Məhkəmə qərarları › İş №2-1(112)-1483/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1483/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1483/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “yeni çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Müəssisəsinin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri - yaşayış binasına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb ünvan 1 ünvanda yerləşən qeyri - yaşayış binasına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması kimi göstərilsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) tərəfindən tərtibatda formal xətaya yol verildiyi və ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının qarşısında inşa edilmiş əlavə tikililərin daşınmaz əmlakın dövlət reyestrində qedydiyyata alınması kimi nəzərə alınmasını xahiş etmişdir. Belə ki, qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı mövcuddur. Məhkəmə qeyd edilən formal xətanı nəzərə almışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriaylı 03104936 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 433 nömrəli, xx.xx.2012-ci il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qarşısında hər biri 14 kv. metr olan 2 ədəd ticarət obyektinin tikintisinə icazə verilmişdir. Ticarət obyektinin eskiz layihəsi hazırlanmış və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixində poçt vasitəsi ilə (1 saylı Bakı Ərazi İdarəsi sənədləri qəbul etməkdən imtina etdiyi üçün) İddiaçınə Dövlət reyestrindən çıxanşın verilməsi və və texniki pasporta cari dəyişkliyin edilməsinə dair sənədlər DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Lakin, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********39 №-li məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsaslanaraq sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı kimi əsaslandırmağa cəhd etmiş və sənədləri geri qaytarmışdır. Hesab edilmişdir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu əsassızdır və sadəcə formal xarakter daşıyır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Murad- S” Müəssisəsinin nümayəndəsi Nizamnamənin, kommresiya qurumunun dövlət reyestrindən çıxarışının, VÖEN-in surətini notarial qaydada təsdiq olunumuş qaydada ərizəyə əlavə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-d il tarixli MA seriaylı 03104936 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında torpaq sahəsinin mülkiyyət növü “dövlət” və torpaq sahəsinin hüququn növü “istifadə” kimi qeydiyyata alınmışdır. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 433 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamında göstərilən X4 İddiaçı yeganə təsisçisidir. Ticarət obyektinin eskiz layihəsi Yasamal Rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq edilmiş və İcra Hakimiyyəti Başçısının bu haqda xx.xx.2021-ci il tarixdə sərəncam vermişdir. Beləliklə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********39 №-li cavab məktubunda sadalanlaların heç biri öz təsdiqini tapmamışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qarşısında inşa edilmiş əlavə tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlər hüquqi şəxsə aid olduğundan, ərizəçi kimi hüquqi şəxs tərəfindən müraciət edilməlidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Bundan əlavə, İddiaçın adına qeyd edilən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, qeyd edilən ünvanda tikinti obyektinin tikintisinə icazə verilməsi haqqında Yasamal RİH-nin 433 saylı xx.xx.2012-ci il tarixli sərəncamında X2 adına sənədləşdirilməsi qeyd edilmişdir, qeyri-yaşayış binasına dair verilmiş layihə natamamdır sifarişçi barədə məlumat öz əksin tapmayıb, lisenziya əlavə edilməyib. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 nömrəli qərarına ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı nümayəndəsi X3 ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının qarşısında inşa edilmiş əlavə tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı adına qeyd edilən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı, İdarənin elektron kadastr məlumatlarına əsasən sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, qeyri-yaşayış binası ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidə yerləşir. Həmçinin təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, qeyd edilən ünvanda tikinti obyektinin tikintisinə icazə verilməsi haqqında Yasamal RİH-nin 433 saylı xx.xx.2012-ci il tarixli sərəncamında X2 adına sənədləşdirilməsi qeyd edilmişdir, qeyriyaşayış binasına dair verilmiş layihə natamamdır, sifarişçi barədə məlumat öz əksin tapmayıb, lisenziya əlavə edilməyib. Bundan əlavə, təqdim edilmiş sənədlər hüquqi şəxsə aid olduğundan, ərizəçi kimi hüquqi şəxs tərəfindən müraciət edilməlidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********39 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, eyni iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxıldığı, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqlarının pozulmadığı və onların həyata keçirilməsinə maneəçilik yaradılmadığı əsas gətirilməklə iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Daha sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2022 saylı, 0İ.04.2022-Cİ il tarixli qərarı ləğv edilmiş, müvafiq işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1676/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvafiq iş üzrə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 nömrəli qərarına ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər əlavə olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1512 nömrəli torpaq sahəsi ayrılması haqqında sərəncama əsasən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı aparatının xx.xx.1992-ci il tarixli, 1779 №-li məktubu nəzərə alınaraq, İddiaçınə Yasamal rayonu, Yeni Yasamal, 2-ci yaşayış massivinin Talıblı küçəsində mağaza və məişət obyekti layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

7. ünvan 6 ünvanında yerləşən Murad-S Müəssisəsinə məxsus mağaza və məişət obyektinə dair xx.xx.2008-ci il tarixli “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı” iş materiallarına əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0310493) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır (ümumi sahəsi 284,2 kv.m; torpaq sahəsinin ölçüsü 0.01812 kv.m).

9. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair İddiaçı adına tərtib olunmuş “Daşınmaz Əmlakın Texniki Pasportu” iş materiallarına əlavə olunmuşdur.

10. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli qeyd olunan əmlakla bağlı məlumat və sənədlərin surətlərinin təqdim edilməsi haqqında məktubda qeyd edilmişdir ki, ünvan 1 saylı qeyri-yaşayış binası İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

11. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin 433 nömrəli xx.xx.2012-ci il tarixli sərəncama əsasən Yasamal rayonu Əsəd Əhmədov küçəsi 1B saylı binanın qarşısında yerləşən uzun illər vət. X2 istifadəsində olan (4 x 3,5) metr ölçüdə 2 (iki) ədəd ticarət obyekti mövcud vəziyyətində onun adına sənədləşdirilməsi və sökülərək təqdim etdiyi layihə əsasında yenidən tikilməsinə icazə verilmiş və ticarət obyektlərinin yerinin icarə xərclərinin ödənilməsi üçün vət. M.Q.Quliyevlə rayonun müvafiq qurumları arasında müqavilə bağlanması qərara alınmışdır.

12. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən Müayinə (baxış) Aktına əsasən qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının qarşısında 2 ədəd tikinti tikib. Həmin tikintilər təsdiq edilmiş eskiz layihəsində və RİH-in sərəncamında öz əksini tapıb. Obyekt xidmət sahəsi kimi istifadə olnur. Tikililər layihəyə uyğundur.

13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli Müayinə (baxış) Aktına əsasən qeyri-yaşayış binası qeydiyyatdan keçib, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 594,5 kv.m-dir. Həmin torpaq sahəsində keçmiş binadan başqa əlavə bir mərtəbəli tikililər tikib. Əlavə olunan torpaq sahəsinə və tikililərə aid sənəd təqdim edilməmişdir.

14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

22. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər -hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

24. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

27. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı iddia tələbində ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının qarşısında inşa edilmiş tikililərə dair çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir.

28. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının cavabdeh orqana müraciət ərizəsindən aydın olur ki (qeyd edilən formal xəta məhkəmə tərəfindən nəzərə alınmışdır), İddiaçı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair deyil, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının qarşısında inşa edilmiş əlavə tikililərə dair mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir.

29. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasına dair İddiaçı xüsusi mülkiyyət hüququ artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1512 nömrəli torpaq sahəsi ayrılması haqqında sərəncama əsasən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı aparatının xx.xx.1992-ci il tarixli, 1779 №-li məktubu nəzərə alınaraq, İddiaçınə Yasamal rayonu, Yeni Yasamal, 2-ci yaşayış massivinin Talıblı küçəsində mağaza və məişət obyekti layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - ünvan 6 ünvanında yerləşən Murad-S Müəssisəsinə məxsus mağaza və məişət obyektinə dair xx.xx.2008-ci il tarixli “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının Aktı” iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (Seriya MA № 0310493) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır (ümumi sahəsi 284,2 kv.m; torpaq sahəsinin ölçüsü 0.01812 kv.m). - İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, qeyri-yaşayış binasının ümumi sahəsi 284,2 kv.m, torpaq sahəsinin ölçüsü isə 181,2 kv.m müəyyən edilmişdir.

30. İddiaçı hazırda xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının qarşısında inşa edilmiş əlavə tikililərə dair çıxarışın və texniki pasportun verilməsini tələb edir.

31. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli Müayinə (baxış) Aktında qeyd edilmişdir ki, qeyri-yaşayış binası qeydiyyatdan keçib, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 594,5 kv.m-dir. Həmin torpaq sahəsində keçmiş binadan başqa əlavə bir mərtəbəli tikililər tikilib. Əlavə olunan torpaq sahəsinə və tikililərə aid sənəd təqdim edilməmişdir.

32. Məhkəmə nəzərə alır ki, iddiaçı iddia tələbinin predmeti olan əlavə tikililər üzərində mülkiyyət hüquqlarının İddiaçı Müəssisəinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş sənədlər iddia tələbinin predmeti olan əlavə tikililərə deyil, məhz qeyriyaşayış binasının özünə dair İddiaçı mülkiyyət hüquqlarını təsdiq edir. Eyni zamanda müəyyən edilir ki, qeyd edilən ünvanda tikinti obyektinin tikintisinə icazə verilməsi haqqında Yasamal RİH-nin 433 saylı xx.xx.2012-ci il tarixli sərəncamında həmin əlavə tikililərin X2 adına sənədləşdirilməsi qeyd edilmiş və həmin tikilələrin altında yerləşən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil (təqdim edilməmişdir).

33. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.

34. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak (əlavə tikililər) üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən daşınmaz əmlaka (əlavə tikililərə) dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün hüquqların qeydiyyata alınmaqla çıxarışın verilməsi tələbi təmin edilməməlidir.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar