Məhkəmə qərarları › İş №2-1(112)-1486/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1486/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1486/2021 10.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) “əmək pensiyasının yenidən hesablanması və ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində X3 böyük müfəttiş vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1dən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. 25.11.1994-cü il tarixdən 20.03.2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində X1 baş inspektor vəzifəsində xidmət etmişdir. Xidmət müddəti 27 il təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016-cı il tarixli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilməsi və onun səlahiyyətlərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməsi qərara alınmışdır. Həmin Fərmanın 12.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Həmin Fərmanın 12.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016-cı il tarixli Fərmanının 12.3 və 12.4-cü bəndlərinin icrası Nazirlər Kabineti tərəfindən təmin edilərək Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələr Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində mövcud olan vəzifələrə uyğunlaşdırılmışdır. Ona təyin edilmiş əmək pensiyası Dövlət Feldyeger Xidmətində tutmuş olduğu X1 baş inspektor vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 09.03.2018-ci il tarixli, 3771 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesablal 10 faiz artırılması qərara alınmışdır. Ona xidmətdən tərxis olunduğu zaman təyin edilmiş əmək pensiyası hazırda Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılan vəzifənin təminat xərcliyinə uyğun hesablanmalıdır. Lakin ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılan vəzifənin təminat xərcliyinə uyğun hesablanması həyata keçirilməmişdir. O, bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı öz iddia ərizəsində iki dəlil irəli sürür. Onun xidmət etdiyi Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Prezidentinin 1125 saylı, 24.11.2016-cı il tarixli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. Tərxis olduğu Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin X1 baş inspektor vəzifəsinin Xüsusi Dövlət Mühafizə Xidmətində Feldyeger Rabitəsi İdarəsində X3 böyük müfəttiş vəzifəsinə uyğunlaşdırılmışdır. Lakin iddiaçıya pensiya təyin edilərkən Dövlət Feldyeger Xidmətindəki təminat xərcliyi əsas götürülməklə pensiya təyin edilib, halbuki Xüsusi Dövlət Mühafizə Xidmətindəki müvafiq vəzifə ilə Dövlət Feldyeger Xidmətində vəzifə tutan şəxslərin təminat xərcliyində əhəmiyyətli fərq vardır. Azərbaycan Respublikası Prezidentinin 09.03.2018-ci il tarixli, 3771 nömrəli sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə maaşı 2018-ci ilin martın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Buna görə də iddiaçının pensiyası bu artım diqqətə alınmaqla yenidən hesablanmalıdır. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilmiş 18.04.2017-ci il tarixli məlumat vərəqində iddiaçının vəzifəsi - “Xüsusi Dövlət Mühafizə Xidmətin rəisinin sərəncamında olan (Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti Şöbəsinin baş inspektoru vəzifələrini icra edən)”, təminat xərcliyinin məbləği isə 682.80 manat olaraq göstərilmişdir. Təminat xərcliyinə daxildir: vəzifə maaşı - 234 manat, rütbə maaşı - 134 manat, xidmət illərinə görə əlavə 30% - 110.40 manat, ərzaq payı əvəzinə kompensasiya – 64 manat, digər növ əlavələr (məharət dərəcəsi – 35%) – 81.90 manat, digər növ əlavələr (vəzifə maaşına əlavə 25%) – 58.50 manat. Azərbaycan Respublikası Prezidentinin 09.03.2018-ci il tarixli, 3771 nömrəli sərəncamı (vəzifə maaşının 10% artımı barədə) iddiaçıya da şamil edilmişdir. Belə ki, Təminat xərcliyinin məbləği bu artımdan sonra iş materiallarında olan əmək pensiyasının yenidən hesablanması haqqında 19.07.2019-cu il tarixli, 000923 nömrəli qərardan da göründüyü kimi (vəzifə maaşı 258 manat) 728,40 manat təşkil etmişdir. Buna görə də İdarənin bu qərarına əsasən 01.03.2018-ci il tarixdən iddiaçıya təyin edilmiş pensiyanın məbləği 513.90 manat müəyyən edilmişdir. İddiaçının hər iki dəlili əsassızdır. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının hazırkı tələbi üzrə cavabdeh qismində işə cəlb oluna bilməz. Belə ki, əvvəlki Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının pensiya məbləğlərinin artırılması ilə bağlı İdarəyə edilən müraciətlərlə əlaqədar Xüsusi Dövlət Mühafizə Xidmətinə ünvanlanan müraciətlərə cavab verərkən onlar tərəfindən Nazirlər Kabinetinin 15.04.2019-cıı il tarixli 170-7 nömrəli qərarına istinad edilərək, əvvəlki Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təminat xərcliyinin Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının təminat xərcliyinə uyğun olmamasını bildirirlər. Bu qurumlardakı təminat xərcliklərinin uyğunlaşdırılması səlahiyyəti Xüsusi Dövlət Mühafizə Xidmətində olduğundan bu iddia üzrə cavabdeh qismində onlar işə cəlb olunmalıdır. Həmçinin iddiaçı 20.03.2017ci il tarixdə tərxis edilmişdir. O, 28.04.2017-ci ildə ərizə ilə İdarəyə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İdarənin 02.05.2017-ci il tarixli Qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği hesablanarkən Xüsusi Dövlət Mühafizə Xidmətinin İdarəyə göndərdiyi 18.04.2017-ci il tarixli məlumat vərəqində qeyd edilmiş (o cümlədən təminat xərcliyi ilə bağlı) məlumatlar əsas götürülmüşdür. Təminat xərcliyinin hesablanması ilə bağlı məsələlər Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları'’ ilə tənzimlənir. Qaydalar əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmasına dair göstərişləri nəzərdə tutur. İddiaçıya əmək pensiyasının təyin edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Başqa sözlə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilmiş məlumat vərəqi əsasında pensiya təyin edilmişdir. İddiaçının cəmi təminat xərcliyi 682.80 manat təşkil edir və İdarə tərəfindən bu məbləğə uyğun pensiya tamamilə dəqiq şəkildə hesablanmışdır İddiaçının təminat xərcliyində sonrakı artım barədə hər hansı məlumat vərəqi İdarəyə təqdim edilməmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyində baş vermiş artımlar barədə İdarədə hər hansı məlumat olmur. Həmin şəxslərin qulluq etdikləri orqanları tərəfindən müvafiq məlumat vərəqi İdarəyə göndərilməlidir və yalnız bundan sonra İdarənin müvafiq hesablamanı aparmaq imkanı yarana bilər. İddiaçının qulluq etdiyi orqan tərəfindən İdarəyə təminat xərcliyindəki artımlar haqqında hər hansı məlumat vərəqi göndərilməmişdir. Bu səbəbdən də İdarənin hər hansı pensiya artımı ilə bağlı yenidən hesablama aparması mümkün deyildir. İddiaçının pensiyaya çıxarkən tutduğu vəzifə üzrə təminat xərcliyinin Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq İdarəsindəki böyük müfəttiş vəzifəsinin təminat xərcliyinə uyğunlaşdırılması barədə tələbi tamamilə əsassızdır. Çünki iddiaçı Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq İdarəsində böyük müfəttiş vəzifəsini heç bir zaman tutmamışdır. Belə ki, o, 01.12.2016-cı ildən 20.03.2017-ci ilədək, yəni dövlət Feldyeger Xidmətinin Xüsusi Dövlət Mühafizə Xidmətinə birləşdirildiyi tarixdən iddiaçının ehtiyata buraxıldığı tarixədək Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin sərəncamında olmuşdur. “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin (29.06.2018-ci il tarixli Qanuna əsasən qüvvədən düşüb) 43-cü bəndinə əsasən, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş feldyeger rabitəsi orqanının əməkdaşı üç ay müddətinə əməkhaqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Göründüyü kimi iddiaçı 01.12.2016-cı ildən etibarən vəzifədən azad olunmuş. 03 ay 19 gün sərəncamda qalmış və daha sonra pensiyaya çıxmışdır. İddiaçının tutduğu son vəzifə “Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru” vəzifəsi olmuşdur. Məhz buna görə də Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən İdarəyə göndərilmiş sənədlərdə iddiaçının vəzifəsi yuxarıdakı qaydada göstərilmişdir. Yalnız təminat xərcliyinin sərəncama götürüldüyü günə qədər olan məbləği şəxsə pensiya təyini zamanı nəzərə alınmalıdır. İddiaçı heç bir zaman tutmadığı vəzifə üzrə təminat xərcliyi əsas götürülməklə pensiyasının yenidən hesablanmasını istəyir. Belə bir tələb haqlı deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı 25.11.1994-cü il tarixdən 20.03.2017-ci il tarixədək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində xidmət etmiş, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 25.02.2017-ci il tarixli 35şh nömrəli əmri ilə “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin 93cü maddəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) feldyeger xidməti polkovnik-leytenantı İddiaçı 20.03.2017-ci il tarixdə feldyeger rabitəsi orqanında xidmətinə xitam verilmişdir. İddiaçı feldyeger rabitəsi idarəsində vəzifəyə təyin olunmamış və hərbi qulluqçu statusu əldə etməmişdir. Bu səbəbdən də ona Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan feldyeger rabitəsi idarəsinin müvafiq vəzifəsinin pensiyasını tam həcmdə təqdim etmək mümkün deyildir. Nazirlər Kabinetinin 15.04.2019-cu il tarixli 170-7 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş “baş inspektor diplomatik kuryer” vəzifəsi Xüsusi Dövlət Mühafizə Xidmətində “diplomatik kuryer” vəzifəsinə uyğun gəlir. “baş inspektor diplomatik kuryer” vəzifəsi “diplomatik kuryer” vəzifəsinə 28% nisbətində uyğunlaşdırılmışdır. Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarələrin şöbə rəislərinin aylıq vəzifə maaşı 1150 manatdır. İddiaçı barəsində 18.04.2017-ci il tarixli 13/811 nömrəli məlumat vərəqəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Nazirlər Kabinetinin qeyd edilən qərarlarına uyğun tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Həmin məlumat vərəqəsində İddiaçı vəzifə maaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan idarənin diplomatik kuryer vəzifə maaşına (835 manat (2017-ci ildə mövcud vəzifə maaşı)) 28% nisbətində müəyyən edilərək 234 manat göstərilmiş və bütövlükdə onun təminat xərcliyi əlavə və artımlarla birlikdə 682.80 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə 2018-ci il 01 mart tarixli artım (10%) və 2019-cu il 01 sentyabr tarixli artım (25%) nəzərə alınaraq bununla bağlı müvafiq məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. İddiaçının təminat xərcliyi barədə məlumat vərəqəsi məhz onun tələb etdiyi kimi son artımlar nəzərə alınmaqla həmçinin qanunvericiliyin imperativ müəyyən etdiyi şəkildə müvafiq vəzifə maaşının faiz nisbətinə uyğun olaraq hazırlanmış və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 40 nömrəli, 14.11.1994-cü il tarixli əmrlə 15.11.1994-cü il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətə qəbul edilmiş, 35ş/h nömrəli, 25.02.2017-ci il tarixli əmrlə 20.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamənin 93-cü maddəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) xidmətinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinin 02.05.2017-ci il tarixli Əmək pensiyasının təyin edilməsi haqqında Qərarına əsasən İddiaçı 21.03.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə 484.79 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tərtib edilmiş 18.04.2017-ci il tarixli 918 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı təvəllüdü xx.xx.1963-cü il, rütbəsi f/x polkovnikleytenant, vəzifəsi XDMX rəisinin sərəncamında olan Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru vəzifələrini icra edən, təqvim üzrə xidmət illəri 24 il 06 ay 14 gün, güzəştli xidmət illəri 02 il 05 ay 16 gün, ümumi xidmət illəri 27 il, təminat xərcliyi isə 682.80 manat təşkil etmişdir. İddiaçıya 21.03.2017-ci il tarixdən yaşa görə 484.79 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 15.11.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanında xidmətə qəbul edilmiş, 20.03.2017-ci il tarixdə Azərbaycan Respublikası Feldyeger Rabitəsi orqanında xidmətkeçmə haqqında Əsasnamənin 93-cü maddəsinin 4-cü bəndinə əsasən (təşkilatiştat tədbirlərinin keçirilməsi ilə əlaqədar) xidmətinə xitam verilmişdir. «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanının 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilmişdir. Həmin Fərmanın 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmişdir. İddiaçıya 21.03.2017-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus pensiya işində olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tərtib edilmiş 18.04.2017-ci il tarixli 918 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi XDMX rəisinin sərəncamında olan Dövlət Feldyeger Xidmətinin Feldyeger heyəti şöbəsinin baş inspektoru qeyd edilmişdir və təminat xərcliyi həmin vəzifəyə uyğun hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavə ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci ilin 1 mart tarixədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1dən hesablanaraq ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Bu qərarla iddiaçının işləmiş olduğu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində baş inspektor vəzifəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində diplomatik kuryer vəzifəsinə uyğunlaşdırılmış və uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti 28,0 faiz müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş məlumat vərəqində iddiaçının vəzifəsi qeyd olunmuşdur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli qərarı və həmin qərara əlavədə iddiaçının işləmiş olduğu vəzifə və vəzifə maaşı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində olan vəzifəyə və vəzifə maaşına uyğunlaşdırılmış və həmin şəxslərin pensiyalarının 2018-ci ilin martın 1dən hesablanaraq ödənilməsinin təmin edilməsi müəyyən edilmişdir. Belə olan halda cavabdeh iddiaçıya təyin edilmiş pensiyanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən uyğunlaşdırılmış vəzifənin təminat xərcliyinə uyğun olaraq yenidən 2018-ci ilin martın 1-dən hesablayaraq ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin diplomatik kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq 2018-ci il martın 1-dən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar