Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14787/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Polisi İdarəsinə qarşı «vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Polisi İdarəsinə qarşı «vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 24 sentyabr 2023-cü il tarixdə saat 11:30 radələrində ona məxsus olan “Mersedes Benz” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Mərdəkan şossesi istiqaməti üzrə hərəkətdə olduğu zaman dövlət qeydiyyat nişanı **-YP-*** olan avtomobili idarə edən yol patrul əməkdaşları tərəfindən saxlanılmışdır. Yol patrul əməkdaşları planşet vasitəsilə yoxlanış apardıqdan sonra, avtomobilin sərnişinlər əyləşən hissəsinə baxış keçirərək oturacaqların sayının avtomobilin texniki pasportunda 9 olmasına baxmayaraq reallıqda 8 olması səbəbindən avtobili dayanacağa aparılacağını tələb etmişlər. İddiaçı bu məsələyə etiraz etmişdir. O, yol patrul əməkdaşları tərəfindən video və ya səs yazısı aparılmasını tələb etsə də, nəticə olmamışdır. Mobil telefon vasitəsilə 102 və 902 xidmətlərinə məlumat vermişdir. Protokol tərtib etdən sonra əraziyə Çevik Polis xidmətinin əməkdaşları çağırılmış və iddiaçıya ona məxsus avtomobilin məcburi şəkildə aparılacağı bildirilmişdir. Yol patrul əməkdaşları avtomobili dayanacağa yerləşdirdikdən sonra isə iddiaçı onlardan müvafiq akt və yaxud polis işçilərinin imzası ilə təsdiq olacaq sənəd tələb etmişdir. Lakin ona hər hansı sənəd verilməmişdir. 24 sentyabr 2023-cü il tarixdən 4 oktyabr 2023-cü il tarixədək 11 gün ərzində dəfələrlə 902 və 102 telefon xidmətinə müraciət etsə də, heç bir fayda olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən qanunla qayda pozuntusu varsa yerində cərimə edilib daha sonra duracaqa qoyulmalı idi. Lakin yol patrul əməkdaşları avtomobili qanunsuz olaraq 24 sentyabr 2023-cü il tarixdə hec bir ölçü cihazından istifade etmədən, 11 gündən sonra 3 oktyabr 2023-cü il taixdə mühərriki nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı kimi (həmin Məcəllənin 342.5-ci maddəsi üzrə) İXP ******* saylı protokol tərtib olunmuşdur. Pol patrul əməkdaşı hec bir cihazdan istifadə etmədən, hec bir müayinə ilə müəyyən edilməyən xaric olan qazların miqdarında norma pozuntusunu aşkar etdiyi halda, hansı səbəbdən avtomobili duracağa qoymuşdur, halbuki bu qanuna ziddir. Dövlət nömrə nişanı **-YP-*** olan avtomobili idarə edən yol patrul əməkdaşlarının qərarları və davranışı qanunsuzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən qanunla qayda pozuntusu varsa yerində cərimə edilib daha sonra duracaqa qoyulmalı idi. Yol patrul əməkdaşları avtomobili qanunsuz olaraq 24 sentyabr 2023-cü il tarixdə hec bir cihazdan istifade etmədən, hec bir müayinə mərkəzinə müəyyənləşməyən xaric olan qazların miqdarında norma pozuntusunu aşkar etdiyinə görə qanunsuz olaraq şifahi BPİ-nin X1 İdarəsi əvvəlcədən təyin olunmuş otagına çağırılmağına görə, daynacağa qanunsuz yerlədirdiyi halda bu barədə hec bir sənəd vermədiyindən, video və audio görüntü və ya səs yazandan istifdadə etməməsi və ya düzgün istifadə etməməsi, kobud rəftarı, etik davranış kodeksi çərçivəsindən kənara çıxması 11 gündən sonra 3 oktyabr 2023-cü il taixdə qərəzli protokol tərtib olunmasına, iddiaçının azyaşlı övladının qarşısinda şərəf və ləyaqətinin alçaldılacaq tərzdə davranışına görə uşağının qorxu və sarsıtı keçirməsinə görə İPM-in 2.2.7, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına saslanaraq, dövlət qeydiyyat nişanı **-YP-*** olan avtomobili idarə edən yol patrul əməkdaşlarının qərarları və davranışı nəticəsində vurulmuş ziyana görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmsı barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Polisi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı 24 sentyabr 2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz” VİTO 111 CDİ minik markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən konstruksiya dəyişikliyinə görə YPX inspektoru tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol və tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab olunur ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrin inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmasını imperativ qaydada deyil, dispozitiv qaydada müəyyən edir, yəni qanunla başqa icraat qaydası nəzərdə tutulmayıbsa, mübahisəyə inzibati-iqtisadi məhkəmədə baxılır. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi Mülki Prosessual Məcəllənin və İnzibati Xətalar Məcəlləsinin normalarına işarə edir. Təbii ki, inzibati hüquqpozmalardan irəli gələn və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən münasibətlər də publik (ümumi) hüququn bir hissəsidir. Bu göndərici normanın 2.1-ci maddədə əks olunmadığı təqdirdə inzibati xətalarla bağlı işlər inzibati-iqtisadi məhkəmələr tərəfindən baxıla bilərdi. Lakin inzibati xətalar ilə bağlı münasibətlər öz təbiəti baxımından repressiv xarakterli olduğundan və inzibati-hüquqi tələblərin pozulması (inzibati xətalar) ilə bağlı yarandığından «İnzibati icraat haqqında» Qanunla tənzimlənən münasibətlər növündən fərqlidirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən bu işlər üzrə qərardan şikayət və ya protest təbiətinə görə inzibati-prosessual sahədə verilən şikayətdən fərqlidir. Birinci halda inzibati tənbeh tətbiq olunmuş iş üzrə məhkəmə nəzarəti qaydasında şikayət verilir, ikinci halda isə inzibati mübahisə ilə bağlı şikayət ilkin inzibati iddia qaydasında verilir. «İnzibati icraat haqqında» Qanunun 72.1-ci maddəsinə görə inzibati aktlardan məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Qanunun 72.5-ci maddəsinə əsasən isə belə şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Göründüyü kimi, inzibati aktdan verilən şikayət qanunverici tərəfindən inzibati iddia adlandırılır və 72.5-ci maddəyə əsasən bu məsələ İPM ilə tənzimlənir. Bundan başqa İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ciil tarixli 5 nömrəli qərarının 7.2-ci bəndinə əsasən «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cianyət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırki mübahisə inzibati xəta haqqında işdən yarandığından inzibati icraat qaydasında baxılması yolverilməzdir. Kompensasiya ilə bağlı hər hansı müraciət olmamış, olsa belə yuxarıda qeyd olunduğu kimi bu növ işlərə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 7.2-ci bəndində göstərilmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. İPM-in 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə İddiaçı iddiasında cavabdehin (onun vəzifəli şəxslərinin) inzibati xətalara dair işlər fəlaiyyəti ilə bağlı qanunsuz qərarı (hərəkəti) nəticəsində ona dəymiş ziyana görə 10.000 manat kompensasiyanın ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi inzibati orqanın hər hansı inzibati icraat çərçivəsində deyil, inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı qərarı və ya hərəkəti nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir ki, iddia qaldırılmamışdan əıvvəl inzibati orqana müvafiq məzmunda müraciət olunub-olnmamasından asılı olmayaraq bu tələb inzibati məhkəmə icraatının predmeti kimi çıxış edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-14787/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14787/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver