Məhkəmə qərarları › İş №2-1(112)-1485/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1485/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1485/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və həmin Fondun Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı «pensiyanın yenidən təyin edilməsi, ödənilməyən məbləğin müavinət kimi birdəfəlik ödənilməsi, ali təhsillə bağlı müavinətin verilməsi»nə dair iddia tələbi üzrə inzibati iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Dövlət Sosial Müdafiə Fonduna və həmin Fondun Nəsimi rayon şöbəsinə qarşı «pensiyanın yenidən təyin edilməsi, ödənilməyən məbləğin müavinət kimi birdəfəlik ödənilməsi, ali təhsillə bağlı müavinətin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1940-cı il təvəllüdlüdür, əmək veteranıdır. Onun 37 ildən artıq əmək stajı var, lakin əmək stajı səhvən 35 il 10 ay kimi nəzərə alınmışdır. Sonradan müraciətləri əsasında onun əmək pensiyası 37 il 11 ay kimi hesablandığından, verilməyən 5.400 manat pensiya məbləğinin ən azı 3 illik hissəsini, yəni 1.080 manat pul vəsaitini almaq istəmişdir. Ona görə də onun əmək pensiyası 320 manat məbləğində olmalı idi. Bundan başqa, ali təhsil aldığı üçün ona 600 manat (300 + 300) müavinət verilməlidir. Lakin Dövlət Sosial Müdafiə Fondu həmin məbləğləri vermir. Ona pensiya artırılmaqla son üç ilin məbləği kimi 1.080 manat (ümumi məbləğ 5.400 manat təşkil edə bilər) və ali təhsilli olmasına görə 600 manat müavinətin verilməsini xahiş edir. Ölkə üzrə 2021-ci ilin yanvar ayında əmək pensiyalarında artım olduğundan, onun pensiya məbləği 262 manatdan 293 manata atrılmışdır. Əmək stajı əvvəldən 35 il 10 ay deyil, 37 il 11 ay göstərilsəydi, pensiya artımı da böyük olardı. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, Fondun Nəsimi rayon şöbəsinə dəfələrlə müraciət etsə də, cavab, o cümlədən müsbət cavab almamışdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya ümumi əmək illəri və təhsil dövrünə görə 37 il 11 ay iş stajı ilə 320 manat və ya ona yaxın məbləğdə pensiya təyin edilməsi, ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddia ərizəsində cavabdeh qismində “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi”nin göstərilməsini formal xəta kimi qiymətləndirmiş və həmin qurumun əvəzinə “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon xidmət nümayəndəliyi”ni qəbul etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə “dəqiqləşdirilmiş iddia ərizəsi” təqdim etmiş və ərizəsində eyni cavabdehlər qeyd olunmaqla tələbini aşağıdakı kimi göstərmişdir: - iddiaçıya ümumi əmək illəri və təhsil dövrünə görə 37 il 11 ay iş stajı ilə 320 manat məbləğində pensiya təyin edilməsi, ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının İPM-in 47-ci maddəsinə uyğun olaraq iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində iddianın əsasları kimi 37 il 11 ay stajı olmasına baxmayaraq, stajının cavabdeh orqan tərəfindən 35 il 10 ay göstərilməsini, buna görə də pensiya məbləğinin az hesablanması və ödənilməsinin qanunauyğun olmamasını göstərmişdir. Həmçinin, əyani ali təhsil aldığını bildirərək ona əlavə olaraq ümumilikdə 600 manat olmaqla 2 dəfəlik müavinət verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və Filial tərəfindən iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmışdır. Hesab edilir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya pensiya təyin edilən dövrdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər – 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, qadınlar – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. İddiaçının əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının əmək kitabçası 20 avqust 1962-ci il tarixdə tərtib edilmişdir. Əmək kitabçasına əsasən iddiaçı 1 avqust 1962-ci il tarixdən 10 may 1963-cü il tarixədək, 1 oktyabr 1963-cü il tarixdən 19 noyabr 1964-cü il tarixədək, 7 yanvar 1965-ci il tarixdən 1 oktyabr 1968-ci il tarixədək, 1 oktyabr 1968-ci il tarixdən 1 aprel 1994-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının diplomunun surətindən görünür ki, o, 1 sentyabr 1957-ci il tarixdən 1 iyun 1962-ci il tarixədək M.Əzizbəyov adına X4 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. Yuxarıda qeyd olunan illər iddiaçıya pensiya təyin edilərkən nəzərə alınmışdır. Belə ki, iddiaçının əmək kitabçası və diplomuna əsasən ümumi stajı 35 il 10 ay 21 gün təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstinad olunan Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta nissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti crqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafuq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20-ci razdəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29-cu maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İddiaçıya yaşa görə pensiya 26 yanvar 2001-ci il tarixdə təyin edilmişdir, Pensiyaçının uçot vərəqindən də göründüyü kimi, 1 yanvar 2006-cı il tarixdən 1 aprel 2006-cı il tarixədək pensiyanın baza hissəsi 25 manat olmaqla pensiyanın məbləği 25 manat olmuş, 1 aprel 2006-cı il tarixdən 1 oktyabr 2006-cı il tarixədək baza hissə 30 manat olmaqla pensiyanın məbləği 30 manat, 1 oktyabr 2006-cı il tarixdən 1 yanvar 2007ci il tarixədək baza hissə 35 manat olmaqla pensiyanın məbləği 35 manat, 1 yanvar 2007ci il tarixdən 1 fevral 2007-ci il tarixədək baza hissə 40 manat olmaqla pensiyanın məbləği 40 manat, 1 fevral 2007-ci il tarixdən 1 yanvar 2008-ci il tarixədək baza hissə 50 manat olmaqla rensiyanın məbləği 50 manat, 1 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2008-ci il tarixədək baza hissə 60 manat olmaqla pensiyanın məbləği 60 manat, 1 sentyabr 2008-ci il tarixdən 1 sentyabr 2010-cu il tarixədək baza hissə 75 manat olmaqla pensiyanın məbləği 75 manat, 1 sentyabr 2010-cu il tarixdən 1 iyul 2011-ci il tarixədək baza hissə 85 manat olmaqla pensiyanın məbləği 85 manat, 1 iyul 2011-ci il tarixdən 1 yanvar 2012-ci il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,58 manat olmaqla pensiyanın məbləği 158,58 manat, 1 yanvar 2012-ci il tarixdən 1 yanvar 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 73,39 manat olmaqla pensiyanın məbləği 164,39 manat, 1 yanvar 2013-cü il tarixdən 1 sentyabr 2013-cü il tarixədək baza hissəsi 85 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 165,26 manat, 1 sentyabr 2013-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 80,26 manat olmaqla pensiyanın məbləği 180,26 manat, 1 yanvar 2014-cü il tarixdən 1 fevral 2015-ci il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 82,29 manat olmaqla pensiyanın məbləği 182,19 manat, 1 fevral 2015-ci il tarixdən 1 fevral 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəi 83,34 manat olmaqla pensiyanın məbləği 183,34 manat, 1 fevral 2016-cı il tarixdən 1 fevral 2016-cı il tarixədək baza hissəsi 100 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 186,67 manat, 1 fevral 2016-cı il tarixdən 1 yanvar 2017-ci il tarixədək baza hissəsi 110 manat, sığorta hissəsi 86,67 manat olmaqla pensiyanın məbləği 196,67 manat, 1 yanvar 2017-ci il tarixdən baza hissəsi 110 manat, sığorta hissəsi 97,42 manat olmaqla pensiyanın məbləği 207,42 manat olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Yuxarıda istinad olunan maddəyə uyğun olaraq 8 iyul 2021-ci il tarixli **********7 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçının pensiyası yenidən hesablanmış və pensiyanın məbləği 293.33 manatdan 294.11 manata çatdırılmışdır. Bundan başqa, İddiaçı iddia ərizəsində əyani ali təhsil aldığı üçün ona ümumilikdə 600 manat olmaqla 2 dəfəlik müavinət ödənilməli olduğunu qeyd etmişdir. Həm iddiaçının təhsil aldığı dövrdə, həm də hal-hazırda qüvvədə olan qanunvericilikdə əyani təhsil almış pensiyaya çıxmış şəxslərə hər hansı birdəfəlik ödənişin verilməsi nəzərdə tutulmamışdır. Bunun səbəbidir ki, iddiaçı bununla bağlı hər hansı qanunvericilik aktına istinad edə bilməmişdir. Beləliklə istinad olunan qanunverilik normalarının qarşılıqlı təhlilindən və iş üzrə icraat materiallarından da məlum olur ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği cavabdeh orqan tərəfindən düzgün hesablanmışdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddiasının təmin ediməsi xahiş olunur. İddiaçı tərəf məhkəməyə növbəti “dəqiqləşdirilmiş iddia ərizəsi” təqdim etmiş və ərizəsində cavabdehlər kimi DSMF və DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd olunmaqla tələbini aşağıdakı kimi göstərmişdir: - iddiaçıya ümumi əmək illəri və təhsil dövrünə görə 37 il 11 ay iş stajı ilə əmək pensiyasının 30 manat artırılaraq yenidən təyin edilməsi, ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi və ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdeh tərəfin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın dəyişdirilməsi və iddianın mümkünlüyü məsələlərinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın dəyişdirilməsinə etiraz bildirmədi, iddianın əsassız olduğunu qeyd etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər – 60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar – 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilkin iddiasında üç tələb irəli sürür: 1) 37 il 11 ay iş stajı ilə 320 manat və ya ona yaxın məbləğdə pensiya təyin edilməsi; 2) ümumi stajına əsasən təyin olunaraq verilməyən 5.400 manat məbləğin birdəfəlik müavinət kimi ödənilməsi; 3) ali təhsil aldığından ikidəfəlik müavinətin (600 manat) verilməsi. Məhkəmə ilkin tələblər üzrə aşağıdakıları diqqətə çəkir: Birinci tələb üzrə – iddiaçı iddia ərizəsində qanunvericiliyin hansı normasına istinadən əmək pensiyasının məbləğinin 320 manat həcmində təyin ediməsini əsaslandırmamış, eləcə də “və ya ona yaxın məbləğdə təyin edilməsi” ifadələrini işlətməklə qeyri-müəyyən tələb irəli sürmüşdür. Bundan başqa, iddiaçının DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fililına müraciəti əsasında onun əmək pensiyasının məbləği məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl artırılmışdır; İkinci tələb üzrə – mövcud əmək qanunvericiliyi əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş müddət üzrə ödənilməmiş məbləğin son 3 illik dövr üzrə hissəsinin birdəfəlik deyil, yalnız “pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsini nəzərdə tutur; Üçüncü tələb – şəxsin ali təhsil alması ilə bağlı hər hansı həcmdə, o cümlədən 300 manat və ya 600 manat müavinət alması, yaxud onun əmək pensiyasına əlavə edilməsi qanunvericilikdə müəyyən edilməmişdir. Göründüyü kimi, qaldırılan məsələlər ilə bağlı cavabdehlər Dövlət Sosial Müdafiə Fondu və həmin Fondun Nəsimi rayon xidmət nümayəndəliyi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmənin qənaəti belədir ki, ilkin iddia ərizəsində göstərilən tələblər üzrə inzibati mübahisəyə baxıla bilməz. İddianın dəyişdirilməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, dəyişiklik ilkin iddiadan yalnız birinci tələb fərqlidir: ərizədə “320 manat məbləğində pensiya təyin edilməsi” tələbi “əmək pensiyasının 30 manat artırılması” tələbi ilə əvəz edilmişdir. Nəzərə alınmalıdır ki, bu tələb də hansı normaya istinad irəli sürüldüyü əsaslandırılmamışdır və yeni variantda tələbi ilə bağlı bağlı iddia qaldırmamışdan əvvəl yeni ərizədə göstərilən inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edilməsi məhkəmə icraatında müəyyən edilmir. Ona görə də məhkəmə iddianın dəyişdirilməsinin qəbul olunmasını məqsədəuyğun saymır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində iki cavabdeh – DSMF və DSMF-nin yerli qurumunu göstərsə də, icraatında İPM-in 30-cu maddəsi ilə təsbit olunmuş həmiştirakçılığa əsas verən xüsusat müəyyən edilmir və inzibati mübahisəyə baxılması üzrə DSMF pensiya təyin etmədiyindən (onun yerli qurumu bu təyinatı apara bilər), müvafiq səlahiyyətli qurum kimi çıxış edə bilməz. Beləliklə məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmalı və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 83.4, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar