Məhkəmə qərarları › İş №2-1(112)-14853/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14853/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14853/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci ildə Laçın rayonu, Ərdəşəvi kəndində anadan olmuş və Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qarabağ düşərgəsində müvəqqəti yaşayır. Məcburi köçkün həyatı yaşadığından bugünədək şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə mövcuddur. İddiaçı ona şəxsiyyət vəsiqəsi verilməsini, müvafiq ünvana qeydiyyata alınmasını xahiş etsə də, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar alınması tələb olunmuşdur. İddiaçı müvafiq sənədlərlə Xidmətə müraciət etmişdir. Lakin cavabdehin qərarı ilə, onun xx.xx.1967-ci ildə Laçın rayonu, Ərdəşəvi kəndində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmaması müəyyən edilmişdir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə kifayət qədər sənəd mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçı Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunur ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşıdır və heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışdır (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -Cavabdeh AR Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməni sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı DMX-nin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarını 5 saylı “ASAN Xidmət” Mərkəzindən xx.xx.2022-ci il tarixdə şəxsən imzalayaraq götürmüşdür. Sözügedən qərardan şikayət müddəti ötürülmüşdür. -Müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əlavə edilmiş müvafiq qeydiyyat kitabından çıxarışdan görünür ki, qeydiyyat nömrəsi ******* olan xx.xx.2022-ci il tarixli qərar İddiaçı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından imtina edilməsi haqqında cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarından məlumatlı olduğunu, qərarın ona təqdim olunduğunu bildirmiş, lakin latın əlifbası ilə oxuya bilmədiyi üçün qərardan vaxtında şikayət verə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Hazırkı halda iddiaçı cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istəyir. İş üzrə sənədlərdən müəyyən edilir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, onun hazırkı iddiası ilə arzu etdiyi inzibati aktın qəbul edilməsindən imtina barədə cavabdeh tərəfindən müvafiq inzibati akt xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İddiaçının cavabdeh tərəfindən qəbul edilmiş, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərardan xx.xx.2022-ci il tarixdən məlumatlı olması iş materialları ilə təsdiq olunmuş, iddiaçı tərəf özü də məhkəmə iclası zamanı bu halı təkzib etməmişdir. Buna baxmayaraq, iddiaçı tələbi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdan təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə 1 il 4 ay (bir il dörd ay) sonra müraciət etmişdir. İPM-in 38.2-ci maddəsi isə şəxsə tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. Belə ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür ki, bunun üçün də qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə yanaşı, tələbinə münasibətdə cavabdeh tərəfindən verilmiş inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hal hazırkı mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə də məhkəməyə müraciət etmək hüququnu itirdiyini göstərir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tələbdən imtina barədə qəbul edilmiş inzibati aktın mövcudluğu iddiaçıya ən geci xx.xx.2022-ci il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar