Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1476/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisələrə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 11 saylı evin, 19 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasınıi xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********80 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ərizəyə əlavə edilmiş 1 saylı, xx.xx.1960-cı il tarixli orderdə qeyd olunan mənzilin xidməti olduğu qeyd olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 11 saylı evin, 19 saylı mənzilinin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Əlavə olaraq, təqdim olunmuş orderdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 11 saylı evin, 19 saylı mənzilinin sahəsi 33.6 kv.m. olan 2 (iki) otaqlı olduğu göstərilsə də, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq ümumi sahəsi 88.75 kv.m olan 4 (dörd) otaqlı olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, hazırda yoldaşı X10, qızı X7, nəvəsi X1 və nəvəsi X9 ilə birgə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 1 ünvanında yaşayış sahəsi əldə etmək hüququ, çalışdığı "xxxx" Müəssisə tərəfindən 18 dekabr 1980-ci il tarixdə İddiaçı adına verilmiş xidməti çıxarış (order) əsasında yaranmışdır. 18 dekabr 1980-ci il tarixli xidməti çıxarışın (order) məzmunundan aydın olur ki, o və ailə üzvləri Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, bina 11, mənzil 19 ünvanında yaşayış sahəsi əldə etmək hüququ əldə etmişlər. Mənzilə dair mülkiyyət hüquqlarının adına qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-M0414-8/2024 saylı imtina məktubunda təqdim edilmiş orderdə qeyd olunan mənzilin xidməti olduğu, müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim ediləcəyi təqdirdə müraciətinə baxılacağı göstərilmişdir. Cavabdeh formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İş yeri üzrə xidməti orderlə verilmiş mənzilə dair mülkiyyət hüquqlarının adına qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın təqdim olunması üçün əsas hesab edilən sərəncamın verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə daha əvvəl müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cti il tarixli, 5-20/2- K-54-091/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, AR Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order əsasında verilməsi və ya mövcud olan xidməti orderlərin sərəncamla daimi rəsmiləşdirilməsi nəzərdə tutulmadığından müraciətinin təmin edilməsi Suraxanı Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Həmçinin, Azərbaycan Respublikası "xxxx" Səhmdar Cəmiyyəti 2 saylı Müəssisə tərəfindən, Suraxanı rayonu, Hövsan qəsəbəsində (hazırki H.Quliyev küçəsi), bina 11, mənzil 19-a dair verilmiş 18 dekabr 1980-ci il tarixli 1 nömrəli Xidməti Çıxarışın (order) İddiaçı adına daimi çıxarışa keçirilməsi barədə 05 may 2023-cü il tarixli sərəncam mövcuddur. Həmçinin onunla eyni binada yaşayan digər mənzil sahiblərinə xidməti order əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması hallarına dəfələrlə rast gəlinmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan X6 Soveti İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 19 nömrəli protokolunun arxiv çıxarışından görünür ki, PMK-20 2 nömrəli trestin rəhbərliyinin İddiaçı 2 nəfər ailəsi (özü, arvadı, qızı) Hövsan qəsəbəsi, 12/13 məhəllədə yerləşən 2 otaqlı mənzilə köçürülməsi barədə vəsatət təmin edilmiş, ailə yataqxanasının dair İddiaçı adına order yazılması qərar alınmış, orderə adı daxil edilmişdir:
1. İddiaçı Mizə oğlu;
2. X10;
3. X8. İşdə olan Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, 1 nömrəli xidməti orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı sahəsi 33,6 kv.metr olan 19 saylı mənzil yaşamaq üçün İddiaçı verilmiş, orderdə iddiaçı ilə yanaşı X4, X2 və X5 adları qeyd edilmişdir. İşdə olan daşınmaz dövlət əmlakı haqqında registrdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 816) balansında olan ünvan 3 ünvanında yerləşən yaşayış binası dövlət əmlakının registrində qeydiyyata alınmışdır. "xxxx" Səhmdar Cəmiyyəti 2 saylı Müəssisənin xx.xx.2023-cü il tarixli, 09/19 nömrəli sərəncamından görünür ki, ünvan 4 ünvanında yerləşən 19 nömrəli mənzilə verilmiş 18 dekabr 1980-ci il tarixli 1 nömrəli xidməti çıxarış (order) İddiaçı adına daimi çıxarışa (orderə) keçirilməsi qərara alınmışdır. İşdə olan 104 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli, 422 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 6 ünvanında yerləşən 19 nömrəli mənzil 8 girişli, 5 mərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşir. Soldan 2-ci qapıdır. Girişin koordinatı: X=421575,392 Y=4468099,210. Təqdim olunmuş sənədlərdə ərizəçiyə məxsus iki yaşayış otağı qeyd olunmuş, faktiki isə ərizəçi 4 yaşayış otağından istifadə edir. Hüquqmüəyyənedici sənəd üzrə 2 otaq – yaşayış sahəsi 33.6 kv.metr, faktiki 4 otaqyaşayış sahəsi 59,85 kv.metr, ümumi sahəsi isə 88,75 kv.metr təşkil edir. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli, 3-52- 13-11/2-46/2024 nömrəli məktubundan görünür ki, sözügedən ünvana xidmət göstərən ünvan 7diyyəti üzrə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, X/103 saylı əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 11 saylı binanın 33,6 kv.m sahədən ibarət 2 otaqlı 19 saylı mənzili xx.xx.1980-ci il tarixli 1 nömrəli xidməti orderlə vətəndaş İddiaçı (4 nəfər ailə tərkibilə) istifadəsindədir. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, istifadəsində olan mənzilə mülkiyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən Qanunun 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş sərəncam və ya order, yaxud bağlanmış kirayə müqaviləsinin təqdim edilməsini zəruri şərt kimi müəyyən etmişdir. İşdən müəyyən olunur ki, iddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının məhz xx.xx.1980-ci il tarixli order əsasında qeydiyyatını həyata keçirmək istəsə də, onun həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı mənzilin hazırki vəziyyətdə xidməti mənzil olması səbəbi ilə həyata keçirilə bilməz. Belə ki, bir daha qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın: 2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. 2.3. Kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsinin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 2.4. Kirayə müqaviləsinə görə bir tərəf xidməti yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 2.5. Kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 3.1. Xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. Mövcud qanunvericiliyin tələblərinə əsasən, xidməti mənzillərin özəlləşdirilməsi hüquqi cəhətdən mümkün deyildir. Çünki belə mənzillər xüsusi təyinatlı əmlak kateqoriyasına daxil olmaqla müvafiq dövlət və ya ictimai qurumların əməkdaşlarının müvəqqəti istifadəsi üçün nəzərdə tutulmuşdur. Onların şəxsi mülkiyyətə çevrilməsi isə qanunla qadağan olunmuşdur. Hazırki iddia predmeti olan mənzilin də xidməti mənzil statusuna malik olması səbəbindən (xidməti order əsasın iş yerindəmn verilmişdir), onun üzərində mülkiyyət hüququnun əldə edilməsi və qeydiyyat prosedurunun həyata keçirilməsi hüquqi əsaslardan məhrumdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova