Məhkəmə qərarları › İş №2-1(112)-1484/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1484/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1484/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının qanuni təmsilçisi Gözəlov İlham İsmayıl oğlunun Cavabdehin nü-ma-yəndəsi Kərimova Püstəxanım Əlibala qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi vərəqədə olan təsdiqlənməmiş azalmanın silinməsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şəxsi vərəqədə olan 3420.90 manat təsdiqlənməmiş azalmanın silinməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, şəxsi hesab vərəqədə olan 3215.07 manat təsdiqlənməmiş azalmanın silinməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” xx xxxxxxx 2019cu il tarixli, 845 saylı Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, bu əsasla da iş üzrə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxxxx” MMC (Vöen **********) arasında xx xxxxxx 2018-ci il tarixli 05 saylı müqavilə imzalanıb, xxxxxxxxxxxx MMC-dən EAAO seriyalı, 761592 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimə və HW seriyalı, 530484 saylı, 28.12.20J8-ci il tarixli elektron vergi hesab fakturası alınmış, xx.xx.2019-cu il tarixli, 02/19 saylı ödəniş tapşırığı ilə 19005 manat “xxxxxxxxxxxx” MMC-nin bank hesabına, 3420.90 manat isə həmin tarixdə ƏDV-nin subuçot hesabına ödənilmişdir. “xxxxxxxxxxxx” MMC-dən alınmış elektron vergi hesabfakturası (ƏDV 3420.90 manat) 2019-cu ilin yanvar ayı üçün təqdim edilmiş xx.xx.2019-cu il tarixli cari ƏDV hesabatında əvəzləşməyə qoyulmuşdur. Lakin hazırkı tarixə qədər həmin məbləğ təsdiqlənməmiş azalma kimi qalır. Bunun nəticəsində də iddiaçının şəxsi vərəqəsində borc məbləği əmələ gəlmişdir. Bununla bağlı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Lokal Gəlirlər Departamenti) müraciət edilmişdir. Cavab olaraq bildirilmişdir ki, “xxxxxxxxxxxx MMC”-nin risqli vergi ödəyicisi olması barədə şübhə var. Ona görə də onunla bağlı sənədləri uçotda olduğu vergi idarəsinə təqdim etdikdən sonra bu məsələyə baxıla bilər. İddiaçı tərəf bu məktubdan sonra “xxxxxxxxxxxx MMC”-yə köçürdüyü 3420.90 manat ƏDV-nin istifadə edilməsilə barədə məlumatın verilməsi və dövlət büdcəsinə borclarının olub-olmaması ilə bağlı müraciət etmişdir. Cavab olaraq 3420.90 manat ƏDV-nin dövlət büdcəsinə ödənilməsilə bağlı ödəniş tapşırığının surəti təqdim edilmiş və bildirilmişdir ki, dövlət büdcəsinə heç bir borcu yoxdur. xx.xx.2019cu il tarixli ödəniş tapşırığından görünür ki, ödənilmiş 3420.90 manat ƏDV məbləği doğrudan da dövlət büdcəsinə ödənilmişdir. Şəxsi vərəqədən də göründüyü kimi “xxxxxxxxxxxx MMC”-nin hazırkı tarixə kimi dövlət büdcəsinə heç bir borcu yoxdur. Digər sənədləri ərizəsinə əlavə edərək iddiaçı tərəf Vergilər Nazirliyinə müraciət etmişdir. Sənədləri əlavə etməyinə baxmayaraq əvvəlki mətubla eyni məzmunlu cavab alınmış, yəni “xxxxxxxxxxxx” MMC ilə bağlı sənədlərin uçotda olduğu vergi idarəsinə təqdim edildikdən sonra məsələnin araşdırılacağı bildirilmişdir. Ona görə də həmin sənədlər yenidən cavabdehə göndərilmişdir. Bu dəfə də eyni məzmunlu cavab məktubu ünvanlanmışdır. Ona görə də müvafiq sənədlər əlavə edilməklə Vergilər Nazirliyinə şikayət məktubu ünvanlanmışdır. Həmin şikayət araşırılmamış və iddiaçı tərəfə yenə də eyni məzmunda cavab məktubu ünvanlanmışdır. “xxxxxxxxxxxx” MMC-yə köçürülmüş 3420.90 manat ƏDV məbləğ tam olaraq dövlət büdcəsinə ödənilmişdir və “xxxxxxxxxxxx” MMC-nin büdcəyə heç bir borcu yoxdur. Belə olan halda “xxxxxxxxxxxx” MMC-nin riskli vergi ödəyici hesab edilməsi, habelə, riskli ödəyici olacağı halda belə isə, hazırkı məsələnin öz həllini tapmaması iddiaçı tərəf üçün anlaşılan deyil. Çünki, son nəticədə iddiaçının “xxxxxxxxxxxx” MMC-yə ödədiyi 3420.90 manat ƏDV məbləği büdcəyə ödənilmişdir. Hazırkı məsələnin uzun müddət ərzində öz həllini tapmaması iddiaçının vergi ödəyicisi kimi qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Baxmayaraq ki, Vergi Məcəlləsinin 24.0.2.-ci maddəsinə görə “vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanının vəzifəsi hesab edilir.” Həmçinin, Vergi Məcəlləsinin 21-ci maddəsinə görə, "Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları təşkil edir. Vergi orqanı tərəfindən “xxxxxxxxxxxx” MMC-nin verdiyi HW seriyalı, 530484 saylı, xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturasının əvəzləşməyə qəbul edilməməsi və şəxsi vərəqəsində 3420.90 manat məbləğində təsdiqlənməmiş azalmanın saxlanılması həm də Vergi Məcəlləsinin 175.1 -ci maddəsinin tələblərinin pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********174000 saylı etirazında bildirilmişdir ki, 2019-cu ilin yanvar ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsində azalmanın səbəbi ödəyici tərəfindən "xxxxxxxxxxxx" MMC-dən (VÖEN **********) alınmış mallara görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsindən ibarətdir, iddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi xx.xx.2019-cu il tarixdə 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi təqdim edilmiş və bəyannamənin 325-ci sətrində büdcədən qaytarılan məbləğ 3420.90 manat göstərilmişdir. Sonda iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı MMC-nin direktoru İ.Gözəlovun cavabdehin etirazı ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı münasibətində qeyd edilmişdir ki, həmin etirazda göstərildiyi kimi "xxxxxxxxxxxx" MMC-yə görülən işlər üçün ödənilmiş məbləğin əvəzləşdirilməsindən ibarətdir. İddia ərizəsində də göstərildiyi kimi görülən işlərə görə 19005 manat ƏDV-siz məbləği "xxxxxxxxxxxx" MMC-nin bank hesabına, 3420.90 manat ƏDV məbləğini isə onun depozit hesabına köçürülmüşdür. Bu hal isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğundur. Cavabdeh tərəfi qane etməyən digər səbəb 2019-cu ilin yanvar ayı üçün təqdim edilən ƏDV bəyannaməsinin 325-ci sətrində büdcədən qaytarılan 3420.90 manat göstərilməsidir. Bildirilir ki, iddiaçı tərəf müvafiq məbləği bəyannamənin 308-ci sətrində göstərilmişdir. Göstərilənlərə əsasən təqdim edilmiş etiraz əsassızdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziy-yəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı MMC-nin direktoru İ.Gözəlov iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs Kons-titusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məh-kəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Vergi Məcəlləsinin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarların-dan (akt-ların-dan), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkət-siz-liyin-dən) şi-ka-yət qa-nun-la müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məh-kə-mə-yə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkə-mə-yə veril-miş şikayət-lərə (iddia ərizələrinə) İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkət-lərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzi-bati məh-kəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2018-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmiş, hüquqi ünvanı ünvan 2 mənzil 7-dir. Qanuni təmsilçi isə Gözəlov İlham İsmayıl oğludur. İş materiallarında olan vergi ödəyicisi olan İddiaçı MMC ilə vergi orqanı arasında olan elektron yazışmalardan məlum olur ki, şəxsi hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın silinməsi barədə bir neçə dəfə sonuncuya müraciət edilmiş, lakin iddiaçıya münasibətdə məsələ öz müsbət həllini tapmamışdır. Əsas kimi isə göstərilmişdir ki, "xxxxxxxxxxxx" MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur. İddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixə İddiaçı MMCyə aid azalmanın məbləği 3.420.90 manat, təsdiqlənməmiş azalmanın məbləği 3.215,07 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı MMC-yə aid xx.xx.2020-ci il tarixə azalmanın məbləği 3.420.90 manat, təsdiqlənməmiş azalmanın məbləği 3.215,07 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə aid təsdiqlənməmiş azalma məbləğinin silinməsi barədə vergi ödəyicisi olan İddiaçı MMC ilə vergi orqanı arasında olan elektron yazışmalar aparılmış, lakin iddiaçıya münasibətdə məsələ öz müsbət həllini tapmamışdır. İmtinaya səbəbi kimi isə "xxxxxxxxxxxx" MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli əməliyyatlar kateqoriyasına aid edildiyi göstərilmişdir. Məhkəmə əvvəla cavabdehin imtina mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən, əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Göründüyü kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilmiş qərarla rəsmiləşdirilir ki, vergi orqanı da imtinasına əsas kimi göstərdiyi arqumenti təsdiq edən sübutunu – yuxarıda göstərilmiş qərarı məhkəməyə təqdim etməmiş, formal mülahizələrlə məsələnin iddiaçıya münasibətdə müsbət həllindən yayınmış, imtinasına əsas olan halları sübuta yetirə bilməmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanun-vericiliyinin pozul--ma-sında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunveri-cili-yinin pozul-ma-sı faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqan--ları-nın üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyici-si-nin təqsirinin olma-sı-na aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, əsassız səbəblərdən məsələ iddiaçının xeyrinə həll edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissə-si-nə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda gös-tə-rilmiş həcmdən əlavə ver-gi-lər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizələrini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli,İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan 3215.07 manat təsdiqlənməmiş azalmanın silinməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan 3215.07 manat təsdiqlənməmiş azalmanın silinməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Zahid Xəlilov küçəsi, 540-cı məhəllə)apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar