Məhkəmə qərarları › İş №2-1(112)-1475/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1475/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1475/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Lakin iddiaçı bunu əsassız hesab edir və belə qənaətə gəlir ki, onun işlədiyi müddət əmək kitabçasında əks olunduğundan, həmin dövrlər sığorta stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əmək kitabçasının və digər sənədlərinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 16 il 11 ay 8 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 16 il 5 ay 8 gün sığorta stajına uyğun olaraq 16564,60 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 732,55 manat olmaqla ümumilikdə 17297,15 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 518 saylı Tikinti Quraşdırma idarəsində olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 518 saylı Tikinti Quraşdırma idarəsinin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün iddiaçının həmin müəssisədə xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda sözügedən dövr üzrə iddiaçının əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etməklə təkrar müraciət ediləcəyi təqdirdə həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Lakin iddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orduda xidmət etmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazın məzmununa uyğun cavab verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin (o cümlədən, 518 nömrəli Tikinti Quraşdırma İdarə) bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34,34 faizi özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan 65,66 faiz səhmlərin isə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda nəzərinizə çatdırılır ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı aşkar edilmədi. Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 518 saylı Tikinti Quraşdırma ¡dərəsinə dair məlumat mövcud deyildir. Məlumat uçun bildirilir ki, 518 saylı Tikinti Quraşdırma Qatarı (sonradan Azərnəqliyyatyoltikinti ASCnın 518 saylı Tikinti Quraşdırma Qatarı) 14 iyun 1996-cı il tarixindən statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Respublika Modelçilik Texniki İdman Klubu və “BİS Ko" kiçik müəssisəsi müvafiq olaraq 31 iyul və 16 sentyabr 1996-cı il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 5 dekabr 2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə Azərnəqliyyatyoltikinti Dövlət Şirkətinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və hazırda cəmiyyətin səhmlərinin 65.66 %-i dövlət mülkiyyətindədir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı aşkar edilmədi. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi izahatdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi iki hala istinad etmişdir: -iddiaçının ümumi iş stajının 25 ildən az olması; -xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2023-cü il tarixdən 31 iyun 2024-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1959-cu il tarixdə doğulması və xx.xx.2024-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Lakin, ümumi iş stajına münasibətdə Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tələb olunan 25 il ümumi staj ilə bağlı şərtə cavab vermir. Ümumi iş stajı ilə bağlı Məhkəmə aşağıdakiların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bu tələbin əsaslandırılması üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. İddiaçı həmin sənədə istinad edərək xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 518 nömrəli Tikinti Quraşdırma İdarəsində fasiləsiz əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etmiş və həmin dövrün nəzərə alınmaqla, onun 25 ildən çox ümumi iş stajının olduğunu bildirmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixinədək yaranmış əmək pensiyası hüquqlarının müəyyən edilməsi zamanı əmək kitabçası mühüm sübutlardan biri hesab olunur. Lakin bu o demək deyildir ki, əmək kitabçasında olan hər bir qeyd istisnasız olaraq etibarlı və şübhəsiz sübut sayılmalıdır. Əmək kitabçasındakı məlumatlar yalnız o halda hüquqi nəticə doğura bilər ki, onlar obyektiv faktlara əsaslansın, mötəbərliyi şübhə doğurmasın və təqdim olunan digər sübutlarla ziddiyyət təşkil etməsin. İş üzrə aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 518 saylı Tikinti Quraşdırma İdarəsinin bazasında "xxxx" Dövlət Şirkəti əsasında yaradılmış Açıq Səhmdar Cəmiyyətə dair xx.xx.2000-ci il tarixli, 336 nömrəli Dövlət Əmlakı Nazirliyinin sərəncamına əsasən özəlləşdirmə prosesi həyata keçirilmiş və bu zaman tərtib olunmuş emissiya prospektinə əlavə edilmiş rəsmi işçilər siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmin sənəd həmin dövrdə müəssisədə faktiki çalışan şəxslərin tam siyahısını əks etdirir. Məhkəmə bildirir ki, hətta nəzərə alsaq ki, iddiaçının adının özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında aşkar edilməməsi onun təqsiri ilə bağlı olmasa belə, iddiaçının məhkəmə iclasında verdiyi izahatlar əsasında həmin qeydlərin mötəbərliyi şübhə doğurmuşdur. Belə ki, məhkəmə iclası zamanı iddiaçıya həmin siyahıda adı olan şəxslərlə bağlı suallar ünvanlanmış, onların vəzifələri barədə məlumat istənilmiş, lakin iddiaçı bu şəxsləri tanıdığını əsaslandıra bilməmiş, təqdim edilən şəxsiyyət vəsiqələrini də vizual olaraq tanıya bilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən əmək kitabçasındakı qeyd ilə bağlı hər hansı arxiv sənədi, əmək müqaviləsi, əmək haqqı cədvəli və ya digər sübutlar təqdim olunmamışdır. Qanunvericilik əmək kitabçasında qeydlər olmadıqda və ya həmin qeydlərin mötəbərliyi şübhə doğurduqda alternativ sübutlara arxiv arayışları və digər rəsmi sənədlərə, əsaslanmağı mümkün hesab edir. Belə olan halda əmək kitabçasında iddiaçının 518 nömrəli Tikinti Quraşdırma İdarədə əmək fəaliyyəti müddətinin hansı məlumatlar əsasında doldurulması sual doğurur. Göründüyü kimi, iddiaçının qeyd olunan müəssisədə işləməsi təkzibolunmaz sübutlarla təsdiqlənmədiyindən həmin qeydlərin aid olduğu dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək toplanmış sığorta stajı cəmi 16 il 5 ay 8 gün təşkil edir. Bu staj əsasında hesablanmış indeksləşdirilmiş pensiya kapitalı 16,564.60 manat, 2022–2023-cü illərdə qeydə alınmış əlavə kapital isə 732.55 manat olmaqla ümumi pensiya kapitalı 17,297.15 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə (Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 6-1ci maddəsinin əvvəlki redaksiyası), yaşa görə əmək pensiyası hüququ yalnız o halda yaranır (staj ilə bağlı hissəyə cavab vermədikdə) ki, şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı həmin dövr üçün müəyyən olunmuş minimum pensiya məbləğini təmin etsin. İddiaçının 65 yaşı tamam olduğu dövr üçün qüvvədə olan minimum pensiya məbləği 280 manat olmaqla, iddiaçının toplanmış kapitalı bu göstəricini qarşılamadığı üçün onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının 25 il ümumi iş stajı olmadığından, həmçinin fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı tələb olunan normadan az olduğundan, eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar