Məhkəmə qərarları › İş №2-1(112)-1475/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1475/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1475/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami bələdiyyəsi) «cavabdehin imtinasının qanunsuz sayılması və torpaq sahəsinə icarə hüququnun qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və torpaq sahəsinə icarə hüququnun qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006 ci il tarixli 10 sayli qərarı və 18 mart 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsi verildiyi gündən hal-hazıradək iddiaçının (İddiaçı) istifadəndədir. İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinin icarə hüququ əsasında dövlət qeydiyyatına alınması və icarə hüququ əsasında reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi 16 apel 2021-ci il tarixdə müraciətə 02/478 saylı məktubla cavab olaraq bildirmişdir ki, Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 sayli sərəncamı və həmin sərəncama əlavə edilmiş Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2000-ci il tarixli ayric aktina əsasən Baki şəhəri Nizami Bələdiyyəsinə ayrilacaq torpaq sahələrnin koordinatlari müəyyən edilmişdir. Azərbaycan Respublikasi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Baki ŞİH-in sərəncamına və Baki ŞİH Memarliq və Şəhərsalma Baş İdarəsinin ayric aktına əsasən Baki şəhəri Nizami Bələdiyyəsinə ayrilan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrilan torpaq sahəsinə aiddir. Həmçinin Bakı şəhəri Nizami Bələdiyyəsinin 16 aprel 2021-ci il 02/478 saylı məktubunda göstərilmişdir ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasi Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. Həmçinin həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin Səlahiyyətinə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüqüqlarını təstiq edən sənədlər bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci madəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüqüqların dövlət qeydiyyati torpaq sahələri üzrərində hüquqlarını təstiq edən bələdiyyə qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmalıdır. Bu səbəbə görə də iddiaçının istifadəsində olan torpaq sahəsinə icrarə hüqüqu əsasinda reyestrdən cıxarışın alinmasi üçün DƏDRX-ə müraciət olunmasi bildiriİmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinin ayrilmasina dair bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçünü, dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etməklə müraciət etmişdir. Lakin cavabdeh orqan heç bir əsas gətirmədən sənədlərin qəbul etməsindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 2.2.2, 8.1.1, 33, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənənin qərardadı ilə Bakı şəhəri Nizami bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə ünvanlanmış 30 avqust 2021-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilmişdir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı 10 iyul 2020-ci il və 3 iyun 2021-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının müraciətində 7 iyul 2020-ci il tarixdə əlavə edilmiş protokoldan çıxarışın qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 23 oktyabr 2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə dair icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı, torpaq sahəsi yaşayış binasının ümumi istifadəsində olan yaşıllıq ərazisində yerləşmiş və hasarlanma, mərzçəkmə işləri aparılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 25 sentyabr 2020-ci il və 7 iyun 2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 22-ci bəndinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Üçüncü şəxs Bakı şəhəri Nizami bələdiyyəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı ona Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli qərarı əsasında ayrılmış və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən, ümumi sahəsi 360 kv.m olan torpaq sahəsini bələdiiyə ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir. İddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 sylı sərəncamı və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami bələdiyyəsinə ayrılan 330 ha torpaq sahəsinin ərazisində yerləşir. Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktında göstərilən koordinatlara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xəritə hazırlanmışdır. Bakı şəhəri Nizami bələdiyyəsi göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinə icarə müqaviləsi əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsinə etiraz etmir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə proses iştirakçılarına məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərlənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nizami rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası üçün beş dəlil gətirmişdir: 1) 7 iyul 2020-ci il tarixli protokoldan çıxarışın qanunvericiliyə uyğun olmadığının müəyyən edilməsi; 2) Bələdiyyə torpaqlarının yalnız açıq torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilməsinin mümkünlüyü; 3) Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmaması; 4) bələdiyyə qərarına və müqaviləyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin olmaması; 5) Torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi və hasarlama, mərzçəkmə işlərinin aparılmaması. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları diqqətə çəkir: Məhkəmə icraatında iddiaçı tərəf torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarınə təqdim etmişdir, tərəflər inzibati icraatda 7 iyul 2020-ci il tarixli protokolla bağlı aşkar olunmuş xüsusatları məhkəmə icraatında bildirməmişlər. Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 15 mart 2006-cı il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmənin iş üzrə 18 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə həmin bələdiyyənin mülkiyyətində olan ərazi hüdudlarında yerləşməsinin və torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 18 mart 2022ci il tarixli 10/6803 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: - (Tədqiqatın nəticəsi) Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə və hazırda bələdiyyənin mülkiyyətində olan ərazi hüduqlarında yerləşməsi və torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Göründüyü kimi, məhkəmə icraatında tədqiq olunmuş 18 mart 2022-ci il tarixli ekspet rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin ayrılan dövrdə bələdiyyə mülkiyyətində olması təsdiqlənir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı inzibati orqan Nizami bələdiyyəsi tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati aktı kimi 15 mart 2006-cı il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir. Torpaq sahəsinin yaşıllıq ərazisində yerləşməsi, ümumi hasar daxilində yerləşməsinə gəldikdə isə, bu hal ona hüququnun qeydiyyat alınmamasına əsas vermir. İmtinada vurğulanan “mərzçəkmə işlərinin aparılmaması” dəlili də əsassızdır, çünki, bu hal həm iddiaçının iradəsindən asılı deyil, həm də cavabdehin səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyi bələdiyyə mülkiyyətində olan, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıbaparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hansı ki, hazırkı mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Nizami bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinin icarə əsasında İddiaçı ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının ona istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası formal mülahizələrə istinad olunan sayılmaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmalı, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılsın. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar