Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14781/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyətinin “Evin sökülərək yenidən tikintisinə icazə verilməsi haqqında” 780 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən Nəsimi rayonu, 1015- 1030-cu məhəllə, İnqilab küçəsi, 2 saylı evin 226“a” saylı mənzilinin sahibi İddiaçı müraciəti, xx.xx.2000-ci il tarixli, ÖM seriyalı qeydiyyat vəsiqəsi, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, U-23 saylı məktubu nəzərə alınaraq, ona məxsus fərdi yaşayış evinin (ümumi torpaq sahəsi 670 kv.m) sökülüb, yenidən tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinin Ayrıc aktı tərtib edilmişdir. Sənaye müəssisələri, kommunal, hidrotexniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən xx.xx.2002-ci il tarixli rəyinin 8-ci qrafasında qeyd edilmişdir: Torpaq sahəsinin sahəsi 670 kv.m, torpaq sahəsinin əvvəllər istifadəsi yaşayış evi, sahənin ətraf əraziyə və bu ərazidəki tikililərə münasibətdə yerləşməsi – qərbdən məhəllə daxili yolla, qalan hissələrdən isə qonşu evləri və həyət sahələri ilə əhatə olunub. Daşınmaz əmlakın reyestr nömrəsi **********15-10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 13-cü keçid, 1-ci döngə, ev 226A ünvanında yerləşən 336.93 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd edilən ünvanda yerləşən 0.02141 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısımda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər teqdim edilməmişdir. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubu (№ 5-2/1253-30/4-00247/2025) qanunsuz hesab edilərək, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 13-cü keçid, 1-ci döngə, ev 226A ünvanında yerləşən fərdi yaşayış evi altında olan 670 kv.m torpaq sahəsinin və həyətyanı torpaq sahəsi üzərinə onun mülkiyyəti kimi tanınmasına və dövlət reyestrində qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubunun qanunsuz hesab edilməsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 670 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 13- cü keçid, 1-ci döngə, ev 226A ünvanında yerləşən fərdi yaşayış evinin qanuni sahibidir. Sözügedən əmlak üzrə xx.xx.2012-ci il tarixli çıxarış mövcuddur. Həmin yaşayış evi və onun yerləşdiyi 670 m2 həyətyanı torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 780 nömrəli Sərəncamı, Memarlıq-Planlaşdırma göstərişləri, X1 İdarəsinin rəyi, sanitariya orqanlarının rəyi və ayrılmış torpaq sahəsinin planı əsasında tikilmişdir. Bütün bu sənədlər təsdiq edir ki, torpaq sahəsi onun qanuni istifadəsinə verilmişdir. xx.xx.2025-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh məktubunda (№ 5-2/1253-30/4-00247/2025) torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim olunmadığını əsas gətirərək müraciətini rədd etmişdir. Bu rədd cavabı həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Çünki torpaq sahəsi qanunvericiliyin birbaşa göstərişi əsasında onun mülkiyyətinə verilib və bu hüquq artıq qanunla təsbit olunub. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 670 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinə imtina cavabı vermiş, imtina məktubunun və iddiaya dair etirazın dəlilləri ondan ibarətdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısımda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər teqdim edilməmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyətinin “Evin sökülərək yenidən tikintisinə icazə verilməsi haqqında” 780 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən Nəsimi rayonu, 1015- 1030-cu məhəllə, İnqilab küçəsi, 2 saylı evin 226“a” saylı mənzilinin sahibi İddiaçı müraciəti, xx.xx.2000-ci il tarixli, ÖM seriyalı qeydiyyat vəsiqəsi, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, U-23 saylı məktubu nəzərə alınaraq, ona məxsus fərdi yaşayış evinin (ümumi torpaq sahəsi 670 kv.m) sökülüb, yenidən tikintisinə icazə verilmişdir. Göründüyü kimi, həmin Sərəncamda yenidən tikintisinə icazə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər ... Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.8-ci bəndinə əsasən yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Göründüyü kimi, qanunverici yaşayış evi tipli mənzilin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarları hüquqmüəyyənedici sənəd kimi qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın imtinası formal tələblərə əsaslanır. Belə ki, mübahisələndirilən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olan Bakı Şəhər İcra Hakimiyyətinin “Evin sökülərək yenidən tikintisinə icazə verilməsi haqqında” Sərəncamı mövcuddur və həmin Sərəncamda torpaq sahəsinin ölçüsü qeyd edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 670 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-14781/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14781/2025
02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver