Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1484/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 190 manat birdəfəlik ödənişin verilməsi ilə bağlı müraciətinə baxmaqdan imtina etməsini qanunsuz hesab edilərək, hazıradək verildiyi hər ay üçün həmin ödənişin hesablanaraq ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ölkədə yayılmış pandemiyanın mənfi nəticələrinin qarşısını alınması ilə bağlı aztəminatlı şəxlərə verilən 190 manat birdəfəlik ödənişi almaq üçün elektron qaydada qeydiyyatdan keçmiş və bu barədə təsdiqedici bildirişi almışdır. Bundan sonra 06.05.2020-ci il tarixdə ona ödənişin verilməsindən imtinaya dair məlumat göndərilmişdir. Həmin imtinanı əsassız hesab etdiyindən ödənişin verilməsinin təmin edilməsi üçün məsul orqan olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciəti 15.05.2020-ci il tarixdə cavabdehə çatdırılıb. Lakin müraciətə baxılmasının qanunla müəyyən edilmiş müddətləri buraxılaraq nəticəsi barədə heç bir məlumat verilməyib. Aidiyyəti “Qaynar xətt” və digər telefon nömrələri ilə əlaqə saxlamaq cəhdləri də hər hansı nəticə verməyib (daim “məşğul” göstərir). İddiası əsaslıdır, ona görə ki, müvafiq sms məlumatında aztəminatlılıq meyarına uyğun gəlmədiyi qeyd olunsa da bu barədə hər hansı açıqlama verilməmiş, aztəminatlı olmağı təkzib edən heç bir konkret hala istinad olunmamışdır. Cavabdeh isə məsələni araşdırmamış, sözügedən ödənişi almaq hüququnu təmin etməmişdir. İşləmir, əmək haqqı, digər gəlirləri, adına hər hansı əmlak yoxdur, heç bir sosial ödəniş almır. Ödənişin ona verilməsindən imtina olunması üçün heç bir hüquqi əsas mövcud deyil. Müvafiq informasiya sistemlərində yol verilməsi mümkün olan hər hansı texniki səhvlərə görə məsuliyyət daşımalı deyil və bunun araşdırılmasına hazırdır (cavabdeh həqiqətən belə halın olduğunu təsdiq etməlidir). Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması məqsədilə işsiz kimi qeydiyyata düşdüyünü bildirmiş və bununla da məhkəməyə düzgün olmayan məlumat vermişdir. İddiaçı e-Sosial portalına Online müraciət əsasında özü barədə məlumatları daxil edərkən portalda göstərilən şərtlərə tam əməl etməmiş və müraciəti tamamlamamışdır. Belə olan halda “Məşğulluq” altsistemində (MAS) işaxtaran kimi qeydiyyatdan keçməmiş və işsiz statusu almamışdır. Bu səbəbdən də iddiaçı Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumatlandırılmışdır. İddiaçı məhkəməyə ünvanlandığı cavabdehin etirazına münasibətində cavabdehin etirazının rədd edilməsini və işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cü il tarixdə Naxçıvan MR, Ordubad şəhərində doğulmuşdur. - E-SOSİAL.AZ tərəfindən iddiaçıya ünvanlanan 06.05.2020-ci il tarixli SMS bildirişin surətindən görünür ki, İddiaçı azteminatlıq meyarına uyğun gəlmədiyi üçün, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina etmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış və cavabdeh tərəfindən 15.05.2020-ci il tarixdə qəbul edilmiş 06.05.2020-ci il tarixli şikayətin surətindən görünür ki, ölkədə yayılmış pandemiyanın mənfi nəticələrinin qarşısını alınması ilə bağlı aztəminatlı şəxlərə verilən 190 manat birdəfəlik ödənişi almaq üçün elektron qaydada qeydiyyatdan keçmiş və bu barədə təsdiqedici bildirişi almışdır. Bundan təxminən bir ay sonra - 06.05.2020-ci il tarixdə ona ödənişin verilməsindən imtinaya dair məlumat göndərilmişdir. İmtina tamamilə əsassızdır. Ona görə ki, müvafiq sms məlumatdında aztəminatlılıq meyarına uyğun gəlmədiyi qeyd olunsa da bu barədə hər hansı açıqlama verilməmiş, aztəminatlı olmağını təkzib edən heç bir konkret hala istinad olunmamışdır. Bildirir ki, işləmir, əmək haqqı, digər gəlirləri, adına hər hansı əmlak yoxdur, heç bir sosial ödəniş alımır. Ödənişin ona verilməsindən imtina olunması üçün heç bir əsas mövcud deyil. Belə olan halda aldığı cavabdehı Azərbaycan Respublikası vətəndaşına hörmətsizlik hesab edir. Məsələni nəzarətə götürərək aprel və may ayları üzrə sözügedən sosial ödənişin ona verilməsinə göstəriş verilməsini xahiş edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 tərəfindən məhkəməyə ünvanlanmış **********7 №-li, 12.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı “Məşğulluq” altsistemində (MAS-da) işaxtaran və ya işsiz kimi qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: - 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. - 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. - 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. - 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Məhkəmə araşdırılması zamanı İddiaçı “Məşğulluq” altsistemində (MAS-da) işaxtaran və ya işsiz kimi qeydiyyatdan keçməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmadığından ona “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci bəndinə əsasən birdəfəlik ödəmənin verilməsindən cavabdeh inzibati orqanın imtina edilməsi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1484/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1484/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver