Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14824/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin dam örtüyünün sökülərək yüngül konstruksiyalı mansard mərtəbəsi ilə əvəz edilməsinə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsini və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A ünvanında yerləşən fərdi yaşayış evinin mansard mərtəbəsinin tikintisi məqsədilə eskiz layihəni cavabdehə təqdim etmişlər. Cavabdeh tərəfindən dayanıqlılıq barədə ekspert rəyi tələb edildiyi üçün iddiaçılar Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə müraciət etmiş, ekspert rəyində layihənin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun oldugu göstərilmişdir. Rəy cavabdehə təqdim edilsə də, cavabdeh layihəni təsdiq etməkdən imtina etmişdir. Hazırda cavabdeh tərəfindən hüquqlarının pozulduğunu hesab edən iddiaçılar məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasın gəlməmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, məktubda bildirilmişdir ki, “əvvəllər təqdim etdiyiniz eskiz layihə və ekspertiza rəyinin Sizə geri qaytarılmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş 13 oktyabr 2022-ci il tarixli A-150-112 , 14 oktyabr 2022-ci il tarixli A-150/2-112/2 və 17 oktyabr 2022-ci il tarixli A-150/3-112/3 saylı müraciətlərinizə tərəfimizdən baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx.2019 tarixli A-170- 151 saylı müraciətinizin cavab məktubu hazır olduqdan sonra etibarnamə üzrə nümayəndəniz İddiaçı1 xx.xx.2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq alt sənədləri imzalayıb 2 (iki) nüsxə, xx.xx.2019-ci il tarixində 1 (bir) nüsxə eskiz layihə təhvil almışdır. Müraciətinizdə qeyd etdiyiniz xx.xx.2013-cü il tarixli məktuba əsasən verilmiş ekspertiza rəyinin təqdim olunması ilə bağlı nəzərinizə çatdırırıq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində 2017-2021-ci illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-cu maddəsinə əsasən saxlanma müddəti başa çatdığı səbəbindən 2017-ci ilə qədər olan sənədlər-vətəndaş müraciətləri və məktublar saxlanma müddəti başa çatdığından (beş ildən bir) ekspertizadan keçdikdən sonra məhv edilmişdir.” İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Sizin mülkiyyətinizdə olan fərdi yaşayış evinin dam örtüyünün sökülərək mansarda mərtəbəsinin tikintisinə icazə verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2022-ci il tarixli, G-7-151 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, mövcud evin dayanıqlığı barədə müvafiq rəy və əlavə tikinti işlərini özündə əks etdirən fiziki və ya hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmiş 3 (üç) nüsxədən ibarət layihə Rayon icra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətinizə yenidən baxıla bilər. Nəzərə almağınız xahiş olunur.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1824 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ünvan 5 ünvanda yerləşən iki mərtəbəli evin və əlavə edilmiş mansardın eskiz layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikiniti Məcəlləsinin 59.5., 69-cu maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı qərarının 8-ci bəndinin tələblərinə uyğun tərtib edildiyi müəyyən olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A iddiaçılar İddiaçı1 və İddiaçı2 parlı mülkiyyətindədir. Fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisi məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək cavabdehə qadağan edilməsidir. İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. İddiaçılar fərdi yaşayış evinin mansard mərtəbəsinin tikintisi məqsədilə eskiz layihəni cavabdeh inzibati orqana təqdim etsələr də, cavabdeh tikinti işlərinə süni maneələr göstərərək, formal əsaslarla layihənin təsdiq etməkdən imtina edərək qanunverciliyin tələblərinə uyğun olmadığını bildirmişdir. Halbuki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1824 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A ünvanda yerləşən iki mərtəbəli evin və əlavə edilmiş mansardın eskiz layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikiniti Məcəlləsinin 59.5., 69-cu maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı qərarının 8-ci bəndinin tələblərinə uyğun tərtib edilmişdir. Belə olan halda, cavabdehin imtinası əsassız olmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. -79.1-ci maddəsinə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Göründüyü kimi Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin konkret olaraq siyahısı sadalanmış və həmin siyahıda mövcud evin dayanıqlığı barədə müvafiq rəyin alınması təsbiq olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizası tədqiqatı ilə müəyyən olunmuşdur ki, ünvan 6 ünvanda yerləşən iki mərtəbəli evin və əlavə edilmiş mansardın eskiz layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikiniti Məcəlləsinin 59.5., 69-cu maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı qərarının 8-ci bəndinin tələblərinə uyğun tərtib edildiyi müəyyən olunur. Göründüyü kimi iş üzrə cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundakı əsas olan hal mövcud evin dayanıqlığı barədə müvafiq rəyin verilməsi nəzərdə tutulmadıgından cavabdehin iddiaçılardan müvafiq rəyin və icazə sənədinin əldə etməsini tövsiyə etməsi əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. Hazırkı halda məhkəmə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin əsasən yerli icra hakimiyyəti başçıları: -3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; -3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikintiplanlaşdırma layihələri) təsdiq edir; -3.11.5. tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndinə görə dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Qaydaların 4.1-ci bəndinə görə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində (Agentliyin sərəncamındakı torpaq sahələri istisna olmaqla) həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Qaydaların 4.3-cü bəndinə görə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir -1.3-cü bəndinə görə Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X1 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X1nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir. -1.5-ci bəndinə əsasən Məcəllənin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi Agentlik həyata keçirir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68, 75, 85, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3-cü sıra, ev 2 A ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-14824/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14824/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver