Məhkəmə qərarları › İş №2-1(112)-14778/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14778/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14778/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış sahəsinin (mənzil) təyinatının qeyri-yaşayış sahəsi kimi dəyişdirilməsi ilə əlaqədar sərəncam vermək vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşayış sahəsinin (mənzil) təyinatının qeyri-yaşayış sahəsi kimi dəyişdirilməsi ilə əlaqədar sərəncam vermək vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Nizami RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yerləşən, 44 nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri Nizami RİH-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzil “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmiş 03 fevral 2025-ci il tarixli, ********** №li qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd olunan əmlak mənzil kimi qeyd olunsa da uzun müddətdir ki, 60,30 kv. metrdən ibarət sahə tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Adıçəkilən sahə 1-ci mərtəbədə yerləşməklə yaşayış sahəsinə ayrıca giriş-çıxışı mövcuddur. Yəni göstərilənlər mənzilin statusunun yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməyə tam imkan verməklə mənzilin hüquqi statusunun qeyri-yaşayış sahəsi kimi tanınması məqəsədəuyğundur. Göstərilənlərə əsasən o, Nizami RİH-yə müraciət edərək, mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmiş, lakin müraciəti müsbət həllini tapmamışdır. Hesab edir ki, Nizami RİH tərəfindən göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Nizami RİH tərəfindən məhkəməyə təqdim olunmuş 10 sentyabr 2025-ci il tarixli 5-16/2-1396/2025 №li iddia tələbinə dair yazılı mülahizədə göstərilmişdir ki, məhkəmənin 18 avqust 2025-ci il tarixli, 2-1(112)-14778/2025 №-li sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, Nizami rayonu, Azər Manafov küçəsi, 14 saylı binanın 44-cü mənzilinin mülkiyyətçisi İddiaçı RİH-yə müraciət edərək mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Qeyd edilən məsələ ilə bağlı əməkdaşları tərəfindən ünvana baxış keçirilən zaman sözügedən mənzildə müvafiq icazəverici sənədlər olmadan pəncərə oyuğunun sökülərək qapı oyuğu ilə əvəz olunduğu və digər yenidənqurma və yenidən planlaşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur. Mənzildə yenidən planlaşdırma və ya yenidənqurma işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22.1.3, 24.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6cı maddələrində nəzərdə tutulan sənədləri, şəhərsalma haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi, tikinti norma və qaydalarına uyğun aparılması (dayanıqlılığı və möhkəmliyi) barədə müvafiq qurumların rəyini Nizami RİH-yə təqdim etmədiyindən, ona Mənzil Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq imtina cavabı verilmişdir. İddiaçı icraat qaydalarını pozaraq mənzildə ilk olaraq yenidənqurma və yenidən planlaşdırma işlərini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə əsasən aparmalı idi. Lakin, iddiaçı rayon icra hakimiyyətinə yenidənqurma və yenidən planlaşdırma işlərini aparmaq üçün müraciət etmədən, həmin işləri gizli surətdə özbaşına aparmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2 maddəsinin tələbləri həmin məcəllənin 23-26-cı maddələrinə əməl etməyi şərtləndirir. İddiaçı Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş yenidənqurma və yenidən planlaşdırma layihəsini, mənzilin yerləşdiyi binanın mərtəbəli planını və Mənzil Məcəlləsinin 21.2.4, 24.2.1-24.2.4- cü maddəsində nəzərdə tutulan digər sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən yaşayış sahəsinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına əməl olunub-olunmamasını müəyyənləşdirmək imkan xaricində olmuşdur. Qeyd olunan yenidənqurma və yenidən planlaşdırma işləri gizli aparıldığından və bu barədə müvafiq qurumların rəyi alınmadığından konstruktiv dəyişikliklərin tikinti norma və qaydalarına uyğun aparılıbaparılmaması, yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunub-olunmamasını müəyyən etmək imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1 və 23.2-ci maddələrində mənzilin texniki pasportunda dəyişiklik edilməsini şərtləndirən konstruktiv dəyişikliklər edildiyindən vətəndaşa bildirilmişdir ki, Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan mənzilin mövcud vəziyyətini özündə əks etdirən Texniki Pasport və binanın mövcud vəziyyətinə uyğun mərtəbəli planı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş sənədləri RİH-yə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İddiaçı qeyd edilən sənədləri təqdim etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiyi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yerləşən, 60,30 kv. metrdən ibarət olan 44 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nizami RİH tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı əməkdaşları tərəfindən ünvana baxış keçirilən zaman xüsusi mülkiyyətində olan Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 14 saylı binanın 44 nömrəli mənzilində müvafiq qurumların icazəverici sənədləri olmadan qapı oyuğunun açılaraq yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması müəyyən olunmuşdur. Faktla əlaqədar olaraq tərəflərindən akt tərtib edilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzilin mövcud vəziyyətini özündə əks etdirən Texniki Pasport, AR Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən tələb olunan sənədləri və yükdaşıyan divarların etibarlılığı (dayanıqlığı və möhkəmliyi), habelə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə AR FHN DYNX-dən verilmiş müvafiq rəy RİH-yə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. “X2” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 301 saylı mütəxəssis rəyində göstərilmişdir ki, baxışa təqdim edilən, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzil 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşməklə mövcud vəziyyəi üzrə “My Sport” adı altında idman malları mağazası kimi fəaliyyət göstərir. Tədqiq olunan obyektin ümumi sahəsi 60,30 kv. metr sahədən ibarətdir. Bundan əlavə qeyri-yaşayış sahəsinin həyətyanı sahədən giriş-çıxış qapısı da vardır. Sahənin əsas küçə istiqamətində girişi mövcuddur, giriş birbaşa küçədən təmin edilmişdir və giriş - çıxış sözügedən qapı vasitəsilə həyata keçirilir. Qeyd olunan hallar nəzərə alınmaqla mütəxəssis rəyində aşağıdakı nəticəyə gəlinmişdir. - Aparılan tədqiqatlara əsasən, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yeləşən 44 saylı mənzil hazırda (“My Sport” İdman Malları) qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. - Tədqiq olunan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yeləşən 44 saylı mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadəsi Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” qaydalarından irəli gələn tələblərə uyğundur. Bu onunla izah olunur ki: - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və ayrı-ayrılıqda küçəyə iki giriş-çıxış qapıları vardır. - Sözügedən sahə mənzilin tərkib hissəsi kimi deyil, ayrıca qeyri-yaşayış sahəsi kimi istifadə olunur; - Həmin sahə xüsusi mülkiyyətdədir; - 20.3. Mübahisəli sahə binanın birinci mərtəbəsində yerləşir; - 20.4 Sözügedən sahə **********97-05101-093013 nömrəli Çıxarışla İddiaçı xüsusi mülkiyyətindədir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Maddə 25. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina. 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 25.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 25.3. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 26. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması. 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Maddə 27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə 35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 35.5. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Bu Məcəllənin qüvvəyə mindiyi günədək mövcud olan obyektlərə digər şəxslərin gediş-gəlişinin təmin edilməsi üçün zəruri olan hallarda torpaq sahəsinin yüklülüyünə qadağa qoyulmasına yol verilmir. Torpaq sahəsinin məhdud istifadə hüququ ilə yenidən yüklü edilməsi torpaq sahəsinin belə yüklülüyünü tələb edən şəxslə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında olan razılaşma ilə müəyyən edilir. Torpaq sahəsinin ondan məhdud istifadə hüququ ilə yüklülüyünün müəyyən edilməsi və bu yüklülüyün şərtləri ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 35.6. Çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanı. Bənd 1.2.-ci. Həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə Bənd 3.9.6. Yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi iddiaçının hüquqi marağı özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olan çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən yaşayış sahəsinin (mənzil) qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq inzibati aktın (sərəncam) qəbul edilməsindən ibarətdir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin İİİ fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtinanın dəlillərinə nəzər yetirdikdə görünür ki, imtinada formal əsaslara (sahənin faktiki vəziyyətini əks etdirən texniki pasportun təqdim olunması və yükdaşıyan divarların etibarlığı (dayanıqlığı və möhkəmliyi) və yanğın təhlükəsizliyi ilə bağlı müvafiq rəylərin təqdim edilməsi) istinad etmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi istər yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmə, istərsə də qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilmənin proseduru, keçirilmə əsasları, imtina əsasları konkret olaraq qanunvericiliklə müəyyən edilmişdir. Qanunvericilikdə həmin prosedurun qanunvericilikdə mövcud olmaması və ya bu prosesin şifahi tapşırığa əsasən dayandırılması deyilməsi, Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” adlanan, özündə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina kimi ad verilən 20-22-ci maddənin həmin Məcəllədə sanki mövcud olmaması təzahürü yaradır. Halbuki göstərilən formada keçirilmənin əsasları, şərtləri, qaydası, imtina əsasları konkret olaraq sadalanmış, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan həmin məsələnin digər əsaslardan (imtinada göstərilən) asılılığı müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbindən də göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin, mülkiyyət hüquqlarını əks etdirən çıxarışda və texniki pasportda olan vəziyyətdə mənzildən qeyri-yaşayış sahəsinə keçirilməsini arzulayır ki, məhz adıçəkilən səlahiyyət yerli icra hakimiyyəti orqanının müstəsna səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan kimi bu səlahiyyətlərə malik olduğundan o, inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçıların arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin məhkəməyə təqdim olunmuş İddiaçı qzının müraciəti əsasında aparılmış inzibati icraat materiallarından müəyyən olunur ki, hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan həmin mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir ki, maneəsiz qeyri-yaşayış sahəsi kimi istifadəsi də məhkəmə hesab edir ki, nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, hazırki iddia təmin olunmalıdır. İPM-nin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yerləşən, 44 nömrəli yaşayış sahəsinin (mənzil) təyinatının dəyişdirilərək, qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam qəbul edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar