Məhkəmə qərarları › İş №2-1(112)-1489/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1489/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1489/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək sığorta stajının 29 il 5 gün, xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək isə 18 il 2 ay 9 gün olmaqla nəzərə alınmamış 1 il 5 ay 14 gün də daxil olmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1959-cu il martın 09-da anadan olmuş, əmək fəaliyyətinə 1976-cı il sentyabrın 09-da “Bakıbaştikinti” İdarəsinin Sənayeləşdirilmiş Evtikmə İstehslat Birliyinin 2 №-li Evtikmə Kombinatında başlamışdır. xx.xx.1976-cı ildən 1976-cı il noyabrın 20-dək “Bakıbaştikinti” İdarəsinin 2 №-li Evtikmə Kombinatında işləmiş (sığorta stajı 2 ay 11 gün); xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Neftçala rayonu “Kolxozlararası tikinti idarəsi”ndə işləmiş (sığorta stajı 1 il 4 ay); xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək həqiqi hərbi xidmətdə olmuş (sığorta stajı 2 il 1 ay 7 gün); xx.xx.1980-cı ildən xx.xx.1991-ci ilədək “Bakıbaştikinti” İdarəsinin Sənayeləşdirilmiş Evtikmə İstehslat Birliyinin 2 №-li Evtikmə Kombinatında işləmiş (sığorta stajı 10 il 11 ay 3 gün), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Ədalət” hüquq kooperativində işləmiş (sığorta stajı 7 ay 12 gün); xx.xx.1992-ci ildən 01,03.1994-cü ilədək Azərbaycan Respublikası Kolxozlar Şurası Kolxoz işləri və təsərrüfatlararası kooperasiya idarəsində işləmiş (sığorta stajı 2 il 10 gün), xx.xx.1994-cü ildən 01.01,2006-cı ilədək Azərbaycan Respublikası Vəkillər Kollefıyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunda işləyirəm (sığorta stajı 11 il 10 ay)- cəmi xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək sığorta stajı 29 il 5 gün təşkil etmişdir. xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək sığorta stajı 18 il 2 ay 9 gün təşkil etmişdir. Beləlikllə, cəmi ümumilikdə sığorta stajı 47 il 2 ay 14 gün təşkil edir. Bundan başqa, xx.xx.1976-cı ildən xx.xx.2006-cı ildək sığorta stajı 29 il 5 gün, xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək sığorta stajı 18 il 2 ay 9 gün təşkil edir. Cavabdeh tərəfindən 2024-cü il martın 11-də mənə avtomatlaşdırılmış qaydada 331.89 manat pensiya təyin olunmuş, xx.xx.2024-cü ildə müraciəti əsasında təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, xx.xx.2024-cü ildə ***-***-**-** nömrəli mobil telefonuna mesaj gələrək pensiyanın yenidən hesablandığı, xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək 27 il 9 ay, xx.xx.2006-cı idən xx.xx.2024-cü ilədək 18 il sığorta stajının olması ilə pensiyanın 351.58 manat təyin olunması bildirilmiş, lakin sığorta stajı düzgün hesablanmamış, ümumilikdə 1 il 5 ay 14 gün staj nəzərə alınmamışdır. Pensiyanın hazırlanmasında nəzərə alınmamış 1 il 5 ay 14 gün sığorta stajının da nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı 24 aprel 2024-cü il tarixli ərizə ilə cavabdehdən xahiş etmiş, lakin cavabdeh 10 may 2024-cü il tarixli 3-17-1/2-B-109902/2024 №-li məktubla iddiaçıya xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək sığorta stajımın 29 il 5 gün olduğu halda 27 il 9 ay, xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək isə 18 il 2 ay 9 gün olduğu halda 18 il olması kimi cavab verməklə pensiyanın yenidən hesablanmasından imtina etməklə 1 il 5 ay 14 gün sığorta stajını nəzərə almamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli 3-17-1/2-B-109902/2024 nömrəli məktubunda iddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 9 ay 23 gün, xx.xx.2024-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 22.601.45 manat (18 il sığorta stajına uyğun olaraq) pensiya kapitalına əsasən ona təyin edilmiş pensiya məbləğinin xx.xx.2024-cü il tarixə 351,58 manat məbləğində müəyyən olunduğu bildirilmişdir. Lakin, iddiaçı Mərkəzi Filial tərəfindən təqdim olunmuş hesablama ilə razılaşmayaraq, onun sığorta stajının düzgün hesablanmadığını bildirmişdir. Belə ki, iddiaçının iddia ərizəsində bildirdiyi hesablamalara əsasən onun xx.xx.2006-cı il tarixə sığorta stajının 29 il 5 gün təşkil etdiyi qeyd olunur. Belə ki, iddiaçının adına tərtib olunmuş xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixə işlədiyi halda, iddiaçı iddia ərizəsində həmin tarixli qeydi xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixə hesablamış və qeyd olunan hesablamanı hansı əsaslarla həyata keçirdiyi barədə məlumat təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçının hazırki tarixə ümumi sığorta stajı 45 il 9 ay 23 gün təşkil edir ki, bu da öz növbəsində cavabdeh tərəfindən aparılmış hesablamanın əsaslı olmasına siraət edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-109902/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın dəlillərinə uyğun imtina cavabı verilmişdir. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə yaşa görə təyin olunmuş 331,89 manat əmək pensiyasının məbləği yenidən hesablanmış və 351,69 manata çatdırılmışdır. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə yaşa görə təyin olunmuş əmək pensiyasının məbləği yenidən hesablanmış və 351,58 manata çatdırılmışdır. Cavabdeh tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı 1992-ci ilədək 13 il 9 ay 23 gün, 1992-ci il tarixindən 2006-cı il tarixinədək 14 il, 2006-cı il tarixindən sonra 18 il sosial sığorta stajı mövcuddur. İddiaçı sosial sığorta stajına onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, 09.11,1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (27 il 9 ay 23 gün) daxil edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının sosial sığorta stajı xx.xx.2006-cı il tarixinədək 27 il 9 ay 23 gün, xx.xx.2006-cı il tarixindən sonra isə 18 il olmaqla ümumilikdə 45 il 9 ay 23 gün təşkil edir və onun təqdim etdiyi sənədlərə əsasən mübahisəli sığorta stajı aşkar edilməmişdir. ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və ya göndəriş (Forma 088) aşkar edilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçı ona təyin olunan pensiya zamanı 01 il 05 ay 14 gün müddətin staja daxil edilmədiyini mübahisələndirmişdir. İddiaçı hazırda həmin müddətin onun sığorta stajına daxil edilməsi nəticəsinə nail olmaq istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı iddiaçının mübahisəli sığorta stajının olmaması ilə əlaqələndirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının stajını hesablayarkən onun xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, 09.11,1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (27 il 9 ay 23 gün) olduğunu, xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında pensiya təyin etmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sığorta stajı və pensiya kapitalı hesablanarkən iddiaçının faktiki əmək fəaliyyəti tam nəzərə alınmamışdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmiş və bu müddət ərzində onun fərdi şəxsi hesabının sığorta hissəsində əlavə pensiya kapitalı toplanmışdır. Bu hal isə iş üzrə tərəflər arasında mübahisə doğurmamışdır. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya hüququnun müəyyən edilməsi zamanı sığorta stajı və fərdi hesabda qeydə alınan pensiya kapitalı müvafiq olaraq pensiya hüququ yarandığı tarixədək (bu halda xx.xx.2024-cü il) nəzərə alınmalıdır. Cavabdeh tərəfindən bu prinsipə əməl edilməyərək, yalnız xx.xx.2024-cü il tarixədək olan dövr qiymətləndirilmiş və nəticədə iddiaçının faktiki əmək fəaliyyəti və sığorta kapitalı düzgün əks olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2024–xx.xx.2024-cü il tarixləri arasındakı dövrün stajdan kənarda saxlanılması hüquqi baxımdan əsassız olmuşdur. Bu səbəbdən həmin dövr iddiaçının sığorta stajına daxil edilməli və pensiya kapitalının hesablanması zamanı nəzərə alınmalıdır. Məhkəmə, iddiaçının orduda xidmət etdiyi və işə qəbul olunduğu tarixədək olan dövrü də onun ümumi iş stajına daxil edilməsi məsələsinə münasibətdə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (orta-ixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçı xx.xx.1978-cı il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdə isə fəhlə kimi işə qəbul edilmişdir. Hərbi xidmətin başa çatması ilə əmək fəaliyyətinə başlanması arasında keçən zaman kəsiyi 2 ay 29 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan, yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda xidmətin bitməsi ilə əmək fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir. Qeyd olunan dövrün staja aid edilməməsi isə hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Qaydaların tələblərinə zidd olardı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024–xx.xx.2024cü il tarixləri və xx.xx.1980–xx.xx.1980-ci il tarixləri arasındaki dövr onun stajına daxil edilməklə yenidən hesablanmalıdır. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındaki dövrün onun stajına daxil edilməsini tələb etsə, iddiaçı həmin dövrün staja daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı sözügedən dövrün əmək stajına daxil edilməsini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinə istinad etmişdir. Həmin norma istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının 61–100 faiz pozulması səbəbilə əlillik təyin olunmuş şəxslərin, yaşa görə əmək pensiyası hüququ əldə edənədək pensiyada olduqları müddətin sığorta stajına daxil edilməsini nəzərdə tutur. Lakin məhkəmə aparılmış araşdırmalar əsasında müəyyən etmişdir ki, iddiaçının həmin dövr üzrə əlillik statusuna malik olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İddiaçının yalnız əlilliyə görə işdən çıxarılması faktı, özlüyündə onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik təyinatı alması anlamına gəlmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3-cü maddəsinə əsasən, ölkə üzrə əlillik dərəcələrinin müəyyən olunması, orqanizmin funksional pozulma faizinin qiymətləndirilməsi və bu barədə rəsmi qərarların qəbul edilməsi yalnız sözügedən Agentliyin səlahiyyətləri çərçivəsində həyata keçirilir. İddiaçının iş üzrə təqdim etdiyi sübutlar arasında isə həmin Agentlik tərəfindən verilmiş əlillik barədə heç bir rəsmi qərarın mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə, eyni zamanda, diqqətə çatdırır ki, iddiaçının əlillik statusunun tanınması ehtimalı olsa belə, bu halın onun mübahisələndirilən dövrdə sığorta stajına daxil edilməsinə birbaşa hüquqi əsas yaratmır. Belə ki, qüvvədə olan qanunvericiliyin normasının dispozitiv məzmununa görə, yalnız istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının ən azı 61 faiz dərəcədə pozulması və bu səbəbdən əlillik təyin edilməsi halında, şəxsin yaşa görə əmək pensiyası hüququ yarananadək pensiyada keçirdiyi müddət sığorta stajına daxil edilə bilər. Göründüyü kimi, burada həm səbəb (istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi), həm də nəticə (əlillik dərəcəsinin müvafiq həddə olması) əsas şərtlər kimi müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə bu meyarların hər hansı birinin mövcudluğu müəyyən olunmur. Eyni zamanda Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hətta, iddiaçının ikinci dərəcəli əlilliyi olsaydı belə, bu əlillik peşə və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində təyin olunmamışdırsa deməli onun tələb etdiyi dövrlərin staja daxil edilməsindən söhbət gedə bilməzdi. Beləliklə, iddiaçının xx.xx.1986–xx.xx.1987-ci il tarixləri arasında olan müddətin əmək stajına daxil edilməsinə dair hüquqi əsasları olmadığından, onun bu hissədəki tələbi əsassız hesab edilir «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024–xx.xx.2024-cü il tarixləri və xx.xx.1980–xx.xx.1980-ci il tarixləri arasındaki dövrlərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar