Məhkəmə qərarları › İş №2-1(112)-14754/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14754/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14754/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin həkətsizliyi ilə bağlı tədbir görülməsi” barədə iddia tələbinə dair iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşlarının hərəkətsizliyi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin hərəkətsizliyini göstərən öhdəliklərinin yerinə yetirilməməsi, 2(103)-1620/2021 və 2(006)-1410/2019 saylı işlər üzrə qəbul edilmiş yekun qərar icra edilməyib. 3 il baxılmadan saxlanılıb. Nəsimi rayon Məhkəməsinin icra məktubu ilə 13 iyul 2021-ci il tarixdə Nəsimi İcra Şöbəsinə göndərilib. Nəsimi rayon Məhkəməsinin 2(006)-1410/2019- saylı xx.xx.2019 saylı icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilməyib. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı daha iki iddiası vardır: Ədliyyə Nazirliyinə qarşı (Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevdən şikayət) iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə mümkünlük məsələsinə baxılması ilə əlaqədər məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur (hakim Ləman Musayeva). Ədliyyə Nazirliyinə qarşı (3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Kəmalə Hüseynzadədən və Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru Murad Xudaverdiyevdən şikayət) inzibati orqanın öhdəliklərinin yerinə yetirilməsi və qərarların icrası tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş üzrə mümkünlük məsələsinə baxılması ilə əlaqədər iclas xx.xx.2025-ci il tarixə təyin olunmuşdur (hakim Həmid Ağalarov). Həmçinin qeyd olunur ki, İddiaçı bundan əvvəl də Ədliyyə Nazirliyinə qarşı çoxsaylı, o cümlədən yuxarıda qeyd olunan tələblərə oxşar məzmunlu (müraciətlərinə baxılmaması, şikayət ərizələrinin araşdırılmaması, bununla bağlı hərəkətsizliyə son qoyulması və müraciətlərinə baxılması, icra məmuru bərasində qərar qəbul olunması, öhdəliklərin yerinə yetirilməsi) iddialarla Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-3289/2024 nömrəli (hakim Rüstəm Kərimli), xx.xx.2024-cü il tarixli 2-1(112)- 5539/2024 nömrəli (hakim Elvin Əliyev) və xx.xx.2024-cü il tarixli 2-1(112)-7767/2024 nömrəli (hakim Tural Məlikov) qərardadları ilə iddiaları mümkün hesab edilməmişdir. Eyni zamanda hazırkı məsələ rayon məhkəməsində də mübahisələndirilmişdir. Belə ki, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 “icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından Nəsimi rayon Məhkəməsinə şikayət vermiş, lakin Məhkəmənin 8(006)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Həmin qərarlar (barəsində şikayət verilənlər) yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin rayon məhkəməsində X3 qarşı iddia qardıraraq ünvan 1 ünvanda S.Rəhimov tərəfindən bağlanmış qapı oyuğununun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işdə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1410/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iş üzrə verilmiş icra sənədi xx.xx.2019-cu il tarixdə həmin rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri ilə qapı oyuğu əvvəlki vəziyyətinə qaytarılaraq məhkəmə qərarı tam icra olunmuş və iş üzrə xx.xx.2019-cu il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçı Ədliyyə Nazirliyinin əməkdaşlarının hərəkətsizliyindən narazıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının Ədliyyə Nazirliyinə, nazirliyin əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən şikayətlə bağlı hər hansı müraciətinin olması görünmür. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı Ədliyyə Nazirliyinin əməkdaşlarının hərəkətsizliyi dedikdə icra işi üzrə icra məmurunun hərkətsizliyini nəzərdə tutur. İnzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarında, həmçinin qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır" (1.1- 2.2-ci bəndlər). İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1,6.2 və 7-ci bəndlər). Hazırkı halda iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının məqsədi artıq icra olunaraq icraatına xitam verilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1410/2019 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “icra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən qərarında ifadə edilən hüquqi mövqeyində göstərilir: “Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırkı iş üzrə iddiaçının məqsədi icra qurumunun icra icraatı çərçivəsindəki hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu halda, bunu inzibati məhkəmə icraatı qaydasında deyil, icra vərəqəsini vermiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində aidiyyəti icra qurumunun hərəkətsizliyinin qanuniliyinin yoxlanılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq şikayət verməklə mübahisələndirə bilər. Belə ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, bununla bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə - Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. İstinad edilən Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələri çıxış edirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Aparılmış təhlilin nəticəsinə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin məntiqi davamı olaraq, icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar