Məhkəmə qərarları › İş №2-1(112)-14775/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14775/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14775/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nikoloyevnanın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağçılıq sahəsi ünvanında yerləşən 29 saylı 5 sot torpaq sahəsinin Dövlət Reyestri Xidmətindən keçirmək öhdəliyinin vəzifə olaraq cavabdehə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində iddiaçıya ayrılmış 500 kv.metr sahəsi olan 29 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 7/417 saylı, 29 iyul 1988-ci il tarixli qərarına əsasən hərbiçiləri bağ sahəsilə təmin etmək üçün Xəzər (keçmiş Əzizbəyov) rayon Türkan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. N saylı hərbi hissənin nəzdində bağçılıq-yoldaşlıq cəmiyyəti 4 dekabr 1987-ci ildə 1 saylı Protokol əsasında təşkil edilmişdir. 20 aprel 1988-ci il tarixli 8 saylı Protokola əssasən “Çayka” bağçılıq-yoldaşlıq kollektivinin üzvlərindən A.N.Famiçeva üzvlükdən imtina etmiş və həmin tarixli Protokolla iddiaçı “Çayka” bağçılıq-yoldaşlıq kollektivinə üzv qəbul olunmuşdur. 28 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 35497 nömrə ilə uçota alınmaqla A-467028 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDX-n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 29 saylı bağın bölgü sxemi tərtib edilmişdir. İş materiallarına əlavə olunan bağçılıq və yoldaşlıq kollektivinin siyahısında 41 sıra sayında görünür ki, A.N.Famiçov bağçılıq-yoldaşlıq kollektivinin üzvü olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021 saylı çıxarışın surətindən görünür ki, eyni statuslu torpaq sahəsi üzrə cavabdeh tərəfindən qonşu bağ üzrə mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa, “Çayka” bağçılıq-yoldaşlıq cəmiyyətinin bölgü sxemi idarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən 5 bağ bir hasar daxilindədir, ara mərz nişanları yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş 4 dekabr 1987-ci il tarixli 1 saylı Protokola əsasən N saylı hərbi hissənin nəzdində bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmışdır. Surəti iddia ərizəsinə əlavə edilmiş 20 aprel 1988-ci il tarixli 8 saylı Protokola əssasən “Çayka” bağçılıq-yoldaşlıq kollektivinin üzvlərindən A.N.Famiçeva üzvlükdən imtina etmiş və iddiaçı həmin bağçılıq-yoldaşlıq kollektivinə üzv qəbul olunmuşdur. Surəti iddia ərizəsinə əlavə edilmiş xx.xx.1990-cı il tarixli üzvlük kitabçasına əsasən iddiaçıya Türkan bağçılıq sahəsində 0.05 ha sahəyə malik 29 saylı bağ sahəsi ayrılmışdır. İddia ərizəsinə sözügedən bağ sahəsinə dair bölgü sxemi əlavə edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda Bakı Şəhər X3 İcraiyyə Komitəsinin 1988-ci ilə dair qərarlarının Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmadığı bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 7/417 saylı qərarının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 7/417 saylı qərarına əsasən Xəzər (keçmiş Əzizbəyov) rayon Türkan qəsəbəsində hərbiçilərə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda N №-li hərbi hissənin sənədlərinin Mərkəzi Arxivində olmadığından xx.xx.1987-ci il tarixli ümumi yığıncağın protokolu barədə məlumatın verilə bilmədiyi bildirilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının adına Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 29 saylı bağ sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş, 35497 nömrə ilə uçota alınmış A№467028 Torpaq sahəsinin planı və ölçüsü sənədi və “Qağayı” bağçılıq yoldaşlığı birliyinin İdarənin arxivində mövcud olan üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. A № 467028 saylı torpaq sahəsinin plan-ölçü sənədinə əsasən həmin plan-ölçü Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 7/147 saylı qərarı və “Çayka” b/y-ın xx.xx.1988-ci il tarixli 8 saylı protokolu ilə iddiaçıya ayrılmış Xəzər rayonu, Türkan bağ massivində 500 kv.m sahəyə malik 29 saylı bağın tikintisi üçün tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə uçota alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (29 saylı bağ sahəsi kimi) sənəd üzrə 0,05 ha olsa da, faktiki olaraq 0,0529 ha təşkil edir. Bağ sahəsi 26,27,28 və 30 saylı bağ sahələri ilə ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir (darvaza var). Torpaq sahəsində ikimərtəbəli yaşayış evi və tövlə tikilisinin bir hissəsi yerləşir (tövlə tikilisinin qalan hissəsi 30 saylı bağ sahəsinin ərazisində yerləşir). Vahid elektron kadastr baza məlumatlanna əsasən 5 bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları yoxdur. Sahə “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan başqa, “Çayka" bağçılıq-yoldaşlıq cəmiyyətinin bölgü sxemi idarənin arxivində aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bağçılıq-yoldaşlığın ayrıc aktı daxilindədir. Yuxarıda qeyd olunduğu kimi göstərilən torpaq sahəsi (29 saylı bağ sahəsi kimi) sənəd üzrə 0,05 hektar olsa da, faktiki olaraq 0,0529 ha təşkil edir. Bağ sahəsi 26,27,28 və 30 saylı bağ sahələri ilə ümumi hasar daxilində yerləşir, ara sərhədlər şərtidir (darvaza var). Torpaq sahəsində ikimərtəbəli yaşayış evi və tövlə tikilisinin bir hissəsi yerləşir (tövlə tikilisinin qalan hissəsi 30 saylı bağ sahəsinin ərazisində yerləşir). Vahid elektron kadastr baza məlumatlarına əsasən 5 bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları yoxdur. Sahə “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, 4 dekabr 1987-ci il tarixli 1 saylı Protokolla N saylı hərbi hissənin nəzdində bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmış və 20 aprel 1988-ci il tarixli 8 saylı Protokolla “Çayka” bağçılıq-yoldaşlıq kollektivinin üzvlərindən A.N.Famiçeva üzvlükdən imtina etmiş və iddiaçı həmin bağçılıq-yoldaşlıq kollektivinə üzv qəbul olunmuşdur. İddiaçının adına Türkan bağ massivində 500 kv.m torpaq sahəsinə dair plan-ölçü tərtib edilmişdir. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçı qeyd edilən sənədlərə əsaslanaraq mülkiyyət hüququnun qeydə alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan başqa, “Çayka” bağçılıq-yoldaşlıq cəmiyyətinin bölgü sxemi idarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən 5 bağ bir hasar daxilindədir, ara mərz nişanları yoxdur. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd edir ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi onun bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olmadığı mənasına gələ bilməz. Belə ki, sözügedən bağçılıq cəmiyyətinin üzvü olan başqa bir şəxs üzvlükdən çıxdıqdan sonra iddiaçıya üzvlük verilmiş və ona müvafiq kitabça təqdim edilmişdir. İddiaçının adının köhnə siyahında olmaması və yeni siyahının tərtib edilməməsi iddiaçının təqsiri deyil və bu hal onun ziyanına şərh edilə bilməz. Eyni zamanda, bağların bölgü sxemi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir və həmin sənədin mötəbərliyi məhkəmədə şübhə doğurmur. Həmçinin, 5 bağın bir hasar daxilində olması və ara mərz nişanlarının olmaması hazırkı iş üzrə əhəmiyyət daşımır. Belə ki, həmin torpaq sahəsinə dair iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənəddən görünür ki, plan və ölçü sənədi Bakı şəhəri XDS İK-nın xx.xx.1988-ci il tarixli qərarı və “Çayka” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli protokouna əsasən tərtib edilmişdir. Plan və ölçü sənədinə torpaq sahəsinin koordinatları əlavə edilmişdir. Göründüyü kimi qeyd edilən imtina əsasları formal xarakterə malikdir və iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Sözügedən bağ sahəsi uzun müddətdir ki, iddiaçının etirazsız qanuni sahibliyində və istifadəsindədir, ora başqa şəxsin müraciəti yoxdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində iddiaçıya ayrılmış 500 kv.metr sahəsi olan 29 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində İddiaçı Nikoloyevnaya ayrılmış 500 kv.metr sahəsi olan 29 saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar