Məhkəmə qərarları › İş №2-1(112)-1488/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1488/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1488/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15.12.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Əli Bayramlı şəhərində anadan olmuşdur. Hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. Onun 13.11.1978-ci ildən hal-hazıra kimi işləməklə ümumi 41 il 03 ay əmək stajı vardır. Həmin əmək stajının 13.11.1978-16.04.1979-cu ilə kimi “Şirvanneft” NQÇİ-də “elektrik-montyoru”, 15.06.1981-20.11.1981-ci ilə kimi həmin idarədə “neft və qaz hasilatı üzrə operator”, 20.11.1981-12.07.1982-ci ilə kimi “Şirvanneft” NQÇİ-də “X18 maşinisti”, 18.07.1983- 28.08.1993-cü ilə kimi “Əli Bayramlı” NQÇİ-də “qazmaçı-köməkçisi”, 28.08.1993- 06.09.1994-cü ilə kimi həmin idarədə “qazmaçı”, 04.10.1994-27.12.1996-cı ilə kimi “Hacıqabul rayon X15 İdarəsi”-də “qaz kompessorlarının maşinisti” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır sahədir və hesab etmişdir ki, ona hüququnun yarandığı tarixdən, 15.12.2017-ci il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməli idi. O, cavabdeh təşkilata 21.05.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək ona 15.12.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşlann pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan ona 03.06.2020ci il tarixli, **********9 saylı məktubla ərizəsinə cavab olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Bunu da onunla əsaslandırmışlar ki, işlədiyi peşələrin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin. peşələrin, vəzifələrin və göstəricilərin 2 savlı Siyahısın da adı çəkilən peşələrlə və vəzifələrlə uyğun gəlsə də, lakin 01.01.2006-cı il tarixə kimi 25 ildən və güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Lakin hesab etmişdir ki, cavabdehin məktubunu imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvafıq tələblərinə cavab vermir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanun un 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi 20 noyabr 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini və iddiasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Əli- Bayramlı şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 22.04.1979-cü ildən 11.05.1981-ci ilə qədər (2 il 0 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 13.11.1978-ci ildən 16.04.1979-cü ilə qədər Neft və qaz çıxarma idarəsi “Şirvanneft”-də 1-ci dərəcəli elektrik ustası (5 ay 4 gün), 22.04.1979-cü il tarixindən 18.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 0 ay 27 gün), 15.06.1981-ci ildən 16.11.1981-ci ilə qədər Neft və qaz çıxarma idarəsi “Şirvanneft”-də 2-ci dərəcəli neft və qaz operatoru (5 ay, 2 gün), 20.11.1981-ci ildən 09.07.1982-ci ilə qədər NQÇİ “Şirvanneft”-dən köçürülməsi ilə 3-cü dərəcə üzrə QTQ – 3-cü dərəcəli maşinist (7 ay, 20 gün), 15.07.1982-ci ildən 20.06.1983cü ilə qədər “Azneftstroy” trestinin TMİ-2-də 2-ci dərəcəli fəhlə (11 ay 6 gün), 18.07.1983cü ildən 01.06.1987-ci ilə qədər “Azneft” Lenin ordenli X7 Əli Bayramlı Qİİ-də 3-cü dərəcəli və 4-cü dərəcəli qazmaçı köməkçisi (3 il, 10 ay, 14 gün), 01.06.1987-ci ildən 01.02.1988-ci ilə qədər Əli-Bayramlı Qİİ-nin Kəlaməddin DİQE-də 4-cü dərəcəli qazmaçı köməkçisi (8 ay, 1 gün), 01.02.1988-ci ildən 06.09.1994-cü ilə qədər “Azneft” X16 Qİİ-də 4-cü dərəcəli qazmaçı köməkçisi və 5-ci dərəcəli qazmaçı (6 il 7 ay 6 gün), 02.01.1997-ci ildən 17.05.2010-cu ilə qədər Əli-Bayramlı Magistrlar-Qaz Kəməri İdarəsində 5-ci dərəcəli çilingər (13 il, 4 ay, 16 gün), 18.05.2010-cu ildən 01.03.2011-ci il qədər X21 X4 Xətti İstismar Xidmətinə yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə 5-ci dərəcəli çilingər (9 ay 14 gün), 01.03.2011-ci ildən 11.10.2011-ci ilə qədər Şirvan X15ndə 4-cü dərəcəli gözətçi (7 ay 11 gün), 12.10.2011-ci ildən hal hazıradək X17 Kəmərləri sahəsində 4-cü dərəcəli gözətçi işləyir. - “Qaz İxrac” İdarəsi Hacıqabul X15 sahəsinin NA-01-06/537 №-li, 07.05.2019-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı oglu həqiqətən hal-hazırda ARDNŞ-in “Qaz İxrac" İdarəsının Hacıqabul MQKS-də 4-cü dərəcəli gözətçi peşəsində işləyir. Əmək kıtabçasına əsasən İddiaçı 02.05.2019-cu il tarixinə ümumi əmək stajı 37 il 11 ay 12 gündür. İddiaçı 31.12.2006-cı il tarixinə ümumi əmək stajı 25 il 07 ay 11 gündür. SOCAR-ın “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş 23.04.2019-cu il tarixli SOCAR **********80020115x00109 saylı Arxiv arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.1 yarımbəndinə əsasən Qazma üzrə 11 il 01 ay 29 gün “X8 Limited’’ şirkəti tərəfindən verilmiş 29.05.2019-cu il tarixli 16 saylı və 30.04.2019-cu il tarixli 17 saylı arayışlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə X6 İdarəsində 11 il 01 ay 18 gün; “Şirvanneft” NQÇİ-də 00 il, 10 ay, 04 gün; X5 İdarəsində 00 il, 07 ay, 19 gün əmək stajı var. Cəmi: İddiaçı 31.12.2006-cı il tarixinə güzəştli şərtlərlə 12 il 09 ay 11 gün əmək stajı var. - “X10” LTD-nin 16 №-li, 29.04.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı həqiqətən X5 İdarəsinin 3 №-li avtobölməsində 3-cü dərəcəli X18 (SBQ-3) maşinisti peşəsində işləmişdir. “X9 Limited’' şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Şanıil oğlunun X5 İdarəsində (00 il, 07 ay, 19 gün) əmək stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yanmbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə Şirvan TNİ-də 00 il, 07 ay, 19 gün əmək stajı var. Belə ki, İddiaçı köçürmə yolu ilə 20.11.1981-ci il tarixli, 147/k saylı əmrlə 20.11.1981-ci il tarixdə X5 İdarəsinin 3 №-li avtobölməsinə 3-cü dərəcəli X18 (SBQ-3) maşinisti peşəsinə qəbul edilmişdir. 82/k saylı 12.07.1982-ci il tarixli əmrlə İddiaçı 09.07.1982-ci il tarixdən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. (00 il, 07 ay, 19 gün) səh. 66 . (Buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri). - “X10” LTD-nin 17 №-li, 30.04.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı “Şirvanneft” NQÇİ-nin X1 (İAS) elektrik mantyoru və 3 saylı Neftqazçıxarma Sexində 2-ci dərəcə neftqazçıxarma operatoru peşəsində işiəmişdir. “X9 Limited” şirkətinin Kadrlar bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı “Şirvanneft” NQÇİ-də 00 il, 10 ay, 04 gün əmək stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı güzəştli şərtlərlə “Şirvanneft” NQÇİ-də 00 il, 10 ay, 04 gün əmək stajı var. Belə ki, İddiaçı 10.11.1978-ci il tarixli, 71/k saylı əmrlə 13.11.1978-ci il tarixdə “Şirvanneft” NQÇİ-nin X2 elektrik avadanlıqları və teleavtomatika üzrə 2-ci dərəcəli elektrik mantyoru peşəsinə qəbul edilmişdir. 16.04.1979-cu il tarixdə Sovet Ordusuna hərbi xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmişdir. (00 il, 05 ay, 03 gün). Səh. 67-neft və qaz kondensatı hasilatı obyektlərində məşğul olan elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyorları). İddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra 15.06.1981-ci il tarixdə “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma Sexinə 2-ci dərəcəli neftqazçıxarma operatoru peşəsinə qəbul edilmişdir. (əsas: əmr 76/k. 11.01.1981-ci il.) 176/k saylı 16.11.1981-ci il tarixli əmrlə İddiaçı 16.11.1981-ci il tarixdən köçürmə yolu ilə X5 İdarəsinə getməsi ilə əlaqədar işdən azad edilmişdir. (00 il, 05 ay, 01 gün) - (Səh. 67. Neft və qaz hasilatı üzrə operatorlar.) Cəmi: İddiaçı “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 00 il, 10 ay, 04 gün əmək stajı var. - Azərbaycan Respublikası Dövlət X11 tərəfindən məhkəməyə ünvanlanmış 317 №-li, 05.11.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X23 filıalında mühafızə olunan Əli Bayramlı şəhər X24 İdarəsının 1997-2004-cü illərə aid əmrlər kitabında onun işləməyi barədə aşağıdakı kimi əmrlər vardır: 1. Əli Bayramlı XİMQKİ-sinin 02 k №-li, 02.01.1997-ci il tarixli əmri ilə İddiaçı 02.01.1997-cu il tarixdən qəza sahəsinə 5-ci dərəcəli çilingər qəbul olunmuşdur. 18k №-li, 02.08.2004-cü il tarixli əmrinə əsasən Əli Bayramlı XİX-nın 5-ci dərəcəli çilingəri İddiaçı 02.01.2004/02.01.2005-ci il dövr üçün 02 avqust 2004-cü il tarixdə 21 təqvim günü əsas məzuniyyət və 6 təqvim gunü müddətinə növbəti məzuniyyət verılmişdir. Qeyd: Əli Bayramlı şəhər X19 idarəsinin 2006-ci ilin əmrlər kitabı və əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. - Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 12 №-li, 01.03.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Hacıqabul rayon X12 İdarəsinin 110 №-li, 04.10.1994-cü il tarixli əmrinə əsasən İddiaçı 04 oktyabr 1994-cü il tarixdə qaz kompressorlarınn maşinisti qəbul edilmiş, 49 №-li, 27.12.1996-cı il tarixli əmrə əsasən işdən azad edilmişdir. - “Socar” tərəfindən məhkəməyə ünvanlanmış **********30020123X00048 №-li, 24.08.2021-ci il tarixli məktuba əlavə edilmiş iş stajı haqqında arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X6 idarəsində qazmaçı köməkçisi peşəsində işləmişdir. “Azneft" İstehsalat Birliyinin 29.09.2004-cü il tarixli, 244 saylı əmrinə əsasən Əli-Bayramlı Qii-si, qazma sexi kimi X13 İşləri İdarəsinın tərkibinə verilmişdir. SOCAR-ın 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işlərı” tresti yaradılmışdır. Qobustan KQİİ yenidən təşkil edilərək hüquqı şəxs statusuna malik olmayan təşkilat kimı trestin tabeliyinə verilmişdir. “Kompleks qazma işləri” trestinin 08.08.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən Qobustan KQİİ qazma sexi kimi 03.09.2012-ci il tarixdən Abşeron Qİİ-ın tərkibinə verilmişdir. SOCAR-ın 27.12.2013-cü il tarixlı, SOCAR/13- 1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin X25 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” 27.03.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, “Qaradağ- Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı 18.07.1983-cü ildən 24.04.1985-ci ilədək X6 İdarəsınə 3-cü dərəcəli qazmaçı köməkçısı peşəsinə işə qəbul edilib. Əmr № 117-k, 14.07.1983-cü ildə. 24.04.1985-ci ildən 01.06.1987-ci ilədək 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilib. Əmr № 124-n, 25.04.1985-ci ildə. 01.06.1987-ci ildən 01.02.1988-ci ilədək Köçürülmə yolu ilə Kalaməddın DİQ Ekpedisiyasına 4-cü dərəcəli qazmaçı köməkçısı peşəsinə qəbul edilib. Əmr № 1-n, 01.06.1987-ci ildə. 01.02.1988-ci ildən 28.08.1993-cü ilədək Əli-Bayramlı Qii-nə köçürülmə yolu ilə əlaqədar olaraq 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib. Əmr № 25-k, 18.02.1988-ci ildə. 28.08.1993-cü ildən 06.09.1994-cü ilədək 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilib. Əmr № 159-n, 30.08.1993cü ildə. 06.09.1994-cü ildən Azərbaycan Respublikası ƏQM-nin 38-cı maddəsinin İV-cü bəndinə əsasən praqula görə işdən azad edilib. Ümumi iş stajı - 11 il, 1 ay, 18 gün Əsas: Fond 5, Siyahı 1, iş 42, 58, 80, 104. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 100000a-11297-kodu ilə qazmaçı köməkçisi peşəsi güzəştli şərtlərlə 11 il 01 ay 18 gün təqaüd almaq imkanına malikdir. - Fililalın iddiaçının 21.05.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 03.06.2020-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, təqdim etdiyi 20 noyabr 1978-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı iddiaçının hərbi xidmətdə olduğu, əmək kitabçası və arxiv arayışı üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 26 il 10 ay 14 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 100000a-11297-koduna, işlədiyi X18 maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə Siyahının 10.2-ci bölməsinin “Buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşəsinə, işlədiyi neft-qaz çıxarma vəzifəsi isə həmin Siyahının 10.2-ci Bölməsinin “Neft-qaz hasilatı üzrə operatorlar” peşəsinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 12 il 07 ay 10 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışları mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi” hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar