədlərə əsasən, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.2005-ci ildə “Bayıl Limanı” X5 İdarəsinin (DKQİ) Elektrik avadanlıqlarının təmiri kirayə sexinə 4-cü dərəcəli təmirçi elektrik montyoru peşəsinə qəbul edilib. (Əmr № 76/k, xx.xx.2005-ci il); xx.xx.2005-ci ildə 19 nömrəli X6 Özülünə müvəqqəti olaraq, 4-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilib. (Əmr № 96/ş, xx.xx.2005-ci il, T-2 şəxsi vərəqəsi); xx.xx.2005-ci ildə Elektrik avadanlıqlarının təmiri kirayə sexinə 5-ci dərəcəli təmirçi elektrik montyoru peşəsinə keçirilib. (Əmr № 114/ş, xx.xx.2005-ci il T-2 şəxsi vərəqəsi); xx.xx.2006-cı ildə 14 nömrəli X6 Özülünə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilib. (Əmr № 49/ş, xx.xx.2006-cı il T-2 şəxsi vərəqəsi); xx.xx.2006-cı ildə 5 nömrəli X6 Özülünə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilib. (Əmr № 113/ş, xx.xx.2006-cı il T-2 şəxsi vərəqəsi); xx.xx.2007-ci ildə 11 nömrəli X6 Özülünə elektrik avadanlığına xidmət edən 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib ( Əmr № 21/ş, xx.xx.2007-ci il); xx.xx.2008-ci ildə Elektrik avadanlıqlarının təmiri kirayə sexinə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib (Əmr № 30/k, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə “Xəzər-6” X7, 12-ci dərəcəli elektrik avadanlıqları üzrə mexanik vəzifəsinin icrası müvəqqəti olaraq həvalə edilmişdir (Əmr № 48/k, xx.xx.2008-ci il); xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, başqa işə götürənlə Əmək Müqaviləsi bağladığı üçün işdən azad edilib. (Əmr № 1101/k, xx.xx.2012-ci il); xx.xx.2012-ci ildə “Neft Daşlan” X9 İdarəsinin (DQİİ) İstehsalat xidmət bazasına 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib (Əmr № 245/k, xx.xx.2012-ci il), xx.xx.2012-ci ildə 6 nömrəli X6 Özülünə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib ( Əmr № 365/k, xx.xx.2012-ci il); xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, başqa işəgötürənlə Əmək Müqaviləsi bağladığı üçün, öz xahişi ilə işdən azad edilib ( Əmr № 31/k, xx.xx.2014-cü il). İdarələrin fəaliyyət tarixi barədə məlumat: SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 nömrəli və xx.xx.2007-ci il tarixli, 60 nömrəli əmrlərinə əsasən, “Kompleks qazma işləri” tresti yaradılmış “Bayıl Limanı” X5 İdarəsi və “Neft Daşlan” X9 İdərəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli, 65 nömrəli əmri ilə “Bayıl Limanı” X5 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X5 İdarəsi adlandırılmışdır. SOCAR-ın xx.xx.2012-ci il tarixli, 101 nömrəli əmrinə əsasən, “Xəzər” X5 İdarəsi bölünməklə yenidən təşkil edilmişdir və onun hüquq və öhdəlikləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Neft Daşları” X9 İdarəsinə və “Sahil” Qazma İşləri idarəsinə ötürülmüşdür. SOCAR-ın xx.xx.2013-cü il tarixli, ARDNŞ/13- 1000/01/SM-05-000034 nömrəli əmrinə əsasən, “Sahil“ Qazma İşləri İdarəsi xx.xx.2014-cü il tarixdən ləğv edilmişdir. SOCAR-ın “Kompleks qazma işləri“ trestinin xx.xx.2014-cü il tarixli, 14 nömrəli əmri ilə müəyyən edilmiş struktur dəyişiklikləri nəticəsində “Bulla, 8 Mart, Ümid”, “Neft Daşlan”, “Günəşli”, “Abşeron”, “Qaradağ, Kalmaz”, “Siyəzən”, İstehsalat bölümləri və “Loqistika”, “Tamponaj”, “Nəqliyyat” və “Anbar təsərrüfatı” bölümləri yaradılmışdır. SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********00040020A00070 nömrəli əmrinə əsasən, “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü ləğv edilərək hazırda “Sahil” İstehsalat bölümü kimi və “Neft Daşlan”, “Günəşli” bölümləri ləğv edilərək hazırda “Neft Daşları- Günəşli” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Ümumi iş stajı: 08 il, 05 ay, 02 gün. Qeyd:Vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın siyahısı üzrə “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bəndinin “10.1.Qazma: a) fəhlələr: bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları”, “10.1 Qazma: b) rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər” , altbəndlərinə uyğun olan peşələri və vəzifələri üzrə çalışdığı dövr ərzində güzəştli pensiya hüququ yaranmışdır. Güzəştli iş stajı: 07 il, 05 ay, 15 gün. xx.xx.2025-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, SOCAR-ın “Kompleks qazma işləri” trestinin (KQİT) işçisi xx.xx.1965-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək KQİT-nin “Günəşli” İstehsalat bölümü 6 saylı DDSÖ-də 12-ci dərəcəli elektrik avadanlığı üzrə mexanik vəzifəsində işləmişdir (KQİT-nin xx.xx.2014-cü il tarixli 52-k saylı Əmri); xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək KQİT-nin “Günəşli” istehsalat bölümü 19 saylı DSÖ-də 12-ci dərəcəli elektrik avadanlığı üzrə mexanik vəzifəsində işləmişdir (KQİT-nin xx.xx.2014-cü il tarixli 179-k nömrəli Əmri); xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək KQİT-nin “Günəşli” İstehsalat bölümü 13 saylı DSÖ-də 12-ci dərəcəli elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində işləmişdir (KQİT- nin xx.xx.2017-ci il tarixli SOCAR**********000700020B00158 nömrəli Əmri); xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək KQİT-nin “Qaradağ,Qalmaz” İstehsalat bölümü Qaradağ sahəsi 3D-76 qazma qurğusunda 12-ci dərəcəli elektrik avadanlığı üzrə böyük mexanik vəzifəsində işləmişdir (“Kompleks qazma işləri” trestinin xx.xx.2017-ci il tarixli SOCAR**********00070020B00734 nömrəli Əmri); xx.xx.2021-ci ildən hal-hazıradək KQİTnin “Abşeron” İstehsalat bölümü,13 saylı briqadasında 12-ci dərəcəli böyük mexanik vəzifəsində işləyir (KQİT-nin xx.xx.2021-ci il tarixli, SOCAR**********000700020B01353 nömrəli Əmri). İdarələrin fəaliyyət tarixi barədə məlumat: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ (SOCAR)) xx.xx.2007-ci il tarixli, 51 nömrəli və xx.xx.2007ci il tarixli, 60 nömrəli əmrlərinə əsasən, “Kompleks qazma işləri” tresti yaradılmış “Bayıl Limanı" X5 İdarəsi, "Neft Daşları” X9 İdarəsi, “Abşeron” Qazma İşləri İdarəsi və “Qobustan” X4 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi trestin tabeliyinə verilmişdir. ARDNŞ-nın xx.xx.2012-ci il tarixli, 65 nömrəli əmri ilə “Bayıl Limam” X5 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X5 İdarəsi adlandırılmışdır. ARDNŞ-nın xx.xx.2012-ci il tarixli, 101 nömrəli əmrinə əsasən, “Xəzər” X5 İdarəsi bölünməklə yenidən təşkil edilmişdir və onun hüquq və öhdəlikləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Neft Daşlan” X9 İdarəsinə və “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın “Kompleks qazma işləri“ trestinin xx.xx.2014-cü il tarixli, 14 nömrəli əmri ilə müəyyən edilmiş struktur dəyişiklikləri nəticəsində “Bulla, 8 Mart, Ümid”, “Neft Daşlan”, “Günəşli”, “Abşeron”, “Qaradağ, Kalmaz”, “Siyəzən”, İstehsalat bölümləri və “Loqistika”, “Tamponaj”, “Nəqliyyat” və “Anbar təsərrüfatı” bölümləri yaradılmışdır. “KQİT”nin xx.xx.2021-ci il tarixli, SOCAR**********00040020A00070 saylı əmrinə əsasən “Qaradağ, Kalmaz”, "Abşeron” və “Siyəzən” İstehsalat bölümləri birləşdirilərək “Abşeron” İstehsalat bölümü adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən, Siyahıdakı “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bəndinin “10.1.Qazma b) rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqlardan keçirilməsində qüllə quraşdırılmasında məşğul olan mexaniklər və böyük mexaniklər” alt bəndinə uyğun olan, İddiaçı zərərli və ağır işlərdə çalışdığı vəzifələrinə görə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır və güzəştli əmək stajı 11 il 07 ay 14 gün təşkil edir. SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi arayışda göstərilmişdir ki, Özül və qurğularda (buruqlarda) “qazmaya xidmət edən elektrik montyoru”: Qazma qurğularının elektrik avadanlığına, 1 kv gərginliyə qədər paylayıcı qurğulara, gərginliyi idarə stansiyalarına xidməti; Nasoslara, bucurğada və başqa avadanlığın ötürücü intiqalına, balta verimini tənzimləyən idarə stansiyalarına, endirmə-qaldırma əməliyyatları avtomatının elektrotozlu tormozuna xidməti; İkinci kommutasiya və rele qoruyucusu sxeminə xidmət edilməsi, cərəyan, differensial və s. 1..kv qədər gərginlikdə Jşləyən avtomatik tənzimlənən elektrik avadanlığına və intiqallara xidmət edilməsi; Qazma qurğularının bütün elektrik avadanlığının və torpağa birləşdirilən qurğularının quraşdırmadan sonra qəbul edilməsi; Mühəndis-texniki personalın nəzarəti altında elektrik mühərriklərinin sınağa buraxılması; Elektrotexniki avadanlığın mürəkkəb sxemlərinin və' qurğularının yoxlanılması və nasazlıqların aradan götürülməsi, kontaktsız elementlərlə icra olunmuş elektrik mühərrikinin mürəkkəb idarəetmə sxemlərinin (tiristorlu sxemlərdə) yoxlanılması və nasazlıqların aradan qaldırılması; Cərəyan və gərginliyə görə əks əlaqəli elektrik-maşın idarə sistemi ilə idarə edilən .aqreqatların elektrik avadanlığına Xidmət edilməsi, elektrik qazanlarına xidmət və onların təmir edilməsi, müxtəlif rejimlərdə və yüklərdə güc əmsalının yaxşılaşdırılması üçün tədbirlərin işlənib hazırlanması; Qazma prosesində elektrik avadanlığının paylayıcı qurğularının təmiri və onun fasiləsiz işinin təmin edilməsi. Özül və qurğularda (buruqlarda) “Böyük mexanik” və “Mexanik” (Elektrik avadanlığı üzrə): Elektrik avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını təşkil etmək; Elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına və təhlükəsizli qaydalarının tələblərinə nəzarəti həyata keçirmək, onların təhlükəsiz istismarını təşk etmək; Elektrik avadanlıqlarının vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədih avadanlığın, ayrı-ayrı hissə və qovşaqlarının iş şəraitini öyrənmək; Aşınmış və mənəvi köhnəlmiş avadanlıqların vaxtında dəyişdirilməsi üzrə tədbirlə görmək. Elektrik avadanlıqlarının yeni nümunələrinin sınağında iştirak etmək; Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət etmək. Alınan yeni qurğuların komplektliliyinə nəzarəti təşkil etmək; Elektrik avadanlıqlarında baş vermiş qəzaların səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək; Avadanlıqların vaxtlı-vaxtında təmir edilməsini planlaşdırmaq və onları təmir edər işçilərə rəhbərlik etmək; Tabeliyində olan fəhlələr üçün işlərin təhlükəsiz aparılması üzrə təlimat, xüsusi ilə təhlükəli işlərin yerinə yetirilməsi üzrə xüsusi təlimat aparmaq; Avadanlıqların işinin, ehtiyat hissələri və materiallar sərfinin ilkin uçotunu aparmaq; Mövcud avadanlıqlar və onların texniki vəziyyəti'haqqında hesabların tərtib edilməsin, təmin etmək; Avadanlıqların ehtiyat hissələri, materiallarla təmin edilməsini və avadanlıqlar üçün . texniki pasportların mövcudluğuna nəzarəti həyata keçirmək; Elektrik avadanlıqlarına xidmət edən zaman xüsusi geyimlərdən, rezin əlcək, rezin ayaqqabı və digər qoruyucu vasitələrdən istifadə edilməsinə nəzarət etmək; Elektrik avadanlıqlarının təmirinin keyfiyyəti üzrə rəy vermək, yanacaq və sürtgü materiallarının, enerjinin sərf riorrnalarına riayət olunmasına nəzarəti həyata keçirmək; Yanacaq-energetika ehtiyatlarının qənaəti üzrə tədbirlərin işlənməsində iştirak etmək; Yanğına qarşı sistemlərin siqnal hissəsinə nəzarət etmək; Vaxt jurnallarında gündəlik qeydlərə nəzarət etmək; Elektrik avadanlığı üzrə böyük mexanik SOCAR tərəfindən təsdiq oulnmuş «Azərbaycan neft sənayesində əməyin mühafizəsini X2"ni, Neftqazçıxarma Sənayesində təhlükəsizlik qaydalarını tələblərini rəhbər tutur; SAP ERP. sistemində istehsalat modulları, həmçinin digər modullar üzrə rəhbərlik tərəfindən ona tapşırılmış işlərin dəqiq və keyfiyyətlə yerinə yetirilməsini həyata keçirmək. Özül və qurğularda (buruqlarda) “elektrik avadanlığı üzrə mexanik”: Qazma avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarl işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını tərinin edilməsi; Qəza generatoruna texniki baxışın həyata keçirilməsi, generator akkumulyatorunur balonlarında turşunun səviyyəsinin və sıxlığının yoxlanılması; Özül və qurğularda (buruqlarda) qazmaya xidmət edən elektrik avadanlıqlarının dair işlək vəziyyətdə olması; Mexanik tərəfindən elektrik avadanlıqlarının vaxtından əvvəl aşınma səbəblərinir aşkar edilməsi məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqlarının iş şəraitinir öyrənilməsi üzrə, aşınmış və mənəvi köhnəlmiş avadanlıqların vaxtında dəyişdirilməs üzrə tədbirlərin görülməsi; Gündəlik olaraq generatorun işə salınaraq'Səs adekvatlığına nəzarət edilməsi, kabe birləşmələrində boşluqların olmamasına nəzarət edilməsi; Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət edilməsi, alınan yeni qurğularır komplektliliyinə nəzarət edilməsi və elektrik avadanlıqlarının cari təmirinin təşki edilməsi; Qazma avadanlıqlarında baş vermiş qəzaların səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək; Qazma avadanlıqlarının təmiri sexində dəzgahların elektrik hissələrinin texnik baxışının həyata keçirilməsi, maqnit işəsalanlarıwn, relelərin, diodların, qoruyucularır işlək vəziyyətdə olmasına nəzarət edilməsi; Qaldırıcı kranların texniki baxışın həyata keçirilməsi, torpaqlanmanm, mühərrikir izolyasiyasının yoxlanılması, kabel təsərrüfatına baxış keçirilməsi; Avadanlıqların vaxtlı-vaxtında təmir edilməsini planlaşdırılması və onları təmir edər işçilərə rəhbərlik edilməsi. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, xx.xx.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı zərərli işlərdə işlədiyi illər qanunvericiliklə nəzərdə tutulmuş qaydada hesablanmaqla ona 60 yaşının tamam olduğu tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddiaçının həmin tarixə qədər 25 il ümumi stajı olmalı və həmin stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Cavabdeh iddiaçının tələbindən imtinasını onunla əsaslandırır ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"ndakı peşələrlə bilavasitə bağlılığı sübut edilmədiyindən onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ümumi stajının 25 ildən artıq olması mübahisələndirilmir. Cavabdeh iddiaçının həmin dövrə qədər olan güzəştli stajının müəyyən etməyin qeyri-mümkün olmasına istinad edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Məhkəmə müəyyən edir ki, baxmayaraq ki, iddiaçı işlədiyi dövrün güzəştli əmək stajına daxil edilməsinə dair müvafiq müəssisədən rəsmi arayış təqdim etmişdir, cavabdeh həmin vəzifələrin güzəştli pensiya hüququ verən fəaliyyət sahəsinə aid olmadığı qənaətinə gələrək bu dövrü nəzərə almamışdır. Halbuki, iş materiallarından aydın görünür ki, iddiaçının tutduğu “elektrik montyoru”, “mexanik” və “mühəndis” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"nın 10.1-ci bəndinin “a” siyahısında “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları”, “b” siyahısında isə “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” və “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər” vəzifələrinə tam şəkildə uyğun gəlir. Cavabdeh bu vəzifələrin həmin sahələrə aid olmadığını iddia etsə də, nəzərə almamışdır ki, iddiaçının sözügedən vəzifələrdəki fəaliyyəti birbaşa SOCAR-ın “Kompleks qazma işləri” trestində (həmin Trestin xələfi hesab edilən digər qurumlarda) həyata keçirilmişdir. Həm müəssisənin adı, həm də funksional istiqaməti onu açıq şəkildə neft sektoruna məxsus müəssisə kimi xarakterizə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"nın 10-cu hissəsinin (neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) 10.1-ci bəndinin (qazma) a) yarımbəndində “buruqlara xidmət üzrə elektrik montyorları”, “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” b) yarımbəndində “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları”, “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğul olan mexaniklər və böyük mexaniklər” peşələri güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi arayışda iddiaçının çalışdığı peşələrin “Özül və qurğularda (buruqlarda) qazmaya xidmət edən elektrik montyoru” və “Özül və qurğularda (buruqlarda) elektrik avadanlığı üzrə mexanik” peşələrinə uyğuun gəldiyi qeyd edilmiş və həmin peşələrin vəzifə funksiyaları sadalanmışdır. Həmin funksiyalardan da görünür ki, iddiaçının çalışdığı peşələrin əsas funksiyaları məhz neft buruqlarına xidmət göstərilməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Beləliklə, yuxarıda göstərilən araşdırılmalar, cavabdehin irəli sürdüyü arqumentlərin əsassız olduğuna dəlalət edir. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu 14 mart 2025-ci ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 14 mart 2025-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar