Məhkəmə qərarları › İş №2-1(112)-1488/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1488/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1488/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı (üçüncü şəxs Bakı şəhəri X2 üzrə Baş İdarəsi) “müavinətin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı (üçüncü şəxs Bakı şəhəri X2 üzrə Baş İdarəsi) “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və sosial müavinətin verilməsinin davam etdirilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşına kimi tərbiyə etmiş və 57 yaşına çatmış qadın kimi sosial müavinət təyin edilmişdir. Təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Təyin edilmiş müavinət dayandırılması üçün əsas olaraq iddiaçının əvvəllər vergi ödəyicisi olması və vergi ödəyicisi kimi qeydiyyatının xx.xx.2021-ci il tarixdən ləğv edilməsi göstərilmişdir. Həmin səbəblərə görə cavabdeh tərəfindən ona təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz və əsassızdır və təyin edilmiş sosial müavinətin verilməsinin davam etdirilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehin öz imtinası onun vergi ödəyicisi olmsı və sonradan fəaliyyətinin dayandırılması ilə əsaslandırmışdır. Bu əsas ona sosial müavinətin verilməsinin dayandırılmaı üçün səbəb ola bilməz. Çünki Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2009-cu il tarixdən dayandırmışdır. Sosial müavinət isə mənə xx.xx.2018-ci ildən təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır, qeyd etmək lazımdır ki, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır və iddiaçının müavinətin bərpa edilməsi üçün SÖTMF-ə müraciət etdiyi dövrdə (xx.xx.2021) qadınların yaş həddi 62 yaş müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. İddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, ona xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021 -ci il tarixindən dayandırılmışdır. Həmçinin, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununa əsasən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün artıq bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının vergi ödəyicisi kimi qeydiyyatı xx.xx.2021-ci il tarixindən dayandırılsa da, onun 62 yaşı tamam olmadığı üçün iddiaçıya yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Beləliklə, müəssisənin həqiqətən qeyd edilən dövrlərdə mövcud olması və iddiaçının orda işləmiş olduğu təsdiqlənmədiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları. - Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli uçotadair arayışı. - Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla göndərilmiş inzibati icraat materialları. - Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən (3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara) müavinət təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, iddiaçıya xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən ona təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hər hansı verginin ödənilməməsi və xx.xx.2021-ci il tarixdən onun vergi uçotundan çıxarılması, iddiaçının hər hansı fəaliyyətlə məşğul olmaması, yəni işləməməsi kimi qiymətləndirilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi və nəticə etibarı ilə iddiaçının işləməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış sosial müavinətin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış sosial müavinətin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar