Məhkəmə qərarları › İş №2-1(112)-1486/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1486/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1486/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Gədəbəy RHK tərəfindən 1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş və xx.xx.1992-ci il tarixdə döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır. Bununla bağlı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şəmkir rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Ona “Sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin açıq yerini dəyişmiş qəlpəli sınığı və sağ çiyin nahyyəsinin dəlib keçən güllə yarası” diaqnozu qoyulmuşdur. Bundan sonra xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissənin qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı ona yaralanma nəticəsində bazu sümüyünün sınığı, ağrı sindromu ilə müşayiət olunan mil sinirinin hissəvi zədələnməsi ilə sağ bazunun yuxarı 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Bununla bağlı AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 1115 nömrəli qərarı mövcuddur ki, həmin qərarda yuxarıda qeyd edilənlərdən savayı həmçinin qeyd edilmişdir ki, İddiaçı aldığı yara hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İddiaçı döyüş zamanı güllə yarası almasını N nömrəli hərbi hissə tərəfindən verilən arayış da təsdiq edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə 2-ci dərəcəli əlillik verilmişdir. Bu zaman TSEK tərəfindən qoyulan diaqnoz sağ bazu oynağın odlu silah yaralanmasından sonrakı vəziyyəti, sağ bazu sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı, sağ bazu kələfinin yaralanması nəticəsində pleksit, bazu kələfinin travması və sümük sınığının pis bitişməsi olmuşdur. Lakin sonradan cavabdeh heç bir əsas olmadan İddiaçı təyin edilmiş 2 dərəcəli əlilliyi ləğv etmişdir. Bundan sonra iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə TƏBİB nəzdində olan “Azərbaycan X5 və Ortopediya İnstitutu” PHŞ-də müayindən keçmiş və ona yenidən yuxarıda qeyd edilən diaqnoz qoyulmuşdur. Yəni iddiaçının xəstəliyi sağalmadığı halda xəstəliyə görə təyin edilmiş əlillik dərəcəsi qanunsuz olaraq ləğv edilmişdir. Bundan sonra iddiaçı cavabdehə rəsmi müraciət edərək xəstəliyinin sağalmaması səbəbindən ona 2-ci dərəcəli əliiliyin verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə uzun müddət cavab verilməmişdir. Lakin sonradan iddiaçı tərəfindən dəfələrlə edilmiş şifahi müraciətlərin nəticəsində xx.xx.2023-cü il tarixdə iddiaçının müraciətinə verilən imtina cavabı elektron sistemə yerləşdirilmişdir. Həmin imtina cavabı qanunsuzdur. Belə ki, iddiaya əlavə edilən sənədlərdən görünür ki, iddiaçıya əvvəllər qoyulmuş diqanoz hazırda da mövcuddur və iddiaçı sağalmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə imtina qərarı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 1115 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, Gədəbəy RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Şəmkir rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin açıq yerini dəyişmiş qəlpəli sınığı, sağ çiyin nahiyyəsini dəlib keçən güllə yarası” və xx.xx.1993-cü ildə N nömrəli hərbi hissənin qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi diaqnoz: “Bazu sümüyünün sınığı, ağrı sindromu ilə müşayiət olunan mil sinirinin hissəvi zədələnməsi ilə sağ bazunun yuxarı 1/3-nin odlu silahla dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1046 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 220 nömrəli arayışı, Şəmkir rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli 951 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Tramvadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə “Sağ çiyin oynağının odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ bazu sümüyünün boyunu q/d bitişmiş oynağında” travmatik pleksit” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçıya eyni diaqnoza əsasən yenidən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İşdən görünür ki, xx.xx.2015-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək 1 il müddətinə “Sağ bazu oynağın odlu silah yaralanmasından sonrakı vəziyyəti. Sağ bazu sümüyü boynunun qeyri- düzgün bitişmiş sınığı. Sağ bazu kələfinin yaralanması nəticəsində pleksit. Bazu kələfinin travması. Sümük sınığının pis bitişməsi.” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı ildə yenidən eyni diaqnoz ilə iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində “Hərbi əməliyyat nəicəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sağ bazu sümüyünün odlu silahla yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı və varus tipli deformasiya” diaqnozu ilə göndərişlər verilsə də, Diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə iddiaçıya imtina cavabı verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “Gədəbəy rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da 0346003AASQV nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1115 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ bazu sümüyünün yuxarı 1/3 hissəsinin açıq yerini dəyişmiş qəlpəli sınığı. Sağ çiyin nahiyəsini dəlib keçən güllə yarası. Bazu sümüyünün sınığı, ağrı sindromu ilə müşayiət olunan mil sinirinin hissəvi zədələnməsi ilə sağ bazunun yuxarı 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarda ağrıdan şikayətlənmişdir. Müayinə zamanı sağ çiyin və alt çənə nahiyəsində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, yuxarı ətraflar simmetrik izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 41720 nömrəli məsləhət vərəqində diaqnoz “Sağ bazunun odlu silah yaralanmasından sonrakı çapığı, yad cisim (metal qəlpə), qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, əzələ atrofiyası. Sağ bazu oynağının posttravmatik kontrakturası, funksional pozğunluq ilə. Sağ bazunun qısalığı- 4 sm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışda diaqnoz “Sağ bazu sümüyünün odlu silahlı yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı və varus tipli deformasiyası, sağ bazu oynağının ağrıları, kontrakturası, sağ yuxarı ətrafın nahiyyəsində ağrılar və əzələlərin atrofiyası, kürək qurşağının hərəkətlərin koordinasiya pozğunluğu’’kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq о İ a ra q Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” İşdən görünür ki, iddiaçı bu qərardan narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli T760/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydən görünür ki, həmin rəy Birliyin eksperti X2 və cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin eksperti X6 tərəfindən tərtib edilmişdir. Buna görə də məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş və və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası məqsədilə Birlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli T152/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydən görünür ki, həmin rəy Birliyin eksperti X7 və cavabdeh sosial tibb eksperti X8 tərəfindən tərtib edilmişdir. İşdə olan cavabdehin N.N.Seyfəddinli xx.xx.2021-ci il tarixində Agentlikdə işə qəbul edilmişdir. Hal-hazırda Agentliyin 5 X13-Sosial Ekspert Komissiyasında sədr vəzifəsində çalışır. Buna görə də məhkəmə tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə təkrar məhkəmə tibbi ekspertizası təyin edilsin və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. Qərardadın icrası çərçivəsində Birlik tərəfindən xx.xx.2024-cü il tarixli T482/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd olunmuşdur ki, 15 avqust 2024cü il tarixdə Alıyev X3 Təkrari ekspertizalar şöbəsində müayinədən keçərkən ilkin və təkrari müayinə zamanı dediklərini bir daha təsdiq etdi. İddiaçı məsləhət üçün mütəxəssisə göndərildi. İddiaçı Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phşdə xx.xx.2024-cü il tarixdə çəkilmiş sağ bazu oynağının (iki proyeksiyalı) R-qrammasında bazu sümüyünün proksimal metadiafızinin köhnə qeyri-düzgün bitişmiş sınığı aşkar edilir. Periartikulyar yumşaq toxumalar daxilində 3 mm və daha kiçik ölçülü çox saylı metal yad cisim (qəlpə) təyin edilir. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-in İddiaçı adına tərtib etdiyi xx.xx.2024-cü il tarixdə ********** saylı arayışda qeyd edilmişdir ki, şəxsin əyani və rentgen müayinələrindən sonra “Odlu silahla yaralanmadan sonra sağ tərəfli döş qəfəsinin körpücükaltı nahiyəsində, sağ bazunun yuxarı 1/3-nin tış ön səthlərində çapıq toxumaları, sağ bazu sümüyünün proksimal 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası, periartikulyar yumşaq toxumalardan çoxsaylı metal qəlpələri, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 33°, əzələ atrofıyası, daimi ağrı sindromu, yuxarı ətraf qurşağının koordinasiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Həmin məlumatlara əsasən ekspert belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən son 2016-cı il və 2022-ci il illərdə tərtib edilmiş göndərişlərdə qeyd edilən “XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T92 - Yuxarı..; Diaqnozun mətni: Sağ bazu oynağının odlu silah yaralanmasından sonrakı vəziyyəti, sağ bazu sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sağ bazu kələfinin yaralanması nəticəsində plexiti, bazu kələfinin travması, sümük sınığının pis bitişməsi” və “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sağ bazu sümüyünün odlu silahla yaralanması nəticəsində qeyri-düzgün bitişmiş sınığı” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkməsi qeyd edilmişdir. Belə ki, həmin xəstəliklər ona anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. X1 kodu ixtisas sahəsi üzrə həkimin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı xx.xx.2024cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də şəxsin əyani və rentgen müayinələrindən sonra ona “Odlu silahla yaralanmadan sonra sağ tərəfli döş qəfəsinin körpücükaltı nahiyəsində, sağ bazunu yuxarı 1/3-nin tış ön səthlərində çapıq toxumaları, sağ bazu sümüyünün proksimal 3/1-nin qeyri-düzgün bitişmiş sınığı, Varus deformasiyası, periartikulyar yumşaq toxumalardan çoxsaylı metal qəlpələri, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 33°, əzələ atrofıyası, daimi ağrı sindromu, yuxarı ətraf qurşağının koordinasiyasının pozulması” diaqnozu müəyyən edilmişdir. Beləliklə, işin istinad olunan halları ilə müəyyən edilir ki, cavabdeh tibb müəssisəsi tərəfindən iddiaçıya qoyulmuş diaqnozun müvafiq əlilliyin təyininə əsas vermədiyini əsas gətirərək diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin halların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də tibb müəssisəsinin məlumatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir.

4. Əgər şəxs TSEK-in qərarının düzgünlüyünü mübahisələndirərsə, Agentlik əlilliyi şəxsi əyani müayinəyə cəlb etməklə qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndnə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin: - 6.6-cı bəndinə əsasən - Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması – S44 - 13.3-cü bəndinə əsasən - Ətrafların digər qazanılma deformasiyaları- M21 əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə iddiaçıya qoyulmuş diaqnoza uyğun xəstəliyi əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, işin yuxarıda sadalanan halları ilə iddiaçıda həmin xəstəliyin olması müəyyən edilir, deməli, cavabdehin iddiaçıda həmin xəstəliyin aşkar edilməməsi əsası ilə əlillik təyin etməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Məhkəmə onu da qeyd edir ki, yuxarıda sadalanan normaların tələbindən görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi onun orqanizmin funksiyalarının pozulması faizləri nəzərə alınmaqla aparılır. Bu faizlər isə insanın həyat fəaliyyəti kateqoriyalarının, yəni özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığının hər hansı birinin və ya bir neçəsinin hansı dərəcə məhudlaşması nəzərə alınmaqla müəyyən edilir. İddiaçıya qoyulmuş diaqnozun ona əlillik təyin etməsinə imkan verməsi iş üzrə müəyyən edilsə də, həmin xəstəliklərin iddiaçının həyat fəaliyyəti kateqoriyalarına hansı dərəcədə təsir etdiyini və nəticə etibarilə onun orqanizminin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinin müəyyən edilməsi cavabdeh orqanın diskresion səlahiyyətinə aiddir və məhkəmə bu sahədə cavabdeh orqanı əvəz edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar