Məhkəmə qərarları › İş №2-1(112)-14841/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14841/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14841/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının müəyyən edilməsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə öhdəliyi qoyulmasını xahiş etmişdir.

2. İddiaçı təqdim etdiyi ərizəyə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçıya xx.xx.2020-ci il tarixindən etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuş, 1975-ci ildə Bakı Neft texnikumunun əyanı şöbəsinə qəbul olunmuş, 1977-ci ildə hərbi xidmətə getdiyi üçün ona akademik məzuniyyət verilmişdir. 1979-cu ildə hərbi xidməti başa vuraraq əyani şöbəyə bərpa edilmiş, lakin həmin ilin sentyabr ayından əmək fəaliyyətinə başlamaqla əlaqədar olaraq 1979-cu ildə qiyabi şöbəyə köçürülmüşdür. 09 aprel 1981-ci il tarixdə texnikumu bitirərək “Metalların kəsməklə emalı” ixtisası üzrə diplom almışdır. 1979cu ildə Bakı Aqreqat İstehsalat Birliyinə tornaçı şagirdi işinə qəbul edilmiş, sonradan həmni peşə üzrə müxtəlif vəzifələrə keçirilmişdir. 1987-ci ildə “Bakqazmaş” X1-sənaye avadanlıqlarının istehsalı üzrə 4-cü dərəcəli tornaçı vəzifəsinə qəbul olunmuş, 1997-ci ildə “Xəzərdənizneftdonanma”sının Bakı Dənizçilik məktəbinə təhsil-istehsalat ustası vəzifəsinə keçirilmişdir. 2000-ci ildə Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinə Gəmi təmiri emalatxanasına tornaçı vəzifəsinə keçirilmişdir. 2014-cü ildə təşkilatı dəyişikliklərlə əlaqədar olaraq X2 Donanmasına tornaçı vəzifəsinə keçirilmiş və hazırkı vaxtadək də orada işləyir. 2023-cü ilin əvvəllərində güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün müraciət etmiş, lakin cavabdeh qurumun 08 sentyabr 2023-cü il tarixli 3-17-1/2-Ə- 206903/2023 saylı məktubu ilə “güzəştli iş stajının olmaması” əsası ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. "xxxx" QSC-nin X2 Donanmasının 20 iyul 2023-cü il tarixli 13-3-2/3-9-178/2023 saylı arxiv arayışında göstərilir ki, onun işlədiyi tornaçı peşəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsatlatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə qüvvədən düşmüş 21 iyun 1993cü il tarixli 320 saylı qərarına 2 saylı əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsatlatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 14-cü (Metal emalı) bölməsinin 14.12 bəndinin “a” yarımbəndi (kod 21511200- 1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güşəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Bu halda onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanunsuzdur.

4. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin X2 Donanmasının sizə dair 20 iyul 2023-cü il tarixli 13-3-2/3-9- 178/2023 nömrəli arayışında xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixindən bugünədək tornaçı peşəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz tornaçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən peşələrin siyahısında nəzərdə tutulmadığı müəyyən edilib. Bu fakt “X2 Donanması” QSC-nin 17 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

5. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ № ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC X2 Donanmasının 20 iyul 2023-cü il tarixli 13-3-2/3-9-178/2023 nömrəli arayışında iddiaçının xx.xx.2000-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixdən bu günədək tornaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyi tornaçı peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmadığı müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının tornaçı peşəsində çalışdığı faktı “X2 Donanması” QSC-nin 17 avqust 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

6. AR Elm və Təhsil Nazirliyi Azərbayvan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft –Energetika Kollecinin təqdim edilən 2816 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışa əsasən: - Verilir İddiaçı ona görə ki, o, həqiqətən, 25 avqust 1975-ci il tarixində 265 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 21 aprel 1977-ci il tarixində 137 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 14 may 1979-cu il tarixində 220 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 06 sentyabr 1979 -cu il tarixində 358 saylı əmrlə qiyabi şöbəyə köçürülmüşdür. 09 aprel 1981-ci il tarixində 145 saylı əmrlə “Metalların kəsməklə emalı” ixtisası üzrə qiyabi şöbədə tam kursu bitirdiyinə görə ona “texnik - texnoloq” ixtisas dərəcəsi və ДТ-1 №754692 saylı diplom verilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakı baza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır.

7. Azərbaycan X2 Donanmasının ASC 13-3-2/3-9-178/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixində X2 Donanma idarəsi Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli tornaçı peşəsinə (xx.xx.2000-ci il tarixli 278 ş/h nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixindən Donanmanın ÜGTE-də 5-ci, 6cı dərəcəli tornaçı, 5-ci dərəcəli takelajçı peşələrində işləmişdir. O, mexaniki çilingər sahəsində tornaçı peşəsində işlədiyi müddətdə tam iş günü ərzində, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuşdur. Hal-hazırda ÜGTE-də (Dübəndi) 6-cı dərəcəli tornaçı peşəsində çalışır. Onun işlədiyi tornaçı peşəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü (Metal emalı) bölməsinin 14.12 “a” yarımbəndi (kod: 2151200a-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əsas: Şəxsi iş № 379, şəxsi vərəqə T/2, kadr əmrləri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” İdarəsi xx.xx.2007-ci ildən X2 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X2 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.

8. Məhkəmə sorğusuna cavab olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti X2 Donanamasının xx.xx.2023-cü il tarixli məktubu ilə "xxxx" QSC X2 Donanmasının “Dübəndi” Gəmi təmiri emalatxanasında tornaçı peşəsində çalışan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı vəzifə təlimatı, əmək haqqı, məzuniyyət və ona ödənilən digər əlavələr haqqında zəruri sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə göstərilir: İşin xüsusiyəti: Universal torna dəzgahlarında böyük sayda keçidləri, emal etmək və ölçmək üçün əl çatan yerləri olan, kombinasiyalı bərkitməni və müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən xüsusən mürəkkəb eksperimental və bahalı detalların və alətin, 1- 5 ci kvalitetlər (1- 2-ci dərəcələri) üzrə torna emalı və tamamlanması. Hər cür modulu və addımı olan xüsusən mürəkkəb profilli məsul çox girişli yivlərin açılması. Deformasiya uğraya bilən xüsusən mürəkkəb iriqabaritli, məsul detalların, qovşaqların və nazikdivar uzun detalların universal və unikal toma dəzgahlarında torna emalı. Yeni yayma valın torna emalı, işlənmişin yenidən yonulması, xüsusən mürəkkəb profilin kalibrlənməsi, o cümlədən birləşdirilmiş plazma -mexaniki emal metodu ilə çətin emal olunan, yüksək legirlənmiş, hərarətədavamlı materiallardan olan detalların və alətin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsi. Bilməlidir: Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyinin yoxlanılması qaydalarını; mürəkkəb quruluşlu detalların torna dəzgahına bərkidilməsi və onların texniki təyin olunma metodlarını. Xüsusi kəsici alətlərin hissələrin həndəsi ölçülməsi, itilənməsi və kəsici alətlərdən istifadə qaydaları. Müəyyən olunmuş ölçülərin dəqiq və keyfiyyətli yerinə yetirilməsi xüsusiyyətlərini; xüsusən mürəkkəb profillərin kalibrlənməsində əsas prinsipləri; xüsusən mürəkkəb və məhhsul torna işlərinin yerinə yetirilməsi. Əmək məzuniyyətinin verilməsi haqqında: AR ƏM-nin 115-ci maddəsi, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə - 6 təqvim günü.

9. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

19. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

11. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023cü il tarixdə müraciət etmişdir.

12. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə iddiaçının ümumi stajı ən azı 35 ildir.

13. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: "xxxx" QSC arayışından məlum olur ki, iddiaçı xx.xx.2000-ci il tarixində X2 Donanma idarəsi Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli tornaçı peşəsinə xx.xx.2000-ci il tarixdən işə qəbul edilmişdir. xx.xx.2001-ci il tarixindən Donanmanın ÜGTE-də 5-ci, 6-cı dərəcəli tornaçı, 5-ci dərəcəli takelajçı peşələrində işləmişdir. O, mexaniki çilingər sahəsində tornaçı peşəsində işlədiyi müddətdə tam iş günü ərzində, metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olmuşdur. Hal-hazırda ÜGTE-də (Dübəndi) 6-cı dərəcəli tornaçı peşəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 11-ci (Metal emalı) bölməsinin 11.14 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü (Metal emalı) bölməsinin 14.12 “a” yarımbəndi (kod: 2151200a-1753a) ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir.

14. Məhkəmə qeyd edir ki, qeyd edilən xx.xx.2007-ci il tarixli 12 №-li qərarın 11-ci bəndində (Metal emalı): - 11.14. Metal emalının digər peşələri; a) fəhlələr: - metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşələri nəzərdə tutulmuşdur.

15. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

16. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi tornaçı peşəsinin metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan tornaçı peşəsinə uyğun olması iş yeri tərəfindən verilən həm arayışla, həmçinin məhkəmənin sorğusuna əsasən iddiaçının vəzifə təlimatı ilə təsdiq olunur.

17. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci ilədək 18 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

18. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

20. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

21. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar