Məhkəmə qərarları › İş №2-1(112)-14760/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14760/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14760/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının X1rşı “protokolun və qəbul ediləcək qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin MN ******* saylı xx.xx.2023-cü il tarixli protokolunun və protokola əsasən qəbul ediləcək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin MN №1519370 saylı xx.xx.2023-cii il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati cərimə edilməsi qərara alınmışdır. Lakin qərar qanunamüvafiq olaraq, iddiaçıya rəsmi qaydada təqdim olunmamışdır. Mübahisələndirilən qərar barədə məlumat alınması üçün AQTA-a müraciətlər edilmişdir. Tərəfindən icra məmuruna bununla əlaqədar rəsmi müraciət edildikdən sonra müvafiq qərarı icra məmurundan əldə etmidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 117.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəllənin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. AQTA inzibati xəta üzrə işə baxarkən və qərar çıxararkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı MMC, yəni iddiaçının iştirakını təmin etməmişdir. Bununla da işin faktiki halları düzgün təhlil edilməmiş, iş lazımi qaydada və obyektiv araşdırılmamış, lazımi sübutlar təqdim edilmədiyindən işə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qərarda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciət əsasında idxal olunan qida məhsulu partiyasının sertifıkatlaşdırılmadan satışının həyata keçirilməsi və RB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 336/FN nömrəli qərarın icra edilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür laktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Əlavə olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. AQTA iddiaçını dinləməmiş, iş materiallarını araşdırmadan işə baxmışdır ki, bu da qərarın ləğv olunması üçün əsaslardan biridir. Müvafiq gömrük sənədləri mövcud olmuş, göndərilmiş məbləğin müqabilində malların Azərbaycan Respublikasına idxal olunması ilə bağlı gömrük bəyannamələri tərtib olunmuş və müvafiq banka göndərilmişdir.

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

8. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəziifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

9. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokolu mübahisələndirir.

10. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati xəta haqqında protokolu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı barəsində qəbul edilmiş həmin inzibati xəta haqqında qərardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd).

13. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar