Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14793/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı13, İddiaçı5, X2, İddiaçı31, İddiaçı29 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı10 Əlxas oğlu, İddiaçı3, İddiaçı13, İddiaçı17, İddiaçı19, İddiaçı6, İddiaçı30, İddiaçı29, İddiaçı21, İddiaçı24, İddiaçı7 Böyükağa qızı, X3, İddiaçı4, İddiaçı14, İddiaçı15, İddiaçı5, İddiaçı8, İddiaçı11, İddiaçı12, İddiaçı16, İddiaçı18, İddiaçı20, İddiaçı22, İddiaçı23, İddiaçı25, İddiaçı26, İddiaçı27, X7 və İddiaçı31 cavabdeh Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bayırşəhər məhəlləsi, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və M. Əliyev küçəsi ilə Nizami küçələrinin arasında yerləşən evlərin tikintisi və söküntüsü ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın ləğv olunması və cavabdehin bu cür hərəkətlərinə son qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar xx.xx.2025-ci il tarix məhkəmə iclasında ərizə təqdim edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 73 saylı sərəncamının Xüsusi Mühafizə Zonasında yerləşən iş üzrə iddiaçıların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə, eyni zamanda sökülməsi qanunla qadağan edilən və iddiaçıların xüsusi mülkiyyətində olan sahələrlə əlaqəli olan mədəni-tarixi abidələrə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 2014-cü ildən bu günə kimi Bakı şəhər İcra Hakimiyyəti işçiləri iddiaçıları tez- tez incidirlər. Hər dəfə bir təşkilat adıyla gələrək evlərin ölçüsünü apararaq evləri sökmək niyyətindədirlər. Bir neçə nəfərdən ibarət qrup özlərini təqdim etmədən, şəxsiyyət vəsiqələrini göstərmədən dövlət ehtiyacı üçün mənzillər alınması adı ilə evlərdə ölçü işləri apararaq, sakinləri yaratdıqları ofislərinə çağırırlar. Sakinlərə evlərini satmaq üçün mənəvi və psixoloji təsir göstərirlər. Ərazidə çox saylı evlər tarixi və mədəniyyət abidəsidir və onu qorumaq hər bir vətəndaşın borcudur. Eləcə də, demək olar ki, bu ərazidə qəzalı vəziyyətdə evlər yoxdur. Qədim Bakıın tarixinin kiminsə maddi maraqları naminə qurban verilərək məhv edilməsi tarixə və Konstitusiyaya ziddir. Həmin ərazi Baş planda (Bakı 2040) Mərkəzi planlaşdırma rayonu kimi göstərilən Xüsusi Mühafizə zonasıdır. Burdan belə nəticəyə gəlmək olur ki, Xüsusi Mühafizə Zonasına daxil olan ərazidə heç bir bina sökülə bilməz, onlar bərpa və ya rekonstruksiya edilməlidir. Hər hansı binanın tarixi mədəni əhəmiyyətinin olub-olmamasının siyahıya salınması İcra hakimiyyəti orqanının səlahiyyətində deyil. Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş Bakının Baş planına (Bakı şəhəri -2040) zidd olan, sökülməsi nəzərdə tutulmayan X4 bu ərazinin məhv edilməsi yolverilməzdir və qorunub saxlanılması zəruridir. Aidiyyəti qurumlara edilən kollektiv çoxsaylı müraciətlərə cavablar verilmişdir ki, həmin ərazidə söküntü yox, təmir bərpa işləri aparılacaqdır. Eyni zamanda müraciətlərə ziddiyyətli cavablar da verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan çoxsaylı imzalarla müraciətlər Yasamal Rayon İcra Hakimiyyətinə göndərilir. Cavab məktublarında göstərilmişdir ki, Bakının Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və M.Əliyev küçəsi ilə Nizami küçələrinin arasında yerləşən yerləşən yaşayış sahələri qeyd edilən qərarin təsiri dairəsinə düşmür. Həmin ünvanların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarından sonra həyata keçiriləcəkdir. Gələcəkdə həmin ünvanlar söküntü mərhələsinə düşərsə, qanunvericiliyin tələblərinə uyğun olaraq orada yaşayan sakinlərə bildiriş göndəriləcək, eyni zamanda həmin binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülcəkdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 2025ci il tarixli, 73 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 24 aprel 2025-ci il tarixli, 3-23/3-1- 270/2025 nömrəli Əmrinin əlavəsi ilə Bakı şəhəri, Yasamal rayonunun Azərbaycan prospektinin, Nizami, R.Quliyev, N.Aşurbəyova, M.F.Axundzade, Ç.Mustafayev və M.Əliyev küçələrinin əhatəsindəki 13,7 ha ərazisində abadlıq işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, bank və notarial əməliyyatların aparılması, həmçinin qiymətləndirmə və söküntü işlərinin həyata keçirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır. Ayrılmış vəsaitlə qeyd olunan ünvanlarda köçürülmə işlərinin təşkil edilməsi məqsədilə qərara alınmışdır ki, Yasamal Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonunun Azərbaycan prospektinin, Nizami, R.Quliyev, N.Aşurbəyova, M.F.Axundzadə, Ç.Mustafayev və M.Əliyev küçələrinin əhatəsindəki 13,7 ha ərazisində abadlıq işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, bank və notarial əməliyyatların aparılması, həmçinin qiymətləndirmə və söküntü işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 24 aprel 2025-ci il tarixli, 3-23/3-1- 270/2025 nömrəli Əmri ilə Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin olunsun və ayrılmış vəsaitlə qanunvericiliyə uyğun şəkildə 13,7 ha ərazidəki yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin müvafiq qaydada aparılmasını, həmçinin ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin etsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının 18 iyul 2025-ci il tarixli 130 saylı sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 2025-ci il tarixli, 73 nömrəli Sərəncamında qeyd olunan, Yasamal rayonu ərazisindəki köçürülmə proqramına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşdiyi ünvanlara “Azərbaycan prospekti, Süleyman Rəhimov, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Nabat Aşurbəyova, Balababa Məcidov və Həmidağa Hüseynzadə küçələrinin əhatəsinə düşən 19.4 ha ərazi” də əlavə edilmişdir. İddiaçılar hazırda Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 73 saylı sərəncamının Xüsusi Mühafizə Zonasında yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə, eyni zamanda sökülməsi qanunla qadağan edilən və iddiaçıların xüsusi mülkiyyətində olan sahələrlə əlaqəli olan mədəni-tarixi abidələrə aid hissədə ləğv edilməsini xahiş edilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İstinad olunan normadan görünür ki, inzibati aktın ləğv edilməsi üçün, inzibati akt: -qanuna zidd olmalı; - iddiaçının hüquqlarını pozmalıdır. Qanunazidd, yəni qanunsuz inzibati aktın anlayışı isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Deməli, iddiaçıların onlar üçün əlverişsiz olduğunu iddia etdikləri xx.xx.2025-ci il tarixli sərəncamın ləğv edilməsi üçün müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli sərəncam qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsi və bu pozuntunun iddiaçıların hüquqlarını pozub pozmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən: -3. Yerli icra hakimiyyəti başçısının vəzifələri: 3.7.3. məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görür; 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir; 3.11.6. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir; -4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.2.6. şəhərin, rayonun və şəhər rayonunun sosial-iqtisadi və mədəni inkişafını təmin etmək məqsədi ilə ayrılan büdcə və digər maliyyə vəsaitinin sərəncamçısı olmaq, bank hesabları açmaq, büdcə vəsaitindən və digər vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti həyata keçirmək; 4.2.7. müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək; 4.11.5. tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək; 4.11.9 dövlət büdcəsindən ayrılan vəsait hesabına sosial və infrastruktur obyektlərinin tikintisi barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına təkliflər vermək; -4.17. Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətləri: 4.17.1. şəhərin iqtisadi, sosial inkişaf və ekoloji proqramlarının, bu Əsasnamənin 7.5ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər almaq; 4.17.2. şəhərin vahid inzibati ərazi kimi idarə olunması, ümumşəhər məsələlərinin səmərəli həlli, şəhərin sosial-iqtisadi inkişafı məsələlərinin və səlahiyyətlərinə aid olan digər məsələlərin həllini təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirmək; İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyəti orqanı ərazinin abadlaşdırılması, bu məqsədlə müvafiq işlərin təşkili səlahiyyətlərinə malikdir. İşdən görünür ki, iddiaçıların mübahisələndirdiyi sərəncam onların mülkiyyətində olan fərdi yaşayış evlərinin söküntüsü ilə bağlı deyil, həmin ünvanda yerləşən evlərin köçürülməsi ilə bağlı təşkilati işlərin həyata keçirilməsi ilə bağlı olmuşdur, hansı ki, həmin səlahiyyətlərin Yasamal Rayon icra Hakimiyyəti tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Yəni iddiaçıların mübahisələndirdiyi sərəncam onların mülkiyyətində olan daşınmaz əmlakın söküntüsü ilə bağlı olmamaqla, təşkilati və hazırlıq xarakterli işlərin kim tərəfindən həyata keçirilməsini müəyyən edən inzibati aktdır, iddiaçılar üçün əlverişsiz nəticə yaratmamışdır. Belə olan halda aydındır ki, yerli icra hakimiyyəti orqanının tikinti və abadlaşdırma sahəsində müvafiq təşkilati işlərin həyata keçirilməsi səlahiyyəti olduğundan və sərəncamda tikintinin sökülməsi ilə bağlı hər hansı göstəriş olmadığından həmin sərəncamın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi və iddiaçıların hüquqlarını pozması nəticəsinə gəlmək mümkünsüzdür. Məhkəmə onu da qeyd edir ki, işin araşdırılan hallarından görünür ki, iddiaçıların bir neçəsinə məxsus yaşayış sahələri sökülmüş və ya qonşuluqda yerləşən yaşayış sahələrinin sökülməsi nəticəsində yarasız hala düşmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı sərəncam mübahisəli ərazidə cavabdeh və ya onun sifarişçi təşkilat kimi təyin etdiyi qurum tərəfindən söküntü fəaliyyətinin həyata keçirilməsi üçün əsas deyil, deməli, aparılmış həmin söküntü işləri qanuni əsas olmadan həyata keçirilmişdir. Bu isə iddiaçıların həmin söküntünü həyata keçirən şəxslərin qanunsuz hərəkətlərini mübahisələndirmək, kompensasiyanın ödənilməsi tələbinin irəli sürmək üçün hüquqi əsas yaradır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz hərəkətləri nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin xx.xx.2025-ci il tarixli sərəncamının ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-14793/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14793/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver