Məhkəmə qərarları › İş №2-1(112)-1489/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1489/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1489/2020 18.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospektində yerləşən 39 saylı evin 96 saylı mənzilində pasport qeydiyyatınnda olan X5 və azyaşlı uşaqları X6 və X3 həmin mənzilə olan pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X22 prospektində yerləşən 39 saylı evin 96 saylı mənzilini 27 yanvar 2016-cı il tarixdə AN- İ0533063 saylı alqı-satqı müqaviləsi ilə almışdır. Daha sonra həmin mənzil üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və iddiaçıya bu barədə seriya RX N ******* saylı, 06.02.2016 tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. “Elektron Notariat” X1 alınmış Çıxarışdan göründüyü kimi, satıcının qohumları, yəni İsmayılova Gülçin Əbülfət qızı və azyaşlı uşaqları X11 (16 yaş) və X7 (5 yaş) həmin mənzildə pasport qeydiyyatında qalmışdırlar. Həmin şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə formal qeydiyyatda qalmaları mülkiyyətçiyə bir sıra problemlər yaradır, mülkiyyəti üzərində sərəncam vermək hüququnu tam məhdudlaşdırır, habelə əlavə kommunal xərclərə cəlb olunur. Son 3 ildə onlardan könüllü şəkildə qeydiyyatdan çıxarılmaları tələb olunsa da, müsbət nəticə əldə olunmamışdır. Buna görə də, iddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə müraciət edərək, həmin şəxslərin pasport qeydiyyatından çıxarılmaları barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsi 05.08.2019-cu il tarixli imtina məktubu verərək, istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmyi tövsiyyə etmişdir. Halbuki alqı-satqı əməliiyyatlarından sonra həmin şəxslərin istifadə hüquqları itirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qərardadı ilə X9, X12 və X8 iş üzrə 3-cü şəxslər qismində cəlb edilmişdirlər. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 18 mart 2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospektində yerləşən 39 saylı evin 96 saylı mənzilindəiddiaçıdan başqa üçüncü şəxslər X9 və azyaşlı uşaqları X12, X8 da qeydiyyatdadır. İddiaçı hazırda 3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatının formal olması ilə əsaslandırır. İşdə olan AN-İ № ******* saylı, 27 yanvar 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 39 saylı evin 96 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 8 və 13-cü bəndlərinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. X4 Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 39 saylı evin 96 saylı mənzildən 27 mart 2016-cı il tarixədək qeydiyyatdan çıxmağını öz öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan (seriya: RX 0816927) görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 39 saylı evin 96 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ 06.02.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 21 fevral 2020-ci il tarixli arayışdan görünür ki, 21.01.2003-cü il təvəllüdlü X12, 03.10.2014-cü il təvəllüdlü X8 və 19.01.1980-ci il təvəllüdlü X2 rayonu, X22 prospekti 39 saylı evin 96 saylı mənzildəqeydiyyatdadırlar. İşdə olan Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 05.08.2019cu il tarixli, ********* saylı məktubdan görünür ki, iddiaçıya üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətinin müsbət həll olunmasının yalnız məhkəmə qətnaməsi əsasında mümkün olduğu bildirilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 19 fevral 2020-ci il və 10 mart 2020-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti 39 saylı evin 96 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətlərindədir. Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti ev 39, mənzil 96 X5, X6 və X3 adına istifadə hüququ ilə qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, iddiaçı AN-İ № ******* saylı, 27 yanvar 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 39 ünvanında yerləşən 96 saylı mənzili satın aldığı zaman, satıcı alıcıya, yəni hazırki iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Satıcı, X13 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxsa da, həmin ünvanda olan üçüncü şəxslərin qeydiyyatdan çıxmasını təmin etməmişdir. Halbuki, sözügedən üçüncü şəxslərin, iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir istifadə hüquqları qeydiyyata alınmamışdır. İddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdətutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 19.01.1980-ci il təvəllüdlü X5 və onun azyaşlı uşaqları 21.01.2003-cü il təvəllüdlü X6, 03.10.2014-cü il təvəllüdlü X3, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti ev 39, mənzil 96 ünvanında qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti ev 39 ünvanında yerləşən 96 saylı mənzildən üçüncü şəxs X5, onun azyaşlı uşaqları X6 və X3 qeydiyyatdan çıxarılması vəzifəsi Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar