Məhkəmə qərarları › İş №2-1(112)-14787/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14787/2025

09.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14787/2025 09.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “istefada olan hərbi qulluqçu kimi mənzil növbəsinə alınma və müvəqqəti kirayə xərclərinin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifada olan hərbi qulluqçu kimi onun Bakı şəhəri Nizami rayonu üzrə mənzil növbəsinə alınması, ona və ailə üzvlərinə 2025-ci ilin aprel ayı daxil olmaqla müvəqqəti kirayə xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin may ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində işə başlamışdır. Xidmət yeri Bakı şəhəri olduğundan Bakı şəhəri Nizami Rayonunda mənzil kirayə müqaviləsi bağlayaraq AR Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası almışdır. 2024-ci ilin sentyabr ayında səhəttində yaranmış xəstəliklə əlaqədar ikinci qrup əlilik dərəcəsi alaraq istefaya buraxılmışdır. İstefaya buraxıldıqdan sonra onun müvəqqəti mənzil kirayə xərclərinin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən veriləcəyi ona bildirilmişdir. O da sənədlərini Naxçıvan Şəhər İcra Hakimiyyətinə təqdim etmişdir. 2025-ci ilin mart ayı da daxil olmaqla mənzil kirayə haqqını aldıqdan sonra ona verilən mənzil kirayə haqqı dayandırılmışdır. 03 iyun 2025-ci il tarixli məktubla istefada və ehtiyyatda olan yaşayış sahəsi olmayan hərbi qulluqçulara müvəqqəti kirayə xərclərinin ödənilməsi üçün təqdim etdiyi sənədlər üzrə mənzil müqaviləsi üzrə yaşayış ünvanı Bakı şəhəri olduğundan Naxçıvan şəhər icra Hakimiyyəti başçısının 20 may 2025-ci il tarixli, 67 nömrəli sərəncamı ilə mənzil uçotundan çıxarıldığı və mənzil kirayə haqqının ödənilməsinin dayandırıldığı bildirilmişdir. İddiaçı uzun müddətdir ki, ünvan 2 ünvanında yaşayır və həmin mənzili kirayəyə götürmüşdür. Bundan sonra mənzil kirayə xərcinin ödənilməsi üçün müvəqqəti qeydiyyatda olduğu və yaşadığı rayon üzrə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən 17 iyul 2025-ci il tarixli imtina məktubunda ona məxsus şəxsiyyət vəsiqəsinə görə yaşayış yerinin ünvan 3 ünvanı olması səbəbindən ora müraciət etməli olması bildirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixində keçirilmiş və məhkəmə qərarı xx.xx.2026-cı il tarixində elan edilmişdir. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək həmçinin bildirdi ki, o Naxçıvan şəhərində qeydiyyatda olsa da, əvvəldən Bakı şəhərində yaşamışdır. Hərbi xidmətdən buraxılmazdan əvvəl onun hansı ərazidə yaşaması ilə bağlı hərbi hissə komandanlığı tərəfindən onun fikri soruşulmayıb və bu barədə hər hansı icra hakimiyyəti qarşısında vəsatət qaldırılmayıb. Lakin, hazırda o, Bakı şəhərində yaşayır və bununla bağlı kirayə müqaviləsi də var. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X1 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək bildirdi ki, iddiaçının qeydiyyat ünvanı Naxçıvan şəhəridir. Bu səbəbdən onun yaşayış yeri də Naxçıvan şəhəri hesab edilməlidir. Hazırkı iş üzrə cavabdeh iddiaçının mənzil uçotuna alınması vəzifəsi daşıya bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur və o, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda istefada olan mayor İddiaçı yaşayış yerini Naxçıvan şəhərindən kənarda seçdiyi üçün “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci hissəsinin 4-cü abzasına əsasən mənzil uçotundan çıxarıldığı və ona müvəqqəti mənzil kirayəsi üzrə ödənişin verilməsinin dayandırıldığı bildirilmiş və onun mənzil uçotundan çıxarılması ilə bağlı əsas sənədlər məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən X4 ünvan 6 ünvanında yerləşən mənzili iddiaçıya kirayəyə vermişdir. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli arayışına əsasən iddiaçı ailəsi ilə birlikdə ünvan 7 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli 67 nömrəli sərəncamından çıxarışa əsasən iddiaçı mənzil uçotundan çıxarılmış və ona müvəqqəti kirayə xərclərinin ödənilməsi dayandırılmışdır. Bakı şəhəri Cavabdeh məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciəti əsasında toplanmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli imtina məktubunda yaşayış yerinin ünvan 5 ünvanı olduğundan ona aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Naxçıxvan MR, Naxçıvan şəhəri, Ə.Əliyev, ev 6, mənzil 10-da, xx.xx.2009-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, A.Neymətulla küçəsi, ev 50, mənzil 14-də, xx.xx.2012-ci il tarifdən hazıradək Naxşıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 36, mənzil 29 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin Şəxsi X2 Sistemində xx.xx.1984-cü il təvəllüdlü İddiaçı adı keçmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istefada olan hərbi qulluqçu kimi mənzil növbəsinə alınma və müvəqqəti kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir (1.1). Həmin Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər (2.1). Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdənburaxıldıqları,hərbihissəninsiyahılarından çıxarıldıqları,hərbi təhsil müəssisələri ndən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (3.). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir (12.1). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. (12.2). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İddiaçı iddia tələbində istefada olan hərbi qulluqçu kimi onun Bakı şəhəri Nizami rayonu üzrə mənzil növbəsinə alınması, ona və ailə üzvlərinə 2025-ci ilin aprel ayı daxil olmaqla müvəqqəti kirayə xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Cavabdeh iddiaçının tələbinin təmin edilməsindən yaşayış yerinin Naxçıvan MR olması əsası ilə imtina etmişdir. Qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinin məzmundan görünür ki, hərbi qulluqçular yaşa görə ehtiyata buraxılmalarına 3 il qalmış onlar buraxıldıqdan sonra harada yaşayacaqlarını müəyyən etməli və bu barədə hərbi hissə komandanlığına məlumat verməlidirlər. Bu barədə onların xidmət etdikləri hərbi hissənin komandanlığı tərəfindən müvafiq ərazi üzrə icra hakimiyyətinə vəsatət verilməlidir. Hərbi qulluqçular ehtiyata buraxıldıqdan sonra seçdikləri yaşayış yeri üzrə yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilməlidirlər. Sözügedən normada işlədilən “seçdikləri yaşayış yeri” ifadəsi hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxıldıqdan sonra daimi yaşamaq niyyətində olduğu inzibati-ərazi vahidini ehtiyata buraxılmasından üç il əvvəl komandanlıq qarşısında öz iradəsi ilə müəyyən etməsi mənasını daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2024-cü ilin sentyabr ayından istefaya buraxılmış, qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülərək bir müddət mənzil kirayə xərcləri ödənilmiş, lakin müvafiq sərəncam əsasında mənzil uçotundan çıxarılmış və mənzil kirayə haqqının ödənilməsi dayandırılmışdır. İddiaçı hazırda xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsaslanaraq yaşayış yerinin ünvan 6 ünvanı olduğunu bildirir və bu səbəbdən cavabdeh tərəfindən mənzil uçotuna götürülərək mənzillə təmin olunana qədər kirayə xərclərinin ödənilməsini istəyir. Qeyd edilməlidir ki, məhkəmə iclasında iddiaçıdan ehtiyata buraxılmazdan əvvəl hərbi hissə komandanlığı tərəfindən seçilmiş yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırılıb-qaldırılmadığı barədə sual verilmiş, iddiaçı isə belə bir vəsatətin qaldırılmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının ehtiyata və ya istefaya buraxıldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada seçdiyi yaşayış yeri mövcud olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (2). Yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3). Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının hərbi xidmətdən buraxılmazdan əvvəl seçdiyi yaşayış yeri hələ mövcud olmamışdır, onun yaşayış yerinin (dolayısı ilə seçdiyi yaşayış yerinin) müəyyən edilməsində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun nüddəaları nəzərə alınmalıdır. Belə ki, Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçının qeydiyyat yeri ünvan 5 olduğundan onun yaşayış yeri də həmin ünvan hesab edilməlidir. İddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra yaşayış yeri (qeydiyyatda olduğu yer) üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil uçotuna götürülmüş və kirayə xərcləri ödənilmişdir. İddiaçı da bunu qəbul etmiş, yəni yaşayış yerinin məhz qeydiyyatda olduğu yer olması ilə razılaşmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı məhz qeydiyyatda olduğu yer üzrə mənzil uçotuna götürülməli və mənzil kirayə xərclərinin ödənilməsi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməlidir. Bu baxımdan, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur və iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “istefada olan hərbi qulluqçu kimi mənzil növbəsinə alınma və müvəqqəti kirayə xərclərinin ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar