Məhkəmə qərarları › İş №2-1(112)-14824/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14824/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14824/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vegi Xidmətinin X4 Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Dövlət Pantomim Teatrı) qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Pantomim Teatrının direktoru vəzifəsindən azad olunması və teatrın hazırda fəaliyyətinə davam etdiyini nəzərə alaraq “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Pantomim Teatrı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vegi Xidmətinin X4 Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Pantomima Teatrının dövlət büdcəsinə olan ümumillikdə 10.566,6 manat borcunun, Dövlət Sosial Müdafiə Fonduna 90.894,86 manat borcun, İşsizlikdən Sığorta Fonduna olan 551,31 manat borcun, İcbari Sığorta Fonduna 2.002,83 manat borcun tutulması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin icraatında iş olmuşdur. Məhkəmənin çıxardığı e-2-2(113)- 2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçinin (hazırki iş üzrə cavabdeh orqanın) ərizəsi təmin edilərək, Azərbaycan Dövlət Pantomima Teatrının xx.xx.2024-cü il tarixinədək olan borcunun ödənilməsini təmin etmək üçün, borclu hüquqi şəxsin rəhbəri olaraq onun ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə müraciət edilərkən o həmin teatrın direktoru vəzifəsində çalışmışdır. Hüquqi şəxs müstəqil təsissatdır və öhdəlikləri üçün öz əmlakı ilə məsuliyyət daşıyır. İddiaçı xx.xx.2025-ci il tarixindən həmin teatrın rəhbərliyi vəzifəsindən azad edilmişdir. Azərbaycan Dövlət Pantomima Teatrı bu gün fəaliyyətini davam etdirir. Fəaliyyəti daxilində teatr gəlirlər əldə edir, vergilər və müxtəlif növ dövlət ödənişləri ödəyir. Bu səbəbdən barəsində qəbul edilmiş tətbirlər ləğv edilərək hazırkı direktorun öhdəliyinə çevrilməlidir. Əks halda onun konstitusion və mülki hüquqları pozulmuş olur. Teatr borclu olduğu və borclarını ödəmək iqtidarında olduğu halda, hüquqi tədbirlərin görülməsinə əsas qalmır. Belə ki, həmin tədbirlər onun hərəkət hüquqlarını məhdudlaşdırır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Dövlət Pantomima Teatrının 54-k nömrəli xx.xx.2009cu il tarixli əmrindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Pantomima Teatrının direktor müavini tutduğu vəzifədən azad edilərək, 2009-cu il aprelin 7-dən həmin teatrın direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-21-2-3\2-90986\2026 nömrəli məktubundan görünür ki, xx.xx.2026-cı il tarixə şəxsi vərəqə üzrə Azərbaycan Dövlət Pantomima Teatrının (VÖEN: **********) ümumilikdə vergi və faizlər üzrə 3538,96 manat, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 16402,38 manat, icbari tibbi sığorta üzrə 1277,10 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2091/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, vergi ödəyicisi olan Azərbaycan Dövlət Pantomima Teatrının xx.xx.2024-cü il tarixinə (VÖEN: **********) dövlət büdcəsinə olan ümumilikdə 10566,3 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 90894,86 manat, İşsizlikdən sığorta fonduna olan 551,32 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2002,83 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün, borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan xx.xx.1971-ci il tarixində Sumqayıt şəhərində doğulmuş, Bakı şəhəri Nəsimi rayonu, X6, Ev 139 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-24/3-1-k- 58/2025 saylı əmrdən görünür ki, X2 2025-ci il fevralın 13-dən 3 (üç) ay müddətinə Azərbaycan Dövlət Pantomima Teatrının direktoru vəzifəsinə təyin edilmişdir. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatından xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X3 Azərbaycan X1i təmsilçisidir. İddiaçı hazırda işin qeyd olunan hallarına istinad edərək Azərbaycan X1i təmsilçisi olmaması səbəbindən ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, hazırkı mübahisə mahiyyət etibarı ilə hüquqi şəxsin borcuna görə iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı vergi ödəyicisi olan Azərbaycan Dövlət Pantomima Teatrının əvvəl qanuni təmsilçisi olmuş və vergi orqanı Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələblərinə uyğun olaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, hazırkı iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Veri Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdən teatrın direktoru iddiaçı deyil, digər şəxs təyin edilmişdir. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Halbuki, işdən göründüyü kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da cavabdehin konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan teatrın direktoru vəzifəsindən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Ona görə də iddiaçının teatrın qanuni təmsilçisi olmamasına baxmayaraq onun dövlət büdcəsinə olan borcuna görə iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. İddiaçı isə hazırda Azərbaycan X1i təmsilçisi deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi 2-1(102)- 3040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında olan hüquqi mövqeyə əsasən, “ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır.” Beləliklə, işin göstərilən hallarını nəzərə alan məhkəmə yekunda belə qənaətə gəlir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da iddiaçının konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar