Məhkəmə qərarları › İş №2-1(112)-1483/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1483/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1483/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin səbəb əlaqəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 1835 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” onun xəsarətinin səbəb-əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1992-ci ildən 1995-ci ilə kimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində müdavim kimi, 1995-ci ildən 2010-cu ilin oktyabr ayına kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində zabit kimi hərbi xidmət keçmiş və hərbi xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il tarixli 0450 saylı əmri ilə ehtiyata təxris olmuşdur. O, 2006-2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici olmuşdur. 2007-ci ilin fevral ayında səhər saatlarında iş yoldaşının idarə etdiyi avtomobillə xidmət yerinə gedərkən avtomobil qəzasına düşmüşdür. Bundan sonra bir müddət hərbi hissənin tibb məntəqəsində ambulator müalicələr almışdır. Bir neçə il davamlı ambulator müalicələr alsa da, səhhətində müsbət dəyişiklik baş verməmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında səhhəti ilə əlaqədar müalicə və müayinə olunmuş və hərbi uçotdan çıxarılmaqla, hərbi xidmətə yararsız sayılmışdır. Həmin vaxt ona məxsus xx.xx.2010-cu il tarixli 1835 nömrəli xəstəlik haqqında şəhadətnamədə aldığı travmanın səbəb-əlaqəsi səhv olaraq "Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin olunmuşdur. O, həmin xəsarətləri xidmət yerinə gedərkən almışdır. Ona görə də hesab edir ki, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətin səbəb-əlaqəsi dəyişdırilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" ifadəsi ilə göstərilməlidir. O, hərbi travmanı xidməti vəzifələrinin icrası zamanı almışdır. Aldığı travmanın səbəb-əlaqəsinin dəyişdirilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinə imtina cavabı verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Zəngilan RHK tərəfindən 1992-ci ildən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı xx.xx.2010-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Qapalı onurğa travması. L1 fəqərəsinin cisminin fəsadlaşmış qeyri-stabil kompressionqəlpəli sınıq-çıxığı (02/2007), Th12, L2 fəqərələrin spondilyozu və onurğanın bel şöbəsinin ağır dərəcəli kifotik deformasiya ilə ağırlaşması nəticəsində onurğa sütunu bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması. Onurğa beyni konusunun və at quyruğunun L1 fəqərəsinin cisminin kompression fəsadlaşmış sınığı nəticəsində sıxılmasının sol aşağı ətrafda hissi hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 82 “a”, 23 “c” maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmış və travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “ç” yarımbəndinə əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin vətəndaş İddiaçı aldığı travma ilə bağlı xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi təyin edilməsi mümkün deyildir. İddiaçının xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi tanınması tələbi cavabdehin diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ZE serialı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2010-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157ci maddəsinin “b” bəndinə (xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0450 saylı xx.xx.2010-cu il tarixli əmrinə əsasən istefaya göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsinə ünvanlanmış xx.xx.2020ci il tarixli 1437 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2020-ci il tarixli 2 nömrəli göndərişiniz və daxil olmuş vətəndaş İddiaçı dair sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən araşdırılmışdır. N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı 2007-ci ilin fevral ayında aldığı travmanın nəticəsinə görə xx.xx.2010- cu ildə MN Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin edilmiş travmanın nəticəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci iltarixli 59 nömrəli qərarı ilə təstiq edilmiş ”Hərbi-Həkim ekspertizası haqqında Əsasnamənin” “Xəstəliklər cədvəli”nin 82a və 23c maddələrinin İİİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayilmış və travmanın səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 45 bəndinin ç) yarımbəndinə əsasən "Travmadır, hərbi xidmət dövründə alınmışdır”kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci iltarixli 59 nömrəli qərarı ilə təstiq edilmiş ”Hərbi-Həkim ekspertizası haqqında Əsasnamənin” 7.3 bəndinin tələblərinə əsasən hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zamanı xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. İddiaçı hərbi xidmət dövründə aldığı travmanın alınma şəraitini təstiq edən hərbi hissə komandirinin arayışı MN MHHK-ya daxil olmadığından travmanın səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cü il tarixli 1835 saylı qərarından görünür ki, İddiaçı barəsində «qapalı onurğa travması. L1 fəqərəsinin cisminin fəsadlaşmış qeyri-stabil kompression-qəlpəli sınıq-çıxığı (02/2007), Th12, L2 fəqərələrin spondilyozu və onurğanın bel şöbəsinin ağır dərəcəli kifotik deformasiya ilə ağırlaşması nəticəsində onurğa sütunu bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması, onurğa beyni konusunun və at quyruğunun L1 fəqərəsinin cisminin kompression fəsadlaşmış sınığı nəticəsində sıxılmasınm sol aşağı ətrafda hissi-hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulması» diaqnozu ilə xəsarətin səbəb əlaqəsi «TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR» kimi təyin edilmiş və bu barədə qərar qəbul edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: 1.1-ci maddəsinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir; 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra - xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir; 1.4-ci maddəsinin «ç» bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunur; 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir»; 7.3-cü maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir; 7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır; 7.5-ci maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2010-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0450 saylı xx.xx.2010-cu il tarixli əmrinə əsasən istefaya göndərilmişdir. İddiaçı 2007-ci ilin fevral ayında aldığı travmanın nəticəsinə görə xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş travmanın nəticəsinə görə ”Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 82a və 23c maddələrinin İİİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmış və iddiaçının barəsində «qapalı onurğa travması. L1 fəqərəsinin cisminin fəsadlaşmış qeyri-stabil kompression-qəlpəli sınıq-çıxığı (02/2007), Th12, L2 fəqərələrin spondilyozu və onurğanın bel şöbəsinin ağır dərəcəli kifotik deformasiya ilə ağırlaşması nəticəsində onurğa sütunu bel şöbəsinin funksiyasının mühüm dərəcədə pozulması, onurğa beyni konusunun və at quyruğunun L1 fəqərəsinin cisminin kompression fəsadlaşmış sınığı nəticəsində sıxılmasınm sol aşağı ətrafda hissi-hərəki pozulmalarla təzahür edən qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının cüzi dərəcədə pozulması» diaqnozu ilə xəsarətin səbəb əlaqəsi «travmadır, hərbi xidmət dövründə alınmışdır» kimi təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatında və xəstəlik haqqında şəhadətnamədə iddiaçının 2007-ci ilin fevral ayında hərbi xidmət dövründə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən avtomobil qəzası nəticəsində travma alması qeyd olunur. Cavabdeh inzibati orqanın hazırda mübahisələndirilən qərarın qəbulunu şərtləndirən hallara dair yetərli sübutlar, o cümlədən hazırkı iddiaçıya münasibətdə qeyd olunan Əsasnamənin məhz 7.2-ci bəndinin “ç” yarımbəndinin tətbiq olunmasının yolverilənliyini əsaslandıran sübut və dəlil təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə həmin Əsasnamənin 7.2-ci bəndində göstərilən hallardan hər hansı birini seçmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid deyil. Bu qərarlardan hər hansı birinin qəbulu şəxsin xidmət etdiyi hərbi hissənin verdiyi arayış əsasında qəbul olunur, halbuki həmin arayışın alınması müəyyən səbəblərdən mümkün olmamışdır. Belə olan halda, işin halları üzrə müvafiq xüsusatlar qiymətləndirilməlidir. Məsələn iddiaçının travma almasının vaxtı (müəyyən tədbir çərçivəsində, istirahət vaxtı, yoxsa qeyri-vaxtda və s.). Cavabdeh inzibati orqan Əsasnamənin 7.2-ci bəndinin “c” və “ç” yarımbəndlərində göstərilən halların heç biri üzrə sübut əldə edə bilmədiyi halda, öz mülahizəsi üzrə Əsasnamənin 7.2-ci bəndinin “ç” bəndi üzrə qərar qəbul etməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, 17-ci və 24-cü maddələrinin tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə mübahisələndirilən qərarın əsaslı olması qənaətinə gəlmir. Bu səbəbdən də cavabdehin mübahisələndirilən qərarı qismən qanuna zidd sayılmalı və dəyişdirilməlidir. Qeyd edilənlər iddiaçının aldığı xəsarətin cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci maddəsinin «c» bəndinə əsasən səbəb əlaqəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» kimi dəyişdirilməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il tarixli 1835 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” İddiaçı xəsarətinin (travmanın) səbəb əlaqəsinin dəyişdirilərək «Travmadır, hərbi xidmət dövründə alınmışdır» qeydinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qeydi ilə əvəz edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar