Məhkəmə qərarları › İş №2-1(112)-1480/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1480/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1480/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “usta” məharət dərəcəsinə görə əlavənin pensiyasına hesablanaraq yeni X1 Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinə dair cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Tibb xidməti polkovnik leytenantı rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir. 2000-2022-cu illər ərzində 21 (iyirmi bir) təqvim ili müddətində fasiləsiz olaraq həqiqi hərbi xidmət keçib. 28 mart 2022-ci il tarixində Müdafiə Nazirinin müvafiq əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə” nin “v” bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2019-cu ildə keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə ona “Usta” məharət dərəcəsi verilmişdir. Sonradan məharət dərəcəsini dəyişməmiş və yaxud ondan məhrum olunmamışdır. Lakin ehtiyata buraxılan zaman ona pensiya hesablanarkən “usta” məharət dərəcəsi nəzərə alınmamışdır. Bununla bağlı 9 may 2022-ci il tarixində cavabdeh orqana rəsmi şəkildə müraciət etsə də, qanunla müəyyən olunmuş müddət ərzində heç bir cavab almayıb. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edildiyi kimi, 2019-cu ildə keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə ona “usta”məharət dərəcəsi verilmişdir və xx.xx.2022-ci il tarixində Müdafiə Nazirinin müvafiq əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xəcliyi (pul təminatı) pul təminatı - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 17 fevral 1994-cü il tarixli, 67№-li Qərarına əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət dərəcəsinə görə aylıq vəzifə maaşına müvafiq əlavələr müəyyən edilmişdir. Deməli, qanunvericilyin tələblərinə əsasən, ehtiyata buraxılarkən mənə pensiya hesablanması zamanı məharət dərəcəsinə görə əlavənin də hesablanmasını tələb etmək qanunla təsbit olunmuş hüququdur. Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə əsasən, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin orqanlar tərəfindən Fonda göndərilməlidir. O da cavabdehə rəsmi şəkildə müraciət edərək “usta “məharət dərəcəsinə görə əlavənin pensiyasına hesablanaraq yeni X1 Sosial Müdafiə Fonduna göndərilməsini xahiş etmişdi. Lakin cavabdeh orqan qanunla müəyyən olunmuş müddət ərzində mənə heç bir cavab verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən, şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: -3-cü məharət dərəcəsi; -2-ci məharət dərəcəsi; -1-ci məharət dərəcəsi; -Usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi) Həmin Əsasnamənin 27-ci bəndinə əsasən, sınaqların nəticələrinə görə məharət dərəcəsini təsdiq etdirməyən, həmçinin məharət dərəcəsinin verilməsindən sonra keçən müddət ərzində intizam qaydasında cəzalanan hərbi qulluqçuların məharət dərəcəsi bu Əsasnaməyə uyğun olaraq, müvafiq vəzifəli şəxsin əmri ilə faktiki hazırlıq səviyyəsinə uyğun aşağı salınır. Sınaqlarda üzrsüz səbəbdən iştirak etməyən hərbi qulluqçular (uçuş heyətindən başqa), müvafiq vəzifəli şəxsin əmri ilə məharət dərəcəsindən məhrum edilirlər (uçuş heyəti hərbi qulluqçularının məharət dərəcəsi eyni səbəbdən bir pillə aşağı endirilir). Həmin Əsasnamənin 37.4-cü maddəsinə əsasən, hərbi qulluqçunun məharət dərəcəsindən məhrum edilməsi və ya onun aşağı endirilməsi müvafiq vəzifəli şəxsin əmri ilə elan edilir. Deməli, Əsasnamənin tələblərinə görə əgər hətta hər hansı bir səbəbdən müvafiq sınaqlara buraxılmasaydı belə məharət dərəcəsi faktiki hazırlıq səviyyəsinə uyğun olaraq aşağı salınmalı idi, yox əgər üzrsüz səbəbdən sınaqlarda iştirak etməmişdisə, məharət dərəcəsindən məhrum edilməliydi və faktiki hazırlıq dərəcəsinə görə məharət dərəcəsi saxlanılmalı idi. Belə bir fakt və bunu təsdiqləyən hər hansi vəzifəli şəxsin əmri də yoxdur. Lakin cavabdehin bu məsələdə mövqeyi qanunsuzdur.Çünki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Belə olduğu təqdirdə qanunvericiliyin tələblərinə əsasən, cavabdeh öz vəzifə borcuna görə ona nə zaman “usta” məharət dərəcəsi verilməsini, əgər ondan məhrum olunmuşdursa və yaxud məharət dərəcəsi aşağı salınmışdırsa, bunun nə zaman və hansı səbəbdən baş verməsini öz vəzifə borcuna görə araşdıraraq həqiqəti üzə çıxarmalı və ədaləti bərpa etməli idi. Lakin göründüyü kimi cavabdeh ümumiyyətlə heç bir cavab verməmişdir. Ən əsası, bu günkü reallıq ondan ibarətdir ki, ona 2019-ci ildə verilmiş “usta” məharət dərəcəsi qüvvvədədir, onun aşağı salınmasına və ya ondan məhrum olunmağına dair hər hansı vəzifəli şəxsin rəsmi bir əmri də yoxdur. Belə olduğu təqdirdə cavabdeh qüvvədə olan “usta”məharət dərəcəsinə görə əlavənin pensiyama hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna məlumat verməlidir ki, o da bundan qanunsuz şəkildə imtina edir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməməklə hüquqlarımı kobud şəkildə pozur, onun bu məsələdə mövqeyi qanunsuz, əsassız və ədalətsizdir. Ona görə də hesab edir ki, pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır.

3. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə xəstəlik haqqında şəhadətnaməyə əsasən “Xəstəliklər cədvəli”nin 62 ”b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

4. 250 nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən Tibb xidməti polkovnik-leytenantı İddiaçı Füzuli oğlu, urolo-ginekologiya bölməsinin rəisi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 28 mart 2022-ci il tarixli 0254 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə iş və vəzifəsini təhvil vermiş hesab edilmiş, hərbi xidmətdən buraxılmaqla bağlı məsələlərini həll etmək üçün 45 (qırx beş) təqvim günü növbəti məzuniyyət verilməklə, 1N may 2022-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata durmaq üçün Bakı şəhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə göndərilmişdir.

5. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışa əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 16-cı maddəsində göstərildiyi kimi məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaq imtahanlarına buraxılmaq barəsində raportla müraciət etmədiyinə görə onun adı 2022-ci il üçün “usta” məharət dərəcəsinin təsdiq olunması üçün müvafiq siyahıya əlavə olunmamışdır.

6. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən iddiaçı e.o polkovnik-leytenant İddiaçı Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli, 025 nömrəli əmri ilə "Usta" məharət dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü maddəsində göstərilmişdir: “14. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: -3-cü məharət dərəcəsi - 1 il; -2-ci məharət dərəcəsi - 1 il; -1-ci məharət dərəcəsi - 2 İl; -usta məharət dərəcəsi - 3 il.” Qeyd olunan maddənin tələblərindən də görünür ki, “Usta" məharət dərəcəsi verildikdən və ya təsdiq olunduqdan sonra 3 il müddətinə qüvvədə olur. Təyin olunmuş müddət bitdikdən sonra hərbi qulluqçu məharət dərəcəsini yenidən təsdiq etdirməlidir. Məharət dərəcəsini təsdiq etdirmək üçün isə təyin olunmuş şərtlər Əsasnamənin 16-cı maddəsində qeyd olunub. Belə ki, həmin maddədə yazılıb: "16. Hərbi qulluqçu məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla müraciət etməlidir. Məharət dərəcəsinin artırılması üçün müraciət etmiş hərbi qulluqçuların namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiqi iləri müəyyənləşdirilir. Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəssisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar, aviasiyanın uçuş heyəti üçün isə əlavə olaraq məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün təqdimat tərtib edilərək müvafiq komissiyalara təqdim olunur. N nömrəli hərbi hissədən təqdim olunmuş N avqust 2022-ci il tarixli, 1215 nömrəli Arayışa əsasən iddiaçı e.o polkovnik-leytenant İddiaçı 2022-ci ildə “usta” məharət dərəcəsini təsdiq etdirmək üçün sınaq imtahanlarına buraxılması barədə raportla hərbi hissə komandirinə müraciət etməmiş, buna görə də onun adı 2022-ci İldə “usta” məharət dərəcəsinin təsdiq olunması üçün müvafiq siyahıya əlavə olunmamışdır. iddiaçı ərizəsində qeyd olunan təlimatın birbaşa olaraq 27-ci maddəsinə istinad etmişdir. Belə ki, həmin maddədə yazılıb: "27. Sınaqların nəticələrinə görə məharət dərəcəsini təsdiq etdirməyən, həmçinin məharət dərəcəsinin verilməsindən sonra keçən müddət ərzində intizam qaydasında cəzalanan hərbi qulluqçuların məharət dərəcəsi bu Əsasnaməyə uyğun olaraq, müvafiq vəzifəli şəxsin əmri ilə faktiki hazırlıq səviyyəsinə uyğun aşağı salınır. Sınaqlarda üzürsüz səbəbdən iştirak etməyən hərbi qulluqçular (uçuş heyətindən başqa), müvafiq vəzifəli şəxsin əmri ilə məharət dərəcəsindən məhrum edilirlər (uçuş heyəti hərbi qulluqçularının məharət dərəcəsi eyni səbəbdən bir pillə aşağı endirilir)." Bildirilmişdir ki, Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulanlar məharət dərəcəsinin artırılması və ya təsdiq etdirilməsi üçün hərbi hissə komandirinə raportla müraciət etmiş və sınaqlara buraxılmasına razılıq verilmiş şəxslərə aiddir. Yəni həmin şəxslər ki, onlar 16-cı maddəyə uyğun olaraq məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün komandirə (rəisə) raportla müraciət etmiş, namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiq bilinib müvafiq siyahılara salınaraq komissiyalara təqdim olunmuşdur. 27-ci maddənin 2-ci hissəsində göstərilən "...Sınaqlarda üzürsüz səbəbdən iştirak etməyən hərbi qulluqçular (uçuş heyətindən başqa), müvafiq vəzifəli şəxsin əmri ilə məharət dərəcəsindən məhrum edilirlər ..." tələbi sınaq imtahanlarında iştirak etmək üçün raportla müraciət etmiş və adları müvafiq siyahılara salınaraq komissiyalara tədim olunmuş şəxslərə aiddir. Məharət dərəcəsini təsdiq etdirmək üçün təyin olunmuş qayda üzrə raportla hərbi hissə komandirinə müraciət etməmiş şəxslər isə bu siyahılara salınmır və onlar sınaq imtahanlarında iştiraka buraxılmır. İddiaçı e.o polkovnik-leytenant İddiaçı da raportla müraciət etmədiyindən adı müvafiq siyahılara salınmadığı və sınaqlara buraxılmadığı üçün 27-ci maddənin tələbləri ona şamil oluna bilməz.

7. İddiaçının müraciətinə cavab olaraq Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, sonuncu xidmət yeri olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş MN№071595 nömrəli xx.xx.2022-ci il tarixli “pul attestatına” baxış keçirilən zaman onun “məharət dərəcəsinə görə pul əlavəsini” almağı barədə hər hansı qeydiyyat aşkar edilməmişdir. Bu səbəbdən tərtib olunmuş MN-18164 nömrəli “Məlumat vərəqi”ndə onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifəsi üzrə aldığı təminat xərcliyi (tul təminatı) haqqında məlumatlar əks olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir və pensiyasının yenidən hesablanması məqsədi ilə adı çəkilən idarəyə yeni “Məlumat vərəqi” tərtib olunaraq göndərilməsi qanunamüvafiq deyildir. Əlavə olaraq bildirilmişdir ki, daha öncə verilmiş məharət dərəcəsinin hansı səbəbdən ləğv olunması, habelə verilmiş məharət dərəcəsinin təsdiqi məqsədi ilə sınaq imtahanlarında hansı səbəbdən iştiraj emədiyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə tərxis olunduğu hərbi hissəyə müraciət etməlidir.

8. Məhkəmənin iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

9. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

14. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

15. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

16. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

18. Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumat vərəqinə əsasən, “Naxçıvan” Qarnizonu Hərbi hospitalının urolo-ginekologiya bölməsinin rəisi xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmış (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə)), xidmət illəri təqvim illəri ilə 21 il 08 ay 07 gün, güzəştli xidmət illəri 08 il 07 ay 25 gün, cəmi xidmət illəri 30 il 04 ay 02 gün təşkil etmişdir. Qeyd edilən məlumat vərəqinə əsasən pul təminatı (təminat xərcliyi) 1220,75 manat (vəzifə maaşı 665 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 204,75 manat, ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat, prezident əlavəsinə görə 20% olmaqla 133 manat) göstərilmişdir. Məlumat vərəqində məharət dərəcəsi haqqında hər hansı məlumat yoxdur.

19. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

20. Qeyd edilən normaların təhlilinə əsasən pul təminatının tərkibi (təminat xərcliyinə daxil olan pul təminatı növləri) müəyyən olunmuş və təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşına və digər əlavələrə uyğun olaraq hesablanmalıdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci hissəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1N may 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: ...“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir...

23. Məhkəmə hesab edir ki, təminat xərcliyi hesablanarkən şəxsin xidmətdən xaric ediliyi günə aldığı və qanunun tələbinə görə almalı olduğu aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr və s. nəzərə alınmalıdır.

24. İş üzrə araşdırılmalı məsələ iddiaçının xidmətdən xaric edildiyi gün ona “usta məharət dərəcəsi”nə görə pul kompensasiyasının ödənilməli olmasıdır.

25. İddiaçıya 2019-cu ildə keçirilmiş sınaq imtahanlarının nəticələrinə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmri ilə ona “usta” məharət dərəcəsi verilməsi və həmin dərəcədən məhrum edilməsi ilə bağlı hər hansı əmrin olmaması işin mübasisəsiz halıdır. Cavabdeh qurum iddiaçının həmin məharət dərəcəsini təsdiq etdirmədiyini və bu səbəbdən ehtiyatdan buraxıldığı tarixə usta məharət dərəcəsi ilə əlaqədar pul əlavəsi almadığından təminat xərcliyində (məlumat vərəqinə əsasən) əksini tapmadığını bildirir.

26. Azərbaycan Respublikası Müdafiə nazirinin 2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi qaydaları haqqında Əsasnamə” (dərc olunmamışdır) tələb olunaraq tərəflərin iştirakı ilə baxış keçilmişdir. Həmin Əsasnamədən:

14. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: -3-cü məharət dərəcəsi - 1 il; -2-ci məharət dərəcəsi - 1 il; -1-ci məharət dərəcəsi - 2 İl; -usta məharət dərəcəsi - 3 il.

16. Hərbi qulluqçu məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla müraciət etməlidir. Məharət dərəcəsinin artırılması üçün müraciət etmiş hərbi qulluqçuların namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiqi iləri müəyyənləşdirilir. Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəssisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar, aviasiyanın uçuş heyəti üçün isə əlavə olaraq məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün təqdimat tərtib edilərək müvafiq komissiyalara təqdim olunur.

27. Sınaqların nəticələrinə görə məharət dərəcəsini təsdiq etdirməyən, həmçinin məharət dərəcəsinin verilməsindən sonra keçən müddət ərzində intizam qaydasında cəzalanan hərbi qulluqçuların məharət dərəcəsi bu Əsasnaməyə uyğun olaraq, müvafiq vəzifəli şəxsin əmri ilə faktiki hazırlıq səviyyəsinə uyğun aşağı salınır. Sınaqlarda üzürsüz səbəbdən iştirak etməyən hərbi qulluqçular (uçuş heyətindən başqa), müvafiq vəzifəli şəxsin əmri ilə məharət dərəcəsindən məhrum edilirlər (uçuş heyəti hərbi qulluqçularının məharət dərəcəsi eyni səbəbdən bir pillə aşağı endirilir). 37.4. Hərbi qulluqçunun məharət dərəcəsindən məhrum edilməsi və ya onun aşağı endirilməsi müvafiq vəzifəli şəxsin əmri ilə elan edilir.

27. Beləliklə, Əsasnamənin 16-cı bəndinə uyğun olaraq hərbi qulluqçu məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla müraciət etməlidir.

28. İddiaçı məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün müvafiq əmrin elan olunmadığını, cavabdeh qurum isə həmin əmrin hərbi hissədə elan olunduğunu, lakin iddiaçının müvafiq raportla müraciət etmədiyini bildirir.

29. Bununla əlaqədar məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən Müdafiə Nazirinin müavini-X4 Komandanının xx.xx.2021-ci il tarixli 0139 nömrəli, “Hərbi qulluqçulara məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə İxtisas Komissiyasının və ixtisaslar üzrə yardımçı komissiyaların təyin edilməsi və sınaqların keçirilməsinin təşkili haqqında” əmrinin N nömrəli hərbi hissəyə göndərilmiş nüsxəsinin təsdiq olunmuş surəti və N nömrəli hərbi hissənin “Əmr, sərəncam və direktivlərin çatdırılmasının qeydiyyat kitabı”ndan təsdiq olunmuş çıxarış məhkəməyə təqdim edilmişdir.

30. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: -Əmr, sərəncam və direktivlərin çatdırılmasının qeydiyyatı kitabında İddiaçı adının qarşısında sıra ardıcıllığı ilə 6-cı qrafadakı imza İddiaçı və ya başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş, inzibati iş üzrə ekspert rəyi verilməsi üçün iş materiallarından çıxarış və İddiaçı sərbəst yazı və xətt nümunələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə təqdim olunmuşdur.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, N nömrəli hərbi hissənin əmr, sərəncam və direktivlərin çatdırılmasının qeydiyyatı kitabının 12-ci vərəqində 6-cı sıra sayındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

32. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya Əsasnamənin 16-cı bəndinə əsasən məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin – Müdafiə Nazirinin müavini-X4 Komandanının “Hərbi qulluqçulara məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə İxtisas Komissiyasının və ixtisaslar üzrə yardımçı komissiyaların təyin edilməsi və sınaqların keçirilməsinin təşkili haqqında” xx.xx.2021-ci il tarixli 0139 nömrəli əmrinin elan olunduğu müəyyən edilmir. Odur ki, iddiaçı həmin Əsasnamənin 27-ci bəndinə əsasən sınaqlarda üzürsüz səbəbdən iştirak etməyən hərbi qulluqçu hesab edilə bilməz və iddiaçı hərbi qulluqçu kimi “usta” məharət dərəcəsindən məhrum edilmədiyindən və ya aşağı endirilmədiyindən (buna dair hər hansı əmr məhkəməyə təqdim edilməmişdir) xidmətdən tərxis olunduğu tarixə “usta məharət dərəcəsinə görə pul əlavəsi”nin ödənilməsi hüququna malik idi.

33. İddia tələbində yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun göndərilməsi hissəsini məhkəmə formal xəta kimi qiymətləndirməklə iddia tələbini yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun adiyyəti qurumu olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi kimi təmin edilməli olduğuni hesab edir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Müdafiə Nazirliyindən 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Təminat xərcliyində “usta” məharət dərəcəsinə görə pul əlavəsi nəzərə alınmaqla İddiaçı barəsində yeni məlumat vərəqini tərtib edib Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar